
Bu gün, avqustun 15-də ABŞ Prezidenti Donald Trampla onun rusiyalı həmkarı Vladimir Putin arasında Alyaskanın Ankoric şəhərində görüş baş tutacaq.
Oxu.Az xəbər verir ki, bu, Donald Trampın 2024-cü ildə seçkidə qələbə qazanmasından sonra Vladimir Putinlə ilk təkbətək görüşü olacaq. Sonuncu dəfə iki ölkə lideri 2019-cu ildə Yaponiyanın Osaka şəhərində bir-birinin əlini sıxıblar. Sammitin əsas mövzusu Ukraynada davam edən münaqişə olacaq.
Görüşün keçiriləcəyi məkan və simvollar
Sammit Ankoricdəki Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri bazasında keçiriləcək. Alyaska seçimi bir neçə amillə bağlıdır:
- Coğrafi yaxınlıq: Alyaska Moskva və Vaşinqtondan təxminən bərabər məsafədə yerləşir və bu, onu hər iki tərəf üçün logistik cəhətdən əlverişli edir.
- Tarixi simvolizm: Alyaska 1867-ci ildə Rusiya İmperiyası tərəfindən ABŞ-yə satılıb və yer seçimi iki ölkə arasında tarixi əlaqələri vurğulayır.
- Təhlükəsizlik: ərazidə əhali sayının az olması və kənarda yerləşməsi təhlükəsizliyə riskləri azaldır.
Liderlərin sammitinin proqramı
Sammitin yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 23:30-da) başlaması gözlənilir. D.Tramp və V.Putin əvvəlcə yalnız tərcüməçilərin iştirakı ilə təkbətək danışıqlar aparacaqlar.
Daha sonra əsas məsələləri müzakirə etmək üçün hər iki ölkənin nümayəndə heyətləri liderlərə qoşulacaq və genişləndirilmiş danışıqlar başlayacaq.
Sonra müzakirələr qeyri-rəsmi şəkildə səhər yeməyi ətrafında davam etdiriləcək.
Danışıqlardan sonra iki liderin birgə mətbuat konfransı planlaşdırılır.
Görüşdə iştirak edəcək nümayəndə heyəti:
ABŞ: Prezident Donald Tramp, vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və ABŞ-nin maliyyə naziri Skott Bessent.
Rusiya: Prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, Rusiya prezidentin köməkçisi Yuri Uşakov, Rusiyanın maliyyə naziri Anton Siluanov, Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev.
Sammitin əsas müzakirə mövzuları:
- Ukraynada münaqişə: əsas məqsəd atəşkəs razılaşmasına nail olmaqdır. Tramp "ərazi mübadiləsi"nin mümkünlüyünə ümid etdiyini bildirib.
- silahlara nəzarət: strateji silahlara dair yeni müqavilələrin uzadılması və ya bağlanması perspektivlərinin müzakirəsi.
- iqtisadi əməkdaşlıq: ölkələr arasında ticarət və investisiya əlaqələrinin bərpası və genişləndirilməsi imkanları.
Paylaş: