Ağ ev elan edib ki, Birləşmiş Ştatlar Çindən idxal olunan 200 milyard dollarlıq məhsula 10 faizlik tarif qoyacaq. Bu, tərəflər arasında ticarət müharibəsinin daha da qızışması deməkdir.
Bundan öncə Pekin bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp yeni addım atarsa, o da Birləşmiş Ştatların 60 milyard dollarlıq məhsuluna rüsum qoyacaq. Tramp da öz növbəsində vəd edib ki, Pekin cavab tədbiri görərsə, Çinin daha 267 milyard dollarlıq məhsulu tarifə məruz qalacaq.
Görünür, belə gedərsə, Birləşmiş Ştatların Çindən idxal etdiyi 500 milyard dollardan artıq məhsul əlavə tarifə məruz qalacaq. Bundan kimlər ziyan görəcək? “Azadlıq” radiosunun müxbiri Toni Vesolovski bu suala cavab axtarır.
Tramp Çinə neynədi?
Tramp administrasiyası sentyabrın 17-də elan etdi ki, Vaşinqton sentyabrın 24-dən Çinin 200 milyard dollarlıq məhsuluna vergi qoyacaq. 10 faizdən başlanan tariflər 2019-cu ildə 25 faizə yüksələcək.
Tarif siyahısına düşən məhsullar sırasında həsirlər, mühafizə siqnalizasiyası, velosipedlər var. İlkin siyahıdan velosiped dəbilqələri, uşaqların təhlükəsizliyi üçün nəzərdə tutulmuş digər məhsullar çıxarılıb. Bəzi məşhur elektron cihazlar da siyahıdan kənarda qala bilib. Bu məhsulların istehsal zəncirləri Çindən çox asılıdır. Məsələn, ABŞ-ın “Apple” və “Fitbit” şirkətlərinin buraxdığı fitnes bilərzikləri.
ABŞ ilk dəfə deyil Çin məhsullarına tarif qoyur. İyunda Tramp 50 milyard dollarlıq Çin məhsuluna 25 faizlik rüsum qoydu. Bu tariflər 800-dən çox strateji vacib sayılan Çin idxalını hədəflədi, hətta maşınları da.
Çin də oxşar addım atdı, elə həmin ay 50 milyard dollarlıq, 659 adda ABŞ məhsuluna 25 faizlik rüsum qoydu. Yeni tariflər o deməkdir ki, Çindən Birləşmiş Ştatlara idxal olunan 506 milyard dollarlıq məhsulun yarıya qədəri cəzalanıb, qalanına da təhlükə var.
Yeni tariflər niyə qoyulur?
Vaşinqton həmişə Çinin ədalətsiz ticarət praktikasından şikayətlənib. ABŞ rəsmiləri Pekinin “Made in China 2025” inkişaf planını əsas gətirirlər.
Həmin sənəddə Çinin özünün informasiya, texnologiya, robotlaşdırma, aerokosmik avadanlıq, elektrik cihazları sahəsində şirkətlərinin yaradılmasına çağırış vr. ABŞ və digər xarici şirkətlər şikayətlənirlər ki, Pekin onları Çin bazarından çıxarmağa çalışır.
Yeni tariflər açıqlanan kimi, Çin cavab tədbirləri görəcəyini bildirib. Çinin Ticarət Nazirliyi deyib ki, legitim hüquqlarını, beynəlxalq azad ticarətdə maraqları və düzəni qorumalıdır.
Ötən ay Çin Birləşmiş Ştatlardan 60 milyard dollarlıq məhsula tarif qoyulacağını açıqlamışdı. Həmin siyahıya maye qaz, bəzi aviasiya məhsulları daxil idi.
Ekspertlərin fikrincə, tariflər Pekinin əlində Birləşmiş Ştatlara qarşı silaha çevrilə bilər. Səbəbi də sadədir. Çin ABŞ-a daha çox ixrac edir, nəinki idxal.
İndiyədək Trampın tarifləri Çinə elə bir ziyan vumayıb. Bunu Merilend Universitetinin iqtisadiyyat professoru Peter Morici deyir.
“Çinin Trampın tariflərinə cavab verməyə rıçaqları var. Pekin öz valyutasını nizamlaya, yaxud istehsalçılar üçün başqa qiymətlər qoya bilər”, – Morici sentyabrın 18-də “Azadlıq” radiosuna deyib.
“Sanksiyaların ilk raundu Çinə təsir göstərmədi və onlar 25 faiz idi. İndi isə başlanğıcda 10 faizlik rüsum qoyulub. Pekin narahat olmayacaq”, – Morici proqnozlaşdırır.
Bəs tariflər kimə təsir göstərəcək?
İndilik, ticarət mübahisəsindən ən çox itirən Amerikanın soya bitkisi fermerləri, həmçinin bəzi fabrik sahibləridir. Hazır məhsulların komponentlərini hazırlayan ABŞ şirkətləri də təsiri hiss etməkdədir.
“Bank of America”dan Merrill Lynçin iqtisadçıları xəbərdarlıq edirlər ki, Çinlə ABŞ arasında ticarət müharibəsi uzandıqca, bu, ABŞ iqtisadiyyatına daha pis təsir göstərəcək. Onların fikrincə, təchizat zəncirlərinin zədələnməsi və biznes inamının pozulması nəticəsində ticarət müharibəsi “iqtisadiyyatı hərtərəfli geriləməyə sürükləyə bilər”.
Ancaq görünür, ticarət müharibəsinin təsiri bu iki ölkənin hüdudlarından kənara yayılmaqdadır. Avropa İttifaqının Ticarət Palatası sentyabrın 18-də bildirib ki, ABŞ-Çin müharibəsi Avropa şirkətlərinə ziyan vurur, qlobal təchizat zəncirlərini pozur.
Qurumun apardığı sorğu zamanı respondentlərin 54 faizi deyiblər ki, ABŞ tariflərinə mənfi yanaşırlar. 43 faizsə Çinin qoyduğu tariflərə mənfi münasibətini açıqlayıb.
Nə gözlənlir?
Çin Vaşinqtona yeni danışıqlar üçün nümayəndə heyəti göndərməyi götür-qoy edir. “South China Morning” sentyabrın 8-də Pekində hökumət mənbəyinə istinadla yazıb. Ancaq Çin Trampın 267 milyard dollarlıq məhsula əlavə rüsum qoymaq hədəsini cavabsız qoymazsa, danışıqlara yer qalmır.
Çox az adam Çinin geri çəkiləcəyini gözləyir. Çində Amerika Ticarət Palatası sentyabrın 18-də bildirib ki, Pekin inadından əl çəkməyəcək. Qurum ticarət savaşını danışıqlar yoluyla həll etməyə çağırıb.
Bu arada Çinin aparıcı təhlükəsizlik rəsmisi vurğulayıb ki, ABŞ-ın Çinə qarşı ticari tədbirləri nəticəsiz qalacaq, çünki Çinin təsirləri aradan qaldırmağa çoxsaylı fiskal və monetar siyasət alətləri var.
(Azadlıq radiosu)
Paylaş: