Xəbər lenti


Pandemiya ilə əlaqədar olaraq dünyada və o cümlədən Azərbaycanda toplu şəkildə keçirilən tədbirlər təxirə salınıb. Bu tədbirlər sırasında toylar, yas mərasimləri, məscidlərdə müxtəlif dini ayinlərin yerinə yetirilməsi də var.

Son günlər sosial şəbəkələrdə müxtəlif şəxslər statuslar yazaraq, məscidlərin açılmasını istəyir, təkliflər irəli sürürlər. Lakin indiki dövrdə insanların çox sıx şəkildə toplaşdıqları məscidlərin açılmasını həm din xadimləri, həm də tibb sahəsinin mütəxəssisləri doğru hesab etmirlər. Mütəxəssislər bildirirlər ki, əgər pandemiya dövründə bu cür icazələrə gedilərsə, yoluxma sayı sürətlə artar və proses idarəolunmaz hala gələ bilər.

Mövzu ilə əlaqədar Musavat.com-a danışan ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, hazırda inanclı insanların məscidlərin açılması ilə bağlı arzuları başa düşüləndir:

“Mən də inanclı insan kimi bunu arzu edirəm. Lakin qərarlar qəbul edilən zaman müxtəlif amillər nəzərə alınır. Məscidlərdə xüsusilə də Məhərrəm ayı ilə bağlı ayinlər kütləvi şəkildə icra edilir. Nəticədə isə çoxsaylı insanlar məscidlərə axın edirlər. Qapalı bir məkanda sosial məsafəyə riayət etmək isə olduqca çətin olur. Hər hansı din xadimi bunu öz üzərinə götürə bilmir ki, sosial məsafəni təmin edə biləcək. Bu il Ramazan ayında, Qurban bayramında da məscidlərdə mərasimlər icra olunmadı. Hətta Kərbəlada da Aşura günündə insanların toplaşması mümkün olmayacaq. Bununla bağlı müraciətlər də edilib. Yoluxma təhlükəsi varsa, insanların kütləvi şəkildə bir araya gəlmələri mümkün olmur. Ümumiyyətlə, bütün ölkələrdə yumşalma tədbirlərinə baxırıq və görürük ki, kütləvi tədbirlərlə bağlı qərar sona saxlanılır. Xüsusilə də qapalı mühitdə təhlükə daha böyükdür. Bu məsələ hər zaman müzakirə edilir və diqqət mərkəzindədir. Din xadimi olaraq da arzumuz budur ki, məscidlər açılsın. Lakin hazırda bu qərar yoluxma sayını artıra bilər. Ona görə də insanların ehtiyaclarını Məhərrəm ayında da canlı yayımla təmin etməyə çalışacağıq.

Necə ki, Ramazan ayında canlı çıxışlar olurdu, indi də belə çıxışlar olacaq. Qismən də olsa insanların mənəvi ehtiyaclarını ödəməyə çalışacağıq. Lakin qeyd etdiyim kimi insanın sağlamlığı çox önəmlidir. Ona görə də bəzi ölkələrdə məscidlər açılır, sonra isə yenidən qapadılır. Bu, virusun inkişaf dinamikasından asılıdır. Bizdə qeyd edilən dinamikada müsbət tendensiyanı görürük. Zamanı çatarsa, mütəxəssislər rəy verərlərsə, məscidlər açıla bilər. Lakin indi bu, mümkünsüz görünür”.

Dini ekspert Kənan Rövşənoğlu da bildirib ki, qarşıdan gələn Aşura günündə məscidlərə onminlərlə insan gələcək:
“Burada da məsafə qorumaq mümkün deyil. Ona görə də istənilən halda Məhərrəm ayı ərzində məscidlərin bağlı qalması qaçılmazdır. Çünki hökumət risk almaq istəmir, düzdür, belə ara vaxt məsafə və say məhdudiyyəti qoymaqla məscidləri açmaq olar. Amma Aşura və Məhərrəm məclislərində bunu etmək mümkün deyil.

İnsanlarla izahat işi aparılmalıdır, vəziyyəti izah etmək lazımdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov izah etdi, amma o din xadimi olmadığı üçün ətraflı izah etmədi. Düşünürəm ki, bunu rəsmi və cavabdeh dini qurumların etməsi lazımdır”.



Ana səhifəyə qayıt        Baxış: 4 111          Tarix: 12-08-2020, 15:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma