Xəbər lenti

  

        Bir neçə gün öncə saytımızda Qaradağ rayon Sukanal idarəsinin rəisi vəzifəsində çalışan İman Həsənovun dərəbəyliyi haqqında yazmışdıq.  Sözün doğrusu, yazının bu qədər rezonans doğuracağını gözləməzdik. Yazı yayımlanandan sonra həmin idarənin cənub ərazilərində çalışan bir neçə əməkdaş bizimlə əlaqə saxladı və İman Həsənovla bağlı çox ilginc məlumatlar verdilər. Şikayətçilərdən birinin dediklərindən.

        “Bu adamın keçmişi qaranlıq olub. Deyilənlərə görə, gənclik illərində  həbsxanaya düşüb. Di gəl ki, həbsxana həyatı onu islah edə bilməyib. O, indi də gənclik illərindən qalan şakərini unuda bilmir. Məsələn, sizə bir faktı deyim. Bu yaxınlarda Səngaçal ərazisində  Ceyildağ qəsəbəsini su ilə təmin edən, “Söfihəmid piri”nin yaxınlığında yerləşən ehtiyat su xətti oğurlandı. Su xəttinin uzunluğu 2 km-dən uzun idi. Qiyməti isə 150 min manatdan artıq idi. Mən özüm bu ərazilərdə çalışıram. Amma ayda 3 dəfə yerimi dəyişirlər. İşçilərin çoxu belə düşünür ki, su xəttini elə İman Həsənov özü oğurlatdırıb. Sonra da şübhələri öz üzərindən götürmək üçün Qaradağ rayon polis şöbəsinin rəisi, polkovnik Əli İbrahimovun adına məktub hazırlatdırıb göndərib ki, bəs ərazimizdən turba oğurlanıb, xahiş edirik tədbir görün”.

“Bir dəfə iş yoldaşlarımdan birinə narazı şəkildə dedi ki, indiyə qədər sizdən bir konfet də görməmişəm”- deyə digər əməkdaş danışdı. “Təsəvvür edirsizmi, bu adam ustalardan, sahə rəislərindən, hətta nəzarətçilərdən belə aylıq umur. Sözündən belə çıxır ki, oğurluq edin, çalın-çapın, neynirsiz edin, hər ay mənə pul gətirin”.

Şikayətçilər daha çox İman Həsənovun işçilərlə davranışından, özünü olduqca qeyri-etik aparmasından gileyləndilər:

“Bir neçə gün əvvəl  idarəyə getmişdim. Şahidi olduğum bir hadisəni sizə deyirəm: İman Həsənov qapısı açıq şöbələrdən birinə girib, kompüter arxasında oturan gənclərə ucadan belə dedi: “Neynirsiz, seksə baxırsız?” Gənclər bu davranışdan xeyli pərt oldular. Onlardan biri “rəis, xahiş edirik, ağzınızın danışığını bilin, ayıbdır axı” – dedi. Bu adam hər kəlməbaşı söyüş söyür. İstər koridorda, istərsə də iş otağında. Söyüşünü bütün işçilər, eləcə də qadınlar eşidir.

İman Həsənov rayon tədbirlərində də iştirak etmir. Qaradağ rayonunun İcra başçısı Süleyman Mikayılov vaxtaşırı ərazilərdə səyyar görüşlər keçirir. İman Həsənov bu görüşlərin heç birinə qatılmır. Uzaqbaşı hərdən müavinini göndərir. Yəni o, rayon rəhbərliyini də saymır, rayonda ümummilli liderlə bağlı tədbirlərə qatılmır, hətta YAP-ın rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynovun zənglərinə dəfələrlə cavab verməyib. Üstəlik, belə zənglərdən sonra həm İcra başçısının, həm də Aydın müəllimin arxasınca dəfələrlə alçaldıcı sözlər danışır. Çox maraqlıdır ki, Süleyman müəllim kimi təcrübəli rəhbər niyə indiyə qədər bu adam haqqında tədbir görməyib, yuxarılara təqdimat yazmayıb. İnanmıram ki, İmanın vəzifədə qalmasında Süleyman müəllimin hansısa marağı olsun”.

“A kişi, ümumiyyətlə İman Həsənov insan kimi normal adam deyil, onun ciddi mənəvi-psixoloji probləri var” – deyə digər işçi bir qədər acıqlı şəkildə söhbətə qoşulur:

“Təsəvvür edin, idarənin mühəndisi özünə toy edir, hamını toya çağırır, təkcə İmandan başqa. Çünki idarə işçiləri onunla eyni toyda iştirak eləmək istəmir, onunla eyni stol ətrafında oturmaq istəmirlər. Bütün işçilərin İmandan zəhləsi gedir. Onu dəfələrlə həm Azərsu ASC-nin rəhbərliyi, həm də İcra Başçısı Süleyman müəllim kəskin şəkildə danlayıb. Amma işdən çıxara bilmirlər. Çünki əmisi oğlu yüksək vəzifədədir. O da əmisi oğluna arxayın olub, hər yerdə deyir ki, mən heç kimi saymıram. Hətta bir dəfə işçilərdən biri İmana deyəndə ki, sizdən cənab sədrə, yəni Qorxmaz Hüseynova şikayət edəcəm, o da cavabında “get, hara istəyirsən de, mən heç kimdən qorxmuram, heç kimi də saymıram”- dedi.

Həmsöhbətlərimiz İman Həsənovun öz gücünü hardan almasına da aydınlıq gətirdilər. Sən demə, o, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun əmisi oğlu imiş.

Araşdırmalarımız zamanı Qaradağ Su Kanal İdarəsinin ümumiyyətlə başı bəlalı qurum olduğu ortaya çıxdı. İman Həsənovdan əvvəlki rəis Əhliman Mənsurovun da əməllərində xeyli müəmmalı məqamlar varmış. Sabiq rəisi məhz bu qara əməllərindən dolayı işdən qovublar. İndi yeni rəis İman Həsənov barədə irəli sürülən iddialardan belə qənaətə gəldik ki, deyəsən idarənin taleyi qara yazılıb.




Ana səhifəyə qayıt        Baxış: 1 515          Tarix: 24-12-2018, 09:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma