Xəbər lenti

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, ölkənin tanınmış mühafizəkar fiqurlarından biri olan Əli Əkbər Velayəti Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ilə görüşüb. Görüşdə Cənubi Qafqazın gələcəyi, regiondakı sabitlik və qonşu dövlətlərlə münasibətlər müzakirə edilib.

Musavat.com xəbər verir ki, Velayəti bildirib ki, regionun taleyini yalnız region ölkələri müəyyən etməlidir və “gərginlik yaradan xarici oyunçular” İran üçün qəbuledilməzdir. O əlavə edib:

“Sərhədlərimizdə hər hansı dəyişiklik milli təhlükəsizliyə təhdid yaradarsa, buna müvafiq cavab veriləcək.”

Bu açıqlama, Velayetinin üç gün əvvəl verdiyi və Ermənistanın “Tramp yolu” (Zəngəzur dəhlizi) layihəsini “qırmızı xətt” adlandırdığı, həm Azərbaycanı, həm də Ermənistanı müharibə ilə hədələdiyi bəyanatının davamı kimi qiymətləndirilir. Həmin vaxt Velayeti açıq şəkildə bildirmişdi ki, İran və Rusiya birləşərək bu layihənin həyata keçməsinə imkan verməyəcək.

Lakin onun sərt bəyanatından dərhal sonra həm prezident Pezeşkiyan, həm də İran xarici işlər naziri Abbas Ərakçi daha yumşaq mövqe ortaya qoymuş, “Tramp yolunun İran üçün təhlükə olmadığını” vurğulamışdılar. Bu, Tehranın xarici siyasət mərkəzində mövqe fərqliliyini göstərdi: dövlətin əsas siyasi qərarverici “komanda”sı layihəyə münasibətdə neytrallığa yaxınlaşsa da, mühafizəkar qanad və ona bağlı media, hərbi qurumlar isə müharibədən danışırlar.

Velayeti özü İran xarici işlər naziri vəzifəsində çalışdığı dövrdə, Ermənistanın Azərbaycan torpaqlarını və özəlliklə də Şuşanı işğal etdiyi tarixdə hökumətdə idi və bəzi mənbələr həmin dövrdə İranın dolayı rol oynadığını iddia edirlər. Buna görə də onun Azərbaycan-Ermənistan münasibətlərinə baxışında pozitiv elementlərdən çox, skeptisizm və soyuqluq hiss olunur.

Analitiklər hesab edirlər ki, hazırda İran daxilində “Tramp yolu” mövzusunda ikili xətt müşahidə olunur: dövlət rəhbərliyinin diplomatik tonu və mühafizəkar elitanın sərt, bəzən hətta gülüş doğuran ritorikası. Azərbaycanın maraqları baxımından isə, bu ziddiyyətlər Tehranın yekdil şəkildə layihəyə qarşı durmasının qarşısını ala bilər.




Ana səhifəyə qayıt        Baxış: 3 256          Tarix: Bu gün, 19:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma