
“Rusiya ilə ABŞ arasında Ukraynanın taleyi ilə bağlı müzakirələr Cənubi Qafqaz məsələsi ilə paralel aparılıb və ABŞ Ukraynanın torpaq güzəşti qarşılığında Cənubi Qafqaza sülh prinsipini dəstəkləyib...”
“Kreml gözəl başa düşür ki, Çin müharibənin öz ərazisinə keçməsinin qarşısını almaq üçün ondan istifadə edir. Yeri gəlmişkən, Çin rəsmiləri bu xəyallarını gizlətmirlər də. Bu yaxınlarda Avropa liderləri ilə görüşən Çinin Xarici İşlər naziri açıq şəkildə bildirmişdi ki, ölkəsi Ukrayna savaşının tezliklə bitməsini və Rusiyanın bu müharibədən məğlubiyyətlə ayrılmasını arzulamır...”
Siyasi şərhçi Heydər Oğuz Cənubi Qafqazın gələcəyi və ayrıca Zəngəzur dəhlizi məsələsi və ilə bağlı Moderator.az-a geniş və maraqlı müsahibə verib. O, ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı müzakirələrin Cənubi Qafqaz məsələsi ilə paralel aparıldığını və bu prosesin regionda böyük dəyişikliklərə səbəb ola biləcəyini iddia edir. Həmçinin, Çin və ABŞ arasında artan gərginliklə bağlı da çox maraqlı fikirlər səsləndirən siyasi şərhçi Alyaskada keçiriləcək Tramp-Putin görüşünün bu məsələlərə necə təsir edəcəyinə dair suallar açıb. Müsahibənin hərtərəfli analizi yalnız Cənubi Qafqaz, Zəngəzur deyil, həm də dünya nizamının yenidən qurulması ilə bağlı önəmli müzakirələrə işıq tutur...
-Heydər bəy, sosial mediadakı paylaşımlarınızdan da bəlli olur ki, Azərbaycanla Ermənistan arasında Vaşinqtonda imzalanan sülh sazişinə dair niyyət protokolunun ABŞ-la Rusiyanın birgə razılaşdırması kimi qəbul edirsiniz. Maraqlıdır, niyə belə düşünürsünüz?
-Bir çoxları bu sülh protokolu ilə Rusiya-Ukrayna məsələsini ayırmağa çalışırlar. Halbuki, biz danışıqların başladığı ilk gündən Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun Moskva ilə təmasda hazırlandığının şahidi olmuşuq. Bilirsiniz ki, tərəflərin qarşılıqlı şəkildə sülh sazişi bağlamağa hazır olduqları barədə açıqlamaları Vitkoffun mart ayında Moskvaya səfəri ilə eyni vaxtda başladı. Martın 13-də Vitkoff Moskvaya endi. Vitkoff Rusiya prezidenti Vladimir Putinlə danışıqlara başladığı dəqiqələrdə Azərbaycan XİN bəyanat yayaraq ermənilərlə bütün parametrlərdə razılığa gəldiyimizi bildirdilər. Ardınca da Ermənistandan gələn xəbərlər bu iddianı təsdiqlədi. Həmin günün son saatlarında Vitkoffun təyyarəyə minib Moskvadan Bakıya uçduğu bildirildi. Beləcə, Azərbaycanla Ermənistan arasında sülh danışıqları intensivləşdi. Günün əvvəlində Azərbaycan XİN-in məlum açıqlamasının zamanlaması əslində çox şeyi deyirdi. Məlumdur ki, martın 13-nə keçən gecə sübhə qədər iki Cənubi Qafqaz ölkəsinin diplomatları arasında hər hansı danışıqlar olmamışdı. Hər halda belə olması bir qədər şübhəli görünür. Belə çıxır ki, əslində hər şey əvvəlcədən planlaşdırılmış və Vitkoffun Moskva səfəri ərəfəsində ictimailəşdirilmişdi. Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda görüşündən 2 gün əvvəl Vitkoffun yenidən Moskvaya səfər etməsi və Putinlə 3 saatdan çox danışıqlar aparması da bu ehtimalı gücləndirir. Artıq bəzi Qərb mediası da iddia edir ki, bu görüşə Vitkoff “əliboş” gəlməmiş, Ukraynanın bəzi ərazilərinin Rusiyaya verilməsi təklifində bulunmuşdu. Vitkoffun təklifində Krımın, Luqanskın və Donetskin tamamilə Rusiyaya verilməsinin və Xersonun, Zaporejyenin işğal olunmuş ərazilərinin də Moskvanın əlində qalmasının nəzərdə tutulduğu iddia olunur. Maraqlıdır ki, tərəflərdən heç biri indiyədək bu iddianı inkar etməməyiblər. Əksinə, Ukraynanın prezidenti və digər rəsmiləri onların yer almadığı görüşlərdə ölkələrinin taleyinə heç kimin qərar verməyəcəyini bildiriblər. ABŞ prezidenti Donald Tramp isə Azərbaycan və Ermənistan liderlərinin görüşü zamanı səsləndirdiyi bəzi fikirlərlə əslində bu iddiaları sanki təsdiqləyib. O, jurnalistlərin suallarına cavab verərkən deyib ki, Moskva və Kiyev arasında potensial sülh sazişi çox güman ki, “müəyyən ərazilərin dəyişdirilməsini” əhatə edəcək. Fikrimcə, bütün bu faktlar onu göstərir ki, Rusiya ilə ABŞ arasında Ukraynanın taleyi ilə bağlı müzakirələr Cənubi Qafqaz məsələsi ilə paralel aparılıb və ABŞ Ukraynanın torpaq güzəşti qarşılığında Cənubi Qafqaza sülh prinsipini dəstəkləyib. Görünən budur ki, Rusiya da Ukraynada torpaq qazanımı qarşılığında Cənubi Qafqazı güzəştə getməklə razılaşıb. Yekun mənzərə ABŞ prezidenti Donald Trampla Rusiya həmkarı Vladimir Putinin bu həftə Alyaskada keçirilməsi planlaşdırılan görüşündə aydın olacaq. Odur ki, gəlin, bu barədə söhbətimizin davamını Alyaska görüşündən sonraya saxlayaq...
-Maraqlıdır, niyə məhz Alyaska? Adətən, bu mövzuda müzakirələr Ankarada, yaxud Yaxın Şərqin körfəz ölkələrində aparılırdı. Alyaska birdən-birə hardan çıxdı?
-Rusiya və ABŞ liderlərinin yekun görüşünün Alyaskaya salınmasının 3 mühüm səbəbinin olduğunu düşünürəm. İlk səbəb Putinə qarşı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı hökmlə bağlıdır. Bilirsiniz ki, 17 mart 2023-cü il tarixində beynəlxalq məhkəmə Putin barəsində həbs qərarı çıxartdı. O vaxtdan indiyədək Putin Roma Statusunu (Nizamnaməsini) qəbul edən edən ölkələrə gedə bilmir. Gedərsə, onun bu ölkələrdə həbs olunma ehtimalı var. ABŞ isə Roma Statusunu qəbul etməyib və bunu ölkələrin suverenliyinin məhdudlaşdırılması kimi qiymətləndirir. Hərçənd Türkiyə də digər Avropa ölkələrindən fərqli olaraq Roma Statusunu imzalamayıb, dolayısıyla ABŞ-la eyni mövqedədir. Amma göründüyü kimi, Putinlə Trampın görüşü Türkiyədə də təşkil olunmadı.
Fikrimcə, bunun səbəbi təxmin etdiyimiz ikinci amillə bağlıdır. Söhbət ondan gedir ki, Trampla Putin dünyanın yenidən bölüşdürülməsi və tərəflərin təsir dairəsinə düşən coğrafiyaların müəyyənləşdirilməsi məsələsini gizli şəkildə müzakirə etmək istəyirlər. Məxfiliyin ən yaxşı qorunmasının yolu kimi ABŞ-ın ərazisi sayılan Alyaskanı seçiblər. Çünki Alyaskada ABŞ xüsusi xidmət orqanlarının konfindensiallığı daha rahat qorumaq imkanları var.
Üçüncü amil isə aparılan danışıqların Alyaska ilə birbaşa əlaqəsinin olmasından qaynaqlana bilər. Fikrimcə, Alyaska görüşündə masaya yatırılacaq başlıca məsələlərdən biri Rusiyanın Uzaq Şərq əyalətlərinin təbii sərvətlərinin istismarı və Arktika ticarət marşrutunun açılması olacaq. ABŞ-la Rusiya arasında yerləşən Berinq boğazı Alyaska sahillərindədir və sanki iki lider məsələni yerində görüşməyə qərar veriblər. Qeyd edim ki, Donald Tramp hakimiyyətinin heç bir mərhələsində Rusiyanın Uzaq Şərq əyalətlərinin təbii sərvətlərinin istismarını gözardı etməyib. Hətta ilk hakimiyyəti dövründə ABŞ adminsitrasiyasının ən mühüm postunu Rusiyanın təbii sərvətlərinin hasilatı ilə ad çıxarmış Reks Tillersona tapşırmış və ABŞ-da müxaliflərinin kəskin etirazı ilə qarşılaşmışdı. Məlumat üçün bildirim ki, Tillerson 1990-cı illərdən etibarən Xəzər dənizi və Saxalinin neft və qazının istismarı ilə məşğul olmağa başlamışdı. “Exxon- Sakhalin” şirkətinin qurucusudur. 1998-ci ildə o, “Exxon Ventures” (MDB) şirkətinin vitse-prezidenti və “Exxon Neftegas Limited”-in Rusiya və Xəzər dənizindəki holdinqlərinə cavabdeh olan prezidenti olmuşdu. Daha sonra o, “Exxon”-u “Rosneft” ilə “Saxalin-I” konsorsiumuna daxil etdi. Bir sözlə, Tillerson Rokfeller ailəsinin 1960-cı illərdən başlatdığı Rusiya ilə əlaqələri SSRİ dağıldıqdan sonra davam etdirən ən aparıcı üzvlərindəndir. Onun 2004-cü ildə birləşdirdiyi “Exxon-Mobil” 200-ə yaxın ölkədə bizneslə məşğul olurdu və illik gəliri təxminən 400 milyard dollar idi. Tillersona böyük önəm verən Trampın Rusiya eşqi bu mənada təsadüfi deyil…
Üstəlik, Trampın yeni planında yalnız Rusiyanın nefti və qazının istismarı da hədəflənmir. Bununla yanaşı, Rusiyanın Sibir və Uzaq Şərq əyalətləri dünyanın ən zəngin nadir torpaq elementləri ehtiyatlarına malikdir. Hazırda dünyanın nadir torpaq elementlərinin hardasa 90%-nin çıxarılması və emalını, o cümlədən müasir texnogiyaların canı hesab olunan çiplərin istehsalını öz əlində cəmləşdirən Çinin inhisarını qırmaq üçün ABŞ-a Rusiya ilə iqtisadi əməkdaşlıq hava-su kimi lazımdır. Əks halda, dünya liderliyini Çinə uduzar və dünya səhnəsindən çəkilməyə məcbur olar.
Qısası, Rusiya və ABŞ liderlərinin Alyaska görüşündə təkcə Zəngəzur və Ukrayna məsələsi müzakirə olunmayacaq. Hər iki lider üçün bu iki məsələ artıq öz həllini tapıb. Qarşıda dayanan əsil məsələ Rusiyanın təbii sərvətlərinin birgə istismarı və yeni ticarət dəhlizinin açılması olacaq…
-Bəs Rusiyanın ən yaxın strateji müttəfiqi sayılan Çin buna necə reaksiya verəcək? Rusiya Çinin iradəsi xilafına bu sövdələşməyə gedərmi?
-Ukraynada böyük uğursuzluğa düçar olan və getdikcə zəifləyən Rusiya üçün Trampın irəli sürdüyü bu təkliflər göydən düşmüş fürsətə bənzəyir. Putin bu tükəndirmə savaşından kiçik uğurlarla ayrılmağa belə, ikiəlli razı olar. Üstəlik, Trampın ona verdiyi təkliflər kiçik uğur hekayəsi də deyil. Faktiki olaraq bu təkliflər Rusiyanı yenidən böyük dövlətə və iqtisadiyyata çevirə bilər. Çinin buna necə reaksiya verəcəyi də Moskvanı çox düşündürməyəcək. Çünki Kreml gözəl başa düşür ki, Çin müharibənin öz ərazisinə keçməsinin qarşısını almaq üçün ondan istifadə edir. Yeri gəlmişkən, Çin rəsmiləri bu xəyallarını gizlətmirlər də. Bu yaxınlarda Avropa liderləri ilə görüşən Çinin Xarici İşlər naziri açıq şəkildə bildirmişdi ki, ölkəsi Ukrayna savaşının tezliklə bitməsini və Rusiyanın bu müharibədən məğlubiyyətlə ayrılmasını arzulamır. Çünki ABŞ-ın Rusiya ilə müharibəsi bitən kimi, Çinlə müharibəsi başlayacaq. Sözsüz ki, Pekinin bu arzusu Rusiyanın tam tükənməsi ilə nəticələnə bilər. Sonda qazanan isə Çin olar. Çin getdikcə boşalan Rusiya ərazilərinə öz vətəndaşlarını yerləşdirərək (ki bu proses çoxdan başlayıb) həmin əraziləri özününküləşdirər və tükənmiş Rusiyanın ona müqavimət göstərmək taqəti qalmaz. Beləcə, Rusiya öz strateji səhvi nəticəsində ya tamamilə Çinləşər, ya da Uzaq Şərqi itirər. Bu durumda Rusiyanın ABŞ tərəfindən ona gümüş nimçədə peşkəş edilən nemətlə razılaşmamaq şansı yoxdur...
-Avropanın necə, özünün iştirak etmədiyi dünyanın yenidən bölüşdürülməsi planına seyrçi qalması mümkündürmü?
-Ukrayna savaşı sübut etdi ki, Avropa həqiqətən də çox qocalıb. Onun öz hərbi qüdrətini bərpa etmək və geo-siyasi prosesləri dəyişmək ehtimalı yoxdur. Əvvəla, Avropa xalqı dünyanın yenidən bölüşdürülməsi savaşında iştirak etmək istəmir və rahat yaşamaq imkanından güzəştə getmək barədə düşünmür. Bu yaxınlarda Almaniyada keçirilən rəy sorğularında iştirak edən alman gənclərinin “ölkəniz işğala məruz qalarsa, savaşarsınızmı” sualına verdiyi cavab olduqca heyrətverici idi. Təsəvvür edin ki, respondentlərin cəmi 18 faizi bu suala müsbət cavab vermişdi. Digərləri isə müxtəlif bəhanələrlə müharibədə iştirakdan yayınacaqlarını bildirmişdilər. Avropa ölkələrinin əl-qolunu buxovlayan önəmli səbəblərdən biri də aşırı demokratik hüquqlarıdır. Bu ölkələrdə hakimiyyətlər xalqın verəcəyi səsdən asılıdır. Hərbə hazırlıq tədbirlərini gücləndirən istənilən hakimiyyət xalq arasındakı populyarlıqlarını itirə və postlarını təhvil verə bilirlər. Müharibə şəraiti isə xalqın nazıyla oynamaqdan xoşlanmır. Faktiki olaraq öz ordusunu könüllülərin ümidinə buraxan və hərbi xidmət müddətini bir neçə aya qədər endirən Avropa dövlətləri bütün ümidlərini Ukraynanın apardığı dəhşətli müharibələrə bağlayıb. Belə çıxır ki, Avropanın özünün mövcudluğu da Ukraynadan asılıdır. Görünür, Tramp hakimiyyəti “qız-bibi”ləşən Avropa ilə uzağa gedə bilməyəcəyini anlayır. Odur ki, ona bəlkə də heç vaxt istifadə etməyəcəkləri silahları satmaqla kifayətlənmək istəyir. Bu yağlı ticarətin davamlılığı üçün isə Rusiya xofunun diri qalmasına ehtiyac var. İstər Bayden, istərsə də Tramp dövründə Ukraynaya yetərli sayda silahların verilməməsi, verilən silahların belə istifadəsinə qadağaların qoyulması da məhz bu məqsədə xidmət edib. Trampın bir tərəfdən Rusiya xofunu bəsləyərək, Avropaya yüzmilyardlarla dollarlıq silah satmağa çalışması, digər tərəfdən isə Putinlə uzlaşmaq xətti seçməsi Avropanı axmaq yerinə qoymaqdan başqa bir şey deyil. Təsəvvür edin ki, Avropa liderləri bunu açıq şəkildə gördükləri halda Trampa qarşı çıxmağı belə, xəyallarına gətirə bilmirlər. Can qorxusundan istismara meyilli Avropa ölkələrini kim hesaba qoyar ki, Tramp da onlara hörmətlə yanaşsın? Yəni Avropa İttifaqı Trampın qurduğu geo-siyasi tənlikdə son rəqəmi ifadə edir. Tənliklərin son rəqəmi isə adətən “sıfır” olur…
- ABŞ-ın Çini zəiflətmək üçün Rusiyanı ondan ayırdığını düşünürsünüz. Bəs o zaman ABŞ niyə Çinin böyümə layihəsi olan Orta dəhlizi canlandırmaq üçün Zəngəzur yolunun açılmasına çalışır?
-Əvvəla, Orta dəhliz hələ Çinin “Bir Yol- Bir Kəmər” layihəsinin tərkib hissəsi demək deyil. Təbii ki, Çinin belə bir arzusu var. Amma ABŞ-ın da bu xətt üzərindən keçən özünəməxsus layihəsi də mövcuddur. Adına “Qlobal Keçid” (“Global Gateway”) deyilən bu layihədə Avropadan başlayan yol xəritəsi Mərkəzi Asiyada bitir. Ötən il ABŞ Konqresində keçirilən dinləmələrdə Dövlət Departamentinin Avropa və Avrasiya üzrə səlahiyyətlisi Ceyms O`Brayen bildirmişdi ki, Vaşinqton “Rusiya və Çindən yan keçməklə Mərkəzi Asiya ölkələrinin dünya dünya bazarlarına çıxışı üçün yeni ticarət marşrutunun yaradılması imkanlarını qiymətləndirir”. Bir ticarət marşrutu əgər Çindən yan keçirsə, bu necə Çin layihəsi ola bilər? Fikrimcə, ABŞ-ın planlaşdırdığı “Qlobal Keçid” layihəsi Mərkəzi Asiyanın təbii sərvətlərini Avropaya, Avropa sənaye mallarını Mərkəzi Asiyaya daşımağı nəzərdə tutur. ABŞ-ın 99 illiyinə kirayəyə götürdüyü Zəngəzur dəhlizi də “Qlobal Keçid” üzərində yerləşən bir maneə idi. Ermənistanla əldə olunan yeni razılaşma ilə bu maneə ortadan qalxdı. Amma bu həmin layihənin tamamilə işə hazır vəziyyətə gətirildiyini söyləmək üçün kifayət deyil. Orta dəhliz üzərində bir neçə belə maneələr var. Bunlardan biri də Xəzər dənizidir. Bilirsiniz ki, Xəzərin statusu barədə konvensiya 2018-ci ildə 5 sahilyani ölkə arasında imzalanıb. Konvensiyaya görə, Xəzərin ortasının səthi 5 ölkənin birgə istifadəsinə verilib. Dolayısıyla Rusiya və İran Orta dəhliz işə salınanda əl-qolumuza ilişmək hüququna qovuşub. Növbəti mərhələdə yəqin ki, Qazaxıstan, Türkmənistan və Azərbaycanla ABŞ arasında da Zəngəzur dəhlizinə bənzər müqavilələr bağlanacaq. Əks halda təkcə Zəngəzur yolunun açılması ilə Orta dəhlizin işləmə şansı yoxdur. Digər maneələr Özbəkistanın Qaraqalpaq Muxtariyyəti və Qırqızıstanla Tacikistan arasında mübahisəli ərazilər olacaq. Ümumiyyətlə, Fərqanə vadisində 5 ölkənin 9 anklavı yerləşir. ABŞ-ın buralarda da nəzarəti öz əlinə alması lazımdır. Göründüyü kimi, Zəngəzur söhbəti hələ tam bitməyib…
Digər tərəfdən, ABŞ-ın Çini Orta dəhlizdə tamamilə dövrə dışı buraxması da inandırıcı deyil. Təkcə ona görə yox ki, ABŞ bu addımı atarsa, Çinin müqaviməti ilə üzləşəcək. Həm də ona görə ki, Çin dünyanın ən böyük islehlakçısıdır. Əlbəttə ki, heç bir kapitalist ölkə bu bazarı tamamilə əldən çıxarmaq istəməz. Fikrimcə, ABŞ Çinə öz şərtlərini qəbul etdirərək onun Orta dəhlizdən istifadəsinə icazə verəcək. Beləcə, həm Çin bazarını, həm də onun ixracatını nəzarət altında tutacaq…
-Bayaq ABŞ-la müqavilə bağlayacağını düşündüyünüz ölkələr arasında Türkmənistanın da adını çəkdiniz. Sirr deyil ki, Türkmənistan bu cür beynəlxalq layihələrdən həmişə kənarda qalmağa çalışır. Üstəlik, Orta dəhlizin Mərkəzi Asiyadakı keçid məntəqəsi kimi Qazaxıstan varkən, ABŞ niyə Türkmənistana ehtiyac duysun?
-Bayaq dediyim kimi, Orta dəhliz təkcə Çinlə Avropa arasında əlaqə qurulmasına xidmət etmir. Regionun bütün ölkələri Qərblə inteqrasiyaya cəlb olunmalıdır. Orta dəhlizin Qazaxıstan ayağı Çinlə Avropanı bir-birinə bağlayır. Bir də Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə xətti var. Adına Lapis Lazuli dəhlizi deyilən bu marşrut Əfqanıstan lacivərdindən alır. Əfqanıstan da özünün nadir torpaq elementləri ilə də tanınan ölkədir. Onun çox qiymətli Lityum yataqları da var. Təbii ki, Əfqanıstanın bu potensialı da dünya iqtisadiyyatına qazandırılmalıdır. Bundan əlavə, Türkmənistan dünyanın ən böyük 4-cü təbii qaz ölkəsidir. Avropanın bu enerji mənbəyinə də çıxış əldə etmək istəyir. Sözsüz ki, təbii sərvətləri ilə məşhur olan Özbəkistan da, Qırğıstan və Tacikistan da bu layihəyə qoşulmalıdır. Yalnız onu xatırlatmaqla kifayətlənmək istərdim ki, Özbəkistan Mərkəzi Asiyanın ən böyük qızıl yataqlarına malik ölkəsidir.
-Rusiya Mərkəzi Asiyanın əldən çıxmasına imkan verərmi?
-O asılıdır Tramp və Putinin Alyaska görüşlərinin nəticələrindən. Əgər onlar Alyaska görüşündə anlaşa bilsələr, Putin buna etiraz etməz. Razılaşmasalar Mərkəzi Asiya uğrunda savaş başlayacaq. Qısası, heç kim Türküstanın Rusiyanın təsir dairəsində qalmasına laqeyd qala bilməz.
- Maraqlıdır ki, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda imzaladıqları sənədlərə ən ciddi etiraz İrandan gəldi. İran dini liderinin köməkçisi Vilayəti mediaya verdiyi açıqlamada yaralı aslan kimi kükrədi və bizi təhdid etdi. Bildirdi ki, Zəngəzur dəhlizini ABŞ əsgərlərinin qanına boyacaq. Sizcə, İran bunu bacara bilərmi?
-Əvvəla, Vilayəti müəllimin bizə hədə-qorxu gəldiyini düşünmürəm. Çünki söhbət Ermənistanla ABŞ arasında bağlanan kommersiya müqaviləsindən gedir. Onun bizə nə dəxli var? Üstəlik, İranın hardasa 45 illik siyasət tarixi göstərir ki, onun gücü ancaq müsəlmanlara çatır. Nə Ermənistan, nə də ABŞ müsəlman ölkəsidir. Doğrusu, mən çox arzu edərdim ki, İran Zəngəzur dəhlizində görəvini yerinə yetirən ABŞ əsgərlərini bombalasın və nəticədə bir neçə amerikalı hərbçinin burnu qanasın. ABŞ-ın gücünü, dili qədər dilçəyinin olub-olmadığını biz də görək.
Ümumiyyətlə, İranı son zamanlar ABŞ-la apardığı danışıqlı döyüşlərdə ya multfilm çəkən, ya da Vaşinqtondan icazə alaraq boş əraziləri bombalayan görmüşük. Görünür, yenə könlündən icazəli qəhrəmanlıq nümunələri göstərmək keçir. Təsəvvür edin ki, İsraillə apardığı son döyüşlərdə 10-la generalı, xeyli sayda nüvə obyekti və alimi məhv olmasına baxmayaraq, İran 12 günlük savaşı özünün böyük qələbəsi kimi qeyd etdi. Deyəsən, belə qəribə Pirr qələbələri ilə qonşu ölkə gözünün qurdunu öldürür. Nə deyə bilərik, bizim düzgün tərbiyyə almamış və məntiqi hələ tam formalaşmamış uşaqlara ağıl dərsi keçməyə vaxtımız yoxdur. Bir də körpə uşaqlar həyatı yıxıla-dura öyrənirlər. İrana böyük dərslər alacağı təcrübələrində başarılar arzulayırıq. Buyursun, hünərini göstərsin...
Təqdim etdi: Sultan Laçın
Paylaş: