Razılaşmanın əldə edildiyi rəsmi Moskvadan da təsdiqlənib. Kremldən verilən məlumata görə, Asiya-Sakit okeanı İqtisadi Əməkdaşlıq Təşkilatının (ATES) Vyetnamda keçirilən sammitində ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin Suriya münaqişəsi üzrə birgə bəyanat veriblər.
Birgə bəyanatda prezidentlər Suriyanın müstəqilliyi və ölkənin bütövlüyünə sadiqliyini ifadə ediblər. Qeyd edilib ki, Suriya münaqişəsi hərbi həllə malik deyil. Dövlət başçıları təsdiq ediblər ki, münaqişənin son siyasi tənzimlənməsi BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq Genevrə prosesi çərçivəsində tapılmalıdır.
Rusiya və ABŞ prezidentləri ABŞ və Rusiya silahlı qüvvələrinin təhlükəsizliyin təmin olunması üçün mövcud hərbi əlaqə kanallarının dəstəklənməsi, həmçinin müttəfiq güclərin iştirakı ilə təhlükəli hadisələrin qarşısının alınması məsələlərində razılaşıblar.
Putin və Tramp təsdiq ediblər ki, bu səylər İŞİD tamamilə məhvinə qədər davam etdiriləcək.
***
Suriyada Bəşər Əsəd rejiminin tərəfdarları olan Rusiya və müxalifət qrupların himayəçisi ABŞ arasında razılaşmanın əldə olunması an məsələsidir.
Publika.az xəbər verir ki, bu haqda “Assoşieyted Press” agentliyinə danışan amerikalı səlahiyyətlilər bildiriblər.
Məlumata görə, ABŞ və Rusiya razılaşma ilə İŞİD-in məğlubiyyətindən sonra rejimlə müxalifət gücləri arasında baş verən qarşıdurmaların qarşısını almaq istəyir. Amerikalı səlahiyyətlilər, Moskva və Vaşinqtonun İŞİD sonrası dövrün yenidən razılaşdırılması üçün üç faktora diqqət çəkdiyini bildiriblər.
Bunlar Suriyadakı amerikalı və rus əsgərləri arasında qarşıdurma ehtimalının aradan qaldırılması, vətəndaş müharibəsində atəşkəsin təmin olunması və BMT-nin himayəsində sülh danışıqlarının canlandırılmasıdır.
Rəsmilər İŞİD-in məğlubiyyətindən sonra Suriya ordusu ilə ABŞ-ın dəstəklədiyi qüvvələr arasında qarşıdurmanın güclənəcəyi barədə xəbərdarlıq edirlər. Razılaşmaya əsasən, birbaşa münaqişədən qaçmaq üçün Moskva və Vaşinqton arasında koordinasiya xəttinin qurulması nəzərdə tutulur.
Paylaş: