Xəbər lenti

 

 Mürvət Həsənli, 
ADAM sədri 

Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, Azərbaycanda Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində hazırlanan aqrar strategiyamızda önəmli yerlərdən birini taxılçılığın inkişafı və idxal asılılığından xilas olmaq hədəfi tutur. İnsafən, KTN və fermerlərimizin bu hədəfə çatmaq üçün gördüyü işləri görməzlikdən gəlmək doğru olmadığı kimi, istənilən nəticənin əldə edildiyini söyləmək də mümkün deyil. Verilən məlumatlara görə, Azərbaycanın taxılçılıqda illik istehlak həcmi 4.3 milyon ton, istehsal həcmi isə 3 milyon ton olub. Bu isə, hardasa, istehlakla istehsal arasında 33% kəsir deməkdir. Yəni ölkəmiz öz istehlak tələbatını ödəmək üçün bu il əlavə 1.3 milyon ton taxıl idxal edəcək.

Məsələnin ən düşündürücü tərəfi isə ondan ibarətdir ki, idxal edəcəyimiz məhsulun böyük qismi buğda olacaq. Nədən ki, ölkəmizin taxıl ehtiyacının 1.8 milyon tonunu buğda təşkil edir. Amma bu ehtiyacın çox cüzi qismi öz yerli imkanlarımızla ödənilir. Hər halda Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədovun ötən il mətbuata verdiyi açıqlamalardan belə anlaşılır. Z.Məmmədovun bildirdiyinə görə, ölkənin buğdaya olan illik tələbatı 1 mln. 800 min tondur. Amma bunun böyük qismini idxal buğda təşkil edir. Baxmayaraq ki, Azərbaycanın taxıl istehsalında da mühüm yeri buğda tutur. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu il ölkə üzrə 3 milyon 017 min 289 ton payızlıq və yazlıq dənli və dənli paxlalılar yığılıb, bunun 2 milyon 031 min 654 tonu buğda, 937min 090 tonu isə arpadır. Ölkə üzrə ötən ilə nisbətən 226 min 365 ton artıq buğda, 124 min 570 ton arpa yığılıb.

Başqa sözlə desək, taxıl istehsalımızın 2/3-ni buğda, 1/3-nü isə arpa məhsulları təşkil edir. Amma öz yerli fermerlərimizdən qəbul Dövlət Taxıl Fonduna qəbul olunan buğda miqdarı olduqca aşağıdır. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədovun mətbuata açılamasına görə, 2017-ci ildə bu rəqəm sadəcə 58 min ton olmuşdu. Yəni ümumi istehlakın 3.2%-i qədər. Bu il istehsal olunan yerli buğdanın nə qədəri Taxıl Fondu tərəfindən qəbul edildiyi barədə hər hansı informasiya verilməsə də, bu rəqəmin 60-70%-ı keçmədiyini şübhə doğurmur. KTN-nin rəsmilərinin də açıqlamaları bu ehtimalı qüvvətləndirir. Belə ki, Nazirlik Aparatının Bitkiçilik Şöbəsinin müdiri İmran Cümşüdov AZƏRTAC-a müsahibəsində səsləndirdiyi bəzi fikirlərdən bu nəticə hasil olur. Onun bildirdiyinə görə, bu il taxıla tələbatın 65-70 faizi daxili istehsal hesabına ödənilib.

Sual oluna bilər: Azərbaycan öz ərzaq tələbatından daha çox buğda istehsal edirsə, niyə tələbatının ən azı 30-35%-ni idxal edir? İstehsal olunan 2 milyon tondan artıq buğdanın böyük qismi nəyə sərf olunur?

FHN-nin Dövlət Taxıl Fondu üzrə İdarəsinin rəisi Zülfüqar Məmmədov bu suala belə aydınlıq gətirib: “Biz beynəlxalq normalara və standartlara uyğun olan məhsulları qəbul edirik".

Z.Məmmədovun sözlərinə görə, buğda istehsalçıları aqrotexniki qaydalara riayət etmirlər: "Fermerlər ziyanvericilərə qarşı mübarizə aparmalıdırlar. Yerli fermerlər nə qədər buğda istehsal etsələr, onu qəbul etməyə hazırıq, lakin, söhbət keyfiyyət göstəricilərinə uyğun buğdadan gedir".

KTN-nin rəsmiləri də müxtəlif zamanlarda verdikləri açıqlamalarda yerli fermerlər tərəfindən istehsal olunan buğdanın iri tədarükçülər tərəfindən qəbul edilmədiyini bildirərək, bunu məhsulun aqrotexniki qaydalara uyğun yetişdilməməsi ilə əsaslandırırlar. Onların fikrincə, yerli buğdanın böyük qismi dən və yem kimi heyvandarlıq sahəsinə yönəldilir, ərzaq məhsulu kimi keyfiyyətli buğdalar isə Rusiya və Qazaxıstandan alınır. Hər il 1.3 milyon ton buğdanın idxal olunduğu xəbər verilir ki, bu da ümumi istehlakın 2/3-i qədər məhsul deməkdir.

Göründüyü kimi, Azərbaycan taxılçılarının qarşısında məhsuldarlığı və keyfiyyəti artırmaq kimi mühüm vəzifələr dayanır. Bunun üçün isə taxıla yararlı torpaq sahələri düzgün təsbit olunmalı, onların su-meliorasiya şəraiti yaxşılaşdırılmalı, lazım gələrsə, bir sıra su anbarları tikilməli, mövcud olanların potensial imkanları genişləndirilməli, yerli təbiətə uyğunlaşdırılmış buğda növləri seleksiya edilməlidir və s.

Bəli, Azərbaycanda məhz kompleks tədbirlər nəticəsində taxılçılığın arzuladığımız səviyyədə inkişafına bel bağlaya bilərik və sevindirici haldır ki, bu istiqamətdə mühüm işlər görülür. Xüsusilə son dövrlərdə görülən başlıca işlərdən biri ölkədəki mövcud su anbarlarının genişləndirilməsi və onların müasir suvarma texnikaları ilə təchiz olunmasıdır. 2015-ci ildə Azərbaycan rəsmi şəkildə qeyri-neft sektoruna keçid elan etdikdən sonra atılan ilk addımlardan biri Şəmkirçay və Taxtakörpü su anbarlarının modernləşdirilməsi, yeni kanalların çəkilməsi, köhnə kanalların isə bərpa edilməsi oldu.

Məlumat üçün bildirək ki, Taxtakörpü su anbarının təməlləri 2007-ci ildə cənab İlham Əliyevin ilk prezidentliyi dövründə atılmışdır. Bu su anbarı Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilib və 2013-cü ildə istifadəyə verilib. Açılışında Cənab İlham Əliyevlə yanaşı, I vitse-prezident Mehriban xanım Əliyeva da iştirak edib. 8,71 mln m² sahəni əhatə edən Taxtakörpü su anbarının su tutumu 270 milyon kubmetrdir. Bu ümumi həcmin böyük hissəsi - 238,4 milyon kubmetri isə faydalı su ehtiyatı hesab olunur. Yəni gölün, hardasa, 80%-lik su ehtiyatından suvarma prosesində istifadə oluna bilər. Gil nüvəli torpaq bənd olan bu hidrotexniki qurğunun dibdən eni 754, hündürlüyü isə 142,5 metrdir. Taxtakörpü su anbarı Azərbaycanın ən hündür torpaq bəndli su anbarıdır. Samur çayından götürülən su Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülür. Həmin su anbarı sayəsində Samur-Abşeron suvarma sistemi üzrə nəzərdə tutulan digər tədbirlərin də reallaşdırılması nəticəsində şimal bölgəsi rayonlarında 150 min hektara qədər torpaq sahəsinin su təminatının yaxşılaşdırılacağı və 31 min hektar sahədə yeni suvarılan torpaqların istismara veriləcəyi nəzərdə tutulur. Başqa sözlə desək, əsası İlham Əliyev tərəfindən qoyulan bu su anbarı kənd təsərrüafı fondumuza 180 min hektardan çox bərəkətli torpaq qazandırmaqla qalmır, həm də Azərbaycanın elektrik enerjisi istehsalına da mühüm töhfələr verir.

Taxtakörpü su anbarının açılışı zamanı (28 sentyabr 2013) Prezident İlham Əliyev də bu xüsusa diqqət çəkərək demişdir: “2000-ci illərdə isə biz artıq praktiki işlərə başladıq. 2006-cı ildə Xanarx kanalının tikintisi ilə demək olar ki, bu sistemin bir komponenti istismara verilmişdir. Ondan sonra 2007-ci ildə Taxtakörpü su anbarının təməli qoyulmuşdur. Mən o günü yaxşı xatırlayıram. Bax, buralarda tam başqa bir mənzərə var idi. Bu gün yuxarıdan, bənddən gölə baxarkən bir daha görürəm ki, iradə, peşəkarlıq olan yerdə biz istənilən layihəni yarada bilərik. Bu layihə bir möcüzədir. Bu dağlar arasında bir göl yaranmışdır. O göl ki, bu gün su tutumuna görə Ceyranbatan gölündən, demək olar ki, 2 dəfə böyükdür. Bu, Azərbaycanın böyük su anbarıdır. Burada 270 milyon kubmetr su yığılır ki, bu sudan Azərbaycan vətəndaşları və sahibkarlar istifadə edəcəklər.

2007-ci ildə bu böyük layihənin təməli qoyuldu və çox şadam ki, bu layihənin icrası üçün lazım olan bütün məsələlər öz həllini tapmışdır. Bildiyiniz kimi, bu layihə bir neçə komponentdən ibarətdir. Xanarx kanalı, Vəlvələçay-Taxtakörpü kanalı ki, suyun yığılmasına yönəlmiş bir layihə idi, Taxtakörpü su anbarı və Taxtakörpü-Ceyranbatan kanalının tikintisi də bu layihənin tərkib hissəsidir. Beləliklə, son illərdə tikilmiş kanalların uzunluğu 150 kilometrdir”.

O, nitqində Taxtakörpü kimi su anbarının ölkəmizin aqrar təsərrüfatının inkişafında oynadığı roldan bəhs edərkən bu layihələrin aqrotexniki avantajlarına da aydınlıq gətirmişdir: “Bilirsiniz ki, biz bu məsələlərlə bağlı ciddi addımlar atırıq və artıq pilot layihələr də icra edilir. Beyləqan, Ağcabədi rayonlarında 5 min hektara qədər yeni əkin sahələri dövriyyəyə buraxılmışdır. Bütün texniki şərtlər, suvarma təmin edilmişdir və bu ilin nəticəsi onu göstərir ki, bu, çox səmərəli, uğurlu bir yoldur. Əgər ölkə üzrə hər hektardan taxıl istehsalında məhsuldarlıq 26 sentnerdirsə, yeni sahələrdə bu, 55 sentnerə çatmışdır. Yəni, əgər yeni texnologiyalar, aqrotexniki xidmət göstərilərsə və əlbəttə ki, texnika lazımi səviyyədə təşkil edilərsə, biz 2 dəfədən çox məhsul götürə bilərik. Yəni, yeni əkin sahələrinin dövriyyəyə buraxılması fermerlərə böyük imkanlar verəcəkdir, kənd təsərrüfatımız inkişaf edəcəkdir.

Kənd təsərrüfatının inkişafı böyük dərəcədə infrastruktur layihələrindən asılıdır və əlbəttə ki, Azərbaycan gələcək illərdə ərzaq məhsullarına olan tələbatı tam şəkildə özü təmin edəcəkdir. Biz artıq buna yaxınlaşmışıq. Bu da tarixi nailiyyət olacaqdır və ondan sonra biz daha çox ixrac haqqında düşünməliyik. Artıq biz düşünürük, yeni bazarlara çıxmaq üçün addımlar atılır və beləliklə, kənd təsərrüfatı Azərbaycanda sürətlə inkişaf edəcəkdir.

Beləliklə, Taxtakörpü su anbarının, Şəmkirçay su anbarının və suvarma sisteminin yaradılması nəticəsində biz 2 ildən sonra 250 min hektar yeni torpaq sahələri əldə edəcəyik. Bu, tarixi bir nailiyyət olacaqdır. Bu layihələrin icrası, eyni zamanda, ölkəmizin su təhlükəsizliyini də təmin edir. Bu məsələlərə də biz daim diqqət göstəririk. Çünki ölkəmizi qidalandıran əsas su mənbələri Azərbaycanın hüdudlarından kənarda formalaşır. Ona görə su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq strateji əhəmiyyətli bir məsələdir. Taxtakörpü su anbarının yaradılması ilə biz bu strateji hədəfə çatırıq. Bizim sularımız Kür çayından, Araz çayından, Samur çayından gəlir ki, bu çaylar öz mənbəyini başqa ölkələrdən başlayır. Beləliklə, su təhlükəsizliyi bizim üçün strateji əhəmiyyətli məsələdir və gələcəkdə hər bir ölkə üçün su ehtiyatları strateji dəyər olacaqdır”.

Prezidentin bu sözlərindən də aydın göründüyü kimi, o, hələ neft qiymətlərinin ən yüksək səviyyələrdə olduğu 2013-cü ildə belə, ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişafı barədə aydın və incə düşünülmüş strategiya ortaya qoymuş, aqrar təsərrüfatın inkişafı layihələrində iki başlıca amillərdən birinin torpaq, digərinin isə su olduğunu təsbit edərək, bu sahədə çatışmazlıqların aradan qaldırılmasına çalışmışdır. Ölkəmizin su ehtiyatının böyük qisminin sərhədlərimizdən kənarda formalaşdığını aydın şəkildə ifadə edən İlham Əliyevin hakimiyyətinin ilk dövrlərindən su anbarları yaratmaq qayğısına qalması bu mənada başadüşüləndir. Onun bu istqamətdə ikinci mühüm addım kimi Şəmkirçay su anbarını genişləndirməyə çalışması da təsadüfi deyil.

Bilindiyi kimi, 1982-ci ildə inşa olunan Şəmkirçay su anbarınun ümumi sututumu 2677 mln m³, faydalı həcmi isə 1425 mln m³-dir. Anbarın normal dolma səviyyəsi 158 m, su güzgüsünün sahəsi 115,0 km², bəndinin üstdən uzunluğu 4500 m, hündürlüyü isə 70 m-dir. Anbarın yenidən qurulması nəticəsində Şəmkir, Samux, Göygöl, Goranboy rayonlarının 54 min hektar torpaqda suvarma yaxşılaşdırılıb və 17 min hektar torpaq isə yenidən suvarılma imkanı qazanıb. Su anbarının genişləndirilməsi və yenidən qurulması layihəsinə Dövlət Neft Fondundan 700 min milyon dollardan çox investisiya qoyulub.

İstər cənab İlham Əliyevin, istərsə də KTN rəsmilərinin açıqlamalarından da aydın olur ki, həm Şəmkirçay, həm də Taxtakörpü su anbarlarına yönəldilən bu investisiyaların başlıca məqsədi ölkəmizin ərzaq təhülkəsizliyi tədbirlərini yaxşılaşdırmaq, əsasən isə taxılçılığın inkişafına nail olmaqdır. Odur ki, yaxın illər ərzində bu sahədə çalışan fermerlərimizin qarşıya qoyulan hədəfə çata biləcəkləri, hətta idxalçı dövlətdən ixracatçı dövlətə çevriləcəyimiz şübhə doğurmur.




Ana səhifəyə qayıt        Baxış: 781          Tarix: 7-01-2019, 19:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma