Xəbər lenti
 
 
Almaniya Baş naziri Angela Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türk ordusunun Liviyadan çıxarılmasına dair mesaj verib.
 
Ovqat.com xəbər verir ki, Almaniya hökuməti bu məlumatı yayıb.
 
Məlumata görə, ölkə liderləri videokonfrans formatında danışıblar. Danışıq zamanı Merkel açıq şəkildə Türkiyə prezidentinə qoşunlarını Liviyadan çəkməsini məsləhət görməyib. Sadəcə ümumi şəkildə xarici qüvvələrin ölkədən çıxmasının əhəmiyyətini vurğulayıb.
 
Açıqlamada hər iki liderin də Liviya Baş naziri Əbdülhəmid Dibeybənin “xalqın ehtiyaclarını ödəmək” və erkən seçkilərə hazırlaşmaq səylərini dəstəklədikləri xəbər verilir.
 
Almaniya hökumətinin açıqlamasını şərh edən fəlsəfə elmləri doktoru, beynəlxalq şərhçi Aydəm İsmayılov Merkelin bu “məsləhət”inin ABŞ Dövlət katibi Antoni Blinkenin Avropa və Uzaq Şərq səfərindən geri döndükdən dərhal sonraya düşməsini təsadüfi saymır: “Bilirsiniz ki, Antoni Blinken bu səfər çərçivəsində Brüsseldə NATO müttəfiqləri ilə görüşdü. 2 həftəlik söhbətləşmələrdə bir çox məsələlər, o cümlədən Türkiyənin Liviya və Aralıq dənizindəki fəaliyyəti də müzakirə olundu. Blinkenin səfər sonrası verdiyi açıqlamalara nəzər salsaq, görərik ki, Türkiyə ilə aparılan söhbətləşmələrdə Ankarının bir çox tələbləri də nəzərə alınıb. Bu mənada Türkiyənin öz qoşunlarını Liviyadan geri çəkməsi ehtimalını birtərəfli güzəşt kimi qiymətləndirmək olmaz. Böyük ehtimalla Türkiyə, Yunanıstan, İsrail və Misirə Aralıq dənizindəki neft və qaz yataqlarının birgə istismarı hüququ veriləcək. Əslində bu da Türkiyə üçün sərfəli təklifdir”. 


 
Ümumiyyətlə Türk tarixinə nəzər salanda orta əsrlərdən bəri dünya ticarətinin ən vacib marşrutlarına bu millətin nəzarət etdiyinin görüldüyünü vurğulayan Aydəm İsmayılov ən risksiz qazancın da əslində bu olduğuna inanır: “Bilirsiniz ki, hələ orta əsrlərdə Çinlə Avropa arasında “İpək yolu” marşrutu üzərində məskunlaşan Türk xalqları bu ticarət əlaqələrinin mühafizəsini öz üzərində götürərək xeyli gəlir əldə edirdilər. Sonradan İstanbulun fəthi ilə “İpək yolu” marşrutu bağlandı və Türk dünyasının çöküşünün də fundamenti məhz bu tarixdən başladı. Tədricən qazanma imkanları əldən çıxan Türk xalqları bir-biri ilə savaşdılar. Beləcə, iqtisadi və hərbi cəhətdən daha da zəiflədilər. Zənnimcə, Türkiyənin son zamanlar yürütdüyü siyasət əvvəlki iqtisadi-siyasi çəkisini bərpa etməyə yönəlib. Təsadüfi deyil ki, dünyanın bir çox enerji marşrutları Türkiyə üzərindən keçərək Avropaya daşınır. Bura Rusiyanın “Türk axını”, Azərbaycanın “TANAP-TAP”, “Bakı-Ceyhan” layihələri, İranın və İraqın neft-qaz kəmərləri də daxildir. Ankara Aralıq dənizindəki qaz ehtiyatının nəqlini də bu prosesə cəlb etsə, dünyanın ən əhəmiyyətli enerji paylayan mərkəzi halına gələcək. Üstəlik, son razılaşmalara görə, Türkiyə Aralıq dənizində region dövlətlərlə həm də qaz hasilatçısı ortaqlarından birinə çevriləcək. ABŞ dövlət katibi Antoni Blikenin Avropa səfərinin nəticələri ilə bağlı açıqlamasında dilə gətirdiyi bəzi fikirlər də bu ehtimalı təsdiqləyir. Blinken “Evronyus”a veridyi müsahibəsində deyib: “Resurslar üzərində yaranan problemlər əslində ölkələrin birləşməsinin açarı olmalıdır. Resurslardan birgə istifadə, birgə investisiyalar, birgə iş faktiki olaraq ölkələri birləşdirən dəyər ola bilər. Biz ümid edirik ki, bu baş verəcək". Zənnimcə, bu fikirlər sonuncu transatlantic görüşlərində əldə edilən son razılaşmanın ən açıq ifadəsidir”.


 
Beynəlxalq şərhçinin təxminlərinə görə, ABŞ Aralıq dənizində müttəfiqlərinin birgə layihəsini dəstəkləməklə faktiki Avropa ölkələrini Rusiyanın iştirakı olmadan enerji ilə təchizatına çalışır və bölgədə çıxarlacaq qaz sayəsində buna böyük ölçüdə nail olacaq.
 
O ki qaldı Liviyanın taleyinə, bu məsələnin də Türkiyənin istədiyi istiqamətdə öz həllini tapdığına inanan həmsöhbətimiz iddialarını belə əsaslandırdı: 
 
“Bilirsiniz ki, Türkiyə Liviyadakı Milli Konsensus Hökumətini dəstəkləyir və Milli Konsensius Höküməti əslində Ankaranın öz şəxsi layihəsi deyil. Bu hökumət Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi altında bəzi ölkələrin dəstəyi ilə Liviya Siyasi Konsensusu çərçivəsində qurulub. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası yekdilliklə Milli Konsensus Hökümətini Liviyanın qanuni idarəetmə orqanı kimi tanıyıb. Dolayısıyla Türkiyə əslində BMT-nin layihəsini həyata keçirirdi. Onun qarşısında isə Həftər hökuməti və onu dəstəkləyən Rusiya vardı. Ötən il Türkiyənin birbaşa dəstəyi ilə Milli Konsensus hökuməti general Həftər üzərində qəti qələbə çaldı. Əslində bu, Türkiyənin Rusiya, Misir, BƏƏ və s. üzərində qələbəsi idi. Transatlantik ölkələrinin dünənki qərarları ilə bütün xarici qüvvələr Liviyanı tərk edəcəklər. Bu həm də Rusiyanın tərk etməsi anlamına gəlir. Ölkənin hüquqi varisi kimi Türkiyəyə böyük minnətdarlıq hissi ilə yanaşan Milli Konsensus Hökuməti tanınır. Təbii ki, Türkiyə sülh şəraitində də bu ölkə ilə iqtisadi əməkdaşlıqda ən iri payı alacaq”.
 
Aydəm İsmayılov xatırlatdı ki, bir müddət əvvəl Liviyanın Milli Konsensus Hökuməti də Türkiyəyə müraciət edərək xarici qoşunların ölkədən çıxarılmasında ona yardım göstərməsi ricasında bulunmuş və Türkiyə yetkililəri Afrikaya səfərə çıxmışdılar: “Bu səfərlər çərçivəsində Türk diplomatlarının dünəndən Qahirədə danışıqları başlayıb”.
 
Həmsöhbətimiz ABŞ-ın yeni prezidenti Co Baydenin hakimiyyət kürsüsünə oturduqdan sonra ilk bəyanatlarından birinin Liviya ilə əlaqə olduğunu vurğuadı: “Bayden yanvarın 28-də həm Rusiyanı, həm də Türkiyənı Liviyadan çıxmağa çağırmışdı. Ondan əvvəl isə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Richard Mills eyni çağırışı səsləndirərək demişdi: "Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daxil olmaqla bütün xarici tərəfləri Liviyanın suverenliyinə hörmət etməyə və Liviyadakı hərbi müdaxiləni dərhal və tamamilə dayandırmağa çağırırıq." Görünür, Rusiya da Liviyadan çəkilməyi qəbul etdiyindən indi növbə Türkiyəyə gəlib. Türkiyə isə oraya əbədi olaraq qalmaq üçün getməmişdi. İstədiyinə nail olduqdan sonra onsuz da Liviyadan çıxacaqdı”.
 
Aydəm İsmayılovun fikrincə, bu qarşılıqlı addımlar Liviyda sülhə yaxınlaşıldığı anlamına gəlir.


Ana səhifəyə qayıt        Baxış: 5 280          Tarix: 6-05-2021, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma