
Nazim Əkbərov,
Pedaqoq-publisist
“Sosialist inqilabınadək Azərbaycan başdan başa savadsızlar ölkəsi idi.”
Bu cümlə gənc nəslə tanış olmaya bilər, amma bizim nəsil bu iddiaya hələ məktəbdə rast gəlir, beyinlərinə, qəlblərinə həkk olunanadək təkrar etdirilir, elmi məqalələrdə, məruzələrdə, qəzet, radio və televiziya verilişlərində təbliğ olunurdu. Buna görə də bu anlayış şüuraltımıza hopmuş, günümüzədək gəlib çıxmışdır. Bu səbəbdəndir ki, bu gün də bu cümləni bu və ya başqa şəkildə həvəslə təkrar edənlər vardır.
Əvvəla, bu ağ yalandır. Bu yalanı uyduranlar və təbliğ edənlər, hər halda güzgü qarşısında dayanmışlar və güzgüdə gördüklərini Azərbaycana (oxu: Orta Asiya xalqlar, müsəlman aləmi) şamil edirdilər.
XX əsrin başlanğıcınadək dünyanın bir çox yerlərində, hətta hər yerində savadlı adamlara bu günkü kimi ehtiyac hiss edilmirdi. Bu ehtiyac kapitalist ictimai-siyasi quruluşunun meydana çıxmasından sonra ortaya çıxdı. O zamanadək savadlı adam deyəndə daha çox oxumağı, yazmağı bilən və hesablamağı bacaran adam başa düşülürdü. Azərbaycanda və islam coğrafiyasında uşaqların təhsili ən ümdə məsələ idi və hər kəs övladını mədrəsələrə göndərmək Allah qarşısında bir borc olaraq qəbul edilirdi. Hətta “Bu uşağın əti sənin, ümüyü mənim,” deyimi də o qədim əsrlərdən süzülərək bizə gəlib çatmşdır və əcdadlarımızın biliyə, savada verdiyi əhəmiyyəti bariz şəkildə ifadə edir. Məktəbə ehtiyacı olmayan adam niyə bunu desin ki?
Mədrəsələrdə ibtidai təhsilini başa başa vuranlar arasında daha dərin biliklərə sahib olmaq istəyənlər fiqh, təfsir, hədis, kəlam kimi sahələrdə təhsillərini davam etdirirdillər. Fiqh, təfsir, hədis, kəlam bir çoxlarında yalnız dar dini biliklər kimi başa düşülə bilər, lakin işin həqiqətinə baxanda, bu elmləri öyrənmək bugünkü müasir elmlərin hamısını – fizikanı, kimyanı, riyaziyyatı, biologiyanı, astronomiyanı, ədəbiyyatı, tarixi, sosiologiyanı, psixologiyanı, hərb elmini, əxlaqı mükəmməl öyrənməyi tələb edir.
Nizami, Füzuli, Xaqani, Nəsimi, Zeynalabdin Şirvani, Nəsrəddin Tusi, bir sözlə, minlərlə mütəfəkkirimiz, dahimiz Lomonosov adına Moskva Dövlət Universitetində, yaxud, Oksford, Kembric kimi universitetlərdə təhsil almamışdılar. Bunlar hamısı - müsəlman dünyasına məxsus olan sərkərdələr, astronomlar, səyyahlar, riyaziyyatçılar, fiziklər, kimyaçılar, təbiblər hamısı həmin o məscidlərdə, mədrəsələrdə təhsil almışdılar və elmi kəşfləri ilə bu günədək dünyanı heyrətə salmağa davam edirlər.
Yuxarıdakı fikrin müəllifi olan Rusiya isə XIX əsrin 61-ci ilinədək hələ də utandığından adını təhkimçilik qoyduğu quldarlıq dövrünü yaşayırdı. Təhkimli kəndliyə (qullara) isə oxuyub-yazmaq gərək deyildi. Bu baxımdan həmin cümlənin güzgünün qarşısında dayanmış adam tərəfindən irəli sürüldüyünə əminik. Buna görə rus yazısı və yazılı ədəbiyyatı bizdən çox-çox əsrlər sonra – XVIII əsrin sonlarında, XIX əsrdə meydana çıxmışdı. Nizami, Füzuli poemalar yazanda Rusiya hələ əlifbaya belə sahib deyildi. Kilsələrdə oxunan dualar əksəriyyət etibarı ilə latınca oxunur(du).
O zaman bu sual meydana çıxır: Nə üçün bu iddia ortaya atılmışdı, məqsəd nə idi və nə üçün üzərində bu qədər israrla durulurdu?
Cavab çox sadədir. Çünki işğalçı, müstəmləkəçi üçün əsir etdiyi xalqı bir neçə yalana, o cümlədən bu yalana inandırması lazım idi ki, zülm altında saxladığının boynuna minnət qoya bilsin, yerini bərkidə bilsin. Müstəmləkəçi, zülmün hakim olduğu dövlətlərdə təbliğat maşınının işləyiş qaydası belədir, min doğrunun içərisində bir-iki yanlışı götürüb bunun üzərində dayanır, dayanmadan təkrar edir, qəlblərə, hafizələrə yerləşdirənəcən bu işdən vaz keçmir. O qədər təkrar edir ki, 99 faiz həqiqət yaddan çıxır, unudulur, yerində 1 faiz yalan qalır, yaşayır.
Azərbaycan Rusiya tərəfindən işğal edilməsəydi, heç şübhəsiz, burada da təhsil sistemi, zamanın tələbinə uyğun olaraq, daha geniş təbiət elmlərini əhatə etmək baxımından dəyişikliyə məruz qalacaqdı. Həmin tezisdəki həqiqət payına gəldikdə isə, XVIII əsrdən başlayaraq Azərbaycan ərazisində elmin, tərəqqinin yavaşlaması, XIX əsrdən XX əsrə keçənədək müharibələr, daxili çəkişmələr, xarici təzyiqlər nəticəsində təhsilin geriləməsi, cəhalətin daha da qabar(dıl)ması ilə nəticələnirdi. Bəs kim idi Azərbaycanı, onun sakinlərini, xüsusən də müsəlman əhalisini bu inkişafdan məhrum edən?
XVIII əsrdə xristian dövlətlərinin Osmanlıya qarşı mübarizəsində ən yaxın müttəfiqi olan Persiya (İran) Səfəvi dövləti (imperiyası) sürətlə zəifləyib tarix səhnəsindən silinib gedirdi (oxucu “Persiya Səfəvi dövləti” ifadəsinə görə əsəbləşməsin, rəsmi sənədlərdə dövlətin adını oldu kimi yazıram). Əvəzində, Rusiya mərkəzi hakimiyyəti güclənərək geniş iqtisadi və hərbi-siyasi islahatlara əl atmış, hərbi gücü sayəsində öz ərazilərini genişləndirməyə başlamışdı. Hətta bu genişlənməkdə o qədər həris idi ki, bir müharibəni başa vurmamış bir başqasına girişməkdən çəkinmirdi. Avropa ilə ortaq düşməni olan Osmanlını dağıtmaq üçün digər imperiya dövləti olan Britaniya ilə baş-başa verib yollar axtarır, dünyanı öz aralarında bölüşdürməyi də unutmurdular. Nəticədə 1722-1735-ci illərdə Azərbaycanın Xəzəryanı əraziləri artıq çar Rusiyasının tərkibinə daxil edilmişdi.
Bu tələni anlayan və ona mane olmaq istəyən Osmanlı dövləti hərəkətə keçmiş, 1724-cü il İstanbul Müqaviləsinə əsasən Azərbaycan ərazisi Osmanlı dövləti ilə Rusiya arasında bölünmüşdü. Bu pay-püşk işində Persiyaya da bir şey düşmüdü - Rəşt (1732) və Gəncə (1735) müqavilələrinə görə, Xəzəryanı ərazilər Rusiyanın nüfuz dairəsindən İranın – Persiyanın nüfuz dairəsinə keçmişdi.
1736-cı ildə səfəvilər dövründəki bəylərbəylik sistemi ləğv edilmiş və 4 bəylərbəylik birləşdirilərək vahid Azərbaycan vilayəti yaradılmışdı.
Çar Rusiyası Qafqaz, Türküstan adlanan Orta Asya, Yaxın Şərq, hətta Hindistan, Afrika qitəsinədək uzanan iki müsəlman imperiyasını bir-birinə qarşı qoymaq, onları zəiflədib hər ikisini aradan qaldırmaqla ərazilərini genişləndirmək, yeni bir imperiya təsis etmək yoluna qədəm qoymuşdu. Lakin bu dəfə qarşısına heç gözləmədiyi, bəlkə, lazımınca qiymətləndirə bimədiyi yeni Şərq imperatoru Nadir şah (Nadirqulu xan da deyirdilər) çıxmışdı. Nadir şah Səfəvilərin indiyədək apardıqları siyasətin istiqamətini 180 dərəcə dəyişdirmişdi. Nadir şah hərbi və diplomatiya dühası ilə siyasəti ilə rusları da, ingilisləri də asanlıqla aldada bildi, onlara həm diplomatiya masası başında, həm hərb meydanlarında qələbə çala bildi. Xristian dünyası üçün ən böyük təhlükə Nadir şahın şiə və sünni məzhəblərini birləşdirmək cəhdi oldu. Bu onların heç birinin işinə yaramırdı. Necə yəni Cəfəri məzhəbini sünni məzhəblərinin beşincisi olaraq qəbul etdirmək? Bu İslam dünyasının gücünün ikiqat, bəlkə on qat artması demək idi. Rusiya da, Britaniya da yaxşı başa düşürdü ki, Nadir şahı aradan qaldırmadan məqsədlərinə çata bilməyəcəklər.
Nadir şahın sarayına casuslar, sui-qəsdçilər göndərilir, saray qazan kimi qaynayırdı. “Qaynayan qazanın” başında Azərbaycan bəylərbəyi İbrahim xanın qardaşı, Məşhəd valisi Adil xan, tam adı ilə Əliqulu xan Əfşar dayanırdı. 1747-ci ildə imperator Nadir xan Əfşar xaincə qətl edildi, başı kəsilərək Əliqulu xana göndərildi. O, bu başı ağalarından hansına göndərdi, bunu bimirik.
Düşmənlər arzularına çatdılar, məqsədlərini həyata keçirməyə başladılar. Bundan sonra Azərbaycan ərazisi 30 kiçik hissələrə - 20 xanlığa, 5 sultanlığa və 5 məliklikliyə ayrıldı və bu cırtdan dövlətləri ələ keçirmək üçün Rusiya, Persiya və Osmanlı dövləti arasında bəzən gizli, bəzən açıq mübarizə gedirdi. Bir tərəfdən də “Parçala, hökm sür!” siyasətinin gərəyi olaraq bu cırtdanlar arasında da fitnə, təfriqə alovu qalanırdı. Xanlar və xanlıqlar arasında kin, nifrət, ədavət, intiqam, qisas hisləri onları bir-birinə düşmən hala gətirmişdi. Bu mənzərəni ən parlaq şəkildə təsvir edən mərhum şairimiz Məmməd Arazdan bir kiçik iqtibas:
“Məndən ötdü...
Bunu dedi Şəki xanı,
Bunu dedi Bakı xanı,
Bunu dedi İbrahim xan,
Fətəli xan, Kəlbəli xan...
Qəza məndən ötsün,-dedi.
Ötən kimi “mən-mən” dedi.
“Mən-mən” dedi bir ölkədə
Nə qədər xan.
Onlar “mən-mən” deyən yerdə
Sən olmadın, Azərbaycan!”
Və sair və ilaxır. Şeiri bütünlüklə, başdan sonacan bilənlər bilir, vəziyyət gündən günə ağırlaşır, hər tərəfdən qan iyi gəlirdi. Bu hadislərin cərəyan etdiyi bir coğrafiyada, dövlətdə təhsil məsələsindən cəsarətlə danışmaq mümkündürmü? Keçinin can hayında, qəssabın piy dərdində olduğu bir zamanda məktəb, mədrəsə kimin yadına düşər? Hansı elmdən, hansı inkişafdan danışmaq olar?
1797-ci ildə Persiyanın əvvəlki gücünü bərpa edən Ağa Məhəmməd şah Qacar Şuşada, eyni ilə Nadir şah kimi qətlə yetirildi və bundan sonra Qafqazda çar Rusiyasının əl-ayağı açıldı, Azərbaycan uğrunda mübarizə daha da şiddətləndi və çox keçmədən, 1813-cü ildə - hələ Napoleon Banopart Fransasının hücumundan aldığı yaraları sarmağa macal tapmayan Rusiya Qafqazda möhkəmlənmək üçün Persiyaya qarşı müharibəyə girişdi.
Bura qədər ərazidə baş verən hadisələrə dair qısa izahatımıza son verib müharibə nəticəsində Rusiyanın ələ keçirdiyi Şimali Azərbaycanda və ümumən Qafqazda mövcud vəziyyətə nəzər salmaq istəyirik.
Rusiya durmadan ərazisini genişləndirməyə çalışır, müharibədən müharibəyə keçirdi. Digər müstəmləkəçi olan Britaniya ilə razılaşmış, Asiya qitəsində hökmranlığı paylaşmışdılar. Hindistan, Hind-Çin yarımadasını Britaniya, Qafqazı, Orta Asiya Türküstanını və Uzaq Şərqədək olan əraziləri Rusiyanın payına düşmüşdü. Lakin Rusiyanın bir müşkül məsələsi var idi. Onun kəskin olaraq insan ehtiyatına ehtiyacı var idi. Ardı-arası kəsilməyən müharibələr insan ehtiyatlarını tükətmişdi, digər tərəfdən, işğal edilən ərazilərdə isə yerli, etibarlı kadrlara və insan ehtiyatlarına ehtiyac var idi. Gözünü Persiya və Osmanlı ərazisindəki ermənilərə dikdi. Ermənilərə çoxdankı arzularını həyata keçirmək, Dənizdən dənizə Böyük Ermənistan dövləti qurmaq sözü verib 90 min ermənini Persiya və Osmanlı ərazilərindən Qafqaza, əsasən də Bakıya və Azərbaycanın digər ərazilərinə köçürə bildi.
Rusiyanın ələ keçirdiyi Qafqazın əhalisinin əksəriyyəti müsəlman idi və ən təhlükəlisi, müsəlman olmaqla yanaşı, eyni zamanda türk idi. Türklər isə beş əsrə yaxın idi İslamın bayraqdarı idilər, böyük, çox böyük ərazilərə hökm edir, İslamın xəlifəliyini həyata keçiridilər. Ona görə də Qafqaz müsəlmanlarını kölələşdirmək bir günün, beş günün məsələsi deyildi. Hələ onları qırıb buradan qovmaq heç mümkün deyildi. Bir ovuc müsəlman Şeyx Şamilin başçılığı ilə iyirmi il məğlubedilməz sayılan rus ordusuna qarşı dayanmış, onlara Qafqazda möhkəmlənmək imkanı vermirdilər. Qafqazın hər yerində rus işğalçılarına qarşı çıxışlar, üsyanlar baş qaldırır, onları yatırtmaq xeyli çətin olurdu.
Daha çətini bundan ibarət idi ki, Osmanlı dövləti də, Persiya da, Orta Asiya da, hətta Rusiyanın ilhaq etdiyi ərazilərin yarıdan çoxu türklər tərəfindən idarə olunurdu və bu Rusiya üçün də, Avropa üçün də ən böyük təhlükə idi. Buna görə də hələ Şimali Qafqazı, Xəzər boyu əraziləri ələ keçirməzdən əvvəl buranın idarə edilməsinə xristian dinidən olan erməniləri şərik etməyə məcbur idi, çünki bu yeni əraziləri təkbaşına idarə etmək üçün kifayət qədər insan ehtiyatına malik deyildi. Müharibələrdə on minlərlə, yüz minlərlə insan öldürülmüş, ölənlərdən on qat çoxu əlil, şikəst olmuş, evlər, kəndlər, şəhərlər, yollar, körpülər dağıdılmışdı, ölənlərin, sırdan çıxanların yerini dolduracaq etibarlı xristian əhali yox idi.
Böyük və Kiçik Qafqazın türk-müsəlman əhalisini buralardan qovmaq, öldürmək, qırmaq üçün ermənilərə rahat həyat təmin etmək lazım idi. Şimali Qafqazdakı müsəlmanlara qarşı çoxəhatəli mübarizə - soyqırım başladıldı. Müsəlmanları qırıb qurtarmağın mümkün olmadığını yaxşı başa düşən Rusiya burada başqa bir qətliam - yerli müsəlman əhalini kölələşdirmək siyasəti həyata keçirməyə girişdi. Qafqaz müsəlmanları bir əsrlik müharibələrdə yorulub əldən düşmüş, elmdən, təhsildən uzaqlaşmışdı. Həm də tərəflər arasındakı güc qeyri-bərabər idi. Rusiya müstəmləkəçiləri işə dövlət səviyyəsində girişmişdi. Belə olan təqdirdə əhalini cahilləşdimək çətin olmamalı idi.
İşə təhsildən başladılar. Əvvəlcə məscidlər yanında mədrəsələri – milli məktəbləri bağlamağa girişdilər, onların fəaliyyətlərinə maneələr qoydular, əhalini məscid və mədrəsələrdə müasir elmlərdən uzaq tutmaq üçün tədbirlər gördülər. Yeni məktəblər açmaq xeyli çətinləşdirildi, onların yerində tədricən və birbaşa çarın nəzarəti altında olan rus məktəbləri açmağa başladılar. Lakin bu iş ləng gedirdi. İnsan resurları qıtlığı arasında pedaqoji kadr çatışmazlığı da var idi, üstəlik, yerli əhali xristian məktəblərə etibar etmir, uşaqlarını ora vermirdilər. İstər-istəməz yerli əhali arasından zəka səviyyəsi yüksək olan uşaqları alıb yetişdirmək lazım gəlirdi. Bu işə başlandı.
Eyni zamanda, xalqın hərəkətverici qüvvəsi olan təbəqəni – müsəlman dinin başçlarını da dövlət nəzarəti altına almaq lazım gəlirdi və bu məktəb qədər əhəmiyyətli idi. Qafqaz Müsəlmanları İdarəsi adlı qurum təsis edildi. Molla, axund sinifləri dövlət nəzarətinə alındı. Tədricən bütün məscidlər, ondakı axund və molla kadrları, məsciddaxili fəaliyətlər, ibtidai sinif səviyyəsində mədrəsələr dövlət nəzarəti altına alındı, məscidlərə molla və axundları dövlət özü təyin etməyə başladı. Təyin edərkən də, şübhəsiz, öz məqsədinə uyğun, onun məramına xidmət edəcək kadrlara üstünlük verirdi. Bu sahədə qıtlıq yox idi, bir əsr əvvəl ingilislər münafiq islam liderləri kadrlarını yetişdirməyə başlamışdılar. Mədrəsə və məktəb açmaq səlahiyyətini isə çar – imperator birbaşa öz ixtiyarında saxlayırdı. Məktəblər yalnız imperatorun fərmanı ilə açıla bilirdi.
Cəmiyyəti idarə edən, öz arxasınca aparan kadrlar arasında bəylik instututuna da əl atıldı. Bəylik institutu ləğv edildi, bəy titulunu vermək birbaşa əlahəzrət çara həvalə edildi. Belə olan halda molla və axundlar kimi bəylər də yalnız hakim dairələrin razılıq verdikləri şəxslər arasından təyin eilməyə başladı. Beləliklə, cəmiyyətin idarə olunması tamamilə ələ keçirilmiş oldu.
Mətbuat orqanları da dövlətin əlində cəmləşdiyi üçün müsəlmanlara qəzet, jurnal nəşr etmək imkanı verilmirdi. Arada Həsən bəy Məlikovun səyi ilə ana dilində “Əkinçi” adlı qəzet nəşrə başlasa da, iki il tamam olmamış onun nəşri dayandırıldı. Çarizm yalnız XX əsrin əvvəllərində ana dilində məcmuənin nəşrinə icazə verdi. Adı “Molla Nəsrəddin” olaraq xüsusi seçilmiş bu məcmuə də din və din xadimlərini, bəyləri, xanları, ziyalı təbəqəni tənqid edən, ələ salan, təhqir edən məcmuə idi. Elə ilk məqaləsində məcmuənin məqsəd və məramı üzə çıxdı:
“Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım. O kəsləri deyib gəlmişəm ki, mənim sohbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə.
Bu kimi ifadələrlə xalqını acımasızcasına təhqir edən “Molla Nəsrəddin” haqlı idimi? Böyük əksəriyyətlə, bəli. Amma xalqı bu hala gətirənəcən çarizm, imperiya bir əsr çalışmış, çabalamış, qan-tər tökmüşdü. Gəlmə ermənilər ağa, yerli müsəlmanlar nökərə çevirişdi. Məcmuə bu məsələyə heç toxunmurdu. Sən xalqa məktəb açmaq icazəsi vermə, qəzet, jurnal nəşr etməyə qoyma, hərbi xidmətə belə çağırma, o zaman xalq nökər olmayıb nə olacaqdı ki? Bunları et, sonra da dünyaya bağır ki, Sovet hakimiyyətinə qədər Azərbaycan başdan başa savadsızlar ölkəsi idi.
Bir xalqı əsir etmək istəyirsənsə, Makiavelist tövsiyələrə əməl edəcəksən, xalqı özünə nifrət, keçmişinə xor baxan, keçmişindən utanan, əcdadlarını tanımayan, yaxud olduğu kimi deyil, təqdim edildiyi kimi tanıyan, buna görə onlardan xəcalət çəkən, gözü yadlarda olan, dininə xor baxan, dilini bəyənməyən, onu köləliyə sürükləyənləri mədh etməkdən doymayan, bir sözlə, ağalarının (onu əsir edənlərin) adları çəkiləndə ağzının suyu axan kölə xislətli nəsillər yetişdirməyə çalışacaqsan. Elə bu səbəbdən də uzun illər, hətta əsrlər boyu bizə bunu tətbiq ediblər.
Bununla da kifayətlənmədilər, Peyğəmbərimizin (sas) və peyğəmbərlərin karikaturalarını çəkib dərc etdilər. Bu gün xristian dünyasında bir nəfər həddini bilməz peyğəmbərimizin karikaturasını çəkəndə, Quranımızı təhqir edəndə neçə ölkədə müsəlmanlar etiraz səsisini ucaldır, amma bizim mətbuatda onun on qatını edəndə utanıb yerə girmək əvəzinə burnudik gəzirik.
İndi sözüm sizədir, mənim ziyallı qardaşlarım. Keçmişimizə qara yaxmağı bir tərəfə qoyun. Tarix üçün bir əsr, iki əsr bir şey deyildir. Bizim parlaq, göz qamaşdıran keçmişimiz vardır. Keçmişimizi qara göstərən, bizi dənizə töküb yerində Böyük Ermənistan qurmaq sözü verənlər, bu xalqın qanını su yerinə axıdanlar, XX əsrin 90-cı illərində belə ermənilərlə ittifaqa girib İrəvan başda olmaqla Qərbi Azərbaycanı müsəlman əhalinin əlindən alıb oraları boşaldanlar, Azərbaycan ərazisini işğal edib ermənilərə bəxş edənlər, bu əllərindən çıxandan sonra hələ bu gün də inadlarından dönməyən, bizə zülm edənlər utansınlar.
Bəs çarə? Nə təklif edirik? Vəziyyətdən çıxış yolu yoxdurmu?
Əlbəttə, vardır. Bir islam mütəfəkkirinin diqqətimizi yönəltdiyi məsələni – bu günkü təbirlə, problemi həll etmək üçün məsuliyyətimizi dərk etməmiz və hərəkətə keçməmiz tələb olunur. Nədir o islam mütəfəkkirinin məsləhəti? Hər kəsə aydın olsun deyə əsərdən parçanı sadələşdirərək təqdim edirəm. Deyir ki:
Məşhər günü Cənabi-Haqqın qarşısında hesaba çəkiləcəyimizi anlayınca sələflərimizlə xələflərimiz arasında danlaq altında qalacağıq. Sağımızda dayanan şanlı sələflərimiz bizə baxıb başlarını bulayacaq, bizə tənə edərək deyəcəklər: Ey nankor xələflər, biz sizə çox böyük maddi-mənəvi əmanətlər qoyub getdik, ümid edirdik ki, siz bu əmanətləri mənimsəyəcək, sonra da özünüzdən sonra gələnlərə - xələflərinizə əmanət olaraq ötürəcəksiniz. Amma siz nə etdiniz? Bizdən aldığınız əmanətə xəyanət etdiniz, sizə verilən əmanəti unudub gözünüzü yadlara dikdiniz.
Solumuzda səf tutaraq dayanan xələflərimiz də bizə irad tutacaq, deyəcəklər: “Ey qədirbilməz atalarımız, babalarımız. Niyə bizim şanlı əcdadımızla olan əlaqələrimizə körpü olmaq əvəzinə, siz o körpüləri dağıtdınız, bizim əcdadlarımızla əlaqəmizi keçmişi tənqid etməklə, əlifba dəyişiklikləri ilə, “Dilimizi təmizləyirik” kimi lüzumsuz işlərlə kəsdiniz? Halbuki onlar bizə çox qiymətli əmanət qoyub getmişdilər.”
Həm sələf, həm xələflərin narazı qaldığı bizlər Allah qarşısında necə dayanacağıq, Onun suallarına necə cavab verəcəyik?
Məncə, əziz oxucu, keçmişdə başımıza gətirilən müsibətləri də nəzərə alaraq bu suala necə cavab verəcəyimiz barədə düşünməli, bura gələnədək nələri itirmişiksə, bundan sonra irəli gedərkən itirdiklərimizi bərpa etməliyik. Dağıtmaq asan, bərpa etmək çox çətindir. Amma kimsə nə vaxtsa buna başlamalıdır. Bu yolda hər birimizə uğurlar diləyi ilə:
Bakı, 11 avqust, 2025-ci il.
Paylaş: