Qazaxıstan prezidenti Nursultan Nazarbayev ABŞ prezidenti Donald Trampa, Vaşinqtonun onun ölkəsinin ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
İki prezident Ağ Evdə regional təhlükəsizlik, iqtisadi məsələlər və ikitərfli münasibətləri müzakirə etməliydi.
Yanvarın 16-da rəsmi nahar yeməyindən əvvəl mətbuat üçün qısa brifinqdə Nazarbayev habelə Trampı prezidentliyinin birinci ildönümü münasibətilə təbrik edib.
Nazarbayev deyib ki, “Qazaxıstan öz müstəqillik və ərazi bütövlüyünün Amerika tərəfindən dəstəklənməsini yüksək qiymətləndirir”.
Nazarbayev bu bəyanatının təfərrüatlarını izah etməyib, lakin Qazaxıstan Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını işğal edəndən sonra Moskvanın keçmiş sovet respublikalarına münasibətindən narahatdır.
Əsas etibarilə etnik qazaxların məskunlaşdığı Qazaxıstanda əhəmiyyətli sayda etnik rus yaşayır. Ölkə əhalisinin 20 faizini təşkil edən ruslar əsasən ölkənin Rusiya ilə həmsərhəd şimal bölgələrində yaşayırlar.
***
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, ABŞ prezidenti Donald Tramp yanvarın 16-da Ağ Evdə Qazaxıstan lideri Nursultan Nazarbayevi qəbul edib. Bu danışıqların regional təhlükəsizlik, iqtisadi məsələlər və ikitərəfli münasibətlərə həsr ediləcəyi gözlənilirdi.
Ağ Ev görüşdən əvvəl bildirmişdi ki, iki lider “Əfqanıstan da daxil, bir neçə beynəlxqlq problemləri” müzakirə edəcəklər. Qazaxıstan hazırda BMT Təhlükəsizlik Şurasının sədridir.
Qazaxıstanın dövlət xəbər agentliyi "Kazinform"un məlumatına görə, iki prezident həm də Rusiya ilə münasibətləri və Suriya münaqişəsini, habelə ticarət məsələlərini müzakirə etməliydilər.
Qazaxıstan prezidentinə müşavirlik edən Qazaxıstan Strateji Tədqiqatlar İnstitutunun direktor müavini Sanat Kuşkumbayev deyib ki, “ABŞ Qazaxıstanın ən böyük ticarət partnyoru və investorlarından biridir”.
Kuşkumbayev daha sonra "Kazinform"a müsahibəsində deyib: “Biz siyasi perspektivdən regional və qlobal təhlükəsizliyin həlli və inkişaf etdirilməsi sahəsində əməkdaşlıq edirik. Bu görüşün diqqəti Əfqanıstandakı vəziyyətə, Suriya münaqişəsinə və Rusiya ilə münasibətlərə yönələcək”.
Əfqanıstanın bu məsələlərin sırasında xüsusi önəm daşıdığı bildirilir.
Yanvarın 11-də Təhlükəsizlik Şurasında bir aylıq rotasiyalı sədrliyi qəbul edərkən Qazaxıstanın BMT səfiri Kayrat Umarov demişdi ki, şura üzvləri Əfqanıstandakı vəziyyəti daha yaxından öyrənmək məqsədilə bu ölkəyə səfər etməyi planlaşdırırlar.
O bildirib ki, bu, son 7 ildə şuranın tam heyətdə Əfqanıstana ilk səfəri olacaq.
Yanvarın 9-da Astanadakı ABŞ səfiri George Krolu qəbul edərkən Qazaxıstan prezidenti Nursultan Nazarbayev demişdi ki, son 26 ildə iki ölkə arasında “dost münasibətlər” olub və o, bundan sonra bu münasibətlərin inkişaf etdirilməsini istərdi.
Qazaxıstan prezidenti habelə bildirib ki, Astana Vaşinqtonla terrorizmə qarşı mübarizədə və kütləvi qırğın silahlarının yayılmaması məsələlərində əməkdaşlığın inkişaf etməsini istəyir.
Nazarbayev demişdi: “Qazaxıstanda ABŞ-la əməkdaşlıq edən 500-dək şirkət var və bunların 140-dan çoxu müştərək şirkətlərdir. Onlar müxtəlif mallar istehsal edir və başqa ölkələrə göndərirlər”.
Azadlıq Radiosu
Paylaş: