Xəbər lenti

 

Azərbaycanın ən mühüm problemlərindən biri də təhsil sahəsində yaşanır. Xüsusilə ali təhsil ocaqlarımız savadlı kadr yetişdirməkdə xeyli geri qalırlar. İqtisadi dəyişim prosesi keçirdiyimiz indiki zamanda mövcud təhsil sistemi ilə uzağa getməyin mümkünsüzlüyü ortadadır.

Bəs, görəsən, siyasilər bu barədə nə düşünürlər?

BAXCP sədr müavini Bünyamin Qəmbərli ilə Ədalət partiyasının sədr müavini Heydər Oğuzun budəfəki debatı təhsil siyasəti ətrafında oldu.

Siyasilərin fikirlərini “Hürriyyət” oxucularına təqdim edirik:

 

- Azərbaycanda 50 ətrafında ali məktəb fəaliyyət göstərir. 10 milyon əhali üçün bu qədər ali təhsil ocağı çox deyilmi?

Bünyamin Qəmbərli: Məncə, biz məsələyə kəmiyyət tərəfdən deyil, keyfiyyət tərəfdən baxmalıyıq. Saya qalsa, düşünmürəm ki, çoxdur. Məsələyə bir də əhalinin sayına görə baxsaq görərik ki, heç də siz deyən kimi deyil. 10 milyon əhaliyə təxminən 160 min tələbə, - hələ bunun içindən xarici vətəndaşları və vətəndaşlığı olmayanları da çıxsaq, - heç də çox deyil, məncə. Amma dediyim kimi, mən məsələyə kəmiyyət yox, keyfiyyət baxımından yanaşmanın tərəfdarıyam. Bu gün  normal bir universitet bir çox məqsədə xidmət edə bilər, o cümlədən həm ölkəni ehtiyac olan kadrlarla təmin edər,  həm ciddi elmi tədqiqatlar hesabına ölkənin istər iqtisadi, istər elmi-texniki, istərsə də hərbi inkişafına səbəb olar, həm ölkəyə ciddi valyuta gətirə bilər, həm yaxşı uluslararası ilişkilərə yardım edər, həm də dövlətçilik üçün çox böyük faydaları olar.

Heydər Oğuz: Ali məktəblər millətin savadlanmasına, ixtisaslı kadrların yetişdirilməsinə, dolayısıyla dövlətin güclənməsinə xidmət edir. Müasir çağımızın bilgi çağı olduğunu, dövlətlərin təhsilə, elmə yatırdığı investisiyalarla inkişaf etdiyini nəzərə alsaq, ali məktəblərin önəmi daha da artır. Bu baxımdan, sözsüz ki, bu cür təhsil ocaqlarının çoxluğu cəmiyyətimizin xeyrinədir.

Bununla belə, Bünyamin bəyin dediyi kimi, kəmiyyətdən çox keyfiyyətə əhəmiyyət verilməlidir. Çünki bir çox hallarda kəmiyyət göstəricisi keyfiyyəti əks etdirmir. Məsələn, dünyada ən çox universitetin olduğu ölkə Hindistandır. Bu ölkədə 8500-ə yaxın ali məktəb var. Amma bu, Hindistanı dünyanın ən güclü dövlətinə çevirməyib. Super güc sayılan ABŞ-da isə Hindistanın az qala yarısı qədər universitet fəaliyyət göstərir – 5800. Yəqin, Bünyamin bəy də razılaşar ki, elmi inkişaf baxımdan bu iki ölkəni müqayisə etmək belə yersizdir. Hazırda bir çox sahələrdə ABŞ-ı üstələməyə çalışan Çində isə universitetlərin sayı 1000 civarındadır. İstər ABŞ-dan, istərsə də Hindistandan çox-çox aşağı olan bu göstərici Çinin dünya dövlətinə çevrilmək yarışından uzaqlaşdırmır.

Universitetlərin sayı həm də dövlətlərin iqtisadi potensialı ilə ölçülür. Xüsusilə bizim kimi elmi nailiyyətləri iqtisadi kapitala çevirə bilməyən dövlətlər müasir tipli ali məktəblərin formalaşması üçün ciddi investisiyalar qoymalıdır. Odur ki, bir sıra dövlətlər ali məktəblərin sayını aşağı tutmaqla keyfiyyəti artırmağa üstünlük verirlər. Məsələn, qardaş Türkiyənin əhalisi bizdən 8 dəfə çoxdur. Sahib olduğu ali məktəb isə 200 civarındadır. Yəni bizdən 4 dəfə çox. Yaxud əhalisi Türkiyədən belə çox olan Misirdə bu say daha azdır -173. Əlbəttə ki, əhali sayına görə universitet sayı nisbətində bizdən çox-çox irəlidə olan dövlətlər az deyil. Fransa (1062), Yaponiya (1223), İspaniya (1400) və s. kimi. Amma onlardakı universitetlərlə bizim ali məktəbləri müqayisə etmək mümkün deyil. Bizdə bir universitetlər var ki, onların bir fakültəsi boydadır və fəaliyyət sahələri də fakültə çərçivəsində məhdudlaşır. Məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kimi.

-Yeri gəlmişkən,  bəzi ali təhsil ocaqları var ki, bunlar xüsusi sahələr üzrə ixtisaslaşıblar. Azərbaycan Tibb Universiteti, Texniki Universitet, Dillər Universiteti və s. kimi ali təhsil ocaqları universitet adlandırıla bilərmi? Bir ali təhsil ocağının universitet adlandırılması üçün hansı kriterilər tələb olunur?

Bünyamin Qəmbərli: Baxın, bir söz deyim. Biz də daxil olmaqla, keçmiş sovet respublikalarının bəziləri bir çox məsələdə olduğu kimi, təhsil məsələsində də nə sovet sistemindən qopa, nə də çağdaş dünyaya uyğunlaşa bilir. Digər tərəfdən, Azərbaycandakı sistem həyatın digər sahələrində olduğu kimi, təhsil sahəsinin də inkişafına çox ciddi maneələr yaradır. İndiki halda, Azərbaycanda 3-4 ali məktəb unversitetə uyğun fəaliyyət göstərir, digərləri isə unversitet kimi formalaşma yolundadır.

Heydər Oğuz: Bəli, mən də bayaq fakültə çərçivəli ali məktəblər deyəndə məhz bunu nəzərdə tuturdum. Ümumiyyətlə, bir təhsil ocağının universitet adlanması üçün orda əksər elm sahələri tədris olunmalıdır. Universitet adı da elə burdan gəlir; yəni tədris etdiyi sahə də universal olmalıdır. Yalnız hansısa elmin öyrədildiyi, araşdırıldığı təhsil ocaqları ya institut, ya da akademiya ola bilər. Necə ki, bizdə indiki universitetlərin böyük əksəriyyəti sovet hakimiyyəti dövründə institut adlandırılırdılar. Müstəqillik dövründə onların adı dəyişdirilib universitet qoyulsa da, mahiyyətlərinə toxunulmadı. Mənim fikrimcə, Tibb Universiteti, Texniki Universitet və bu kimi konkret sahələr ilə bağlı təhsil ocaqlarının kadrları və texniki avadanlıqları müxtəlif universitetlər arasında bölüşdürülməli, heyətin kiçik bir qismi saxlanılmalı və həmin ali təhsil ocaqları tədqiqat institutlarına çevrilməli, universitetləri bitirən tələblər burada ixtisaslarını artırmalıdırlar. Hesab edirəm ki, bu islahatlar aparılarsa, universitetlər arasında daha yaxşı kadr yetişdirmək üçün yarış başlayar, bu da cəmiyyətimizin inkişafına təkan verər. İndiki halda konkret sahə üzrə bütün kadrların eyni təhsil müəssisələrində toplanması bu rəqabətə imkan vermir, bir çox elm sahələrini rektorlardan asılı vəziyyətə salır.

- Ali məktəblərin böyük əksəriyyəti ödənişlidir. Ödənişlər isə orta əmək haqqı ilə müqayisədə xeyli yüksəkdir. Bəzən ali məktəbi qazanan imkansız tələbələrin təhsili davam etdirə bilməməsi barədə məlumat yayılır. Bu problemin həllini necə düşünürsüz?

Bünyamin Qəmbərli: Sizcə, təhsil haqqı endirilsə və ya aşağı olsa, hər şey düzələcək? Təhsilin səviyyəsi yüksələcək? Azərbaycanda təhsil haqqı yüksək deyil, biz məsələnin həllinə başqa yöndən yanaşmalıyıq. Gözəl deyilmiş bir söz var, indiki halda “200-300 manata hansı axmaq dərs deyər” və yaxud bu əməkhaqqına deyilən dərsin hansı keyfiyyətindən danışmaq olar? Son vaxtlar Azərbaycandan ciddi şəkildə beyin axını oldu. Bunun səbəbi nədir? Niyə bu insanlar xarici universitetlərə və ya dövlətlərə işləməyə gedir? Əgər bu gün ali məktəblərdə işləyən insanlara yüksək əmək haqqı verilməzsə, nə neqativ halların qarşısını almaq olar, nə də təhsilin və tədrisin səviyyəsindən danışmağa dəyər. Bəzən mənə elə gəlir ki, biz nə istədiyimizi doğru-dürüst aydınlaşdıra bilmirik. Bir tərəfdən iqtisadiyyatın liberallaşmasından, fərdlərin və müəssisələrin dövlət asılılığından qurtulmasından, bir çox sahələrdə olduğu kimi, təhsilin də dövlətin buxovundan qurtulmasından, ali təhsil ocaqlarımızın inkişafından, elmi-texniki bazasının güclənməsindən danışırıq, digər tərəfdən isə təhsil haqqının yüksəkliyindən, ali məktəbi qazananların təhsil haqqını ödəyə bilmədiyi üçün oxuya bilməməsindən. Bu sorunu həll etməyin bir çox tərəfi var. Bunun üçün ilk növbədə banklar ən aşağı faizlə uzunmüddətli təhsil krediti verməlidir. Bu krediti də bir gəncin alması və ya ala bilməsi üçün birinci dövlət iqtisadi tərəfdən güclənməli, əhalinin gəlirləri artmalı, həm bütövlükdə əhali, həm də ali məktəbi qurtaranlar üçün iş imkanları yaradılmalıdır. Əgər banklar bir tələbənin ali məktəbi bitirdikdən sonra iş tapacağına əmin olmasa kredit verməz, yaxud da tələbə təhsilini bitirdikdən sonra işləyib krediti ödəyəcəyinə əmin olmasa kredit götürməz. Biz təhsil haqqının azaldılmasını yox, insanların maddi-rifah halının yüksəldilməsinin yollarını müzakirə etməliyik.

Heydər Oğuz: Əziz dostum Bünyamin bəy, Azərbaycanda orta əmək haqqı 500 manat həndəvərindədir. Yaşayış minimumu isə 170-180 manat civarında proqnozlaşdırılır. Yəni istehlak səbətimiz orta əmək haqqı ilə iki nəfərin minimum dolanmasına imkan verir. Hər bir ailədə isə orta hesabla 4 nəfər olduğunu nəzərə alsaq, bu aylıq maaşla iki nəfərin acından ölməsi deməkdir. Universitetlərin illik ödənişləri isə 1600-4000 manat arasında dəyişilir. Bəzi universitetlərdə bu rəqəm hətta 6000-7000 manata qədər yüksəlir. Yəni orta illik əmək haqqından belə çox. Nəzərə alsaq ki, aylıq maaşları orta əmək haqqından aşağı olan vətəndaşlarımız da var, real həyat tələbatı ilə qazancımız arasındakı bu kəskin fərq dəhşətli mənzərə yaradır. Xüsusilə müəllim, alim və s. kimi ziyalı ailələrində faktiki acından ölümə tərk olunan uşaqlar ödənişli ali təhsil ocaqlarında necə təhsil ala bilərlər? Məhz bu imkansızlıq səbəbindən hər il minlərlə tələbənin ali təhsil ocaqlarından kənarlaşdığını, əminən ki, Siz universitet müəllimi kimi məndən daha yaxşı bilirsiniz.

O ki qaldı xarici ölkələrdə təhsil haqqının daha yüksək olduğuna, izn verin, mən Sizinlə razılaşmayım. Türkiyə universitetlərində oxuyan azərbaycanlı tələbələrin illik ödənişlərinin 300-600 manat arasında dəyişdiyi barədə məlumatlar tez-tez abituriyent agentlikləri tərəfindən paylaşılır. Macarıstan, Polşa, Ukrayna kimi ölkələrin ali məktəblərində də ödənişlər aşağı-yuxarı bu həddədir. Üstəlik, o ölkələrdə bizim tələbələrə dövlət müavinətləri də verirlər. Nəzərə alaq ki, bütün bu rəqəmlər Azərbaycandan gələn xarici tələbələrə şamil olunur, yerli tələbələrə edilən güzəştlər daha böyükdür. Azərbaycandan xaricə tələbə axının ən mühüm səbəblərindən biri də, Sizin dediyinizdən fərqli olaraq, təhsil haqlarının bahalı olması ilə bağlıdır.

Onu da unutmayaq ki, tələbə 18 yaşına çatmış vətəndaş deməkdir. Bir vətəndaşı ailəsindən asılı vəziyyətdə saxlamaq da Sizin dediyiniz azad insan yetişdirmək prinsipi ilə ziddiyyət təşkil edir. Müasir savadlı gənclərə buxovun dövlət və ya ailəsi tərəfindən vurulmasının heç bir fərqi yoxdur; buxov buxovdur.

Sizin partiya olaraq tələbələrə təhsil kreditlərinin verilməsi ilə bağlı təkliflərinizlə tanışam. Qüdrət bəy mənə müsahibələrinin birində bu məsələni qaldırmışdı və hesab edirəm ki, həmin təklif mənim arzuladığım pulsuz təhsil prinsipinin ən gözəl həll yollarından biridir.

Bünyamin Qəmbərli: Heydər bəy, əgər universitet müstəqil olacaqsa, bu zaman indiki təhsil haqqı və maliyyə imkanları ilə həm əməkdaşlara yüksək əmək haqqı vermək, həm güclü maddi-texniki baza yaratmaq, həm elmi tədqiqat işləri aparmaq, həm də tələbələrin rahat yaşayış, tədris və asudə vaxt sorununu həll etmək mümkün deyil. Sən Türkiyə universitetləri ilə bizim universitetləri müqayisə edirsən. Onların təhsildən kənar maliyyə əldə etmək imkanları ilə bizim universitetlərin imkanları eyni deyil, axı. Onların hər bir universiteti həm elmi-tədqiqat işlərindən, həm tibb fakültələrinin xəstəxanalarından, həm yaradıcılıq, sponsor və digər fəaliyyətlərdən  yetərincə pul qazanmaq imkanları var, bəs bizdə? Bu imkanlarına görədir ki, 2018-ci ildə onlarda ən az əməkhaqqı alan müəllim illik 15  min dollar qazandığı halda, bizdə ən çox əmək haqqı alan illik 7 min dollar alıb. Yaxud 2018-ci ildə onlarda professorun illik əmək haqqı  25 min dollar olduğu halda, bizdə dediyim kimi, 7-8 min dollar olub.

Bir də sizin xaricdə təhsil haqqı aşağı olduğu üçün bizdən tələbə axır fikrinizlə razı deyiləm. Xaricdə oxuyan tələbənin çıxarı bizdəki təhsil haqqından ən azı üç dəfə çoxdur. Deməli, xaricdə təhsil almaq istəyi maddi imkansızlıqla yox, başqa səbəblərdəndir.

- Universitetlərdə təhsilin keyfiyyətini artırmaq üçün hansı islahatlar aparılmalıdı?

Bünyamin Qəmbərli: Birinci növbədə, universitetlərin böyük bir hissəsinin özgürləşməsi lazımdır. Universitetlər nə qədər dövlətdən asılıdırsa, universitet rəhbərliyini universitetin professor-müəllim heyəti və ya universitetin elmi şurası seçmir, hakimiyyət təyin edirsə, universitetlər bir o qədər elm və təhsildən çox hakimiyyətin qorunmasına, ideologiyasına, onu təyin edən, təyin edilməsində rol oynayan və a onu qoruyan məmurların istəklərinə xidmət edəcək.

İkinci, bütün elm və təhsil müəssisələri arasında rəqabət mühiti yaradılmalıdır. Bu zaman işini yaxşı quran, ciddi, savadlı və bacarıqlı müəllim-professor heyəti cəlb edənlər rəqabətə tab gətirərək inkişaf edəcək, rəqabətə tab gətirməyənlər isə sıradan çıxacaq.

Digər tərəfdən, qəti olaraq sovet təhsil sistemindən imtina edilməli və dünyanın  inkişaf etmiş və təhsildə ciddi uğurlar qazanmış ölkələrinin təhsil sistemi, təcrübəsi dərindən öyrənilməli, elmimizin və təhsilimizin inkişafı əsas götürülərək milli və dövlətçilik maraqlarına uyğun tətbiq edilməlidir.

Heydər Oğuz: Bu məsələdə, ümumi olaraq, Bünyamin bəylə razıyam. Sadəcə, onu əlavə etmək istərdim ki, dövlət xaricdə pulsuz təhsil proqramını yenidən tətbiq etməli, bəzi istedadlı gənclərin dünya şöhrətli ali təhsil ocaqlarında təhsil almasına şərait yaradılmalıdır. Sonradan o kadrlar bizim ali təhsil ocaqlarında işlə təmin olunmalı, yerli kadrların yetişdirilməsi daha yüksək səviyyədə aparılmalıdır. 

Təhsil islahatları xeyli geniş mövzu olduğundan bu barədə sonrakı debatlarda danışarıq.

Debatı apardı: Rübabə

“Hürriyyət”




Ana səhifəyə qayıt        Baxış: 1 147          Tarix: 23-01-2019, 19:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma