Xəbər lenti

 

  

Azərbaycan Prezidenti İlham Əliyev sabah Moskvaya səfər edəcək. Kremldən verilən açıqlamaya görə, ölkə başçısı rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Görüşdə “Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafının əsas məsələləri nəzərdən keçiriləcək, həmçinin regional məsələlər üzrə hərtərəfli fikir mübadiləsi” aparılacaq.

 

Kremlin bu açıqlamasında “strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri”nin yer alması istər-istəməz Azərbaycan ictimaiyyətində müəyyən suallar yaradır: Azərbaycanla Rusiya arasında hansı strateji müttəfiqlik qurula bilər? Rusiya Azərbaycandan KTMT-yə və ya Aİİ-yə qoşulmağı tələb edəcək? Belə tələb səslənərsə, ona hansı cavab veriləcək?

 

Prezident İlham Əliyevin gerçəkləşəcək Moskva səfərini dəyərləndirən siyasi şərhçi Heydər Oğuz Musavat.com-a verdiyi açıqlamada bu görüşdən ciddi nəticələr gözləmədiyini deyib.

 

Onun fikrincə, strateji tərəfdaşlıq və ya müttəfiqlik üçün ortaq hədəflərin olması gərəklidir:

 

“Ortaq hədəfləri isə ortaq dəyərlər müəyyənləşdirir. Azərbaycanla Rusiya arasında artıq ortaq dəyərlər və hədəflər ya ümumiyyətlə, ya da strateji müttəfiqlik qurmağa yetəcək qədər qalmayıb”.

 

Strateji müttəfiqliyin nə demək olduğuna aydınlıq gətirən siyasi şərhçi bildirib ki, dövlətlər qarşı-qarşıya olduqları problemləri daha rahat həll etmək üçün müəyyən ittifaqlar qururlar:

 

“Bu ittifaqlar öz dərəcəsinə görə iki yerə bölünür: strateji tərəfdaşlıq və ya strateji ortaqlığa. Strateji tərəfdaşlıq bu cür ittifaqların zəif halıdır. Strateji müttəfiqlik isə daha qalıcı və daha geniş miqyaslı hədəflərə çatmaq üçündür. Dərəcəsindən asılı olmayaraq bütün strateji ittifaqların hədəfləri mücərrəd və konkret əməkdaşlıq prinsipinə əsaslanır. Mücərrəd hədəflərə mədəni, ideoloji əməkdaşlıqlar; konkret hədəflərə isə hərbi, iqtisadi, təhlükəsizlik kimi amillər daxildir. Böyük dövlətlər məhz bu faktorlardan istifadə edib kiçik ölkələri özləri ilə əməkdaşlığa cəlb edir, rəqib dövlət və ittifaqlara qarşı strateji üstünlük qazanmağa çalışırlar. Məqsədləri isə hegemon olduqları əraziləri başqalarının ixtiyarına buraxmamaqdır”.

 

Siyasi şərhçinin fikrincə, böyük dövlətlər bəzən bu üstünlüklərini başqalarına qəbul etdirmək üçün süni problemlər yaradır və tərəf müqabilini özünə tabe etdirir:

 

“Son zamanlara qədər Rusiya məhz bu səbəbdən Azərbaycanla Ermənistan arasında Qarabağ problemini saxlamağa və Cənubi Qafqazı özündən asılı vəziyyətə gətirməyə çalışırdı. İndi isə bu problem böyük ölçüdə aradan qalxıb. Azərbaycan Qarabağı erməni işğalından xilas edib, aramızda ixtilaf yaradan anklavlar məsələsində də böyük irəliləyişlərə nail olub. Odur ki, Azərbaycanla Rusiya arasında hər hansı ortaq hərbi hədəf qalmayıb. Rusiya israrla Qarabağ ermənilərini yenidən bu bölgəyə çağıraraq, Azərbaycanın ondan hərbi asılılığını davam etdirməyə çalışsa da, bu planı da baş tutmadı. Brüssel görüşündən sonra Ermənistanın baş naziri Paşinyan rəsmi Bakının bütün haqlı tələblərini yerinə yetirməyə başlayıb. Bütün bu yeni paradiqmalar ona görə baş verir ki, Avropa İttifaqının rəhbərləri Rusiyaya Cənubi Qafqazda strateji üstünlük qazanması üçün heç bir əsas vermək istəməyib və Paşinyanı Azərbaycanın suverenliyinə hörmətlə yanaşmağın region ölkələri üçün faydalı olacağına inandırıblar. Nəticədə Rusiya Azərbaycan üçün hərbi dəyərini itirib və öz sülhməramlılarını Qarabağdan çıxarmağa məcbur olub”.

 

Kremlin Azərbaycan və Rusiya prezidentlərinin iki ölkə arasında strateji müttəfiqliyin yeni mərhələsini müzakirə edəcəklərinə dair bəyanat səsləndirməsindən dərhal sonra Ermənistanın işğal altında tutduğu 4 kəndimizi geri qaytarmasını təsadüfi saymayan Heydər Oğuzun fikrincə, bütün bu hadisələr Moskva səfəri ərəfəsində İlham Əliyevin əlini gücləndirən addımlardır:

 

“Ümumiyyətlə, 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan tərəfinin qarşılıqlı addımları regionun Rusiya təsir dairəsindən çıxarmağa hesablanmışdı. Bilirsiniz ki, 44 günlük müharibədən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 9 noyabr bəyannaməsi imzalanmış, rus sülhməramlıları bu bəyannamə əsasında Qarabağda yerləşdirilmişdi. Bununla da Rusiya Cənubi Qafqazda müvəqqəti hərbi-strateji üstünlük qazanmışdı”.

 

Heydər Oğuz hesab edir ki, buna baxmayaraq, hər iki ölkənin prezidenti israrla qəbul etdirilən həmin bəyannamənin qüvvədən düşməsi üçün əlindən gələni əsirgəməyiblər:

 

“Əvvəla, nə Azərbaycan, nə də Ermənistan tərəfi bəyannaməni ratifikasiya etməyərək onun legitimliyini şübhə altında qoymuşdular. Ardınca, Ermənistan Zəngəzur dəhlizində rus sərhədçilərinin dayanmasını bəhanə gətirərək onun açılmasını ləngitmiş, Azərbaycan da bundan sonra Rusiyanın ciddi müqavimətinə baxmayaraq, Laçın dəhlizində buraxılış-keçid məntəqəsi qurmuşdu. Acığı, mən Rusiyanın hərbi strateji üstünlüyünə meydan oxuyan bu iki mühüm hadisəni Azərbaycanla Ermənistanın qarşılıqlı razılaşma əsasında paslaşması kimi dəyərləndirirəm. Bundan sonra Azərbaycan Qarabağa Ermənistandan gələn “yardımlar”ın da qarşısını kəsmiş və Rusiyanın əlində strateji təzyiq alətinə çevrilən erməni separatçılarının hərbi təchizat yolunu bağlamışdı. Daha sonra isə 2023-cü ilin sentyabrında 1 günlük antiterror əməliyyatı keçirərək separatizmin kökünü kəsməyə qərar vermişdi. Azərbaycanın bu əməliyyatı zamanı Ermənistan baş naziri Nikol Paşinyan proseslərə müdaxilə etməyəcəyini bildirmiş və Qarabağdakı bütün erməniləri bölgəni tərk etməyə çağırmışdı. Onun çağırışına əməl edən ermənilərin Qarabağdan çıxmasından sonra Rusiya regiondakı hərbi-strateji üstünlüyünü tamamilə itirmişdi. Kreml bu üstünlüyü yenidən bərpa etmək üçün müxtəlif bəhanələrlə gah erməniləri, gah da bizi müharibəyə qızışdırmağa çalışsa da, hər iki ölkənin liderləri təmkinlərini qorumuş və vasitəçilərsiz danışıqları davam etdirərək aralarındakı başlıca problemləri təkbaşına çözmək yoluna getmişdilər. Beləcə, həm Rusiyanın, həm də Fransanın strateji üstünlük qazanma səyləri iflasa uğradı, Paris öz səfirini, Moskva isə sülhməramlılarını geri çağırdı”.


Regionda yaranmış yeni paradiqmada Rusiyanın Azərbaycan üçün heç bir hərbi strateji dəyəri qalmadığını bildirən Heydər Oğuz məhz bu səbəbdən liderlərin Moskva görüşündə hərbi məsələlərin müzakirə olunacağını da gözləmir:

“Mümkündür ki, Putinin İlham Əliyevdən xahişlərindən biri Fransanın regionda güclənməsinə qarşı birgə fəaliyyət göstərmək təklifi olsun. Çünki hazırda həm Rusiyanı, həm də bizi Fransanın ermənilər üzərində strateji üstünlük qazanmaq səyləri narahat edir. Rusiyanın digər istəyi Azərbaycanın strateji tərəfsizliyini qoruması və antirus hərbi alyanslara qoşulmaması ola bilər. Azərbaycan isə zatən həmin mövqedədir, Türkiyədən və Türk dünyasından başqa hansısa tərəflə hərbi alyans qurmaq istəmir. İlham Əliyev son prezident seçkilərindən sonra jurnalistlərə verdiyi müsahibəsində də bu fikri açıq bəyan etdi, sabah böyük problemlərlə qarşılaşacağı zaman üz tutacağı ünvanın Çin və ya Rusiya deyil, Türkiyə və Türk dünyası olacağını bildirdi”.

 

Digər geosiyasi məsələlərdə isə bizimlə Rusiya arasında ortaq hədəflərin yox səviyyəsində olduğunu düşünən həmsöhbətimiz fikirlərini belə əsaslandırdı:

 

“Rusiya üçün hazırda ən mühüm təhdid NATO-nun post-sovet ölkələrinə yayılmasıdır. Strateji müttəfiqimiz Türkiyənin də yer aldığı bu alyans bizim üçün isə təhdid deyil, əksinə, əməkdaşlıqda maraqlı olduğumuz tərəfdir. Hətta Rusiyanı strateji müttəfiqimiz saysaq belə Azərbaycan tərəfdaşlarından birinin maraqlarını digərinə qurban verməz və verməməlidir. O zaman özümüz strateji dəyərimizi itirərik və Rusiya ilə qurduğumuz ittifaq strateji anlam daşımaz, müstəmləkəçilik siyasətinə çevrilər. Beynəlxalq siyasəti dərindən bilən İlham Əliyevin bu addımı atacağına inanmıram”.

 

O ki qaldı iqtisadi-strateji əməkdaşlığa, Heydər Oğuz Moskva görüşündə bu istiqamətdə mühüm qərarların qəbul olunacağını istisna etmir:

 

“Sözsüz ki, bu addımlar Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyaları əhatə etməyəcək. Azərbaycan bu zamanadək Qərbin həssasiyyətlərini nəzərə alıb və bundan sonra da nəzərə alacaq. Bunun nəticəsidir ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi ciddi şəkildə zəifləyib. 2023-cü ilin analoji dövrünün göstəriləri ilə müqayisədə Azərbaycan məhsullarının Rusiyaya ixracı 20,8 faiz azalaraq 155,131 milyon dollar, Rusiya Federasiyasından mal idxalı isə 436,122 milyon dollar (azalma 22,9 faiz) təşkil edib. Təsadüfi deyil ki, ötən ay Azərbaycana böyük heyətlə səfər edən Rusiya baş naziri Mixail Mişustinin gündəmində də ticarət dövriyyəsini artırmaq hədəfi vardı. Azərbaycanla bağlanan çoxsaylı sazişlərdə Rusiya ilə ticarət, nəqliyyat, sənaye, turizm, ətraf mühitin qorunması, kənd təsərrüfatı, gömrük və digər istiqamətlər üzrə tərəfdaşlığın inkişafı nəzərdə tutulurdu. Yəqin ki, Moskva görüşündə də bu məsələ gündəmə gələcək. Sanksiyalara məruz qalan Rusiyanın indiki vəziyyəti Azərbaycanın şimal qonşusuna daha çox məhsul ixrac etməsinə şərait yaradır.


Digər iqtisadi-strateji əməkdaşlıq sahəsi Xəzər dənizi və Orta dəhliz üzərindən keçidlə bağlı ola bilər. Qərbə çıxışı tamamilə bağlanan Rusiya üçün Orta dəhlizdən istifadə həyati əhəmiyyət daşıyır və bu da əslində Qərb ölkələrinin də işinə gəlir. Çünki Xəzərin statusu barədə 2018-ci ildə bağlanmış Xəzərin Hüquqi Statusu Haqqında Konvensiyanı indiyədək ratifikasiya etməyən İran Avropa İttifaqının Orta Asiya ölkələri ilə iqtisadi əməkdaşlığı nəzərdə tutan Transxəzər və Qlobal keçid (Global Gateway) layihələrinin həyata keçirilməsinə imkan vermir. Bu layihələrin özündən keçməsini təmin etməyə çalışan İran zorla özünü Avropa-Asiya iqtisadi əməkdaşlığının tərəfinə çevirməyə çalışır”.

 

İranın öz siyasətindən yalnız Rusiyanın təzyiqləri ilə vaz keçə biləcəyini düşünən Heydər Oğuzun fikrincə, bunun üçün Moskvanı həvəsləndirmək lazımdır:

 

“Məncə, Rusiya da bu projelərin həyata keçirilməsində maraqlıdır. Ən azı o səbəbdən ki, itirdiyi Avropa enerji bazarını Orta Asiya ölkələrinə buraxmaqla Çin bazarını qazana bilər. Bilirsiniz ki, bu yaxınlarda Türkmənistanla Rusiya arasında Çinə qaz ixracı ilə bağlı insident çıxmışdı. Orta Asiyanın digər ölkələri ilə razılığa gələn Rusiya öz qazını Türkmənistan qaz kəmərləri vasitəsilə nəql etmək istəyirdi. Türkmənistan isə buna qəti etiraz edir və həmin kəmərlərlə yalnız türkmən qazının nəql olunacağını bildirirdi. Mümkündür ki, Türkmənistan və digər Orta Asiya ölkələrini Avropa bazarına yönəltməklə Çinin enerji ehtiyaclarını özündən asılı vəziyyətə gətirmək üçün Rusiya Azərbaycan və region ölkələri ilə müəyyən danışıqlara getsin. Bu planın baş tutub-tutmayacağı bəlli deyil. Amma İlham Əliyevlə Putin arasındakı danışıqlarda bu mövzunun da yer alacağını gözləyirəm”.

 

Putinin İlham Əliyevlə görüşdə üzərində dayanacağı digər mövzunun mücərrəd strateji hədəflər olacağını bildirən Heydər Oğuz hesab edir ki, rusdilli məktəblər məsələsi yenidən gündəmə gələ bilər. Lakin mədəni mənsubiyyət sahəsinə görə Rusiyadan tamamilə fərqlənən Azərbaycanda bu cür strategiyaların uzunmüddətli olacağına inanmayan həmsöhbətimiz vurğulayıb ki, Moskva eyni siyasəti Orta Asiya ölkələrində həyata keçirməyə çalışır:

 

“Yerli dilləri dövlət dili, ruscanı isə beynəlxalq dil səviyyəsinə çıxarmaq istəyir. Halbuki rusca və rus mədəniyyəti artıq beynəlxalq nüfuzunu itirir. Qərb ölkələri Rusiyanın bu siyasətinin qarşısını almaq üçün onun təkcə iqtisadiyyatına yox, həm də mədəniyyətinə tətbiq edirlər. Bir çox Avropa dövlətlərində hətta rus klassik musiqiləri belə qadağan edilib. Ruscaya ünsiyyət vasitəsi kimi baxan yeganə yer Orta Asiya və Cənubi Qafqazdır. Amma Türk Dövlətləri Birliyi vasitəsilə bu coğrafiyalarda da rus dili lazımsız bir dilə çevrilməkdədir. Odur ki, İlham Əliyev bütün məsələlərdə Putinin xətrinə dəymək istəmədiyindən bu təklifi qəbul edə bilər. Amma mədəni strateji hədəfin də uzun müddət işləyəcəyinə inamım yoxdur”.

 

E.Məmmədəliyev,
Musavat.com

 




Ana səhifəyə qayıt        Baxış: 5 483          Tarix: 21-04-2024, 19:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma