Xəbər lenti
Dünən, 19:25

 

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda diri çəkidə ət istehsalı 3,1 faiz artaraq, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 417,7 min ton, süd istehsalı 2,2 faiz artaraq, 1 milyon 720,1 min ton təşkil edib.

“Yeni Müsavat”ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 10 ayı ərzində ölkədə yumurta istehsalı 2,1 faiz azalaraq, 1416,5 milyon ədəd, yun istehsalı 1 faiz azalaraq, 15,7 min ton olub.

Ölkədə ət istehsalının artması faktını dəyərləndirən iş adamı Mürvət Həsənli bildirir ki, bu, son illərdə kənd təsərrüfatı sahəsində aparılan quruculuq işlərinin tədricən nəticə verdiyinin göstəricisidir: “Bununla belə, əldə edilən bu uğurla kifayətlənmək mümkün deyil. Yerli fermerlərimizin qarşısında istehsal gücünü dəfələrlə artırmaq potensialı və vəzifəsi var”.

İş adamının fikrincə, ölkə rəhbərliyi ötən illər yerli fermerlərin qarşısına əhalimizin qida məhsulları ilə 100 faiz təmin etmək vəzifəsi qoyub: “Yerli fermerlər də bu istiqamətdə ciddi səylər göstərirlər. Bir çox yeni təsərrüfatlar yaradılıb, mövcud olanlar isə iş sahəsini genişləndiriblər. Kənd Təsərrüfatı Nazirliyi yerli təsərrüfatların böyüməsi üçün fermerlərə kreditlər, subsidiyalar ayırıb. Rəsmi məlumatlara görə, 2016-cı ildən etibarən süni mayalanma yolu ilə alınmış hər buzov üçün fermerlərə 100 manat subsidiyalar ödənilir. Təkcə 2016-cı ildə 1495 heyvan sahibi 1719 baş buzov üçün bu cür yardımlar alıb. Bu da sözsüz ki, heyvandarlığın inkişafına ciddi töhfələr verir. Eyni sözləri quşçuluq sektoru üçün də demək mümkündür. Bir müddət əvvəl Nazirlər Kabineti damazlıq yumurta idxalını məhdudlaşdırmaq üçün hər yumurtaya 10 sentlik əlavə idxal rüsumu tətbiq olunması barədə qərar qəbul edib. Bununla da yerli təsərrüfatların inkişafının önü açılıb”.

Kənd təsərrüfatı sektorunun, xüsusilə heyvandarlığın inkişafına göstərilən bu diqqətin daha ciddi məhsuldarlığa səbəb olacağını gözlədiyini gizlətməyən iş adamı gələcək illərdə artımın daha yüksək olacağına inanır: “Bilirsiniz ki, kənd təsərrüfatı sektoru bir neçə müddətə nəticə verir. Bu da təsərrüfatların tədricən böyüməsi, alınan heyvanların nəsillərini artırmaq müddəti ilə bağlıdır. Ümid edirəm ki, ölkəmizdə atılan bu addımların müsbət nəticələrini yaxın illərdə görə biləcəyik”.

Dövlət Gömrük Komitəsinin bir neçə gün əvvəl yaydığı hesabatına görə, yanvar-oktyabr aylarında Azərbaycana 38,83 min ton ət idxal olunduğunu xatırladan Mürvət Həsənliyə görə, bu illik istehlakımızın 10 faizi deməkdir: “Statistik məlumatlara görə, Azərbaycanın 2017-ci ildə ət və ət məhsulları istehlakının həcmi 364,3 min ton təşkil edib. Hər il istehlakın 5-6 faiz artdığını nəzərə alsaq, bu ilin 10 ayında idxal olunan ətin miqdarı hardasa ümumi tələbatın 10 faizi civarında olub. Bu isə ət tələbatımızın 90 faizinin özümüz tərəfindən istehsal olunması deməkdir ki, bu da qida təhlükəsizliyi proqramının ktirik hesab etdiyi həddən yuxarıdır”. 

M.Həsənlinin fikrincə, ölkədə ət istehsalı ilə yanaşı, istehlakın da artmasına ehtiyac var: “Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə, insan orta hesabla ildə 73 kq ət istehlak etməlidir. Azərbaycanda isə bu göstəricilər xeyli aşağıdır. Böyük Britaniyanın "The Daily Telegraph" qəzetinin dünya ət istehlakı xəritəsinə görə, biz 88 ölkə arasında 52-ci yeri tuturuq. Belə ki, siyahiya rəhbərlik edən ABŞ-da il ərzində hər insan orta hesabla 120.2 kq ət istehlak edir. Çox ət yeyənlər siyahısında ilk 5-likdə yer alan digər ölkələrdən küveytlilər illik adambaşına 119.2 kq, avstraliyalılar 111.5 kq, Baham adaları 109,5 kq, lüksemburqlular isə 107 kq ət yeyirlər. Postsovet ölkələri arasında ən yüksək yerdə Rusiya dayanır: ildə 62.9 kq-la 28-ci yer, Ukrayna 48.5 kq-la 38-ci yer. Azərbaycanda isə 32 kq (52-ci yer) ət istehlak olunur. Düzdür, biz bu göstəricilərlə qonşularımızdan xeyli irəliyik. Gürcüstan 25.5 kq-la 62-ci, Türkiyə isə 25.3 kq-la 63-cü yeru tutur”.

Müsahibimizə görə, bu göstəricilərlə razılaşmaq olmaz: “Çünki ət istehlakı hər şeydən öncə insanların maddi rifah halının göstəricisi və sağlam həyat sürmənin rəhnidir. Azərbaycanın ət istehlakını dünya ortalamasına yüksəlmək üçün əhalimizin yemək porsiyonundakı ət məhsullarını ən azı 3 dəfə artırmaq potensialı var. İldən-ilə ət istehlakımızın artması da ölkəmizin maddi rifah halının yüksəlməsindən xəbər verir. Odur ki, kənd təsərrüfatı müəssisələrimiz istehsal güclərini artırmalı və hökumət qurumlarımız da bu sahəyə ciddi investisiyalar yatırmalıdır”.

İqtisadiyyat şöbəsi,
“Yeni Müsavat” 




Ana səhifəyə qayıt        Baxış: 759          Tarix: 19-11-2018, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma