Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
Prezident Volodimir Zelenskinin Türkiyəni ikilistandartlarda və ziddiyyətli davranmaqda qınaması məntiqsiz, mənasız və tamamilə yersizdir; Türkiyənin öz dövlət maraqları var, Ukraynadan fərqli olaraq, ABŞ və Qərbin Rusiyaya qarşı "proxy war" savaşında iştirak etməyə də borclu deyil...
Ukrayna savaşı beynəlxalq məkanda ziddiyyətləri dərinləşdirir. ABŞ və Qərb bütün dünyanın Rusiya qarşı düşmən mövqeyində olmasına cəhd göstərir. Və Ukrayna savaşında əsas beynəlxalq düşməninin tamamilə sıradan çıxarılmasına can atır.
Təbii ki, Ağ Ev buna əngəl olan bütün dövlətlərə qarşı təzyiq göstərir. Bəzən bu təzyiqlər ABŞ tərəfindən birbaşa, bəzən isə Ağ Evin səhnəarxası təlimatları ilə onun ən yaxın müttəfiqləri vasitəsilə edilir. Və buna misal olaraq, Ukrayna prezidenti Volodimir Zelenskinin Yunanıstan mətbuatlna verdiyi müsahibəni göstərmək olar.
Düzdür, Ukraynanı ABŞ-ın ən yaxın müttəfiqi kimi xarakterizə etmək bir qədər çətindir. Çünki, Ukrayna ən yaxın müttəfiqdən daha çox ABŞ və Qərbin Rusiyaya qarşı "proxy war" taktikasında istifadə etdiyi dövlətdir. Yəni, ABŞ Rusiya ilə birbaşa deyil, Ukraynanı onun qarşısına çıxartmaqla vuruşur. Ukraynaya silah və maliyyə verir, Rusiya ilə vuruşdurur, özü isə kənarda dayanıb, yekun nəticəni planlaşdırmağa çalışır.
Ancaq Ağ Ev həm də həm Ukrayna savaşı, həm də rəsmi Kiyevin ittihamları üzərindən ABŞ-ın Rusiya ilə mübarizə planlarında birbaşa iştirak etməyən dövlətləri şantaj etməyə çalışır. Belə şantaj cəhdlərinə hədəf olan dövlətlərin sırasında Azərbaycanın müttəfiqi Türkiyə də yer alır. Və bu yolla Türkiyənin Rusiya ilə münasibətlərini tamamilə korlaya biləcəklərinə ümid bəsləyirlər.
Məsələ ondadır ki, Ukrayna savaşı başladıqdan dərhal sonra NATO ölkələri Ukraynaya hərbi yardımlar göstərir, Avropa Birliyi dövlətləri isə maliyyə dəstəyi verir. Ancaq nə qədər qəribə də olsa, NATO ölkələrinin hərbi yardımlarını mümkün qədər qabartmamağa üstünlük verirlər. Ancaq Türkiyənin Ukraynaya verdiyi "Bayraktar TB-2" PUA-ları az qala Rusiya ordusunun qənimi kimi təqdim olunur. Və Rusiya ordusuna, onun hərbi-texniki təchizat sisteminə vurulmuş ən ağır zərbələr məhz bu Türk silahının aktivinə yazılır.
Əlbəttə, "Bayraktar TB-2" hazırda Ukrayna ordusunun istifadə etdiyi ən effektiv silah növlərindən biridir. Üstəlik, bu silah həqiqətən də Rusiya ordusuna ciddi problemlər yaradır. Ancaq Rusiya ordusunun bütün uğursuzluqlarının yalnız bir silah üzərindən şərh edilməsinə xüsusi həvəs göstərilməsi ABŞ və Qərbin məkrli niyyətlərini də ortaya çıxarır.
ABŞ və Qərb Türkiyənin Rusiya ilə xüsusi münasibətlərinin olduğunu tam dəqiqliyi ilə bilir. Onu da bilir ki, Ukrayna savaşı ucbatından Rusiya ilə münasibətlərin korlanması Türkiyənin milli maraqlarına qətiyyən cavab vermir. İki ölkə arasında olduqca önəmli iqtisadi-ticari və hətta strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Türkiyə bu səbəbdən də Kremlin Ukrayna savaşına başlamasını ən sərt şəkildə qınasa da, mümkün qədər neytral mövqe tutmağa məcburdur. Və Qərb bu münasibətləri israrla korlamaq istəyir.
Nə qədər qəribə də olsa, prezident Volodimir Zelenski rəsmi Ankaranı ikilistandartlarda qınayır: "Türkiyə bir tərəfdən vasitəçi statusunda çıxış edir, atdığı önəmli addımlar ilə Ukraynanı dəstəkləyir. Digər tərəfdən isə rus turizmi üçün eyni vaxtda bir neçə marşrut hazırlayır. Bu, ikilistandartlardır və ədalətli deyil. Ona görə də, mən bu ziddiyyətləri Türkiyənin diqqətinə çatdırmaq istəyirəm. Belə ola bilməz. Həqiqətin yanında və ya qarşısında olmaqla bağlı seçim etmək lazımdır".
Göründüyü kimi, prezident Volodimir Zelenski müharibə şəraitində olan bir ölkənin dövlət başçısı üçün ən məntiqsiz, mənasız və ehtiyatsız açıqlamaya müəlliflik edib. Birincisi, bütün həqiqətlər Ukraynanın yanında deyil və onu rəsmi Kiyev müəyyən etmir. Əsl həqiqət ondan ibarətdir ki, ABŞ və Qərb Rusiya ilə "proxy war" taktika üzrə müharibə aparır.
Bu müharibədə Ukrayna nə qədər faciəvi olsa da, ABŞ və Qərbin "savaş aləti" rolunda çıxış edir. Və rəsmi Kiyev bunu özü üçün məqbul hesab etsə də, dünyanın digər ölkələri, o cümlədən də, Türkiyə ABŞ-ın maraqları naminə Rusiya ilə savaşmaq məcburiyyətində deyil. Yəni, rəsmi Ankara Ukraynadan fərqli olaraq, Türkiyəni ABŞ və Qərbin "proxy war" alətinə çevirməyə qətiyyən borclu deyil.
Digər tərəfdən, Türkiyənin dövlət maraqları var. Ona görə də, rəsmi Ankara öz seçimini birmənalı şəkildə Türkiyənin dövlət maraqları üzərindən edir. Üstəlik, rəsmi Ankaranın seçim üçün istinad etdiyi həqiqətlər də Ukrayna tərəfindən müəyyən edilə bilməz. Rəsmi Ankaranın ən böyük həqiqəti və ədaləti isə məhz sülh danışıqlarına vasitəçilik missiyası ilə bütün dünyaya məlumdur.
Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna xarici işlər nazirlərini Türkiyədə danışıqlar masası arxasına oturtmağa nail olmuşdu. Türkiyə lideri hətta Rusiya və Ukrayna prezidentlərinin görüşünü təşkil etməyə də çox yaxın idi. Böyük ehtimalla sülh danışıqları davam etdirilsəydi, Ukrayna savaşı daha dinc yollarla öz həllini tapa bilərdi. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən rəsmi Ankara beynəlxalq hüquq normalarını danışıqlar masasına gətirməklə, Rusiyanı işğal etdiyi ərazilərdən çıxmağa razılaşdıra bilərdi.
Ancaq prezident Volodimir Zelenski son anda sülh danışıqlarından uzaqlaşmağa üstünlük verdi. Çünki, Rusiyaya qarşı "proxy war" taktikası ilə müharibə aparan ABŞ və Qərb belə istədi. Prezident Volodimir Zelenski də Ağ Evin bu istəyi ilə razılaşmalı oldu. Nəticədə sülh danışıqları prosesi pozuldu. Və indi bu səbəbdən də Ukrayna prezidentinin Türkiyəni ikilistandartlarda qınaması olduqca mənasız, həm də tamamilə yersizdir.
Nəhayət, prezident Volodimir Zelenskinin rus turistlərin Türkiyədə dincəlməsindən narahat olması da məntiqsizdir. Birincisi, Ukrayna rus xalqını təmsil edən turistlərlə vuruşmur. Onların haradasa dincəlməsi də Ukraynaya hər hansı ciddi problemlem yaratmır. Əksinə, bu, hətta Ukraynanın maraqlarına da cavab verir. Çünki, rus turistlərin Türkiyədə dincəlməsi Rusiyadan valyuta çıxarılması deməkdir. Eyni zamanda Ukraynaya öz önəmli addımları ilə dəstək verən Türkiyənin turizm sektorunun ayaqda qalması üçün vacibdir. Bundan Rusiya heç bir xeyir götürmür, Ukrayna isə hər hansı zərər görmür.
Hər halda, Kremlin Ukrayna savaşına çəkdiyi xərclərin önəmli hissəsini məhz həmin 70 milyardın təşkil etdiyi qətiyyən şübhə doğurmur. Deməli, Türkiyə deyil, məhz Qərb ikilistandartlarla məşğuldur. Ona görə də, prezident Volodimir Zelenski davranışlarda ziddiyyətləri Ukraynanı Rusiya ilə savaşa sürükləyən Qərb ölkələrinin atdığı addımlarda axtarmalıdır.
Göründüyü kimi, prezident Volodimir Zelenski Ukraynaya ən səmimi münasibət göstərən və dəstək verən Türkiyənin "bostanına daş atıb". Böyük ehtimalla onun əlinə həmin daşı kimlərsə, verib. Yəqin ki, o, özü də çox tezliklə ehtiyatsız addım atdığını anlamalı olacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar