Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Birləşmiş Ştatlara rəsmi səfərinin gedişində bir neçə milyard dollarlıq sazişlər imzalanıb.
Azərtac Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, yanvarın 16-da ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Nazarbayev Qazaxıstanın bu ölkədən 7,5 milyard dollarlıq məhsul almağa hazır olduğunu bildirib. Tramp isə öz növbəsində Qazaxıstana ixracatın Birləşmiş Ştatlara iş yerlərini artırmaqda yardım edəcəyini vurğulayıb.
Qazaxıstan liderinin mətbuat xidməti səfər çərçivəsində 20-dən çox sazişin imzalandığı barədə məlumat yayıb.
Xarici KİV-lərdə yer alan xəbərlərə görə, liderlərin görüşündə iqtisadi sazişlərlə yanaşı, siyasi məsələlər, o cümlədən müasir beynəlxalq böhranlar fonunda Moskva və Vaşinqtonun münasibətlərində yaranan problemlər ətrafında fikir mübadiləsi aparılıb. “Şimali Koreya problemini yalnız Çin, ABŞ və Rusiya birlikdə həll edə bilər. Bununla bağlı, qonşu ölkə olaraq, bizi Rusiya və ABŞ arasında sıfır səviyyəsinə enən siyasi münasibətlər narahat edir”, – deyə Nazarbayev bildirib.
Nursultan Nazarbayev və Donald Tramp ikitərəfli əlaqələri də müzakirə ediblər. “Qazaxıstan ölkəyə səfər edən Amerika vətəndaşları üçün vizasız rejim tətbiq edib və cavab reaksiyasına ümid bəsləyir”, – Nazarbayev amerikalı həmkarı ilə danışıqların yekununda belə deyib.
Paylaş: