Xəbər lenti









Qalib Nuri Arifin XIX əsr Azərbaycanın  görkəmli şairi Xurşidbanu Natəvanın həyat yolundan bəhs edən “Xan qızı Natəvan” poeması mədəni irsimizə və mənəvi dəyərlərimizə ehtiramın təzahürüdür. 

Qeyd edək ki, poema  Xurşidbanu Natəvan haqqında yazılan əsərlər arasında İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesindən, Əzizə Cəfərzadənin “Natavan haqqında hekayələr”indən və Məmməd Rahimin “Natəvan” poemasından sonra dördüncü ciddi bədii əsərdir. 

Əsəri Xurşidbanu Natəvanın 190 illik yubileyinin qeyd edilməsi baxımından dəyərləndirsək, bugünün ən aktual mövzularından sayılır. Poema Natəvanın həyat və yaradıcılığının əsas xüsusiyyətlərini - onun xalqla olan birliyini, doğma torpağa bağlılığını, xeyriyyəçiliyini, Şuşa şəhərinin abadlaşdırılmasında, Şuşaya içməli suyun çəkilməsində, Qarabağın ədəbi-mədəni həyatının canlanmasında rolunu və bunlarla bərabər şəxsi həyatında baş verən hadisələrin fonunda yaranan yaradıclığını səciyyələndırir. 

Bir şairin həyat və yaradıcılığına digər bir şairin gözü ilə baxmaq birincini daha dəqiq görməkdir, onun irsini rəmzləşdirmək imkanı əldə etməkdir. Mənə görə, Qalib Nuri Arifin “Xan qızı Natəvan” poeması Xurşidbanu Natəvanın şər cəhənnəmində xeyir cənnəti adlı təsviridir. 

Oxucu əsər boyunca sanki qəhrəmanın həzin, səmimi lirikasını duyur, onun gözlərilə təbiət gözəlliklərıni görür, Xan qızının könül dünyasının bəzən real, bəzən də romantik döyüntüsünü eşidir. 

Müəllif qəhrəmanını bütün müsbət xüsusiyyətləri ilə, xəlqiliyilə təqdim edir, onun təkcə Qarabağ üçün deyil, o cümlədən, İranda şah rejiminin əsarətində əziyyət çəkən Cənubi Azərbaycan əhalisinin taleyinə biganə qalmaması, orada xalqın güzəranının yaxşılaşdırılması, milli mənafelərinin qorunması ilə bağlı xidmətlərini də diqqətə çatdırır. 

Xan qızının əziyyətli, amma şərəfli həyat yolunu əks etdirən bu əsərdə müəllif yeri gəldikcə, obrazların dilindən hikmətli sözlərdən, xalq deyimlərindən və Şərq, Qərb filosoflarından - Pifaqordan, Demokritdən, Deni Didrodan, Sədi Şirazidən, Nəsirəddin Tusidən, Şeyx Əvhədədi Marağalıdan, Nizami Gəncəvinin tarixdən alaraq ədalətli şah kimi obrazlaşdırdığı Nuşirəvandan (Sirlər Xəzinəsi), Nuşirəvanın vəziri, ədaləti, hikməti ilə heyrət doğuran (əsərdə) Büzurgümehrdən, Hind xalq deyimindən və s. gətirdiyi sitatlarla əsərin məzmununu daha da zənginləşdirir. Bu, əsərin qəhrəmanlarının dərin fəlsəfi biliklərə malik olmasını ehtiva etməklə yanaşı, həm də müəllifin özünün ədəbi-bədii, fəlsəfi-tarixi biliyinin genişliyindən, dünyagörüşünün zənginliyindən xəbər verir. 

Əsərdə digər özəllik gecə - gündüz, Ay - Günəş, yer - göy, od-su və s. simvollaşmış mifoloji izlərin olmasıdır ki, bu da bü­tün dövrlərdə inkişafın özülü olan, insanın həyatın davamına olan inancını, ümid və təsəlli yerini təyin və təsdiq edir. Bu baxımdan əsər Azərbaycan ədəbiyyatının və fəlsəfi düşüncəsinin tarixi köklərində dayanan mif­­ ənənəviliyini davam etdirir, oxucunun duy­ğularına təsir edərək müxtəlif hiss və emosiyalar yaradır. Belə düşündürücü üsuldan istifadə bütün zamanlarda cəmiyyətdə milli mentaliteti əks etdirən əxlaq nor­ma­larını müəyyənləşdirir. 

Qalib Nuri Arif bu poemada Xan qızının ən çətin anlarında üz tutduğu, kömək istədiyi gizli bir qəhrəmanı da təqdim edir ki, o, Axundovdur. Realist şair və nasir kimi ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri olan, dramaturgiyamızın banisi, zəngin maarifçilik fəaliyyəti ilə seçilən Mirzə Fətəli Axundovun Azərbaycanın ictimai-siyasi həyatında da əhəmiyyətli rolunun olması bu əsərlə bir daha öz təsdiqini tapir.   

Poemadan gətirdiyimiz nümunədə Axundovun Natəvan üçün bir güvənc yeri olduğu bəlli olur. Mehdiqulu xanın Qasım bəy Zakirə hədiyyə etdiyi Xındırıstan kəndinin şairin əlindən alınaraq, ermənilərə verilməsi məsələsində yaranan gərginliklər nəticəsində Xan qızı Axundova sətiraltı mənalar kəsb edən bir məktub göndərir. 

Yazdı: “Axundova, hörmətlə məndən”

“Salam, ey millətin yanan çırağı,

Çətin günlərində arxa-dayağı.

Sənə deyiləsi çox sözümüz var,

Qorxuram qəlbinə yaralar salar.

Hər yanı bürüyüb yabanı otlar,

Üstündə “qızılgül” nişanəsi var.

Dostun Qasımbəyin gözəl bağları,

Susuzluq üzündən olub sapsarı.

“Yusif əmin” səpən toxumlar indi,

Vətən torpağında cücərməkdədi.

Əgər belə getsə, Qarabağımız,

Dönüb olacaqdır kədər dağımız.

Bütün olanları yazdım ki, sənə,

Möhtacıq, sərkərdə köməkliyinə.”

 

Poemada az görünsə də, Axundov əsərdəki mühüm hadisələrin bir növ açarıdır, - desək yanılmarıq. 

Əsərdə Natəvanın incəsənətin bir neçə növünə bələd olması, o cümlədən,    “Məclisi-üns” - ülfət məclisi yaratması, dövrünün görkəmli sənətkarları ilə söhbət məclisləri qurması bədii tablolarla təsvir olunur. 

Natəvan şeirinin mayasını təşkil edən saflıq və kədər motivləri eynilə “Xan qızı Natəvan” poemasına da köçüb. Anasının və oğlu Mir Abbasın ölüm səhnələrində oxucu qəhrəmana qoşulub göz yaşı tökür. 

Diqqət çəkən səhnələrdən biri də o dövrdə Qafqaza səyahətə çıxan fransız əsilli məşhur yazıçı Aleksandr Dümanın Xasay xanın qonağı olması, Bakıda gözəl mənzərə fonunda, yemək masasında Natəvanla görüşməsi, Xan qızının Dümaya tütün kisəsi hədiyyə etməsi və Dümanın hədiyyə haqqında dediyi fikirlər təsvir olunur. Bu səhnədən bəlli olur ki, Natəvanın zövqlü əl işləri olmuşdur. 

Tütün kisəsini aldı əlinə…

Sonra o, Dümaya verib  kisəni,

Dedi: - Qəbul  edin,  bu  hədiyyəni.

Bu zərif, incə iş Xan qızınındır,

Saf, kövrək hisslərin naxışlarıdır.

Burda həm zəhmət var, həm də fəlsəfə,

Zəhər necə alır bizi hədəfə.

Kisə açılanda gözə gül dəyər.

Bağlansa ilana dönəcək güllər.

Üstündə belə bir yazı: “Ey insan,

                        Zəhər tuluğundan uzaqda dayan!”

 

Natəvanın daxili güçünü, incə ruhunu və romantizmini üzə çıxarmaq cəhdi poemanı şərtləndirən ən mühüm amillərdən biridir.  

Həm müəllifin, həm də poemanın digər bir uğuru da musiqi tariximizdə özünəməxsus yer tutan bəstəkar, tarzən Sadıqcandan da bəhs etməsidir. Sadıqcan haqqında yazılan məqalələrdən bilirik ki, o, tarı təkmilləşdirən, kök simləri əlavə edərək simlərin sayını 5-dən 11-ə çatdıran, ilk dəfə tarı sinədə ifa edən sənətkardır. Bu məlumatların bədii-poetik təsvirlərlə bir poemada yer alması, səhv etmirəmsə, ilkdir. Əsərdə Sadıqcanın həm Azərbaycanda, həm də İranda məşhur sənətkar kimi tanındığı bildirilir. İran şahının Sadıqcanın ifasını bəyənməsi, ona təltiflər etməsi səhnəsi əxlaqi-etik müstəvidə, poetik bir dillə vəsf olunur.

 

…Tarzən Sadıqcanı Şah çox bəyənmiş,

Ona “Şiri-Xurşid” ordeni vermiş.

Baxıb sənətkara, tar sənətinə,

Təəccüb eyləmiş, on bir siminə. 

Soruşmuş, nə üçün tarı Sadıqcan,

Sinəsinə sıxıb, yapışıb ondan?

Əvvəldən diz üstə çalınıbdı tar,

Sinədə çalmağın bir sirrimi var?

Maraqla Xan qızı Nəvvaba bu an,

Dedi: - Bəs nə deyib, şaha Sadıqcan?

Nəvvab dedi, dönüb şaha Sadıqcan:

-Tanrıdan güc almış hər  bir yaranan,-

Qəlbinin səsini eşitməlidir.

…Bir də, şah sag olsun, axı məni, tar, 

Ruzi qazanmaqçün edib sənətkar.

Atalar dediyi hikmətə görə,

Çörək diz üstündən tökülər yerə.

Odur ki, halallıq düşünürəm mən,

Aşağı tutmuram tarı sinəmdən.

Şah bir qədər fikrə dalaraq, o an,

Söyləmiş: - Mərhaba sənə, ey tarzən!

Sənin düşüncənə ancaq, afərin,

Qızıl qiymətində sənin dəyərin. 

Baxıb məşəl olan o ürəyinə,

Mən “Tarın Atası” deyirəm sənə!

O ad dəyər sənin halallığına,

Ədəb-ərkanına, əqli-zəkana!

 

Klassik ədəbi ənənələrimizi, tariximizi yaşatmaq adına dövrünə görə, böyük işlər görən, yüksək humanizm ideyalarını lirizmdə ifadə edən, həyatı və yaradıcılığı ilə unikal qadın olan Xurşidbanu Natəvan kimi bir şəxsiyyəti təqdim və təbliğ edən bu əsər, “Şuşa İli”ndə Qarabağın tarixinin, ədəbi simalarının təbliği sahəsində olduqca əhəmiyyətlidir, Xurşidbanu Natəvanın 190 illiyinə isə böyük töhfədir. 

Ümid edirəm ki, Qalib Nuri Arifin “Xan qızı Natəvan” poeması Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarının yeinə yetirilməsi məsələsi baxımından da nəzərə alınacaq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və digər əlaqədar qurumlar tərəfindən layiqincə dəyərləndiriləcəkdir. 

 

Adilə Nəzərova

Filologiya üzrə fəlsəfə doktoru




Ana səhifəyə qayıt        Baxış: 2 285          Tarix: 23-05-2022, 17:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma