Şimali Koreya ABŞ-a qitələrarası ballistik raket zərbəsi endirməyə cəhd edəcəyi halda cavab zərbəsi cəmi 10 dəqiqəyə gerçəkləşəcək.
Axar.az xəbər verir ki, bunu “Asoşeyted Press”ə müsahibəsində qlobal təhlükəsizlik məsələləri üzrə ekspert Devid Rayt və “ST Analitiks”in raket texnologiyaları üzrə mütəxəssisi Markus Şiller deyib.
Mütəxəssislər Şimali Koreyanın belə addım atacağı halda hadisələrin tez bir zamanda nəzarətdən çıxacağını və baş verənlərin miqyasını əvvəlcədən təyin etməyin asan olmadığını bildiriblər.
Hadisənin miqyası raket zərbələrinin təyinatından böyük ölçüdə asılı olacaq. Rəsmi Pxenyan həm nüvə başlıqlı raketlərdən, həm də bir qədər əvvəl sınaqdan keçirdiyi kimyəvi və bioloji silahlardan istifadə edə bilər. Ağ Evdə isə Pxenyanın ABŞ-ı hədəf almağa qadir olan raket sistemlərinə malik olmadığı düşünülür. Əgər Şimali Koreyanın ABŞ-ı vurmaq barədə bəyanatları həqiqəti əks etdirirsə, o zaman raketin buraxılmasından cəmi 30 dəqiqə sonra Los Anceles xəritədən silinə bilər.
“Şimali Koreyadan 11 min kilometr uzaqlıqda yerləşən Nyu York və Vaşinqtona nüvə başlığına sahib raketlərlə zərbə endirmək üçün 40 dəqiqə lazım olacaq. Pxenyanın hədəf olaraq Seul və Tokionu seçəcəyi halda isə həmin şəhərlərin əhalisinin xilas olmağa analoji olaraq 6 və 11 dəqiqə vaxtları qalacaq”, - ekspertlər əlavə edib.
Ekspertlər ilkin zərbənin hansı nöqtəyə endirilməsinin çox vacib olduğunu və ilk hədəfin seçilməsi zamanı ən ağlabatan variant kimi Cənubi Koreyanın Pusan şəhərinin vurulmasını göstəriblər. ABŞ donanmasının bölgədə ən çox istifadə etdiyi liman hesab olunan həmin şəhərin vurulması strateji cəhətdən daha vacib ola bilər. Bu zaman ABŞ ordusuna Şimali Koreyanı yerüstü hədəflərdən vurmaq üçün 5, donanmanın cavab zərbəsi endirməsi üçün isə cəmi 15 dəqiqə vaxt kifayət edəcək.
Paylaş: