
Lütviyyə Əsgərzadə
Filologiya elmləri doktoru
Əzizə Ağahüseynqızı adı və imzası Azərbaycan oxucusuna tanışdır. İstedadlı şairənin şeirləri "Ulduz", "Azərbaycan", "Ədəbiyyat" qəzetlərində, jurnallarda və almanaxlarda, Türkiyədə çap olunan antologiyalarda mütamadi dərc olunur. Şeirləri müxtəlif dillərə tərcümə olunub. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Əzizə Ağahüseynqızı, həm də "Qızıl qələm" media mükafatı laureatıdır. "Aşıq Pəri", "Məhsəti", "Dirili Qurbani" və ”Qoşma” ədəbi məclislərinin üzvüdür.
“Ürəyim qəm adası", "Payız yağışı", “Salam Şuşam”, “Sözə gəldim”, “Bir yarpaq ağlayır payızın üstə” şeirlər kitabının müəllifi olan Əzizə xanımın altıncı kitabı belə adlanır: “Yollar ömür kimidir”.
Kitabın adı diqqətimi çəkir. Yollar və ömür. Ömür yolu insanın özüdür və keçilən yol hər kəsin yalnız özünə məxsusdur. Yazdığı şeirlər də şairənin günlərinin, anlarının, təəssüratlarının, duyğularının, sevgisinin, kədərinin, bütövlükdə ömrünün bir parçasıdır. Elə adam var ona şair desinlər, - deyə şeir yazır. Elə adam da var şeir ona gəlir, “səmadan gəlir”, məni yaz, - deyə. Şeir yazmaq Əzizə xanımın ruhunun ehtiyacı, xoşbəxtliyinin bir parçasıdır, Allah tərəfindən bu istedad ona verilib:
Bilmirəm sevgidən ya nədən gəlir,
Elə müqəddəsdir səmadan gəlir,
Tanrı dərgahından xanadan gəlir,
Mən şeir yazanda xoşbəxt oluram.
Söz müqəddəsdir və şeirlər də bu müqəddəs sözdən yaranır. Yetər ki, sözlə ülfət qura biləsən, onu yerində və məqamında işlətməyi bacarasan, sözün bəzən qor kimi yandırdığını, bəzən buza dönüb dondurduğunu, bəzən qılınc olub kəsdiyini, bəzən də saraylar qurduğunu biləsən. Əzizə xanım sözün mahiyyətini kəsb edir. Onun "Söz" şeiri şairənin sözlə olan ülfətinin, münasibətinin izharıdır. Şairə şeir yazmaq üçün söz axtarmır, söz şairənin başına dolanır, onun ağlını başından alır, yazmağa sövq edir:
Başıma dolanıb pərvanə kimi,
Ağlımı başımdan alırsan ay söz.
Sinəmdə çırpınan odlu qəlbimi,
Alıb əllərində çalırsan ay söz.
Sözlə yaşadığı bu duyğuları şairə özü üçün aydınlaşdırmağa çalışır. Dalğa (rəqslərin mühitdə yayılması prosesi) sahildəki qayalara çırpılıb onunla ünsiyyət qurduğu kimi, söz də şairənin sinəsinə çırpılır, ruhunu dinləndirir, o ankı duyğularını sözə çevirməyə vadar edir. Və təbii ki bunların hamısının “qeyb”lə əlaqəsi var: Sinəmə çırpılan dalğasan, nəsən? /Qeybdən ruhuma qonan nəğməsən. / Bəlkə söyləyəsən hardan gəlmisən?”
Şairə duyğularını dəqiqləşdirmək istəyir: “Bəlkə biyabanda (səhra, çöl) bir tütək səsi, / Bəlkə də çiynimə qonan mələksən?!”
Məcnunun üz tutduğu biyabanda tütək səsi eşidilsəydi hansı möcüzə baş verərdisə, şairənin ruhunda da eyni duyğular hakimdir. Əzizə xanım nədən biyabanı və tütəyi-neyi xatırlayır? Çünki söz sanki ona əmr edir, məni dinlə və yaz! Mövlanə ilahi eşqi sayəsində ayrılığa sinə gərib birliyə çatmaq istədiyini belə izhar edir: “Dinlə, bu ney necə hekayət edir; ayrılıqlardan necə şikayət edir”. Nə gözəl müraciətdir: “Dinlə!” Dinləməyi bacarmaq insanın ən böyük özəlliyi və gözəlliyidir. Dinlədikdən sonra şairə “ağlını başından alan söz”ün pərvanəsinə çevrilir. Sözün pərvanəsi olmağı bəxtəvərlik sayan şairə yazır:
Duyğu selabında arif sükançı,
Dərin dəryaların incə pəriyəm.
Tanrım necə gözəl şeiriyyət verib,
Dünyanın birinci bəxtəvəriyəm.
Verdiyimiz nümunədən həm də şairənin “duyğu selabında arif sükançı” olduğunu, özünə və sözünə olan inamını, bəzən şimşəkdən don geyən”, bəzən də ”buluda çevrilib, leysan ələyən” ruhunu və bu ruhdan doğan duyğularını, “daman sevinc yaşlarını”, bütövlüdə ruhun sözlə, sözün ruhla birliyini, sözün şeirə dönüşünü izləyirik.
“Tanrının göndərdiyi ruhun payı olan” şeirlər, müəllifin ruhunun, duyğularının eyni zamanda, onun xarakterinin, əxlaqının inkasıdır. Şairənin özü sözünə, sözü özünə bənzəyir: “Həyalı, utancaq, məsum...”
Gəlişin ölümdən bir az bəridir,
Yandırıb könlümün yağın əridir,
Həyalı, utancaq, məsum pəridir,
Gözumun yaşını silən şeirim...
Əzizə xanım üçün söz “tənha anlarının pasibanıdır”. Şeir yazdığı anlar onun “ən şirin, ən ülvi ömür anıdr, sirdaşdır. Maraqlıdır, şairə “sirrimi şeirlə bölürəm”, -yazmır, əksinə “şeiri sirrini şairə ilə bölür”. Çünki şeir ona gələndə yazır. Şairə düşünür ki, şeir onunla şirrini bölməyə gəlib. Gözəl və fərqli yanaşmadır:
Tənha anlarımın pasibanıdır,
Ən şirin, ən ülvi ömür anıdır,
Omür sarayımın xanimanıdır,
Sirrini mənimlə bölən şeirim..
Şeirin gəldiyi və yazıldığı anların Əzizə xanıma bağışladığı duyğular o qədər heyrətamizdir ki... Şeir onun ruhuna gələndə və gələnlər misralara pıçıldanıb sözə çevriləndə şairənin o anda ”gülə batmış eyni” və “cismini bəzəyən əyni oynayır”, “ruhu təzələnir”, “könlü oynayır”. Xalq arasında “eynim açıldı” sözü şairənin misralarında daha da gözəlləşir: “Yazdım gülə batmış eynim oynadı”. “Gülə batmış eyninin”, “cismini bəzəyən əyninin oynadığı”, “şeirin sorğusuz-sualsız gəldiyi” o anlar o qədər gözəl anlardır ki, şairə o anların bir də nə zaman gələcəyini bilmək, o anları yenidən yaşamaq, yazmaq istəyir:
Yazdım gülə batmış eynim[1] oynadı,
Cismimi bəzəyən əynim oynadı,
Ruhum təzələndi, könlüm oynadı,
Bir də gəlişini biləm, şeirim...
Ruhumun ovqatın bilən şeirim,
Sorğusuz, sualsız gələn şeirim.
Poeziya ruhun qurtuluşudur, özünü unutmaqdır, ilhamdır, təbiətlə həmsöhbət olmaqdır, göylərlə pıçıldaşmaqdır. Əzizə xanımın da yaradıcılığının ən romantik, təsirli və canlı səhifələrini onun təbiətlə həmsöhbət olduğu, payız və yağış haqqında yazdığı şeriləri təşkil edir. Daha doğrusu, təbiət şeirləri. Hətta şeirlər kitabının biri belə adlanır: "Payız yağışı".
“Payızın ilk yağışı” şeirində yağan yağışın səbəbinin poetik ifadəsi o qədər təsirli, o qədər canlı verilir ki, oxucu şairlə eyni hissləri yaşayır. Adətən, şairlər yağışı buludların ağlaması kimi mənalandırır. Əzizə xanımda isə bu bir başqadır. Şairə yağışdan öncəki səsləri, buludların yerdəyişməsini və bu zaman çıxan səsləri və ya göyün gurultusunu “səmanı bürüyən toy-busat səsinə bənzədir. Bu toy-büsatın səbəbkarı “könlünə qaynamaq düşən bulud” və “könlünə oynamaq düşən göylərdir”. “Qaynayan buluda” və “könlünə oynamaq düşən göylərə” qoşulan “gümüşü şimşəklər yallı gedir”.
Səmanı bürüyüb toy, büsat səsi,
Buludun bəxtinə qaynamaq düşüb.
Gümüşü şimşəklər yallı gedirlər,
Göylərin könlünə oynamaq düşüb.
Əzizə xanım düşüncəsini, təxəyyülünü və hisslərini ifadə etmək üçün bədii təsvir vasitələrində məharətlə istifadə edir. Müəllifin poetik dili və bənzətmələri diqqətəlayiqdir və şeirə ayrıca bir gözəllik qatır. Məsələn, “Gümüşü şümşəklər” (R.Rzanın “Rənglər” silsiləsini xatırladır), “toybəyi çubuğu kimi şığıyan şimşəyin alov dilləri” və s.
Qara gözlərindən tökür göz yaşı,
Yer çəkir bətninə gələn selləri.
Toybəyi çubuğu kimi şığıyır,
Göydəki şimşəyin alov dilləri.
“Qara gözlərindən tökür göz yaşı, / Yer çəkir bətninə gələn selləri” misralarında buludun adı çəkilmir, lakin qara gözlərindən göz yaşı tökənin bulud olduğu aşikardır. Bu misrada insanın əlaməti buludun üzərinə köçrülmüşdür. Lakin insanın adı çəkilməmişdir. Və ya “şimşəyin toybəyi çubuğuna bənzədilməsi” və s.
İnsan içində yaşadığımız təbiətin bütün ünsürlərini özündə əks etdirir. Təbiətlə həmahəng olur. Hər fəsil özünə bənzər duyğular yaradır. Xüsusilə payız fəsli. Payızın başlaması ilə təbiətdə bir çox dəyişikliklər baş verir. İsti yay günlərindən sonra kəskin şəkildə dəyişən hava, gündüz saatlarının qısalması, aramsız yağışların yağması, tez-tez buludların qaralması, ildırm çaxması, ən əsası yamyaşıl ağacların sarıya bürünməsi, ayağımız altında xışıldayan yarpaqlar, durnaların köç etməsi, ağacların çılpaqlaşması (mənə elə gəlir ki, çılpaqlığından utanan ağaclar payızda ölüb, yazda dirirlir) və s. insanların psixolojisına təsirsiz ötüşmür. Sanki gözəl bir qız üstündəki bütün daş-qaşlarını, paltarlarını soyunub, kəfən əvəzi sarıya bürünüb. Bütün bunlar həssas adamları qəmli notlara kökləyir.. Şairənin “Sarı” şeiri bu duyğuların ifadəsidir:
Payızın son günləridi deyəsən,
Torpaq sarı, yarğaq sarı, gül sarı.
Sən də sevdin mənim kimi payızı?
Geyinmisən əynindəki tül sarı.
Təbiət də sanki yatır yataqda,
Küləkləri at oynadır otaqda.
Kövrək-kövrək pıçıldayan budaqda,
Zarım-zarım inildəyən dil sarı.
Buna deyirlər, payızın xəzan vaxtıdır. Hər şey sarıya bürünüb. “Zarım-zarım inildəyən” təbiət sanki yataqda yatan xəstədir və s. Şairənin ürəyindən payıza qoşulub çıxıb getmək keçir. İnsan qışdan sonra Yaza ümidlidir, həsrətlisi kimi onun gəlişini gözləyir. Amma payız? Payızdan – “xəzan”dan sonra “şaxta gəlir, qar gəlir”. Şairənin “payıza qoşulub getmək” keçir könlündən:
Daha bu şəhər də mənə dar gəlir,
Günlər ötüşdükcə intizar gəlir,
Xəzan keçib gedir, şaxta, qar gəlir,
Qoşulub payıza çıxıb gedəsən.
Bir yandan da Payızın şiddətləndirdiyi həsrət duyğuları şairənin canını yeyir. Qışa addımlamaqdansa payıza “qızılım”, - deyib, “əyninə sarı don geyib”, payızın “yağmuru, çiskini, küləkləriylə”, “Durna qatarının lələkləriylə”, “kövrək xəzəllərin bələkləriylə” payıza qoşulub getmək istəyir:
Həsrətim həb kimi canımı yeyib,
Payıza üç aylıq "qızıl"ım deyib,
Götürub əyninə sarı don geyib,
Qoşulub payıza çıxıb gedəsən.
Yağmuru, çiskini, küləkləriylə,
Durna qatarının lələkləriylə,
Kövrək xəzəllərin bələkləriylə,
Qoşulub payıza çıxıb gedəsən.
“Şarı” şeiri payızın dramatik təqdimidir. Gah günəşli, gah tutqun, yağışlı, gah şıltaq, gah durğun payızı insan xarakterinə daha çox bənzədirəm. İnsan da payız ovqatlıdır. Haldan-hala düşür. Əzizə xanımın payıza yazdığı şeirlərin hər biri fərqli duyğularla yazılıb. Məsələn, “Payız yağışı…” “İnci, mirvari, darıya bənzətdiyi”, ”göyün yerə İlqarı” saydığı bu yağış” buludun qara gözlərindən yağmır, “bu yağış Tanrının göz yaşlarıdır”. “Durudur, pakdı, ağdı”.
Necə də durudu, pakdı,
Ağdı bu payız yağışı.
Qəlbimin qurax yerinə
Yağdı, bu payız yağışı.
İnci, mirvari, darıdı,
Göyün yerə İlqarıdı,
Tanrının göz yaşlarıdı,
Ahdı, bu payız yağışı...
Şairənin “qəlbinin qurax yerinə yağan bu yağış” göydən gələn ilhamdır. Missiyası duyğu olub şairənin könlünə axmaqdır:
Qıymadı ki, ölməyimə,
Gəlib yetdi köməyimə,
Duyğu olub ürəyimə,
Axdı, bu payız yağışı....
Şairənin "Gecə düşüncələri" şeiri isə qüvvətli metaforaları ilə yadda qalır. “Payız gecəsi buluda hamilədir”. Gözünə yuxu getmir. Hamilə olan bulud “ana” olacaq. Payız gecəsi “Bulud Anaya keşik çəkir, göyün yağış adlı oğlu olacaq.
Anam deyərdi, “Bulud dolub, ağlayacaq”, yəni yağış yağacaq. Burada isə “payız gecəsi” dolub, “buluda hamilədir”, “yatmayır, qorxur ki, dolü boğar”, “Bulud Anaya keşik çəkir, Göyün yağış adlı oğlu olacaq”.
Buluda hamilə payız gecəsi,
Yatmayır, qorxur ki, dölü boğacaq.
Gecə keşik çəkir bulud Anaya,
Göyün yağış adlı oğlu olacaq...
“Buluda hamilə olan “Payız geçəsi” və “Göyün yağış adlı oğlu”.
Sözlə oynamaq, sözə sığal çəkmək, bədii təsvir vasitələrindən istifadə etmək, mənalar yükləmək olduqca çətindir. Bu hər kəsdə uğurlu olmur. Bunun üçün istedad və ilham lazımdır. Əzizə xanımda hər ikisi var. İlham aldığı yağış o anda şairəyə hansı duyğuları yaşadırsa, onda hansı duyğuları oyadırsa, şairlik istedadı o mövzunu poetkləşdirir.
Nə qədər payız yaşamışıq, nə yağışlar görmüşük. Əzizə xanımın şeirlərində yaşadığımız, gördüyümüz payıza və yağışa fərqli rakurslardan yanaşılır. Şairənin "Bu gecə dəli bir yağış yağırdı” şeiri yağışa həsr olunmuş digər şeirlərdən fərqlənir. “Payız yağışı” şeirində “Tanrının göz yaşları, ahı” kimi yağan yağış, bu dəfə “nifrin, qarğış”kimi yağır. Göydə kişnəyən buludlar kimi, şairənin də gözü yaşlıdı. Çünki bu yaşlar, bu gecə dəlicəsinə yağan yağış Şəhid məzarının daşının üstünə yağırdı:
Kişnədi buludlar başımın üstə,
Gözümdən süzülən yaşımın üstə,
Şəhid məzarının daşının üstə,
Bu gecə dəli bir yağış yağırdı.
Göylərdən yerlərə nifrin yağırdı,
Göylərdən yerlərə qarğış yağırdı.
Gül açmır arzular atdığım yekdi,
Elatsız obanın yuxusu dikdi,
Soyuq çadırların üstü nəm çəkdi,
Bu gecə dəli tək yağan yağışdan.
Şeirdə şairə yaşadığımız yaxın tarixə ekskursiya edir, elatsız qurulan obaları, nəm çəkən çadırları düşünür (elat, Azərbaycan ərazisində yarıköçəri (yaylaq -qışlaq) maldarlıqla məşğul olan sosial zümrəyə deyilir). Bu çadırlar elat çadırları deyil. Bu çadırlar yurd-yuvalarından didərgin düşmüş, evsiz-eşiksiz qalan qaçınların çadırlarıdır. Bir tərəfdən, “yağışdan nəm çəkən çadırlar”, bir tərəfdən, torpaq uğrunda şəhid olmuş qəhrəmanların islanan məzarları şairənin ürəyini sızladır.
Bu dəli yağış təbiətin yaşananlara üsyanı idi, ya ehsanı? Bu yağış elatsız qurulan obalara, nəm çəkən çadırlara, şəhid qəbirlərinin daşlarına yağmasına üsyanı, yağışsız qalan torpağa ehsanı idi. Bu dəli yağışı alqışlayan yalnız çoxdan belə yağışa həsrət qalan “Boy atan torpaqdı. Onun yaşıl alqışıydı”.
Poeziya insanın duyğularının, düşüncələrinin, ovqatının poetik təqdimidir. Əzizə xanımın şeirləri onun dünya, təbiət, insan, sevgi və s. haqqında düşüncələrinin poetik və özünəməxsus təqdimidir. Onun yaradıcılığı zəngin və rəngarəngdir, eyni zamanda bədii təsvir vasitələri zəngindir. Əzizə xanımın şeirləri zərif və gözəl xalıya bənzəyir. Bu xalının hər ilməsində füsnkar gözəlliyi ilə bizi ilhamlandıran, ruhumuzu təzələyən təbiətin bir parçası, hər parçasında, şairənin ruhundan qələmə axıtdığı təbiətin gözəlliyinin, möcüzəsinin və mahiyyətinin poetik ifadəsi var. Əzizə Ağahüseynqızının şeirləri “ruhunun, ovqatının” pıçıltılarıdır. “Sorğusuz-sualsız gəlir və varaqlara ələnir”. Bu an şairənin ən bəxtəvər anlarıdır. Hər zaman bəxtiniz şeirlə açılsın, Əzizə xanım! Ovqatınız hər zaman Yaz ətirli olsun!
Çaxdın, guruldadın, bəzən də yağdın,
Qələmin ucundan varağa axdın,
Əzizə, şeirlə açılır baxtın,
Ruhumun ovqatın bilən şeirim,
Sorğusuz, sualsız gələn şeirim,
Ələn varağıma, ələn, şeirim!-
Paylaş: