Xəbər lenti

 İxtiyar Seyidovu lap gənc yaşlarından tanıyıram. Sadə, səmimi, yumşaq ürəkli bir insandı .Tez-tez görüşə bilməsək də, həmişə telefon əlaqəsi saxlayır, bir-birimizin hal-əhvalından xəbər tuturuq. Naxçıvana növbəti səfərimdə hökmən onunla görüşməyi qərarlaşdırmışdım.
  Günortadan sonra  zəngləşirik və mən onun Xan Sarayının qarşısında yerləşən binadakı sexinə gəlirəm, görüşürük. Sifətini tutqun görürəm, amma o, bunu biruzə verməməyə çalışır. Sazı sinəsinə sıxır , çalmağa başlayır. Tazənə simlərə toxunduqca elə bil  simlərdən qızıl qan süzülüb axır. Axıra qədər çala bilmir. Sazı sinəsindən endirib:_Qardaşım Həbib ağır xəstədi –deyir. Məlum olur ki, o, təcili xəstəxanaya getməlidi. Mən səni tutmayım o zaman-deyirəm. Və bu yerdə Mikayıl Müşfiqin "Saz" poemasını xatırlayıram. Ölməz şairin qəhrəmanı yaslı olsa belə öz ağır kədərini ona qonaq gələn dostuna bildirmir və dostunun xahişini yerə salmayıb sazı sinəsinə sıxıb çalır. Dostunu yola salandan sonra isə sazı qayalara çırpıb sındırır.

   İxtiyar Seyidov tələsik taksiyə oturub gedir. Mən iki gündən sonra Bakıya qayıdıram. Bir gün sonra Naxçıvandan yaxın dostum filologiya üzrə fəlsəfə doktoru, şair Xanəli Kərimlidən İxtiyar Seyidovun qardaşı Həbibin haqqın rəhmətinə qovuşması xəbərini öyrənirəm. Zəng vurub başsağlığı verirəm. Kədərinə şərik olmağa çalışıram. Amma gedəni geri qaytarmaq olmur ki.      
İxtiyar Seyidov 1966-cı il, dekabrın 18-də Şahbuz rayonunun Kükü kəndində  doğulub. Özünü qanandan könlünü saza-sözə bağlayıb, bu qədim el sənəti ilə ülfət bağlayıb. Bu gün İxtiyar müəllim Naxçıvan Musiqi kollecində saz ixtisasını tədris  edir. O, eyni zamanda qədim musiqi  alətlərinin hazırlanması ilə də məşğul olur. Səntur, tənbur, ovuc neyi bu alətlər sırasındadı.  
  İxtiyar Seyidov bu gün milli musiqi mədəniyyətimizin inkişafı yolunda yorulmadan çalışır.Mən də bu yolda əziz dostuma yeni-yeni  yaradıclıq uğurları arzulayıram.
Məmməd Tahir
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 962          Tarix: 2-04-2018, 22:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma