Xəbər lenti


 

MHP lideri Dövlət Baxçalının 2 gün əvvəl özünün “X” hesabından yayımladığı bir paylaşım həm Türkiyədə, həm də ölkəmizdə ciddi müzakirələrə səbəb oldu. Paylaşımda bildirilirdi:

 

“Dünyaya meydan oxuyan ABŞ-İsrail şər koalisiyasına qarşı ən uyğun variant ağla, diplomatiyaya, siyasətin ruhuna, coğrafi şəraitə və yeni əsrin strateji mühitinə əsaslanaraq “TRÇ” ittifaqını qurmaq və canlandırmaqdır. TRÇ alyansının Türkiyə, Rusiya və Çindən ibarət olması bizim arzu və tövsiyəmizdir”.

 

NATO-nun ikinci ən böyük gücü olan ölkə hakimiyyətinin koalisiya ortaqlarından birinin bu paylaşımı Türkiyənin siyasi oriyentasiyasının dəyişdirə biləcəyindən xəbər verir. Məhz bu səbəbdən də hər kəsi istər-istəməz bu sual maraqlandırır: Yeni dünya düzəninin qurulduğu, qütblər arasında ziddiyyətlərin müharibəyə çevrildiyi indiki məqamda MHP liderinin bu paylaşımının yeri idimi? Doğrudanmı Türkiyə özünün 73 illik müttəfiqlərindən ayrılıb Rusiya və Çin kimi Türk kimliyinin minillik düşməni olan bu eksənə yönələcək? Bəs buna ABŞ və Aİ-nin cavabı necə olacaq?

 

Hər kəsi bu suallar maraqlandırdığı bir zamanda ABŞ-dan gələn bir xəbər narahatlıqları qismət sakitləşdirdi. Söhbət ABŞ prezidenti Donald Trampın ötən gün Truth Social hesabından paylaşdığı statusdan gedir. Tramp həmin paylaşımında sentyabrın 25-də Ərdoğanla görüşəcəyini və onunla bir sıra məsələləri müzakirə edəcəyini bildirirdi:

 

“Sentyabrın 25-də Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul etməkdən məmnunam. Biz Prezidentlə bir çox ticarət və hərbi müqavilələr üzərində işləyirik, o cümlədən Boeing təyyarələrinin geniş miqyaslı alınması, böyük bir F-16 sövdələşməsi və müsbət nəticələnəcəyini gözlədiyimiz F-35 danışıqlarının davamı. Prezident Ərdoğanla mənim hər zaman çox yaxşı münasibətimiz olub. Onu 25-də görməyi səbirsizliklə gözləyirəm!”.

 

İlk baxışdan Dövlət Baxçalının gözlənilməz təklifinə Ağ evin cavabı təsiri bağışlayan bu e-bəyanat heç də spontan şəkildə ortaya çıxmamışdı. CHP lideri Özgür Özəl bir neçə gün əvvəl Ərdoğanla Trampın görüşündən xəbər vermişdi. Özəlin iddiasına görə, sentyabrın 13-də Trampın eyni adı daşıyan oğlu Türkiyəyə gəlmiş Rəcəb Tayib Ərdoğanla görüşmüşdü. Ərdoğan ona atasıyla görüşmək istədiyini və bunun müqabilində ABŞ-dan 300 Boeing təyyarəsi ala biləcəyini bildirmişdi. Maraqlıdır ki, müxalifət liderinin bu iddiaları Türkiyə hökuməti tərəfindən təkzib olunmamış və Trampın ötən gün paylaşdığı e-bəyanatı ilə bir növ təsdiqlənmişdi. Zira ABŞ prezidenti həmin paylaşımında “Boeing təyyarələrinin geniş miqyaslı alınması”ndan bəhs etmişdi. Bu da onu göstərir ki, Türkiyə və ABŞ prezidentlərinin gözlənilən görüşləri ən azı 2 həftə öncədən planlaşdırılmışdı. 

 

Trampın əvvəlcədən planlaşdırılan bu görüş barədə məlumatı Böyük Britaniyadan qayıtdıqdan dərhal sonra paylaşması da diqqətçəkicidir. Məlumdur ki, ABŞ prezidentinin Böyük Britaniya kralı ilə görüşündə anlaşa bilmədiyi məsələlərdən biri də Fələstinlə bağlı idi və Tramp bunu səfərinin sonunda keçirdiyi mətbuat konfransında açıq şəkildə dilə gətirmişdi. Qəribədir ki, Trampın Türkiyə prezidenti ilə görüşündə müzakirə edəcəkləri mövzuların da başında Fələstin və Suriya məsələlərinin gələcəyi gözlənilir. Hər halda, onun çağırışına Ərdoğanın verdiyi cavabdan belə anlaşılır. Türkiyə lideri özünün NSosyal hesabında paylaşdığı cavabında bildirib: 

 

“Hörmətli həmkarım və dostum ABŞ prezidenti Donald Trampla Ağ Evdə keçirəcəyimiz görüşdə müttəfiqimiz və sıx əlaqələrimiz olan ABŞ ilə ticarət, investisiya və müdafiə sənayesi başda olmaqla, bir çox mövzunu müzakirə edəcəyik. İnanıram ki, prezident Trampla görüşümüz qlobal sülhə dair ümumi baxışımız çərçivəsində regionumuzda müharibə və münaqişələrə son qoyulmasına töhfə verəcək və ölkələrimiz arasında əməkdaşlığı daha da gücləndirəcək”. 

 

Yəqin razılaşarsınız ki, “regionumuzda müharibə və münaqişələr” deyərkən, cənab Ərdoğan Fələstin və Suriyanı nəzərdə tutur.

 

Sual oluna bilər: Türkiyə prezidenti ABŞ-lı həmkarı ilə ölkəsinin taleyüklü məsələsini müzakirə etdiyi bir zamanda niyə araya mübahisə sala biləcək mövzuları da gündəmə gətirməyə çalışır. Axı, məlumdur ki, Tramp administrasiyası İsraili az qala ABŞ maraqlarından üstün tutan bir anlayışa sahibdir. Elədirsə, Trampla söhbət əsnasında Türkiyənin ən ümdə təhlükəsizlik məsələsini İsrailin və yəhudi lobbisinin təpkisini cəlb edəcəyi güman olunan Fələstin və Suriya mövzularından ayrı tutmaq daha rasional hərəkət sayılmazdımı? 

 

Məsələ burasındadır ki, İsrailin son zamanlar Fələstinə və Suriyaya qarşı həyata keçirdiyi siyasətlər ABŞ-da da birmənalı qarşılanmır. Tramp nə qədər İsrailin tərəfini tutmağa məcbur olsa da, Netanyahunun bir çox addımları birbaşa ABŞ administrasiyasının xarici siyasətinin əleyhinə yönəlib. Bunun ən bariz örnəyi İsrailin bu yaxınlarda HƏMAS liderlərini bəhanə göstərib Qətəri bombalaması oldu. Halbuki, Qətər öz istəyi ilə HƏMAS liderinə ölkəsində yer verməmişdi. 2011-ci ildə ABŞ prezidenti Barak Obamanın şəxsi xahişindən sonra Qətər diplomatik ünsiyyəti asanlaşdırmaq üçün HƏMAS-ın siyasi rəhbərliyini qəbul etməyə məcbur olmuşdu. 2023-cü ilin oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı törətdiyi terror hücumlarından sonra Qətər əmiri Təmim bin Həməd əl-Tani ABŞ-ın ovaxtkı dövlət katibi Entoni Blinkenlə görüşündə Həmas-ın öz ərazisindən çıxarılmasını təklif etmişdi. Lakin Blinken bu təkliflə razılaşmamış, Qətərin HƏMAS ilə təmaslarından israilli girovları azad etmək və potensial atəşkəs razılaşmasına nail olmaq naminə onların vasitəçilik imkanından istifadə olunmasını istəmişdi. Görünür, Tramp da bu siyasətin davam etdirilməsinə yaşıl işıq yandırdığı üçün Doha HƏMAS nümayəndələrini ölkəsində saxlamışdı. Buna baxmayaraq, İsrail ABŞ-ın uzun illər dəyişilməyən bu siyasətini sabotaj edərcəsinə Qətəri atəş yağmuruna tutdu.

 

Üstəlik, bu bombalar Trampın komandasının Yaxın Şərq layihəsi olan İbrahim anlaşmalarını da hədəf almışdı. Qətər yəhudi və ərəb dövlətlərinin inteqrasiyasını nəzərdə tutan bu layihənin əsas iştirakçısı olmasa belə, onun həyata keçirilməsində körpü rolu oynayırdı. Zamanla Qətərin də bu təşəbbüsə qoşulacağı gözlənilirdi. Fəqət onun bombalanması istər-istəməz Trampın ilk hakimiyyəti dövründə İbrahim anlaşmalarını imzalayan körfəz ölkələrini dərin xəyal qırıqlığına uğratdı. Artıq onların bir çoxu bu özbaşınalığa etiraz edir və İbrahim anlaşamalarının gələcəyinə şübhə ilə yanışırlar. Ən pisi isə odur ki, ölkə ictimaiyyətləri qarşısında çətin vəziyyətə düşən BƏƏ, Bəhreyn və daha əvvəl İsraillə diplomatik əlaqələrini bərpa edən İordaniya və Misir kimi dövlətlərin vətəndaşları da öz iqtidarlarını ağır şəkildə qınamağa başlamışlar. Ərəb kralları ya öz ictimaiyyətlərinin etiraz səsinə qulaq asmalı və İsraillə münasibətlərini yenidən gözdən keçirməli, ya da xalqın ayaqlaması ehtimalını gözə almalıdır. Bu da nəticə etibarilə ABŞ-ı da öz müttəfiqləri qarşısında gözükölgəli vəziyyətə düşürür.

 

Unutmamalıyıq ki, ABŞ körfəz dövlətlərinin təhlükəsizlik qarantı kimi çıxış edir. Bir müddət əvvəl bu ölkələri ziyarət edən Tramp sadəcə 3 dövlətdən 4 trilyon dollardan çox müqavilələr imzalamışdı. Müqavilələrdə həmin ölkələrin təhlükəsizliyi və müdafiəsi hədəfləri də yer alırdı. Qətər də ABŞ-a böyük paralar vəd edənlərdən biri idi. Məlumata görə, Qətərlə ABŞ arasında 1.2 trilyon dollardan artıq əməkdaşlıq sazişi bağlanmışdı. Doha bundan əlavə bağladığı sazişin üzərinə bir də 600 milyonluq təyyarə qoyub Trampa bağışlamışdı. Di gəl ki, ərəb xanımlarının Tramp qarşısında əsdirdikləri saçlarının qoxusu havadan çəkilməmiş İsrail Qətəri hava hücumuna başladı. Beləcə, ABŞ-ın himayəsinə bel bağlayan ərəb ölkələrinin təhlükəsizlik arxitekturaları da çökdü. İndi onlar özlərinə yeni himayədar axtarmalıdırlar.

 

Bəs, yeni himayədar kim ola bilər? MHP lideri sözügedən paylaşımında həm də bu ünvanı göstərirsi – TRÇ ittifaqı, yəni Türkiyə-Rusiya-Çin alyansı.

 

MHP liderinin öz təklifini sentyabrın 15-də Dohada keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə Toplantısından sonra dilə gətirməsi də təsadüfi deyildi. İddialara görə, bu zirvə toplantısında İran və Misir liderləri İslam Ordusu qurulmasına eyham vuraraq, İsrail zülmü altında əzilən ölkələrin bir araya gəlməməsi durumunda hamısının ağır imtahan verəcəklərini vurğulamışdılar. Görünən budur ki, İsrail öz aqressiyasını davam etdirərsə, bu təşəbbüsün həyata keçirilməsindən başqa bir çarə qalmayacaq. O da sirr deyil ki, İslam ölkələri İsrailə qarşı hərbi ittifaq yaratmağa qərar versələr, qapısını döyəcəkləri ilk ölkə Çin və Rusiya ola bilər. Çünki ABŞ-ın İsrailə qarşı İslam ordusu yaratmağa razılıq verməsi mümkün deyil.

 

Alternativ arayışlarının getdikcə sürətləndiyi bir zamanda R. T. Ərdoğanın Trampla görüşmək istəməsi və MHP liderinin TRÇ alyansı qurulması təklifini irəli sürməsi gözlənilməz deyil. Fikrimcə, Tramp da vəziyyətin ciddiliyini və Yaxın Şərqi tamamilə itirə biləcəyini anladığından Ərdoğanla təcili görüşməyə qərar verib.

 

Soruşa bilərsiniz: Türkiyənin yeni alyans arayışları blövdürmü? Məncə, yox. Həqiqətən də ABŞ-İsrail ittifaqının müsəlman dünyasını heçə sayması artıq bəzi addımların atılmasını tələb edir. ABŞ ya İsraili dayandırmağı bacarmalı, ya da başda Türkiyə olmaqla Yaxın Şərq ölkələri öz səflərini müəyyənləşdirməlidir. Türkiyə və Yaxın Şərq ölkələrinin Çin və Rusiyaya meyllənməsindən ən çox itirənin isə ABŞ və İsrail olacağı şübhə doğurmur. Xüsusilə, elə bir zamanda ki, Avropa ölkələri də artıq İsrailin nazıyla oynamaq fikrində deyillər.

 

Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 39          Tarix: Bu gün, 20:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma