Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası 2020-ci il fevralın 25-də Bakıda keçirildi. Bu məqsədlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfər etdi, iki ölkə liderləri arasında təkbətək və heyətlərarası görüş keçirildi. Şuranın iclasından sonra iki ölkə arasında 14 protokol və saziş imzalandı. İmzalanan saziş və protokolların hər biri iki ölkənin bir-birinə daha çox yaxınlaşması baxımından əhəmiyyətli olsa da, bu müqavilələrin arasından 4-ü diqqəti cəlb etdi. Bunlar xüsusən preferensial ticarət sazişi, Naxçıvanı Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında dəmiryolunun çəkilməsi haqqında anlaşma memorandumu, hərbi maliyyə əməkdaşlığı və qarşılıqlı vizadan azadetmə haqqında sazişlər oldu.
Bundan başqa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata verdiyi açıqlamada, İğdırla Naxçıvan arasında təbii qaz boru xəttinin çəkilməsi üçün tərəflərin razılığa gəldiyi və hətta infrastrukturun qurulması üçün nazirlərə tapşırıq verdiyini bildirdi. Bu açıqlama Naxçıvanın təbii qaz ehtiyatının birbaşa Azərbaycan tərəfindən qarşılanma imkanı yaratdığı üçün strateji əhəmiyyət daşıyır.
Şuranın iclası regionda hər iki dövlətin xarici və təhlükəsizlik siyasəti baxımından əhəmiyyətli hadisələrin yaşandığı bir dövrdə baş verdi. Xüsusən Ermənistanda baş nazir Nikol Paşinyan hökumətinin Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində atdığı tutarsız addımlar, 2020-ci ilin 28-30 yanvar tarixlərində Cenevrədə Xarici İşlər nazirləri səviyyəsində keçirilən müzakirələr və 16 fevral tarixində Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan açıq debat ilə Azərbaycan-Rusiya münasibətlərində yaşanan müsbət hadisələrə qarşı, İdlib və Liviyada Türkiyə ilə Rusiya arasında yaşanan fikir ayrılığı YSSƏŞ-nın VIII iclasından əvvəl iki strateji müttəfiqin xarici və təhlükəsizlik siyasətini maraqlandıran hadisələr hesab oluna bilər. Şuranın əsas məqsədlərindən biri məhz regional məsələlərdə iki ölkənin xarici siyasət mövqelərinin uyğunlaşdırılması və koordinasiyasıdır.
Şuranın VIII iclasından sonra iki dövlət başçısının mətbuata verdiyi bəyanat tərəflər arasında regional və ikitərəfli münasibətlərdə siyasi həmrəyliyin olduğunu göstərir. İclasda çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin Valday Forumunda Ermənistan Baş naziri Nikol Paşinyana cavab olaraq ifadə etdiyi “Qarabağ Azərbaycandır!” sözünün altına Türkiyənin də imza atdığını qeyd edərkən son dövrdə Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində gedən müzakirələrdə Azərbaycanın mövqeyinin Türkiyə tərəfindən dəstəkləndiyini təkrar xatırlatdı. Prezident İlham Əliyev isə “hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır”, deyərək dolaylı olaraq Türkiyənin regional siyasətini dəstəklədi.
YSSƏŞ-in qurulmasının tarixi və məqsədləri
Azərbaycan-Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası (YSSƏŞ) 2010-cu ilin sentyabr ayının 16-da İstanbulda keçirilən sonuncu “Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvəsi”ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan birgə bəyannamə ilə quruldu. Bəyannaməyə əsasən, Şuranın qurulma məqsədi iki ölkə arasında bütün sahələrdə inteqrasiyanın əldə olunması və iki ölkənin maraqlarına uyğun regional və beynəlxalq məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsidir. Tərəflər arasında razılaşma əsasında mütəmadi olaraq keçirilən Şuranın iclaslarında Azərbaycan və Türkiyə arasında mövcud olan siyasi, hərbi, iqtisadi, ticarət, energetika, nəqliyyat, mədəniyyət, elm və humanitar sahələrdə gələcək əməkdaşlıq strategiyasının müəyyən edilməsi, bu strategiya əsasında əməkdaşlıq layihələrinin inkişaf etdirilməsi və həmin layihələrin icrasına nəzarət olunması qərarlaşdırılmışdır. İki dövlət başçısının rəhbərlik etdiyi Şura, iki ayrı ölkənin nazirlər kabinetinin iclasının bir yerdə keçirilməsi məqsədi daşıyır.
Şuranın fəaliyyətinə ümumilikdə aşağıdakı sahələr daxildir:
- Hərbi və təhlükəsizlik məsələləri ilə bağlı təşkilatlar arasındakı əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi;
- Terrorçuluq, mütəşəkkil cinayətkarlığın forma və təzahürləri, habelə qaçaqmalçılıqla mübarizə məsələləri üzrə əməkdaşlığın möhkəmləndirilməsi;
- İqtisadi və ticarət məsələlərində əməkdaşlığın dərinləşdirilməsi;
- Nəqliyyat, əmək və əhalinin sosial müdafiəsi sahələrində əməkdaşlığın gücləndirilməsi;
- Enerji təminatı, nəqli və təhlükəsizliyi sahəsində birgə layihələrin işlənilib -hazırlanması və tətbiq olunması məqsədilə enerji sahəsində əməkdaşlığın gücləndirilməsi;
- Təhsil sahəsində iki ölkə arasında davam edən əməkdaşlığın birgə strategiya və layihələrin hazırlanması yolu ilə əməkdaşlığın gücləndirilməsi;
- Mədəniyyət, elm və humanitar sahələrdə strategiyalar və layihələrin hazırlanması yolu ilə əməkdaşlığın gücləndirilməsi;
- İki ölkənin xalqları arasında mövcud olan çoxyönlü və hərtərəfli əlaqələr çərçivəsində dialoq kanallarının səmərəliliyinin artırılması.
Yuxarıda qeyd olunan sahələrin hər biri üçün iki ölkənin aidiyyəti nazirlik və komitələri arasında komissiyaların qurulması qərarlaşdırılıb. Bu komissiyalar fəaliyyətlərini mütəmadi davam etdirərək nəticədə iki ölkə liderlərinin rəhbərlik etdikləri Şuranı məlumatlandırırlar.
Bundan başqa Şura çərçivəsində ildə bir dəfə görüşmək üzrə iki ölkənin xarici işlər nazirlərinin həmsədrliyi ilə Birgə Strateji Planlaşdırma Qrupunun təsis edilməsi qərarlaşdırılsa da, indiyə kimi bu qrup qurulmamışdır. Digər tərəfdən, Şura çərçivəsində iki ölkə arasında ictimai diplomatiyanın inkişaf etdirilməsi məqsədi ilə Vətəndaş Cəmiyyəti Forumunun təsis edilməsi qərarlaşdırılsa da, bu forum da qurulmamışdır. Birgə Strateji Planlaşdırma Qrupu və Vətəndaş Cəmiyyəti Forumu təsis olunmasa da, hər iki istiqamətdə ikitərəfli əməkdaşlıq imkanları artır və inkişaf edir.
YSSƏŞ-ı qurulmadan əvvəl iki ölkə münasibətlərində həllini gözləyən bir çox məsələ vardı ki, bu məsələlər vaxtaşırı istər xarici mətbuat, istərsə də yerli mətbuat tərəfindən düzgün şərh edilmir və münasibətlərə mənfi təsir göstərirdi. Dövrün Türkiyə Respublikası Baş naziri Rəcəb Tayyib Ərdoğan şuranın qurulmasının alt komissiyalar çərçivəsində ikitərəfli münasibətlərin davamlı müzakirə olunması və iki ölkənin ictimaiyyətinə ortaya çıxan əksikliklərin ortadan qaldırılması məqsədi daşıdığını qeyd etmişdir. Xüsusən 2009-cu ildə ortaya çıxan Türkiyə-Ermənistan normallaşma prosesi, Azərbaycan-Türkiyə arasında təbii qazın qiymətinin müəyyənləşdirilməsi kimi məsələlərin həlli üçün Şura platforma rolu oynadı.
Şura Azərbaycan və Türkiyənin yerləşdiyi regionda böhranların yaşandığı bir dövrdə quruldu. 2008-ci il Cənubi Qafqazda Gürcüstan-Rusiya müharibəsi, 2009-cu il Türkiyə-Ermənistan normallaşma prosesi, Avropa İttifaqında yaşanan 2008 iqtisadi böhrandan sonra Cənubi Qafqazda rolunun azalması, ABŞ prezidenti Barak Obamanın 1915 hadisələrini “soyqırım” olaraq tanınması üçün erməni diasporuna verdiyi söz, Yaxın Şərqdə baş qaldıran “Ərəb Baharı” üsyanları, Ukrayna-Rusiya qarşıdurması, ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsindən sonra artan ABD-İran gərginliyi kimi məsələlər iki strateji müttəfiq arasında fikir və informasiya alış verişi, məsləhətləşmələrin aparılması üçün zərurət yaradırdı. Hər iki ölkə Ukraynanın, Gürcüstanın və Suriyanın ərazi bütövlüyünü dəstəkləyərək, regionda nüvə silahlarının yayılmasına, eləcə də İrana qarşı sanksıyalara qarşı çıxır. Bütün bu regional məsələlər YSSƏŞ-nın gündəliyində olan siyasi məsələlərdir.
Enerji layihələrinin həyata keçirilməsini sürətləndi
Şuranın ilk iclası 2011-ci il oktyabr ayının 25-də İzmirdə keçirildi və iclasdan sonra tərəflər arasında bəzi əhəmiyyətli müqavilələr imzalandı. İmzalanan müqavilə və sazişlər arasında ən əhəmiyyətlisi Türkiyə Respublikasına Təbii Qazın Satılması və Azərbaycan Təbii Qazının Türkiyə Ərazisindən Tranzit Keçişi və Daşınması üçün Boru Xətti haqqında müqavilə oldu. Türkiyə satılacaq Azərbaycan qazının qiymətinin müəyyənləşdirilməsi 2 ildən çox bir müddət idi ki, tərəflər arasında müzakirə mövzusu idi və bu müqavilə ilə məsələ öz həllini tapdı. Digər tərəfdən bu məsələnin öz həllini tapması Azərbaycan təbii qazının Avropaya nəqli üçün tərəflər arasında əməkdaşlıq imkanı yaratdı.
Birinci iclasın ardından tərəflər arasında Azərbaycanın Şahdəniz-2 layihəsindən çıxan təbii qazın Türkiyə və Avropaya çatdırılması üçün çalışmalar başladı. Avropanın alternativ təbii qaz təmin edəcək NABUKKO layihəsinin uğursuz olması səbəbi ilə Şahdəniz-2 qazını Avropaya nəql edəcək Cənub Qaz Boru Xətti layihəsi gündəmdə idi. 26 iyun 2012-ci ildə İstanbulda Azərbaycan və Türkiyə arasında imzalanan Trans-Anadolu Boru Xətti müqaviləsi Cənub Qaz Boru Xəttinin çəkilməsi üçün ön addım oldu. Bütün bu proseslər YSSƏŞ-nın qurulması ilə başladı.
Birinci iclasdan sonra Azərbaycan Türkiyədəki sərmayəsini də artırdı. Şuranın birinci iclasında iki ölkə lideri Azərbaycanın Türkiyədə ən böyük yatırımı olan STAR Neftayırma Zavodunun əsasını qoyma mərasimində iştirak etdi. Ümumilikdə SOCAR, STAR-a 6.3 milyard dollar sərmayə yatırmışdır. YSSƏŞ-nın qurulmasından sonra Azərbaycan Türkiyədəki yatırımını 2020-ci ilədək 18 milyard dollara qədər artırdı. Bu yatırımın böyük bir hissəsi Türkiyə üçün strateji əhəmiyyətə sahib enerji sahəsinə qoyuldu.
Tərəflər arasında YSSƏŞ-in ikinci iclası 2012-ci ilin sentyabr ayının 11-də Qəbələdə keçirildi. İkinci iclasda tərəflər arasında 7 anlaşma və protokol imzalandı.
Nəticədə YSSƏŞ-nın qurulmasının 2-ci ilində iki ölkə xüsusən enerji sahəsində əməkdaşlığını inkişaf etdirmək üçün qərarlar aldı və həyata keçirdi. Bu layihələrin həyata keçirdilməsində iki ölkə arasında artan siyasi etimadın rolu böyük oldu.
Erməni məsələsində birgə strategiya
2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində qalib gələn İlham Əliyev Şuranın üçüncü yığıncağında iştirak etmək üçün 2013-cü ilin noyabr ayının 13-də ilk xarici səfərini Türkiyəyə etdi. Şuranın iclasında tərəflər arasında türkologiya, radio-televiziya, nəqliyyat, yük daşımacılığı, diplomatların mübadiləsi, toxumçuluq, xilas etmə və axtarış kimi müqavilələr imzalandı. Bundan başqa iclasdan sonra tərəflər arasında YSSƏŞ-nın üçüncü iclasının yekununa aid ortaq bəyannamə yayımlandı. Bəyannamədə tərəflər Ermənistandan işğal altındakı Azərbaycan torpaqlarından qeyd- şərtsiz və dərhal çəkilməsi tələb olunarkən, bunun regional nəqliyyat və enerji xətlərinin, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan sərhədlərinin açılmasına imkan yaradacağı qeyd olunmuşdur.
2014-cü il Türkiyədə seçkilər ili oldu. 31 martda Türkiyədə keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) qalib gəldi. Avqust ayının 10-da keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan ilk dəfə prezident seçildi. Hər iki seçkidən sonra R.T.Ərdoğan ilk xarici səfərini Azərbaycana etdi. 2014-cü ildə Şuranın iclası keçirilmədi, lakin iki ölkə lideri dörd dəfə görüşdü.
Praqada Avropa İttifaqının Şərq Tərəfdaşlığının 5-ci ildönümü ilə əlaqədar 2014-cü ilin 24 aprel tarixində üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən iclasında Türkiyə-Azərbaycan münasibətləri baxımından mühüm bir hadisə yaşandı. Bu iclasda Ermənistanın prezidenti Serj Sarqisyan Türkiyəni Ermənistanla sərhədləri bağlamaqla günahlandırdı. Prezident İlham Əliyev bu açıqlamadan sonra söz alaraq Türkiyənin təmsil olunmadığı iclasda S.Sarqisyanın Türkiyəyə qarşı haqsızlıq etdiyini bildirdi. Prezident Əliyevin Praqada göstərdiyi mövqe türk mətbuatında “Türkiyə burada yoxdur, amma mən varam” başlığı ilə verilərək Türkiyənin olmadığı yerdə Azərbaycanın Türkiyənin hüquqlarını qoruduğu düşüncəsinin formalaşmasına və Türkiyədə bir daha Azərbaycana qarşı siyasi etimadın yüksəlməsinə səbəb oldu.
2014-cü il avqust ayının 10-da keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan, 51.79% səs toplayaraq Türkiyənin yeni prezidenti oldu. Prezident andiçmə mərasimindən bir neçə gün sonra Bakıya səfərə gəldi. Bu, eyni zamanda seçkidən sonra R.T.Ərdoğanın ilk xarici səfər idi. İki lider arasında keçirilən görüşdən sonra Prezident İlham Əliyev iki ölkə münasibətlərinin zirvədə olduğunu və Türkiyə dövlətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində göstərdiyi səylərə görə minnətdarlığını bildirdi. İki lider arasında keçirilən görüşdə qondarma “erməni soyqırımı”nın 2015-ci ildə 100-cü ildönümü ilə bağlı tədbirlərə qarşı addımlar müzakirə edildi və iki ölkənin həm xarici işlər nazirləri, həm səfirliklər, həm diaspora təşkilatları və ictimai təşkilatlar səviyyəsində birgə fəaliyyətlərini möhkəmləndirilməsi qərarlaşdırıldı. Prezident İlham Əliyevin sözlərinə görə, əsas məqsəd “dünyada qondarma “erməni soyqırımı”nın ifşası idi. Bu yanaşma erməni məsələsində Azərbaycan və Türkiyənin ortaq strategiyadan “hücum diplomatiyası”məntiqindən çıxış etməsi mənasına gəlirdi. Çünki 2009-cu ildə Türkiyə-Ermənistan arasında normallaşma prosesi zamanı eyni zamanda Azərbaycan və Türkiyənin erməni strategiyalarının fərqli olduğunu göstərmişdi.
2015-ci il 1915-ci ilin 100-cü ildönümü idi və 2014-cü ilin sonlarından etibarən 1915-ci il hadisələrinin ABŞ-da və dünyada “soyqırımı” olaraq tanınmasının qarşısının alınması üçün Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində fəaliyyətlər artdı. Bu tələblərə qarşı YSSƏŞ-nın 4-cü iclasından sonra mətbuata verdiyi açıqlamada Prezident Rəcəb Tayyib Ərdoğan bu məsələdə geri addım atmayacaqlarını bildirdi. Bu açıqlama Türkiyənin, Dağlıq Qarabağ məsələsinin Azərbaycanın istədiyi şəkildə həll olmadığı müddət ərzində sərhədlərin açılmayacağı mənasına gəlirdi.
Həmçinin R.T. Ərdoğan Prezident İlham Əliyevi 24 aprel 2015-ci ildə Türkiyədə Çanaqqala döyüşlərinin 100-cü il münasibətləri ilə təşkil olunan mərasimə dəvət etdi. Türkiyə, Prezident İlham Əliyevin də iştirak etdiyi Çanaqqala döyüşlərinin 100-cü ildönümünü aprel ayının 24-də təşkil edərək qondarma “erməni soyqırımı”nın 100-cü ildönümünü dünya gündəmində 2-ci plana ata bildi.
2015-ci ilin kritik bir il olması eyni zamanda Rusiya-Türkiyə arasında yaşanan böhrandan irəli gəlirdi. 24 noyabr 2015-ci ildə hava sərhədlərinin pozulması səbəbi ilə Rusiya hava qüvvələrinə aid Su-24 M təyyarəsinin Türkiyə tərəfindən düşürülməsindən sonra iki ölkə arasında münasibətlər ciddi şəkildə pozuldu. Nəhayət, 27 iyun 2016-cı ildə Türkiyə prezidenti R.T.Ərdoğanın Rusiya Federasiyası Prezidenti Vladimir Putinə yazdığı məktub münasibətlərin düzəlməsinə səbəb oldu. Türkiyə-Rusiya münasibətlərinin pozulmasından ən çox zərər görən dövlətlərdən biri də Azərbaycan oldu. Çünki hər iki dövlət Azərbaycanın da yer aldığı Cənubi Qafqazın iki güclü dövləti idi və münasibətlərin pozulması regionda sabitlik və təhlükəsizliyə zərər verirdi. Halbuki Azərbaycan regionun rəqabət platforması deyil, əməkdaşlıq platforması olmasını istəyirdi. Türkiyə-Rusiya münasibətlərinin düzəlməsindən sonra mətbuata açıqlama verən Prezident Əliyev münasibətlərin düzəlməsini ədalətin təmin olunması olaraq qiymətləndirdi. Bu səbəbdən Azərbaycan Türkiyə-Rusiya münasibətlərinin normallaşması üçün çalışdı.
Türkiyənin terrorla mübarizəsinə dəstək
Tərəflər arasında növbəti Şura iclası 2016-cı ilin 18 fevral ayında Bakıda keçirilməli idi və Azərbaycanda prezident Ərdoğanın səfəri üçün bütün hazırlıqlar tamamlanmışdı. Lakin YSSƏŞ-nın iclasından bir gün əvvəl 17 fevral tarixində Türkiyənin paytaxtı Ankaranın mərkəzində hərbiçiləri aparan avtobusa PKK terror təşkilatının hücumu nəticəsində 28 nəfər həyatını itirdi, 61 nəfər isə yaralandı. Bu hadisədən sonra Bakıda keçiriləcək Şuranın və Prezident R.T.Ərdoğanın səfərinin vaxtı mart ayına dəyişdirildi. Lakin səfərdən əvvəl 13 mart tarixində Ankarada 34 nəfərin ölümü və 71 nəfərin yaralanması ilə nəticələnən PKK tərəfindən həyata keçirilən ikinci terror hadisəsi baş verdi. 14 mart tarixində Prezident Ərdoğanın Bakı səfərinin ləğv edildiyi açıqlandı. Eyni gün Prezident Əliyevin Şura toplantısının keçirilməsi üçün Ankaraya səfər edəcəyi açıqlandı və 15 mart tarixində YSSƏŞ-nın növbəti iclasının keçirilməsi üçün Ankaraya səfər etdi. Prezident Əliyevin bu jesti Türkiyədə istər xalq, istərsə də siyasətçilər nəzdində təqdirlə qarşılandı. Türk mətbuatı bu xəbəri “Sən gələ bilmərsən mən gələrəm”, “Əliyevdən Böyük Jest”, “Qardaş Ölkədən Böyük Jest” kimi manşetlərlə verdi.
Şura yığıncağından sonra Prezident R.T.Ərdoğan Azərbaycan prezidentinə, “qaragün dostu olduğu üçün təşəkkür edərək,” bu cür jestlərə əhəmiyyət verdiyini göstərdi. Prezident İlham Əliyev keçirilən mətbuat konfransında Ankarada yaşanan terror hadisələrini qınayaraq bu hücumların Türkiyənin tutduğu yoldan döndərə bilməyəcəyini qeyd edərək, Ankaranın həyata keçirdiyi müstəqil xarici və təhlükəsizlik siyasətinə dəstək verdi.
2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan arasında yaşanan və Azərbaycan ordusunun strateji yüksəklikləri azad etməsi ilə nəticələnən 5 günlük müharibədə Türkiyə Azərbaycanın yanında yer aldı. Azərbaycan ordusu “Lələtəpə” və “Talış” strateji yüksəkliklərini ələ keçirdərək 2000 m2 sahəni düşmən işğalından azad etdi. Bu döyüşlərin başlamasında Ermənistan Prezidenti Serj Sarqsyan Türkiyəni də günahlandırdı. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyəni günahlandırmaq üçün əldə sübut olmadığını qeyd etdi. Döyüşlər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, “Türkiyə Qarabağ məsələsində ən başından bəri Azərbaycanın yanındadır, yanında olmağa davam edəcəkdir” deyərək Azərbaycanı dəstəklədi. Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə döyüşlərin Ermənistan tərəfindən 1-2 aprel tarixlərində işğal altındakı ərazilərdən top atəşləri ilə mülkü əhalini öldürülməsi nəticəsində başladığını bildirərək Azərbaycanla eyni mövqedən çıxış etdi. Türkiyə xarici işlər naziri Mevlüd Çavuşoğlu isə 9 apreldə mətbuata verdiyi açıqlamada, “Azərbaycan bizdən hansı mövzuda kömək istəyərsə, ehtiyac hiss edərsə, Azərbaycanın yanındayıq” açıqlamasını verdi.Qısası, 2016-cı ilin aprel döyüşlərində Türkiyə siyasiləri və ictimaiyyəti Azərbaycanı dəstəklədi.
2016-cı ildə erməni məsələsində qarşılıqlı dəstək davam etdi. 2016-cı ilin iyun ayında Almaniya patlamentinin 1915-ci il hadisələrini “soyqırım” olaraq qəbul etməsindən sonra Azərbaycan Xarici İşlər Nazirliyi bir bəyanat verərək bu qərarı pislədi. 4 iyun tarixində Türkiyə Respublikasının Baş naziri Binalı İldırımın Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev Almaniya parlamentinin qərarını ədalətsizlik, ikili standart və tarixin təhrif olunması olaraq qiymətləndirdi. Binəli İldırımın səfəri zamanı Azərbaycanda Dünya Azərbaycanlılarının IV qurultayı keçirilirdi və qurultayın gündəm maddələrindən biri xaricdə iki ölkə diasporunun birgə fəaliyyəti oldu.
2016-cı ilin 15 iyul tarixində Türkiyədə baş verən uğursuz hərbi çevriliş cəhdi Azərbaycan-Türkiyə münasibətləri baxımından imtahan oldu. Hərbi çevrilişin baş verməsində “Gülən” dini qruplaşmasına bağlı hərbiçilər günahlandırıldı. Çevriliş cəhdindən sonra Türkiyə dövləti və hökuməti müttəfiqlərindən üç vacib məsələdə dəstək gözlədi. Birincisi, hərbi çevriliş cəhdini qınayaraq, demokratik yolla seçilən hökuməti dəstəkləmək. İkincisi, hərbi FETÖ terror təşkilatının ölkələrindəki fəaliyyətinə son vermək. Üçüncüsü, çevriliş cəhdi nəticəsində Türkiyədən qaçanları həbs edib Türkiyəyə təhvil vermək. Bir çox müttəfiqi Türkiyənin hərbi çevriliş cəhdindən sonra bu tələblərinə cavab vermədiyi halda, Azərbaycan Türkiyə hökumətinin yanında yer aldı və tələblərini yerinə yetirdi. İlk əvvəl 16 iyul tarixində Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi açıqlama verərək 15 iyulda yaşanan hərbi çevriliş cəhdini demokratik yolla seçilən hökumətə qarşı qanunsuz addım olaraq qiymətləndirdi. Daha sonra Prezident İlham Əliyev Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vuraraq, hərbi çevriliş cəhdinin Türkiyə dövlətinə və xalqının demokratik yolla seçdiyi hökumətinə qarşı bir cinayət olduğunu və Azərbaycan dövləti və xalqının Türkiyənin yanında olduğunu bildirdi. Bundan başqa, Azərbaycanın qeyri-hökumət təşkilatları nümayəndələri, millət vəkilləri və digər rəsmi vəzifəli şəxsləri hərbi çevriliş cəhdinə qarşı Türkiyə hökumətini dəstəklədi. Azərbaycan eyni zamanda 15 iyul hərbi çevriliş cəhdini həyata keçirməklə günahlandırılan FETÖ-ya mənsub şirkət və məktəbləri bağladı. Türkiyə Respublikası Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın bu addımını digər ölkələrə nümunə göstərdi. O, FETÖ fəaliyyətlərinin qarşısının alınması üçün ən güclü dəstəyin Azərbaycandan gəldiyini qeyd etdi. Bundan sonrakı mərhələdə Azərbaycan və Türkiyə kəşfiyyat orqanları FETÖ-yə mənsub şəxslərin həbs olunaraq Türkiyəyə verilməsində əməkdaşlıq etdi.
Bakı-Tiflis-Qars Dəmiryolunun inşası sürətləndi
2017-ci il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü səbəbi ilə Azərbaycan-Türkiyə münasibətləri üçün əlamətdar bir il oldu. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti görüşü 2017-ci ilin oktyabr ayının 31-də Bakıda keçirildi. Bu görüşü əhəmiyyətli edən hadisə isə 30 oktyabr tarixində Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu layihəsinin açılış mərasimi oldu. 2007-ci ildə Azərbaycan-Türkiyə-Gürcüstan arasında imzalanan və inşaatı 10 il çəkən BTQ sadəcə bu üç ölkənin deyil, şərq-qərb nəqliyyat qovşağının əhəmiyyətli bir parçası oldu. Bu, Türkiyənin Mərkəzi Asiya Türk Respublikaları ilə nəqliyyat, ticarət və turizm əlaqələrinə müsbət təsir göstərə biləcək potensiala sahib bir layihədir. Bu cəhətdən Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından vacib rol oynayır. BTQ-nin açılış mərasimində Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri də iştirak etdi. Dəmiryolunun açılış mərasimində çıxış edən Türkiyə prezidenti layihənin ölkələrimizə sadəcə iqtisadi mənfəət yox, eyni zamanda regiona siyasi cəhətdən sülh, təhlükəsizlik və sabitlik gətirəcəyini, ölkələr arasında məlumat mübadiləsini təmin edəcəyini ifadə etdi. Lakin BTQ-nin tam gücü ilə işə düşməməsi səbəbindən yükdaşıma gücünün artırılması YSSƏŞ-nin gündəm mövzularından biri olaraq qalır.
BTQ-nin açılışından bir gün sonra 31 oktyabrda Şuranın 6-cı iclası keçirildi. İclasda siyasi əlaqələr, beynəlxalq təşkilatlardakı birgə fəaliyyət, iqtisadi sahədə əməkdaşlıq, hərbi, hərbi-texniki əməkdaşlıq, təbii ki, enerji, nəqliyyat məsələləri müzakirə edildi.
Siyasi münasibətlərin 100-cü ildönümü
2018-ci il Azərbaycan üçün və Azərbaycan-Türkiyə siyasi münasibətləri üçün xüsusi əhəmiyyətli il oldu. Belə ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünü qeyd edildi və AXC 1918-ci il iyun ayının 4-də ilk müqaviləni Osmanlı Dövləti ilə imzalayaraq indi olduğu kimi 100 il əvvəl də iki ölkə arasında strateji müttəfiqlik münasibətləri formalaşmışdı.
Bakının 1918-ci il 15 sentyabr tarixində işğaldan azad olunması üçün Osmanlı və Azərbaycan ordusu əməkdaşlıq etmişdi. Qısası, 2018-ci il iki dövlət arasında siyasi və hərbi münasibətlərin qurulmasının 100-cü ildönümü hesab oluna bilər.
2018-ci ildə Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyev qalib gəldi və seçkilərdən sonra ilk xarici səfərini ənənəyə sadiq olaraq 25 apreldə Türkiyəyə etdi. Səfər zamanı Ankarada YSSƏŞ-nın növbəti iclası keçirildi. İclasdan sonra mətbuata verdiyi açıqlamada Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi anti-terror əməliyyatı olan “Zeytun Budağı” əməliyyatında Azərbaycan dövləti və xalqının Türkiyənin yanında olduğunu qeyd etdi. Buna qarşılıq olaraq Türkiyə Prezidenti R.T.Ərdoğan prezident İlham Əliyevlə birlikdə hərbi, iqtisadi, ticarət, mədəni hər sahədə çalışmağa hazır olduqlarını bildirərək yeni dövrdə də iki lider arasında siyasi həmrəyliyin davam edəcəyi mesajını verdi.
Bu səfərdən sonra 12 iyun tarixində TANAP-ın Əskişəhərdə açılışı üçün prezident İlham Əliyev Türkiyəyə təkrar səfər etdi. Hər iki lider açılış çıxışında, layihənin Azərbaycan-Türkiyə arasındakı qarşılıqlı siyasi etimadın nəticəsində ortaya çıxdığını qeyd etdi. TANAP-ın açılışı eyni zamanda 24 iyunda Türkiyədə keçirilən prezident seçkilərindən əvvəl həyata keçirildi.
Türkiyədə 24 iyunda keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52 % səs alaraq Türkiyənin növbəti prezidenti oldu. Prezident andiçmə mərasiminin səhəri günü 10 iyul tarixində Azərbaycana səfər etdi və iki lider ölkələr arasındakı siyasi münasibətləri və həyata keçirdilən layihələri müzakirə etdi.
R.T.Ərdoğanın növbəti səfəri Bakının Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyəti Ordusu ilə birlikdə işğaldan azad edilməsinin 100-cü ildönümünü qeyd etmək məqsədi ilə sentyabr ayının 15-də həyata keçirildi. Mərasimdə çıxış edən Prezident İlham Əliyev iki ölkə arasında siyasi əlaqələrin ən yüksək zirvədə olduğunu qeyd etdi.
2019-cu ildə iki ölkə arasında YSSƏŞ-nın iclası keçirilmədi, lakin siyasi həmrəylik və dəstək qarşılıqlı olaraq davam etdi. 8 oktyabr 2019-cu ildə Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK-nın Suriya qolu olan YPG\PYD-yə qarşı keçirdiyi əməliyyat Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən dəstəkləndi. “Sülh Mənbəyi” əməliyyatına 15 oktyabr 2019-cu ildə Bakıda keçirilən Türk Dilli ölkələrin Əməkdaşlıq Şurasının bəyannaməsində də dəstək verildi. Bu dövrdə “Sülh Mənbəyi” əməliyyatı Avropa İttifaqı, ABŞ Konqresi və Ərəb Birliyi tərəfindən tənqid olunmuşdu.
2019-cu ildə Azərbaycan eyni zamanda ABŞ Nümayəndələr Palatasının 29 oktyabrda çıxarmış olduğu “qondarma erməni soyqırımı” qərarına qarşı da Türkiyəni dəstəklədi. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu qərarı qərəzli və ədalətsiz qərar adlandırdı. Bundan başqa Azərbaycanı millət vəkilləri, ekspertlər və ictimaiyyət ABŞ Nümayəndələr Palatası qərar layihəsinə qarşı çıxaraq Türkiyənin mövqeyini dəstəklədi. 30 noyabr 2019-cu ildə Cənubi Qaz Koridorunun əsas hissəsi TANAP-ın ikinci fazasının Türkiyə-Yunanıstan sərhədində açılışı oldu və bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyəyə səfər etdi. Beləcə Azərbaycanın Şahdəniz-2 layihəsi çərçivəsində çıxardılan təbii qaz Avropa sərhədinə vaxtında çatmış oldu.
Cənub Qaz dəhlizinin üçüncü hissəsi - Yunanistan-Albaniya-İtalyanı birləşdirən Trans-Adriyatik Qaz Kəmərinin 2020-ci ildə tamamlanması gözlənilir. Bu borukəməri vasitəsilə Şahdəniz-2 layihəsindən ilk mərhələdə 6 milyard m3 Türkiyəyə, 10 milyard m3 isə Avropaya olmaq üzrə 16 milyard m3 qaz ixrac olunacaq. Sonrakı mərhələdə bu qazın miqdarının 24 milyard və 31 milyard m3-ə qədər artırılması düşünülür. Gələcəkdə isə Mərkəzi Asiya, İran qazı da bu xətt vasitəsilə Avropaya ixrac oluna bilər.
Şuranın yaradılmasından sonra iki ölkə arasında yaşanan siyasi yaxınlaşma Türkiyə və Azərbaycan ictimaiyyəti tərəfindən də ciddi dəstək gördü. Türkiyədə keçirilən rəy sorğularında 2013-cü ildən etibarən Azərbaycana yüksək inam nümayiş etdirdiyini görmək mümkündür. Rəy sorğularında Azərbaycan Türkiyənin ən yaxın dostu və xarici siyasətdə etibar edə biləcəyi bir müttəfiq olaraq görülür.
Şəkil 1. Sizcə Türkiyənin ən yaxın “dostu” hansı ölkədir?
Şəkil 2. Sizcə Türkiyə xarici siyasəti həyata keçirdərkən hansı ölkələrlə əməkdaşlıq etməlidir?
Mənbə: Dış Politika Kamuoyu Algıları Araştırması-2018, http://ctrs.khas.edu.tr/post/27/turk-dis-politikasi-kamuoyu-algilari-arastirmasi-2018
Yekun
Azərbaycan-Türkiyə arasında YSSƏŞ-nın qurulması iki ölkə əlaqələrində əməkdaşlığın canlanmasına yol açdı. YSSƏŞ qurulduqdan sonra Azərbaycanın Türkiyəyə satdığı təbii qazın qiyməti YSSƏŞ-nın ilk iclasında öz həllini tapdı. Təbii qazın həllini tapması Azərbaycanın Şahdəniz-2 layihəsindən çıxardılan təbii qazının Avropa və Türkiyəyə satışı üçün tərəflər arasında yeni əməkdaşlıq imkanı ortaya çıxardı. Nəticədə SOCAR, BOTAŞ və BP əməkdaşlığı ilə Trans-Anadolu Təbii Qaz Boru Xətti müqaviləsi imzalandı və TANAP-ın 2018-ci ilin iyun ayında Əskişəhərdə və 2019-cu ilin noyabr ayında isə Türkiyə-Yunanıstan sərhədində açılışı oldu.
Siyasi etimadın yaranması iki ölkə arasında sərmayə hərəkətlərinə də müsbət təsir etdi. Azərbaycan xarici sərmayəsinin 50%-ni Türkiyəyə yatırdı. TANAP və Star Neftayırma zavodunun açılması ilə birgə Azərbaycanın Türkiyədəki sərmayəsi 2020-ci ilin başlarında 18 milyard dollara qədər, Türkiyənin Azərbaycandakı sərmayəsi isə 12.5 milyard dollara qədər artmışdır. Prezident İlham Əliyevin ifadəsi ilə, ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər. Bu isə iki ölkə arasındakı siyasi etibar və etimaddan irəli gəlir.
Azərbaycan Gömrük Komitəsinin rəqəmlərinə görə, 2019-cu ildə Türkiyə Azərbaycan xarici ticarətində 13.54%-lə İtaliyadan sonra 2-ci yerdədir.Tərəflər YSSƏŞ-nın çərçivəsində ticarət həcmini də müzakirə edərək 4 milyard dollardan, 15 milyard dollara qədər artırmağı hədəfləyir. Bu məqsəd üçün YSSIŞ-nın VIII iclasında preferensial ticarət müqaviləsini imzalandı.
Tərəflər arasında YSSƏŞ-nın qurulması ölkələr arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafına müsbət təsir göstərdi. Hər iki ölkədən müdafiə sənayesi rəsmiləri də bu Şura çərçivəsində keçirilən görüşlərdə iştirak etdi. Müdafiə sənayesi sahəsində əməkdaşlığın 2 əsas istiqaməti var: Azərbaycanın Türkiyədən müdafiə sənayesi mallarını idxal etməsi və iki ölkənin müdafiə sənayesi müəssisələrinin birgə məhsul istehsalının təşkili. 2019-cu ildə Azərbaycanın Türkiyədən idxal etdiyi müdafiə sənayesi məhsulları 103.03 % - təxmini 52.572 milyon dollar artdı. Şuranın VIII iclasında bu sahədə əməkdaşlığın gələcəkdə daha da artırılması qərarlaşdırıldı.
YSSƏK-in qurulması ilə birlikdə Azərbaycan-Türkiyə münasibətləri yeni bir dövrə girdi. Eyni zamanda 2010-cu ildə imzalanan Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqavilə ilə iki ölkə münasibətləri strateji əlaqələr səviyyəsindən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. Bu mənada Azərbaycan-Türkiyə münasibətləri baxımından son 10 ilin özünə məxsus xüsusiyyətlərinin olduğunu demək mümkündür: son 10 il ərzində hər iki dövlət arasında iki tərəfli və regional məsələlərdə siyasi həmrəylik artdı; hər iki dövlət maliyyə və siyasi baxımdan regional layihələri birgə həyata keçirməyə başladı; hər iki dövlət arasında ticarət həcmi artdı; iki dövlət qarşılıqlı sərmayə yatırımını artırdı; hər iki dövlət arasındakı siyasi həmrəylik regionda siyasət qurucu dövlət olmağına imkan yaratdı; hər iki ölkədə siyasi hakimiyyət xarici və xaricdən dəstəklənən təhlükə ilə qarşı-qarşıya qaldığı zaman bir –birinə dəstək verdi; ümumilikdə erməni problemi olaraq adlandırılan Azərbaycan torpaqlarının işğalı və 1915-ci il hadisələri məsələlərində iki ölkənin hökuməti ortaq strategiya mənimsədilər; Türkiyənin terrora qarşı mübarizəsində Azərbaycan Türkiyəyə dəstək verdi; siyasi həmrəylik və etimad nəqliyyat və enerji layihələrinin həyata keçirilməsini sürətləndirdi.
Cavid Vəliyev,
BMTM şöbə müdiri
Paylaş: