ABŞ təxminən 200 milyard dollar dəyərində Çin məhsullara tətbiq edilən gömrük vergisini 10%-dən 25%-ə qaldırıb.
Ovqat.com xəbər verir ki, bunu ABŞ Ticarət Palatasının rəsmisi Robert Laythizer mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, göstərişi Prezident Donald Tramp verib.
“Tramp mənə 18 iyunda Çinin ABŞ məhsullarına cəzalandırıcı tariflər gətirmək vasitəsilə Amerikalı işçilərə, fermerlərə və şirkətlərə daha çox zərər vurmasına cavab olaraq 10 faiz gömrük vergisi tətbiq olunan 200 milyard dollar dəyərindəki Çin məhsullarını müəyyənləşdirmək göstərişi verib. Bu prosesə iyulun 10-da başladım. Preziident bu həftə isə nəzərdə tutulan tarif nisbətini 10%-dən 25%-ə yüksəltməyi qiymətləndirməyimi tapşırdı. 25%-lik tariflər 10 İyulda açıqlanan məhsullara tətbiq olunacaqdır".
ABŞ Ticarət Nümayəndəliyinin (USTR) Trampın 18 iyunda verdiyi sərəncam əsasında hazırladığı 5 min adda Çin mallarının yer aldığı siyahıda dəniz məhsullarından idman əlcəyinə, təbii və kimyəvi minerallardan meyvə-tərəvəzə, tütün məmulatlarından avtomobil rezinə qədər bir çox çeşiddə əmtəə yer alır. Tramp rəhbərliyinin bu addımı tıxanan müzakirələrin yenidən başlaması üçün Pekin hökumətinə qarşı təzyiq kimi qiymətləndirilir.
Bu arada USTR tarif nisbətindəki artım səbəbiylə ictimaiyyətinə verilən açıqlama müddətinin 30 avqustdan - 5 sentyabra uzadıldığını bildirib. Bu proses, Amerikalı şirkətlərə sözügedən tariflərin iqtisadi fəaliyyətlərə necə təsir edəcəyini Ticarət Palatasına çatdırmaq imkanı verir. Şirkətlərin etirazları haqlı olsa, Palata açıqladığı məhsul siyahısında dəyişiklik apara bilər.
ABŞ ilə Çin arasında ticarət müharibəsinin başlanğıcı olaraq görülən bu gərginlik Tramp administrasiyasının 23 martda polad və alüminium idxalına müvafiq olaraq 25% və 10% əlavə gömrük vergisinin tətbiqi ilə başladı.
Çin, Vaşinqtonun polad və alüminium məhsullarına qarşı əlavə gömrük vergilərinə cavab olaraq aprelin əvvəlində ABŞ-da istehsal olunan 128 adda məhsula 15% ilə 25% arasında dəyişən tariflər gətirdi.
Vaşinqton, həmçinin Çin şirkətlərinin ABŞ texnologiyalarını və fikri mülkiyyətlərini ələ keçirməyə yönəlmiş qanunsuz fəaliyyətləri səbəbilə 50 milyard dəyərindəki mindən artıq Çin məhsuluna iki mərhələli olaraq 25 faiz əlavə gömrük vergisi gətirəcəyini açıqlayıb.
Pekin rəhbərliyinin də ABŞ-ın yalnız Çini hədəf alan bu həmləsinə reaksiyası gecikmədi. Çin Ticarət Nazirliyi bu qərara cavab olaraq ABŞ-dan idxal edilən 50 milyard dollar məbləğindəki 659 adda məhsula 25 faiz gömrük vergisi tətbiq edəcəyini bəya etdi. Məhz bundan sonra Tramp ABŞ Ticarət Palatasına son tapşırıqlarını verdi.
Təqvimlər 6 iyulu göstərəndə ABŞ rəhbərliyi Çindən idxal edilən 34 milyard dolar deyerindəki 800-dən çox məhsula 25 faiz əlavə gömrük vergisi tətbiq etməyə rəsmən başladı.
Çin rəhbərliyi Trampın bütün təhdidlərinə baxmayaraq ABŞ-ın idxal məhsullara qarşı qarşılıqlı tarif artımlarının "anında qüvvəyə minəcəyini" bildirib.
ABŞ-ın indiyə qədər atdığı proteksionist ticarət addımlarına "qisasa qisas" cavab verən rəsmi Pekinin daha əvvəl 10% olaraq açıqlanan əlavə vergi nisbətinin 25%-ə yüksəldilməsinə necə qarşılıq veriləcəyi maraqla gözlənilir.
Ovqat.com
Paylaş: