Xəbər lenti

Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trampın G20 sammitində söhbətindən cəmi bir neçə saat sonra aydın oldu ki, iki saatlıq danışıq münasibətlərdə fundamental sıçrayış gətirmədi. Hər iki liderdə manevr üçün imkanlar güclü şəkildə məhdudlaşdırılıb və indiki şərtlərdə gərginliyin aradan qaldırılması üçün ilkin şərtlər görünmür.

Amerika tərəfi görüşün 45 dəqiqə davam edəcəyini bəyan etsə də, söhbət iki saat 15 dəqiqə sürdü. ABŞ prezidenti danışıqları “möhtəşəm” adlandırdı, Putin isə bildirdi ki, Tramp televiziya ekranlarında göründüyü kimi deyil. Və söhbət konkret razılaşmalardan gedirdi. Rusiyanın “Gazeta.ru” saytı yazır ki, onlardan ən əhəmiyyətliləri Suriyanın cənubi-qərbində atəşkəs rejiminin təmin edilməsi, ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsinin təyin edilməsi və kibertəhlükəsizliyin təminatı üzrə Rusiya-Amerika qrupun yaradılması idi.

Tramp Putinlər söhbəti “möhtəşəm” adlandırsa da, tezliklə danışıqların nəticələrini inkar etməyə başladı.

ABŞ prezidenti Tvitter səhifəsində yazmağa tələsdi ki, Amerikadakı prezident seçkisinə Rusiyanın müdaxiləsi haqqında məsələ ilə əlaqədar Putini “iki dəfə sıxıb”. Tramp dəqiqləşdirdi ki, Suriya və Ukrayna məsələləri həll edilmədən Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğvindən söhbət getmir və getməyəcək. Və nəhayət, prezident bildirdi ki, onlar kibertəhlükəsizliyin birgə təminatı məsələsini müzakirə ediblər, amma bu, onun reallaşması imkanına inandığı anlamına gəlmir.

“Gazeta.ru” yazır ki, görünür Tramp qabaqcadan rəqiblərin bütün zərbələrini dəf etməyə qərar verdi.

Əsas problem odur ki, Trampın xarici siyasət imkanları son dərəcə məhdudlaşdırılıb. Həm də yalnız Demokrat Partiyasından olan ənənəvi opponentlər deyil, şəxsi silahdaşları olan respublikaçılar da ən azından ona şübhə ilə yanaşırlar. Rusiya istiqamətində istənilən təşəbbüs “agent” damğası ilə qarşılanır.

KİV yazır ki, hətta Trampın şəxsi administrasiyasında olan məmurlar onu Putinlə görüş fikrindən daşındırırdılar. Trampla Putinin görüşündən dərhal sonra növbəti jurnalist araşdırması ortaya çıxdı. ABŞ-ın “Nyu York Tayms” nəşri Ağ Evdəki mənbələrə istinadən yazıb ki, ABŞ prezidentinin birinci oğlu kiçik Donald Tramp ötən il rusiyalı hüquqşünas Natalya Veselnitskaya ilə görüş keçirməyə razılaşıb. Qeyd edilir ki, Rusiya hüquqşünası qarşı tərəfə prezident seçkilərində Trampın rəqibi demokrat Hillari Klintonu etibardan sala bilən informasiyanı verməyə razılaşıb. Nəşr iddia edir ki, 2016-cı ilin iyununda kiçik Tramp, həmçinin Donald Trampın iki məsləhətçisi - Cared Kuşner və Pol Manafort hüquqşünasla görüş keçiriblər. Bu, impiçment haqqında danışıqların yeni sıçrantısına səbəb oldu.

Görünür, iki ölkə arasında Trampın prezident seçkisi kampaniyasında söz verdiyi “böyük saziş” yalnız o halda mümkündür ki, Vladimir Putin hansısa əhəmiyyətli güzəştlərə razılaşacaq. O zaman Amerika lideri Moskvadan öz müstəqilliyini almaq bacarığını nümayiş etdirəcək. Tramp bu keyfiyyətin olmamasına görə sələfi Barak Obamanı daim qınayırdı. Amma Moskvanın buna gedəcəyini təsəvvür etmək çətindir.

“Sirr deyil ki, Rusiya rəhbərliyi Amerikanın bəzi, ümumiyyətlə Qərb siyasi sisteminin bəzi xüsusiyyətlərinə görə illərdir qıcıqlanır. Hansısa məsələ barədə razılaşırsan və sonra aydın olur ki, razılaşma yoxdur. Qərarların qəbul olunmasının bir mərkəzi yoxdur, bir çox tərəf var: lobbi qrupları, uyğunlaşdırma səviyyələri və sair. Tramp görünür, “Putinlə danışmağı bacaran adam” imici qazanmaq və bununla da müasir dünya sistemi üçün vacib şəxs olduğunu sübut etmək istəyirdi”, - yazıda bildirilir.

Qeyd edilir ki, amma belə “xüsusi münasibətlər” başqa tipli siyasi liderlərlə, xüsusən ölkənin siyasətini qismən öz əli ilə müəyyən edən klassik nüfuzlu diktatorlarla münasibətlərdə faydalı olur: “Rusiya prezidenti cəmiyyətin real dəstəyindən istifadə edir və qismən onların sorğularına cavab verir. Müvafiq olaraq, prezident Trampla şəxsi razılıqları rejimində anti-Amerika çağırışını təklikdə təkrar gözdən keçirə bilmir. Ümumilikdə götürdükdə, indiki vəziyyətdə həm ABŞ, həm də Rusiyanın siyasi rəhbərliyinin məqsədi yalnız öz aralarında şəxsi əlaqələr qurmaq deyil, həm də özünə Rusiya və Amerika cəmiyyətləri ilə elitaların münasibətini dəyişdirməkdir. Ancaq hələlik hər iki tərəf üçün problemlər göz qabağındadır”.//publika.az

 




Ana səhifəyə qayıt        Baxış: 771          Tarix: 12-07-2017, 13:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma