Xəbər lenti


Böyük Britaniyanın kəşfiyyat orqanı MI6 qabıq dəyişdi. Təşkilata 2020-ci ildən son zamanlara qədər rəhbərlik edən Riçard Mur kreslosunu gürcü əsilli Blez Metreveliyə təhvil verdi və vida çıxışını İstanbulda söyləyərək vəzifəsindən ayrıldı. 

Onun vida nitqini İstanbulda etməsi təsadüfi deyildi. Tələbəlik illərini Türkiyədə dil öyrənməklə keçirən Riçard Mur daha sonra 2014-cü ildən 2017-ci ilə qədər Böyük Britaniyanın qardaş ölkədəki səfiri vəzifəsini icra edib. Qızı həmin illərdə İstanbulda dünyaya gəlib. Məhz bu səbəblərdən də Türkiyəni özünün ikinci vətəni hesab edir. Hər halda bunu İstanbuldakı çıxışında həm də türkcə dilə gətirdi.

O, vida nitqində Türkiyədə son sözünü deməsinin bir başqa səbəbini də açıqladı: “Amma mən İstanbulu bu çıxış üçün təkcə əhval-ruhiyyə baxımından seçmədim, ona görə seçdim ki, Türkiyə əsrlər boyu olduğu kimi, bu gün də beynəlxalq sistem üçün mühüm əhəmiyyət kəsb edən bir dövlətdir. MI6-nın şefi kimi mübarizə apardığım demək olar ki, bütün məsələlərdə Türkiyə əsas oyunçu idi”.

Riçard Mur çıxışında MI6 şefi olduğu 5 il ərzində Türkiyə ilə birgə həyata keçirdikləri bəzi əməliyyatlar barədə açıq danışdı. Onun dediyinə görə, istər Ukrayna, istərsə də Suriyada bir çox əməliyyatları Türkiyənin kəşfiyyat orqanı MİT-lə bərabər hazırlayıblar. Xüsusilə də Suriyada Bəşər Əsəd rejimin devrilib Əhməd Əşaranın hakimiyyətə gətirilməsində bu iki müttəfiq dövlətin həyata keçirdikləri əməliyyatlar MKİ-ni belə heyrətləndirib. 

“HTŞ ilə Bəşəri devirməzdən bir-iki il əvvəl əlaqələr quraraq, Böyük Britaniya hökumətinin həftələr ərzində ölkəyə qayıtması üçün plan hazırladıq. Suriya hadisələrin birdən-birə, gözlənilmədən daha sürətli templə irəlilədiyi zaman, hadisələri qabaqlaya bilməyimiz buna yaxşı bir nümunədir. Bu çeviklik MI6 üçün əsas tələbdir - və məncə, biz bu sahədə kifayət qədər yaxşı haldayıq. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff bu yaxınlarda mənə dedi: “Siz həqiqətən də tez bir zamanda işi bitirə bildiniz””.

Riçard Mur Cənubi Qafqazda Türkiyə ilə birgə fəaliyyət göstərdiklərinə eyham vurub və mən də daha çox bu mövzu ətrafında dayanmaq istəyirəm. Gəlin, ilk öncə MI6-nın sabir rəisinin bu barədə dilə gətirdiyi eyhamına nəzər salaq: “Onlar (Türkiyə - H.O.) öz şərqində Böyük Britaniyanın zərərli xarici təsirlərdən azad olan sabit Qafqaz və Mərkəzi Asiyada maraqlarını bölüşürlər. Cənubda isə biz qondarma İslam Dövləti terrorçularına qarşı birgə çalışmışıq və Əsəddən sonrakı Suriyanın sabitliyini möhkəmləndirmişik”.


Göründüyü kimi, cənab Mur açıq şəkildə “Cənubi Qafqaz və Mərkəzi Asiyada da Türkiyə ilə bərabət çalışmışıq” deməsə də, Ankaranın sözügedən coğrafiyada yürütdüyü siyasətin Böyük Britaniyanın maraqlarına uyğun olduğunu etiraf edib. Bəs, Riçardın MI6 şefi olduğu dövrlərdə Türkiyə Cənubi Qafqazda hansı fəaliyyətlərdə bulunub?

Qeyd edək ki, Riçard Mur MI6 şefi vəzifəsinə 29 iyun 2020-ci il tarixində gətirilmişdi. Bundan əvvəl isə o, Böyük Britaniyanın Xarici İşlər Nazirliyində Siyasi Direktorluq vəzifəsində idi. Göründüyü kimi, o, tamamilə fərqli strukturdan alınıb kəşfiyyat orqanının rəhbəri vəzifəsinə gətirilmişdi. Bu isə o tarixə təsadüf edirdi ki, Azərbaycanla Türkiyə ermənilərin Tovuza hücumunun nəticələrini aradan qaldırmaqla məşğul idilər. Məlumdur ki, Tovuz döyüşləri 12 iyulda başlayıb, 17 iyulda bitmişdi. Bununla belə, Müdafiə Nazirliyinin məlumatlarına görə, ermənilərin Azərbaycan mövqelərinə atəşləri 23 iyula qədər davam edirdi. Məhz bu hadisədən bir həftə sonra MI6-da məlum kadr dəyişikliyi baş vermişdi.

Türkiyənin siyasi dəstəyi ilə Azərbaycan ordusunun apardığı 44 günlük müharibə də məhz Riçardın MI6 rəisliyi etdiyi dövrə düşürdü. O da sirr deyil ki, Fransanın həmin müharibə dövründə Azərbaycan əleyhinə BMT-yə təqdim etdiyi qətnamə layihəsi də Böyük Britaniyanın vetosu ilə durdurulmuşdu. Fikrimcə, bu faktlar Riçard Murun Türkiyə ilə Böyük Britaniyanın Cənubi Qafqazda “ortaq maraqları bölüşdüyü” fikrini izah edir.

Nəzərə alsaq ki, ermənilərin Tovuz döyüşündə hücum etdiyi ərazidən BP-nin Xəzər dənizində çıxardığı neft-qaz kəmərləri keçir və Tovuz döyüşlərinin əsas hədəfləri də sözügedən enerji xətlərini sıradan çıxarmaq idi, Böyük Britaniyanın niyə Türkiyə və Azərbaycanla eyni maraqları bölüşdüyünü anlaya bilərik. Onu da xatırladaq ki, Tovuz döyüşlərindən bir neçə ay əvvəl ABŞ-ın o zamankı Dövlət katibi Mayk Pompeo Belarusa səfər etmiş, Belarusun dövlət suverenliyini dəstəklədiklərini və bu məqsədlə də ona Rusiyadan daha ucuz neft satmaq təklifi irəli sürmüşdü. "İstehsalçılarımız Belarusun ehtiyac duyduğu nefti 100% rəqabətli qiymətlərlə satmağa hazırdır. Biz dünyanın ən böyük enerji istehsalçısıyıq. Sizə lazım olan tək şey bizimlə əlaqə saxlamaqdır", - Pompeonun bu sözləri Rusiyada ciddi təşviş yaratmışdı. Məhz bundan sonra Minskdə yüz minlərlə narazı kütlə meydanlara toplaşıb Lukaşenkonun əleyinə mitinqlər keçitmiş, ermənilər isə Tovuza hücum etmişdilər. Görünən bu idi ki, hansısa qüvvə həm Belarusda, həm də Azərbaycanda siyasi dəyişikliklərə nail olmaq istəyirdi. 

Belarusda Moskvanın müdaxiləsi ilə narazılıqlar yatırıldı, Azərbaycanda isə Türkiyənin köməkliyi ilə əvvəl Tovuzda, ardınca isə Qarabağda ərazilərimiz işğaldan azad olundu. MI6-nın artıq sabiq şefinin eyhamlarına inansaq, bu məsələdə İngiltərə də Türkiyənin yanında imiş.

Sual oluna bilər: bəs MI6-dakı son kadr dəyişikliyi necə, Cənubi Qafqazda hər hansı siyasi dəyişikliyə yol aça bilərmi?


Zənnimcə, bəli. Belə ki, MI6-nın yeni rəisi Blez Metreveli gürcü əsillidir. Onun ana babası Konstantin Metrevelinin 1943-cü ildə almanlar tərəfindən işğal edilmiş Ukraynanın Çerniqov vilayətinin Snovsk şəhərində faşistlərlə əməkdaşlıqdan günahlandırılıb. Müharibədən sonra anası ilə İngiltərəyə qaçıb və David Metreveli ilə evlənib. David Metrevelinin yeni MI6 rəisinin ögey atası olduğu bildirilir. Bununla belə, Blez xanım öz ögey atasının soyadını qəbul etməklə ona böyük rəğbətlə yanaşdığını nümayiş etdirib. 

Blez xanım həm də MI6-nın Yaxın Şərq məsələləri üzrə əməkdaşlarından olub. Mükəmməl səviyyədə ərəb və kürd dillərini bilir. 

Həyatında dərin iz buraxmış coğrafiyaların MI6 rəislərinin fəaliyyət sahəsini də müəyyənləşdirdiyini nəzərə alsaq, xanım Metrevelinin öz fəaliyyətində yönələ biləcəyi məkanları belə sıralaya bilərik: Gürcüstan, Ukrayna və Yaxın Şərq. Böyük ehtimalla, Blez Metrevelinin masasının üzərində dayanan əsas dosyalardan biri də İran olacaq.

 

Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 46          Tarix: Bu gün, 21:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma