Xəbər lenti

Hələ yanvarda, Davos İqtisadi Forumunda Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəni sonlandıran sülh planını müzakirəyə çıxarmışdı.

Hərçənd ki, Rusiya həmin müzakirələrdə iştirak etməmişdi, ümumiyyətlə, Rusiyasız keçən danışıqları mənasız adlandırmışdı.

Zelenski tərəfindən irəli sürülən sülh planı Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə son qoymaq üçün üç əsas tələbə söykənən 10 bəndlik plandır. Üç baza istiqamət isə belə təsnifatlandırılır:

1. Rusiya qoşunları Ukraynadan çıxarılmalıdır.

2. Ukrayna dövlət sərhədlərini bərpa etməlidir.

3. Rusiya müharibəyə görə məsuliyyət daşımalıdır.

Təzadlı nöqtə budur ki, həmin sülh planı Rusiyanın iştirakı olmadan necə müzakirə oluna bilər? Müzakirə edilsə belə, bu, Rusiyanı Ukraynadakı ambisiyalarından kənarlaşdıra bilərmi?

Hər halda, üzdə görünən budur ki, Ukrayna bu planı Rusiya ilə müzakirə etməməkdə israrlıdır.

Elə isə, Zelenski nəyi, necə hədəfləyir?

Birinci növbədə, həmin planın birbaşa müəllifinin Zelenski olduğuna dair düşüncələr özü şübhəlidir. Çünki cənab Zelenski ölkəsinin müdafiə qabiliyyətini və müharibəyə dayanıqlılıq həddini Qərbdən alına biləcək yeni partiya silahlarla mütənasibləşdirir. Deməli, sülh planı da Qərb kuluarlarında razılaşdırılmış bəndlərdir və bu, Ukraynaya minimallaşan silah tədarüklərinin fonunda diqqət çəkir.

İkincisi, Zelenski dünyanın maliyyə və biznes elitasının yüksəkprofilli toplantısı olan Davos İqtisadi Forumunda həmin planı 2024-cü il üçün aktuallaşdırdı. Bununla Zelenski, yəqin ki, “postmüharibə dövrünün reallıqlarının” qlobal investorlara faydalı olacağı qənaətini formalaşdırmağa çalışırdı.

Amma Ukraynada hələ də döyüşlər davam edir və cəbhə xəttində Rusiyanın irəliləyişləri qeydə alınır. Əgər Zelenski “Rusiyasız danışıq”larda israr edirsə, onda adıçəkilən sülh planı Ukrayna ordusunu yenidən qruplaşdırmaq, yenidən əks-hücum əməliyyatlarını planlaşdırmaq, yaxşı nizamlanmış koordinasiya üçün məqamları əhatə edə bilər.

Bu fikri qüvvətləndirəcək iki açıqlamaya diqqət edək:

- Zelenski fevralın 25-də bəyan edib ki, Rusiya 2024-cü il may ayının sonu və ya yayında yeni hücuma hazırlaşır,

- Zelenski, həmçinin, bildirib ki, Ukrayna ordusunun Rusiya qüvvələrinə qarşı açıq planı var.

Məntiqlə, Zelenskinin sülh təklifləri Rusiya üçün məqbul deyil, əksinə, Kreml hər keçən gün ritorikasını cəbhədə qazandığı ərazi nailiyyətləri ilə daha da sərtləşdirir. Hərçənd, bu fakt da mövcuddur ki, Rusiya qeyri-rəsmi elçiləri vasitəsilə Ukrayna ilə danışıqlara açıq olduğunu bildirir.

Hər halda, Rusiyada da, Ukraynada da hansısa plan varsa, bunun səbəbini müharibə yorğunluğu daha aydın izah edir.

Zelenski isə sülh planının müzakirəsi üçün sülh forumunun keçirilməsində qətiyyət göstərir və bu tədbirə İsveçrənin ev sahibliyi edəcəyi gözlənilir.

Ukrayna sülh forumu ilə əlaqədar ən azı 160 ölkəyə dəvət göndərəcək. Bu barədə Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak deyib.

Zelenski keçirdiyi mətbuat konfransında Azərbaycanın da sülh forumunda iştirakından məmnunluq duyacaqlarını deyib.

Zelenskinin Azərbaycanla əlaqədar bu açıqlaması:

- Onun 60-cı Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsindən sonraya təsadüf edir;

- Zelenskinin Ermənistana səfər edəcəyi ilə bağlı informasiyaların müşayiətində diqqət çəkir.

İpucları bu nöqtədə birləşə bilər ki, Zelenski Qərb oxunda Azərbaycana qarşı Ermənistanı ayaqlandırmaq cəhdlərinə siyasi dəstək vermir. Əvəzində isə Ukraynadakı münaqişənin nizamlanması prosesində Azərbaycanın tutumu Zelenski üçün formul ola bilər.

Ona görə ki, Azərbaycanı Qərblə Rusiya arasında sıxışan kanala salmaq mümkün olmayıb və Bakı balanslaşdırıcı akta xüsusi diqqət ayıraraq bir-birilə əks qütbdə dayananlarla əməkdaşlıq formatına üstünlük verib.

Postsovet məkanı üçün Azərbaycanın xarici siyasət doktrinası nümunəvi hesab oluna bilər, həm də ona görə ki, Azərbaycan beynəlxalq nizamda daşqınların artdığı zamanda ərazi bütövlüyünü və suverenliyini bərpa edib.

Azərbaycanın Cənubi Qafqazdakı danılmaz əzəməti Zelenski üçün də diqqətəlayiqdir, buna görə o, Azərbaycanın xarici siyasətindəki izləri də Kiyev administrasiyasının formulunda görmək niyyətindədir.

Oxu.az

Aqşin Kərimov




Ana səhifəyə qayıt        Baxış: 5 186          Tarix: 27-02-2024, 13:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma