Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, millət vəkili Kamal Kılıçdaroğlu prezident Rəcəb Tayyib Ərdoğana 95 min türk lirəsi (20 min dollar) təzminat ödəcəyək.
“Report” xəbər verir ki, bunu R.T.Ərdoğanın vəkili Hüseyn Aydın bildirib.
Məlumata görə, K.Kılıçdaroğlu çıxışlarından birində Türkiyə prezidenti və yaxınlarını xarici ölkələrə pul köçürməkdə günahlandırıb.
R.T.Ərdoğan CHP liderinin iddiası ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə bu iddia və “Man adası” işləri ilə bağlı K.Kılıçdaroğlunun Türkiyə prezidentinə 197 min türk lirəsi məbləğində təzminat ödəməsi haqqında qərar qəbul etmişdi.
Bundan başqa, K.Kılıçdaroğlu partiyasının 35-ci qurultayında və parlamentdəki fraksiyasının toplantısında R.T.Ərdoğanı sərt sözlərlə təhqir etdiyi üçün məhkəməyə verilmişdi. Məhkəmə bu işlə bağlı K.Kılıçdaroğlunun R.T. Ərdoğana 25 min türk lirəsi məbləğində təzminat ödənilməsi barədə hökm çıxarmışdı.
Paylaş: