Xəbər lenti

 

Bir milləti yox etmək üçün onun tarixi yaddaşını sıradan çıxarmaq kifayətdir. Təəssüflər olsun ki, 200 illik böyük bir zaman kəsimində rus imperializmi də bizə məhz bunu yaşatdı. Xalqımızı yox etmək üçün ilk növbədə onun tarixi şüurunu darmadağın etməyə çalışdı. SSRİ dövründə ortaya atılan  “sovet insanı” təsəvvürü də buna xidmət edir, müxtəlif milli-mənəvi dəyərləri olan toplumlardan vahid xalq yaradılmaq istiqamətində sistemli siyasət yürüdülürdü.

Sovet imperializmi dağıldıqdan sonra müstəqillik qazanan ittifaq üzvlərinin ilk işi də, məhz bu səbəbdən, özünüdərk prosesindən başladı. Bütün çatışmazlıqlarımıza rəğmən, bir çox münəvvər alimlərimizin soy-kökümüz üzərində apardığı çalışmalar bu mənada təqdirəlayiqdir.

Filologiya elmləri namizədi Əziz Ələkbərlinin Qərbi Azərbaycan barəsində qələmə aldığı bir çox əsərlər, o cümlədən “Qərbi Azərbaycan, I cild, Vedibasar mahalı”  kitabı milli kimliyimizə işıq tutacaq çalışmalardandır. Saytımızın baş redaktoru Heydər Oğuzun bu kitab haqqında facebook səhifəsində paylaşdığı bir təəssürat yazısını maraqlı olduğunu nəzərə alıb  Ovqat.com oxucularına təqdim edirik:

 

   Mənim ata yurdumun qəribə bir adı var: Haxıs. Hər dəfə atam (biz “ağa” deyərdik), nənəm və digər qohumlarım 1940-cı ilin axırlarında zorla çıxarıldıqları bu yer haqqında xatirələrini danışanda bəndənizi ən çox kəndin adı maraqlandırırdı. Görəsən, “Haxıs” nə deməkdir, hansı sözdən əmələ gəlib?

Uşaqlıq dövrümdə bu suala qaneedici cavab tapmayanda “Haxıs” sözünün ermənicə olduğunu, keçmiş adının dəyişdirildiyini düşünürdüm. Bir az böyüyəndən sonra “Haxıs”ın “Oğuz” sözünün getdikcə təhrifə uğradığı forması olduğuna qənaət gətirmişdim. Amma bu versiya da ağlıma çox batmırdı. Çünki “Oğuz” sözü dilimə daha çox yatırdı və mənim fikrimcə, sözlər təhrifə uğrayanda dəyişiklik diləyatımsızlıqdan-diləyatımlılığa doğru olmalıydı. Dolayısıyla, tərs istiqamətdəki inkişaf mənə tərs gəlirdi.
Uşaqlığımdan indiyə qədər beynimi qurcalayan bu suala bu gün qismən cavab tapa bildim. Dəyərli araşdırmaçı, filologiya elmləri namizədi Əziz Ələkbərlinin “Qərbi Azərbaycan, I cild, Vedibasar mahalı” adlı kitabı mənim düşüncələrimə işıq tutdu. Kitabın 374-376-cı səhifələri bizim ağsaqqal və ağbirçəklərimizin nisgilli xatirələrini qoyub gəldiyi Haxısa həsr olunub. 
Müəllif “Haxıs” sözünün türk xalqlarının dilində “dəstə”, “alay”, “yığın” mənasına gəldiyini və bu toponimin yayılma arealının xeyli geniş olduğunu bildirir. Sən demə, Cənubi Azərbaycandan tutmuş, Qərbi Azərbaycana, Qarabağa, Gəncəyə qədər bir çox yerlərdə Haxıs adlı yaşayış məntəqələri varmış. Hətta Axıska türkləri də bu adın daşıyıcıları imiş.
Ata yurdumuz haqqında bu dəyərli araşdırmanı oxuyunca qulağımda rəhmətlik nənəmin sözləri səsləndi: “Bala, bizim ağır və böyük tayfamız vardı. Bizi xırdalamaq üçün sürgün etdilər”. Nənəm onu da deyirdi ki, Stalin represiyası bizim familiyamızın da dəyişilməsinə yol açıb. Qohumlarımızın bir çoxu ya represiyalardan özünü qorumaq üçün könüllü, ya da zorla “Seyidov” familiyasından imtina etməli olub, hər kəs öz babasının adını soyismi seçib.
Mən həmişə nənəmin bu sözlərinə inanmış və ağır tayfaya sahib olmağımızın qürurunu yaşamışam. Amma səmimi etiraf edim ki, mənsub olduğum tayfamın ağırlığını ilk dəfə bu gün – hörmətli Əziz Ələkbərlinin haqqında danışdığım kitabını oxuyarkən daha aydın anladım. Bəli, bizim tayfamız, bir ayağı Cənubi Azərbaycanda, bir ayağı isə Axısqada olacaq qədər böyük imiş. 
Hər bir insan öz mənsub olduğu tayfanın mikro-göstəricisidir. Açığı, mən həmişə “haralısan” sualına cavab verməkdə çətinlik çəkmişəm. Atam Qərbi Azərbaycandan, anam Saatlıdandır. Özüm 1 yaşından etibarən Naxçıvanda böyüyüb boya-başa çatmışam. Hələ uşaq olanda oğlum Nicatdan haralı olduğunu soruşmuş və dövrün populyar mahnısının adıyla “Bakılı balasıyam” cavabını almışdım və bununla razılaşmışdım. Necə olsa, adam Bakıda doğulub və burada yaşayır. Təbii ki, bakılı olmalıdır, deyə.
Bununla belə, Nicatın cavabını eşidəndə regional mənsubiyyətimin çoxşaxəliliyinə özüm də təəccüblənmişdim: Atam vedili, özüm naxçıvanlı, anam saatlılı, oğlum bakılı. Nəvəmin haralı olacağını isə zaman göstərəcək. Doğrusu, bu təəccübüm məndə əsrarəngiz qürur hissi də yaratmışdı.Çünki mən, sözün böyük mənasında əsl AZƏRBAYCANLI idim. Bütün regionları özündə cəmləşdirən İNSAN. Əziz Ələkbərlinin Haxıs haqqında yazdıqlarını oxuyanda isə özümü daha böyük gördüm. Mən əsl TÜRK DÜNYASI imişəm.
Əziz Ələkbərovun da qeyd etdiyi kimi, Haxıs seyid kəndi olub. Bununla belə, kim deyirsə ki seyidlər ərəbdir, yalan deyir. Kim harda yaşayır, hansı dildə danışır, eli-obası hansı torpaqlarda yayılıb, ən son babası, atası hansı torpağın altında yatırsa, oralıdır. Mənim babamın qəbri Haxışda, atamın qəbri isə Naxçıvandadır. Və mən Haxısdan Axıskaya qədər böyük bir elin təmsilçisiyəm. Uşaqkən seçdiyim təxəllüsümün Oğuz olması da, görünür, təhtəlşüurumda yatan həqiqi kimliyimdən irəli gəlirmiş.




Ana səhifəyə qayıt        Baxış: 2 350          Tarix: 28-07-2017, 16:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma