
Xəbər verdiyimiz kimi, ötən gün Fransada ölkə miqyasında kütləvi etiraz aksiyaları keçirilib. Etirazlar Paris, Lyon, Nantes daxil olmaqla bir neçə şəhərdə baş tutub. Təxminən bir milyon insan küçələrə çıxaraq hökumətdən maaşların və pensiyaların artırılmasını, eləcə də dövlət xidmətlərinin qorunub saxlanmasını tələb edib.
Etirazlar səbəbindən ölkə üzrə ictimai nəqliyyatın fəaliyyəti iflic olub, paytaxt Parisdə isə turistlərin əsas ziyarət məkanlarından biri olan Eyfel qülləsi bağlanıb.
Polis etirazlar zamanı iğtişaş törətməyə cəhd edən təxminən 200 nəfəri saxlayıb. Hakimiyyət nümayəndələri vəziyyətin nəzarətdə saxlanıldığını bildiriblər. Hökumətin 2026-cı il büdcəsi çərçivəsində israfın və ya xərclərin azaldılması, müəyyən güzəştlərin ləğvi və ya dəyişdirilməsi planları - pensiyaların dondurulması, ictimai xidmətlərdə kəsintilər və s. barədə təkliflər etirazların əsas qaynağıdır.
Bəs bu etirazlar Fransada yaxın gələcəkdə siyasi böhran ehtimalını gücləndirirmi?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, Fransada siyasi böhran çoxdan başlayıb:
“Bilirsiniz ki, son 3 il ərzində Fransada artıq 4-cü hökumət dəyişikliyi baş verib. Bundan əvvəlki 3 hökumətdən biri 1 il, digərləri isə müvafiq olaraq 8 və 3 ay ömür sürmüşdü. Ötən ayın ilk günlərində Fransa parlamentində etimad səsi ala bilməyən Baş nazir Fransua Bayrunun hökuməti də istefaya getdi. Halbuki, Bayrunun hökuməti cəmi 8-9 ay əvvəl qurulmuşdu. Bayrundan sonra qurulan Sebastien Lekornunun hökumətinin də uzun müddət davam edə bilməyəcəyi proqnozlaşdırılırdı. Artıq Fransa küçələrinin etirazçı kütlələrlə inləməsi də bu proqnozu doğruldur. Yəqin ki, yaxın günlərdə Fransada daha ağır siyasi böhranların şahidi olacağıq”.
H.Oğuzun fikrincə, Fransada yaşanan hökumət böhranı hansısa siyasi partiyanın bacarıqsızlığından qaynaqlanmır:
“Problemin daha dərin səbəbləri var. Fransanın qarşı-qarşıya qaldığı ən mühüm problemlərdən biri iqtisadidir. Rəsmi statistikaya görə, Fransanın dövlət borcu 3,35 trilyon avroya çatıb ki, bu da ümumi daxili məhsulun (ÜDM) təxminən 114 faizini təşkil edir. Və bu borc getdikcə artır.
Bundan əlavə, Fransa Aİ-də ən yüksək büdcə kəsirinə malik ölkə kimi tanınır. Onun büdcə kəsiri ÜDM-in 5,4-5,8 faizi arasında dəyişir. Yəni təqribən 175-180 milyard avro. Halbuki, Avropa İttifaqının tələbinə görə, müttəfiq ölkələrin dövlət büdcə kəsiri ÜDM-in cəmi 3 faizi qədər olmalıdır. Məntiqlə, Fransa da canını dişinə tutub büdcəsini ÜDM-in 2,4-2,5 faizi qədər azaltmalıdır ki, bu tələbi yerinə yetirə bilsin. Fransanın ÜDM-nin 3 trilyon avro olduğunu nəzərə alsaq, bu, təxminən 75 milyard avro qənaət etmək deməkdir. Fransanın əvvəlki Baş naziri Bayru da əslində Aİ-nin bu tələbinin “oduna yandı”. O, büdcəyə heç olmasa 43,8 milyard avro qənaət etmək istəyirdi. Ancaq bu istəyini reallaşdıra bilmədi. Rifahlı yaşam tərzinə alışmış fransız toplumu hökumətin bu qərarını narazılıqla qarşıladı, həmkarlar ittifaqları xalqı tətilə çağırdı və “Hər şeyi blokla” hərəkatı getdikcə daha çox insanı öz ətrafında topladı. Beləcə, vəziyyət əndazəni aşdı. Fransa Milli Assambleyası da öz növbəsində onsuz da azlıq tərəfindən qurulan hökuməti istefaya göndərdi.
Mən hələ Bayru istefaya gedəndə yazdığım bir statusda Fransanın yeni qurulacaq hökumətinin də eyni problem səbəbindən istefaya gedəcəyini qeyd etmişdim. Təbii ki, bunu proqnozlaşdırmaq üçün qeyri-adi kahinlik qabiliyyətinə ehtiyac yoxdur və məndə də bu qabiliyyət mövcud deyil. Məsələ burasındadır ki, Fransada qalıcı bir hökumət qurmaq üçün həm iqtisadi problemləri, həm də xalqın bu problemlərə reaksiyasını tənzimləmək lazımdır. Fransa xalqı isə hər şeyi etiraz aksiyaları ilə həll edəcəyini düşündüyündən bu böhranın qarşısını almaq qeyri-mümkündür.
Bundan əlavə, Fransa həm də NATO üzvü kimi hərbi xərclərini ÜDM-in 5 faizinə çıxarmalıdır. İndiyədək hərbi xərclərini zor-bəla ilə ÜDM-in 2,1 faizinə çıxaran Paris öhdəliyini yerinə yetirməsi üçün daha 180 milyard avro tapmalıdır. Əks halda, köhnə müttəfiqlərini Putinə satmaq üçün fürsət gözləyən Donald Trampa məsuliyyətdən yayındıracaq bəhanələr verə bilər.
Fransada vəziyyətin bu arzuolunmaz hala gəlib çıxmasının bir başqa səbəbi prezident Emmanuel Makronun böyük siyasi yanlışlarıdır. Məlum olduğu kimi, ötən il Avropa İttifaqı seçkilərində aşırı solçulara uduzan Makron guya Fransa xalqını fakt qarşısında qoyaraq Milli Assambleyanı buraxdı. O, xəyal edirdi ki, fransızlar ölkədə hakimiyyətin antiqlobalistlərin əlinə keçəcəyindən ehtiyatlanıb onun partiyasına səs verəcəklər. Amma ummadığı başına gəldi. Aşırı solçular daha çox səs topladılar və koalisiya hökuməti qurmaq şansı qazandılar. Makron isə bu səhvini ikinci böyük səhvlə “zərərsizləşdirmək” istədi. Hökumət qurmaq səlahiyyətini ən az səs toplayan partiyalardan birinə verdi. O da yetərli sayda ortaq tapa bilmədiyindən hər an laxlayıb devrilməyə hazır azlıq hökuməti kimi qaldı və sonunda hakimiyyəti indiki Baş nazir Lekornuya verdi.
Lekornu da eynilə Makronun 1 il əvvəl etdiyi səhvi təkrarladı. O, təcili 2026-cı il büdcəsini hazırlamaq və hökumətinin dağılmasının qarşısını almaq üçün parlamentdəki sağ siyasi partiyalarla danışıqlar aparmalı, hakimiyyət səlahiyyətlərini onlarla bölüşməli olduğu halda qapıları onların üzünə bağladı. Beləcə, siyasi böhran daha da dərinləşdi. İndi Fransa xalqı onu hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Amma təkcə onu istefaya göndərməklə də problem həll olunmur. Ondan əvvəl səlahiyyət hədlərini aşıb hökumət qurmaq hüququnu sol partiyalara vermək istəməyən və nəticədə ölkə əhalisini qütbləşdirən Fransa prezidenti Emmanuel Makron da vəzifədən uzaqlaşdırılmalıdır. Fikrimcə, nə qədər ki, Makron öz inadından əl çəkməyib, Fransada vəziyyət sabitləşməyəcək”.
Xalidə Gəray
Musavat.com
Paylaş: