
Ukrayna Prezidenti Volodimir Zelenski 2025-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi barədə Ali Rada tərəfindən bu gün qəbul olunan qanunu imzalayıb. Sənədə əsasən, Ukrayna Silahlı Qüvvələrinə ayrılan vəsait 9,8 milyard dollar artırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ali Radanın saytında yerləşdirilən qanunun məlumat kartında qeyd olunub
Bildirilir ki, qanun artıq Zelenskinin imzası ilə parlamentə qaytarılıb. İyulun 31-də Ali Radanın 332 deputatı müdafiə xərclərinin artırılması ilə bağlı qanuna yekun oxunuşda təcili səs verib. Sənədi dərhal Ali Radanın spikeri Ruslan Stefançuk da imzalayıb.
Qanuna əsasən, 412 milyard qrivenlik (təxminən 9,8 milyard dollar) əlavə vəsaitin:
216 milyard qriveni (5,2 milyard dollar) silah, hərbi texnika və dronların alınması və istehsalına,
115 milyard qriveni (2,7 milyard dollar) isə Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatına sərf olunacaq.
Qalan vəsait digər müdafiə ehtiyaclarını qarşılamaq üçün istifadə ediləcək.
Ukraynanın Baş naziri Denis Şmıqal qeyd edib ki, əgər Rada bu qanunu qəbul etməsəydi, Ukrayna ordusu qarşısında öhdəliklərini yerinə yetirməkdə çətinliklərlə üzləşə bilərdi.
Paylaş: