Xəbər lenti

 

“Aslan İsmayılov facebook səhifəsində müxtəlif insanlara o qədər hücum edib ki, artıq onun barəsində cinayət işinin açılması heç kimi narahat etmir”.

Tanınmış iş adamı Mürvət Həsənli Ovqat.com-a vəkil Aslan İsmayılova qarşı açılmış cinayət işini şərh edərkən, belə deyib.

İş adamının fikrincə, bir müddət əvvəl öz statuslarının birində həbs olunacağı təqdirdə heç kim tərəfindən dəstəklənməməsi ehtimalından bəhs edən və bunu ağlına sığışdırmayan vəkil indi həmin vəziyyətlə qarşı-qarşıya qalıb və bundan dərs çıxarmalıdır:

“Təsəvvür edin ki, hər gün yazdığı statuslarının xeyli adam tərəfindən bəyənilməsinə baxmayaraq, vəkilə indi heç kim qahmar çıxmır. Nə Avropadakı dostları, nə müəllimi olmasıyla qürur duyduğu maliyyə fırıldaqçısı Soros, nə də ölkəmizdəki müxaliflər”.

Bütün bunların Aslan İsmayılovun işgüzar fəaliyyətini qurşaqdan aşağı zərbələrlə yürütməsindən qaynaqlandığını, artıq hər kəsin hər şeyi anladığını düşünən iş adamı vəkilin hüquq və səlahiyyətlərindən sui-istifadə etməsinin ortaya çıxmasının, erməni şirkətini dəstəkləməsinin bu cür müdafiəsiz qalmasında önəmli rol oynadığını düşünür: “Axı hansı ölkənin vətəndaşları öz vəkillərinin düşmən kimi tanınan qüvvəni cani-dildən dəstəkləməsini həzm edər? Sözsüz ki, hər vəkilin istədiyi adamın vəkilliyini etmək hüququ var. Amma bu hüquqdan istifadə müəyyən çərçivədə həyata keçirilir. Hüquqdan danışan Aslan İsmayılov isə erməni şirkətinin müdafəsində heç bir çərçivə tanımır. Normalda məhkəmə salonlarında aparılacaq müzakirələri sosial şəbəkələrə daşıyır və qarşı tərəfin ünvanına təhqiramiz fikirlər səsləndirir, böhtanlar atır. Onun bir erməninin maraqları xətrinə üçün iftira atdığı tərəf isə bu ölkənin yüzlərlə insanını işlə təmin edən iş adamı və dövlət yetkililəridir”.

Mürvət Həsənli opponentinin bu hərəkətlə hüquqa da hörmət etmədiyi iddiasındadır: “Hər bir hüquqşünas problem və mübahisələrin qanun müstəvisində həll olunmasında maraqlı olmalı, məhkəmənin qərarına hörmətlə yanaşmalıdır. Aslan İsmayılov isə müştərisinin haqsız iddialarını nəyin bahasına olursa olsun həll etməyə çalışır, hətta bu yolda əsassız şantajlara, təhqirlərə əl atmaqdan çəkinmir. Problemi qanundankənar müstəvidə həll etməyə çalışan hüquqşünasa isə nə ölkə daxilində, nə də xaricində hörmət qoyarlar. Aslan İsmayılov indiyə qədər əkdiyi ağacların meyvəsini dərməkdədir”.




Ana səhifəyə qayıt        Baxış: 1 030          Tarix: 21-10-2017, 22:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma