Xəbər lenti

Koronovirus pandemiyasından sonra xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının quru sərhədlərinin bağlanması, bunun sonrakı mərhələlərdə davam etməsi iranlı mollaların narahatlığına səbəb olub.

Bu günə qədər dəfələrlə bu məsələni mediada gündəmə gətirən İran tərəfi Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forumdakı çıxışından sonra yenidən qızışıb.

Bu dəfə Azərbaycanda axtarışda olan və İrana sığınan "Hüseyniyyun" terror qruplaşmasının Qumdakı dini, siyasi-ideoloji mərkəzlərə, SEPAH-a bağlı sosial media kanalları məsələ ilə bağlı paylaşımlar etməyə, sərhədlərin bağlı qalmasından narahatlıqlarını bildirməyə başlayıblar.

Adıçəkilən qruplarla yanaşı, din xadimi adı altında Azərbaycan Respublikasına qarşı siyasi təbliğat aparan mollalar da işə cəlb olunub.

Onlar sərhədlərin bağlı qaldığına görə Azərbaycandakı müqəddəs yerləri, o cümlədən “Bibi Heybət” və “Diri Baba” ziyarətgahlarını ziyarət edə bilmədiklərindən dərin narahatlıq keçirdiklərini iddia edib, bunun Azərbaycan hökumətinin islam və şiəliyə qarşı məqsədli planı kimi dəyərləndiriblər.

İranlı mollalar çıxışlarında bildirirlər ki, “Bibi Heybət” ziyarətgahı və “Diri Baba" pirində namaz qılmaq üçün “burunlarının ucu”, azərbaycanlı şiələrlə ünsiyyətdə olmaq üçün “ürəklərinin başı” göynəyir.

“Bundan əvvəl İrandan Azərbaycana gedənlər arasında islam inqilabının banisi ayətullah Xomeyninin və ali rəhbər Seyid Əli Xameneinin ideyalarını, əsl şiə ideologiyasını Azərbaycan vətəndaşları arasında yayan şəxslər olurdu. “Bakı hökuməti” (Azərbaycan Respublikasını aşağılamaq üçün iranlı mollabaşların istifadə etdiyi ifadədir – red.) sərhədləri bağlı saxlamaqla Azərbaycanda islam inqilabı, inqilabın banisi və ali rəhbərin ideyalarının yayılmasının qarşısını almaq istəyir”, - paylaşımlarında qeyd olunub.

Bu paylaşım və yazılardan iranlı mollaların sərhədlərin bağlı qalmasından əsl narahatlıqlarının Azərbaycan Respublikasında siyasi-ideoloji təbliğat imkanlarının məhdudlaşması olduğu məlum olur.

Məsələ burasındadır ki, Prezident “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forumdakı çıxışında quru sərhədlərin bağlı qalmasının yalnız xüsusi karantin rejimi ilə deyil, həm də milli təhlükəsizlik məsələləri ilə bağlı olduğunu deyib.

İranlı mollalar, Qumdakı terror qruplaşmasının üzvləri, onların aftafa alveri ilə məşğul olan əlaltıları isə paylaşım və çıxışlarında özləri bilmədən Prezidentin fikirlərini təsdiq edib, xüsusən indiki dövrdə İranla quru sərhədlərin açılmasının Azərbaycan üçün yaxşı heç nə vəd etməyəcəyini etiraf ediblər.




Ana səhifəyə qayıt        Baxış: 4 570          Tarix: 26-04-2024, 14:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma