
Donald Tramp yenidən hakimiyyətə gəldikdən sonra müharibəni dayandırmaq üçün Vladimir Putinə bir sıra güzəştlər təklif edib. O, Ukraynanın beş regionunu, o cümlədən Krımı Rusiyaya “verəcəyini” və Ukraynanın NATO-ya üzv olmasına icazə verilməyəcəyini bildirib. Lakin Putin bu təklifləri qəbul etməyib.
Axar.az xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger deyib.
"Tramp Krımı və bir neçə şərq bölgəsini, belə desək, gümüş nimçədə Putinə verdi, eyni zamanda Ukraynanın NATO-ya üzvlüyünü də istisna etdi. Bəs, Putin nə edir? O, ölkəyə qarşı məhvetmə müharibəsini davam etdirir", - nazir bildirib.
O, həmçinin qeyd edib ki, Kreml üçün bu müharibəni davam etdirmək getdikcə çətinləşir:
"Rusiya böyük itkilər verir. Nə vaxtsa Rusiyada tabutlar yığılmağa başlayacaq. Buna fəlakətli iqtisadi vəziyyəti də əlavə edin. Kreml üçün bu müharibəni davam etdirmək getdikcə çətinləşir. Putin bilir ki, vaxt daralır. Ona görə də müharibəni belə amansız intensivliklə aparır".
Paylaş: