“Hələ ki Paşinyan geri addım atmayıb”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması ilə bağlı fikirlərini açıqlayarkən deyib.
Bakıya dövlət səfərindən dönərkən jurnalistlərin suallarını cavablandıran Türkiyənin dövlət başçısı Cənubi Qafqazdakı vəziyyətə diqqət çəkib.
O qeyd edib ki, Bakı ilə İrəvan arasındakı sülh prosesində irəliləyiş Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına da mühüm töhfə verəcək.
“Çox müsibətlərin yaşandığı bir bölgədə sülhün qapıları açıqdır. Ona görə də tərəflər bu şansı əldən verməməli və məsuliyyətlə hərəkət etməlidirlər”, - Türkiyə lideri vurğulayıb.
Eyni zamanda o, Ermənistanın baş naziri Nikol Paşinyanın Ankaraya iyunun 3-dəki səfərinə də münasibət bildirib.
“Türkiyə tərəfinin dəvətinə müsbət cavab verən Paşinyan ölkəsində bir çox maneələri və müxalif əhvali-ruhiyyəni dəf edib. Mərasim zamanı onunla qısaca ünsiyyət qurmaq imkanım oldu. Türkiyəyə səfərinə görə minnətdarlığını bildirdi”, - Ərdoğan deyib.
Türkiyə lideri Ermənistanın baş nazirinin Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı sözlərini vacib məqam kimi qiymətləndirib:
“Amma əvvəl də dediyim kimi, Ermənistanda Paşinyana qarşı mənfi fikirlər var. Və bu, çox vacib bir məqamdır. Hələ ki Paşinyan geri addım atmayıb”.
Mənbə: Anadolu
Paylaş: