Xəbər lenti

 Avara, yaxud səfil adamları görəndə nədənsə başqa bir adamı yox, məhz gözdən əlil olan Abbasəli əmini xatırlayıram. Abbasəli əmi Ordubad rayonunun Kotam kəndindən idi. Ailəsi ilə Haxşıvan şəhərinə gəlmişdi. Şəhərin ətrafındakı kolxozda işə girmişdi. On altı yaşlı oğlu Ənvər at arabası sürürdü, özü və arvadı Nubar xala sıravi kolxozçu udi. İki qızı məktəbə gedirdi, birinin adı Cəmilə, o birinin adı Lətifə idi. Bunları deməyə də bilərdim, amma deməliyəm,çünki Abbasəli əmini oxuculara daha yaxından tanıtmaq istəyirəm. Bilsinlər ki, Abbasəli əmi təkcə işgüzar bir adam deyildi, həm də çox yaxşı bir ata idi... Abbasəli əmi anadangəlmə kor idi. Amma heç deməzdin ki, kordur; iri gözləri vardı. Əllərini oynada-oynada danışırdı.Əlləri hansı səmtə yönılirdisə, gözləri də o tərəfə baxırdı. Bəzən onun görmədiyinə adam şübhə edirdi...Bədənini dümdüz tuturdu və çox qıvraq yeriyirdi.Sağ əlindəki ağacın ucunu tez-tez yerə vururdu,sanki yerdə qapı vardı, döyürdü o qapını. Ona elə gəlirdi indicə o qapı açılacaq , o da o qapıdan içəri-yeraltı dünyaya daxil olacaq. Amma qapı açılmırdı. Abbasəli əmi isə inadla o qapını döyürdü.Yəqin əmin idi ki, günlərin birində o qapı üzünə açılacaq... Abbasəli əmi bu xüsusiyyətləri ilə düqqətimi çəkmişdi və məni özünə məftun eləmişdi. Abbasəli əminin evi ilə kolxozun üzüm bağı arasında bir, ya da bir kilometr yarım məsafə olardı. Bu məsafədə nəyin harada olduğunu gözlü adamlardan daha yaxşı bilirdi.Əlindəki çox da yoğun olmayan ağacı onun gözü idi; o ağacın ucu dəyən yer yaddaşına həkk olurdu,o yerdən sərbəst keçib gedirdi... Abbasəli əmi bağbanın köməkçisi idi: tənəkləri ot-ələfdən, küzdən təmizləyirdi...Boş vaxtı da qalanda həyətində saxladığı beş-altı erkək quzuya xəsil tədarük edirdi; onun “ellisi”, Kilidli Məhəmməd kişi ona kömək eləmişdi:kolxoz sədri Bayram kişini inandırmışdı ki, üzüm tənəklərinin ot-alafını Abbasəli kişidən yaxşı heç kim təmizləyə bilməz.Kolxoz cədri Bayam kişi yaxşı adam idi,zındıq deyildi,dırnaq dibi tutmamışdı,Məhəmməd kişi ilə razılaşmışdı.Yoxsa, indiki bəzi məmurlardan olsaydı, min əziyyətlə bəslədiyi beş-altı erkək quzunun ən azı ikisini onun əlindən alardı... Abbasəli əmi o quzuların ikisini, ya da üçünü payızda qovurub qış uzunu ailəsinin əmirini aşırırdı, qalanını satırdı, kolxozdan əməkgününə aldığı az bir pulla ailəsini birtəhər dolandırırdı... Yazın burnu açılandan ta qar yerə düşənədək Abbasəli əmi kolxozun üzüm bağında olurdu;bağda ona tapşırılan işi can-başla görürdü, həm də bəslədiyi erkəklər üçün ot –alaf daşıyırdı. Elə ki,qar yerə düşürdü, bağdan əl-ayaq çəkilidi,gedirdi kolxozun idarəsinin həyətindəki emalatxanaya; araba təkəri düzəldirdi.Qış uzunu bu işlə məşğul olurdu.Yazda yenə qayıdırdı öz işinə:bağa... O vaxtkı üzüm bağı xan-bəy dövründən qalmışdı:indiki üzüm bağlarından fərqlənirdi: tənəklər şpalerə qaldırılmamışdı,kərdilərdə əkilmişdi və kərdilər çox dərin idilər.Üzüm tənəklərinin qol-budağı kərdinin kənarında,hündürdə idi.Abbasəli əmi sol əlini tənəklərin yan-yörəsinə sürtüb ot-alafı tutur,sağ əlindəki oraqla otu biçirdi.Sonra onları bir yerə yığır,xorumlayır,şələləyib aparırdı.Ot xoruma gəlməyndə iri kisələrə doldurur,ağzını yaxşıca bağlayır,ipi kisələrin kənarlarından səliqə ilə keçirib düyür,dalına alıb aparırdı.Elə ki,tənəklərin ətrafında ot-alafı təmizləyib qurtarırdı,keçirdi xiyabanlara.Barmaq boyda qalxmış otları biçib kisələrə yığırdı... Abbasəli əmi hər gün evlərinə iki ayaq ot aparırdı: bir səhər,bir də axşam;yazda da,yayda da,payızda da... Onun bu işgüzarlığı sağlam adamları belə heyran edirdi.Abbasəli əmini tanıyanlar uşaqlarına onu nümunə göstərirdilər,- Baxın o kişiyə,utanın,tənbəlliyin daşını atın. Belə...Bəzi cavanları-işləmək istəməyən,avara,tüfeyli cavanları görəndə gözdən əlil Abasəli əmini xatırlayıram və ona rəhmət oxuyuram...




Ana səhifəyə qayıt        Baxış: 1 169          Tarix: 9-05-2018, 16:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma