Xəbər lenti


(Yusif Nəğməkarın “Çanaqqala - Türkə qala” poemasının və bir neçə şeirinin təhlili əsasında) 

II Hissə

“Çanaqqala - Türkə qala” poeması ədəbi əsər olmaqla yanaşı, tədqiqat əsəri kimi də dəyərləndirilə bilər. Məlumdur ki, tarixi əsər yazmaq üçün mütləq arxivləri araşdırmaq, mövzu ilə bağlı yazılan əsərləri oxumaq, elmi tədqiqatları nəzərdən keçirmək lazım gəlir. Bildiyimiz kimi, Çanaqqala müharibəsi şəhidləri haqqında Osmanlı Arxivində təxminən 1200 kataloqluq, Türkiyə “Milli Savunma Bakanlığının Arxivi”ndə 330.000 kataloqlıq məlumat olan  “Şəhid Təsbit Projesi” sənədləri toplanmışdır ki, o sənədlərin bir çoxunda Azərbaycanlı komandir və əsgərlərin Çanaqqala döyüşlərində iştirakı ilə bağlı zəngin məlumatlar vardır. Bu məlumatlara, faktlara əsaslanan şair yazır: 

Çağdaş insanlar, deyim, inanın,

səbri daşmışdı Azərbaycanın... 

Osmanlıdakı qanlı qovğalar – 

Antanta fikri – qədim sovxalar...

...coşdu sevgilər, coşdu hünərlər.

Şəhid olmağa hazır əsgərlər, 

öpüb torpağı söylədilər, “Can!”

Öz qardaşına köməyə qalxdı 

Azərbaycan. 

Müəllif bu poemada türk analarının mərdliyini, məğrurluğunu, səbrini göstərən real, real olduğu qədər də müqəddəs səhnələr yaratmışdır. Analar oğullarını döyüşə - Şəhidliyə göndərərkən çal-çağır edir, qurbanlar kəsir, ruh yüksəkliyi ilə mərasim keçirir. Tanrıya üz tutaraq şükr edir ki, o, vətən, yurd uğrunda döyüşə gedən oğul yetişdirib. 

Çanaqqalaya türk qardaşlarına köməyə gedənlərdən biri də azərbaycanlı Əsəd Paşadır. Əsərdə Əsəd Paşa abşeronlu və onun nişanlısı Gülçöhrə mərdəkanlıdır. Əsədlə Gülçöhrənin ayrılıq səhnələri çox təbii və həyəcanvericidir. Ayrılarkən Əsədin dili ilə deyilən “...Ulu milləti sındıra bilməz bir kəs, Mən də millət oğlutək o yerdə olmalıyam, Döyüşlərə atılıb Zəfərlər çalmalıyam. ...Gövdə, budaq bir yana, Köküm məni səsləyir. Tarixlər iftixarı Türküm məni səsləyir”. sözlərlə şair Azərbaycan-Türkiyə qardaşlığının dərin köklərə malik olduğunu və bu qardaşlığın möhkəm mənəvi özüllər üzərində qurulduğunu ortaya qoyur, bu tarixi həqiqəti faktlarla indiki gəncliyə çatdırır, gələcək nəslə ötürür. Əsərdə Əsədin döyüşə başlayarkən müəllifin təhkiyəsilə iki misralıq fikri oxucunun da köksünü qabardır: “Bir qəlbini bölmüşdü o, müqəddəs ikiyə: Onun Gülçöhrəsiydi Azərbaycan - Türkiyə!”. 

Burada, qadın sevgisini vətən sevgisilə dəyişmək sübut edir ki, vətən təkcə daşı-torpağı ilə yox, sahib olduğu, qoynunda bəslədiyi ana, övlad, yar ilə vətəndir. Necə ki, müəllif yuxarıdakı nümunədə fikrini qəhrəmanının sözlərilə dilə gətirir. Bu məqamda bir fikir də özünü doğruldur ki, milli kimlik fərddən sosiala keçərək özü üçün tərif sahələri yaradan bir quruluşdur. Bu strukturda “mən”i müəyyən etməyə ehtiyacı olan hər bir şəxs “biz” haqqında düşünməyi bacarmalıdır. Eynilə Şairin düşüncəsini ehtiva edən Əli bəy Hüseynzadənin irəli sürdüyü “türkçülük, islamçılıq, müasirlik” şüarındakı Azərbaycançılıq məfkurəsi kimi, - hansı ki, bu, millilik və ümumbəşəriliyin vəhdətindən çıxış edən ideologiyadır.

Poemada Əsəd Paşa döyüşlərdə həlak olur, onun yolunu gözləyən nişanlısı Əsədin sorağı ilə Çanaqqalaya yollanır. Əsədin şəhid olduğunu duyunca yağıdan intiqam almağa and içir. Gənc Gülçöhrəyə məhmətciklərin yaralarını sarımaq üçün  həmşirəlik işi tapşırılır və o da sonda şəhid olur.

Bu əsər də bir çox tarixi əsərlər kimi sübut edir ki, türk millətinin digər millətlərdən fərqi ondadır ki, onların xəyali qəhrəmanlara ehtiyacı yoxdur, onlar bütün dövrlərdə dünya coğrafiyasının hər nöqtəsində olmuş və qəhrəmanlıqları ilə tarixə düşmüşlər. 

Poemanın “Ən Son Ün” bölümündə şair döyüş və qəhrəmanlıq mövzusunu ümumiləşdirərək nəzərləri Çanaqqaladan Qarabağa, Seyid Onbaşıdan əfsanəvi qəhrəman Mübariz İbrahimova yönəldir. 

Dərdli Odlar yurdum sərdar qaladır,

Neçə döyüş burda, neçə iz burda.

Bu gün Qarabağım Çanaqqaladır,

Seyid Onbaşıyla Mübariz burda.  

- misraları ilə hadisələrin daxili aləminə bir sənətkar qüdrətilə nüfuz edir, iki işğala uğrayan doğma türk yurdunu, həmçinin savaşın iki idealını tərənnüm edir. Əsərin bu paralelliklərlə davam edən son bölümü göstərir ki, şairin əsər üzərində işləmə texnikası olduqca mükəmməl və mənə görə, üslubca yenidir. Həm hadisələrin, həm də qəhrəmanların paralel işlənməsi mövzunu və zamanı möhkəm şəkildə bağlayır. Bu da onu göstərir ki, məhz belə əsərlər yeni ədəbi cərəyan yaradır. 

Bütün dövrlərdə türk türkə dost, qardaş olmuşdur. Bu baxımdan “Çanaqqala - Türkə qala” kimi əsərlərin təbliğinə zaman-zaman yenidən dönməli və yaddaşımızı təzələməliyik. 

 Nəzərə çatdıraq ki, şair bu poemaya görə 2015-ci ildə “Çanaqqala zəfərinin 100 illiyi” münasibətilə keçirilən ədəbi müsabiqənin qalibi olmuşdur.  

Türkçülük ideyasını bir çox şeirinə tətbiq edən Yusif Nəğməkarın mövzu ilə bağlı fikirlərini “Türkəm, türk oğlunun yuxusu gəlməz” şeirində də oxuyuruq. 

Qorxutmaz məqsədli qınaqlar onu,

Mələklər saf ruhla qonaqlar onu,

Elə ayıldıb ki, sınaqlar onu…

Türkəm, türk oğlunun yuxusu gəlməz.  

 

Anadolu kimi əzəl özüm var,

Səhəri doğuran danım – közüm var,

Veysəlin gözünə işıq sözüm var, 

Türkəm, türk oğlunun yuxusu gəlməz.

 

Uzaqlıq-Kaşğari sözündən uzaq,

Azər, türkmən, özbək, qırğızla qazax...

Madam ki, dostumuz, yadımız ortaq,

Türkəm, türk oğlunun yuxusu gəlməz.

 

Şumerdir, Albandır - türk namusudur,

Əxlaqı-dastanı "Bilqamus"udur,

Oyanmaq sevinci, yatmaq yasıdır,

Türkəm, türk oğlunun yuxusu gəlməz.

 

Milli kimliyin əsasını təşkil edən türkçülüyü bütün ideyaları ilə təbliğ etmənin yeni milli cəmiyyət quruculuğunda da əsaslı rol oynayacağını düşünən vətəndaş şair, bu dinamikanı qorumağı lazım bilir. Bu səbəbdən şeirdə keçmişdən bugünə türkçülüyə xidmət edən hər kəsi və hər şeyi – türk millətinin dost-düşməninin də ortaq olmasını xatırladır. 

Türkçülüyün eyni zamanda bir qürur məsələsi olmasını bilmək, bu həqiqəti ədəbi-bədii əsərlərə daşımaq hər sənət adamının borcudur - şairin şüara çevrilən “Millətin millisi olmayan şair, Dünyanın dillisi olsa da heçdir.” misralarında dediyi kimi.  “Türkəm, türk oğlunun yuxusu gəlməz” şeirində şairin qeyd etdiyi kimi, türkçülüyü təbliğ etmək türkü hər daim oyaq saxlayar, yatmaq – milli kimliyi unutmaq türkə yas – bəla gətirər.

İctimai yaddaşda mövcud olan milli hisslər bütöv bir kimlik tərtibatında, tarixi-milli şüurda əriyir. Yusif Nəğməkara görə Vətən təkcə yaşadığın ölkə deyil, Vətən böyük və əbədi bir məmləkət – Turandır. 

Bu amal hər şeyi üstələyir və türkçülük xəyalının şüarına çevrilir. Bu şüar Turan adı altında birləşən oğuzları, tatarları, qırğızları, özbəkləri, yakutları və b. öncə dil, ədəbiyyat və mədəniyyətdə birləşdirməkdir ki, zaman-zaman araya uzaqlaşmalar girsə də, bu, dünya türklərinin qan və gen yaddaşda nəsildən-nəslə ötürülmüşdür. Bu ideya “Qalx, Türküm!” şeirinin 

And kimi içilər adın;

Sayılıb-seçilər adın.

Dünyaca ölçülər adın;

Turan boyda görküm mənim,

Qalx ayağa, Türküm mənim!

 

Hər an düz yolda-haqdasan,

Haqqa dirək bayraqdasan,

Silah kimi ayaqdasan;

Varlığımı dərkim mənim –

Qalx ayağa, Türküm mənim!

 

 - misralarında vurğulanarkən, şeirin üçüncü bəndi xəyaldan həqiqətə çevrilən ən yeni tarixi yada salır. 

Qarabağım talan yerdə,

Yağı torpaq bölən yerdə,

Tək hənirin gələn yerdə,

Yoxdur qorxum-hürküm mənim,

Qalx ayağa, Türküm mənim!

Cəmiyyətin dəyərlərini və şüurunu əks etdirən belə ədəbi nümunələr inkişafın göstəricisi, yaxud keçid dövrünün şahidi kimi də çıxış edir. 

II Qarabağ savaşında Türkiyənin Azərbaycana dəstəyindən güc alan xalq, dövlət və ordu birliyi bu haqq davasında zəfər çaldı. Şairin həmin günlərində yazdığı  "Azərbaycan - Türk Bayrağı” şeiri bir daha təsdiq edir ki, türkçülük böyük ideyadır. Bütün ideyalar kimi o da böyük bir inanc gücünə söykənir. Şair bu şeirin hər bəndində türkçülük ideyasının elə bir tərəfini açır ki, bu ideya əsrlər boyu böyük türk millətinin şüurunda və şüuraltında yaşayan böyüklük və bütövlük ideyasının izharı, türk soyunun özünəməxsus xüsusiyyətlərinin təzahürüdür.

Məğrurluğu tərkedilməz,

Siz sancılan Yurd yenilməz –

Ey Tanrısal, vəsfəgəlməz,

Azərbaycan, Türk bayrağı!  

Bu misralar “türkçülük” haqqında keçmişdən gələcəyə uzanan duyğu və düşüncənin ifadəsi olduğu üçün onu fərqli şəkildə şərh etməyə lüzum qalmır. Oxucu bu misralarda bir şeyə inanır ki, çiçək açan ağacın bar verməsinin qarşısını almaq mümkün olmadığı kimi, türk millətinin də qələbə qazanmasına mane olmaq mümkün deyil. Türkün vəsfəgəlməz bayrağı daim ucalarda və məğrur dalğalanıb. 

Mərhum şairimiz Bəxtiyar Vahabzadə iki ölkənin qardaşlığını “Bir ananın iki oğlu...” deyə tərif etmişdi. Y.Nəğməkar isə bu qardaşlığı iki ölkənin bayraqları ilə təqdim edir. Azərbaycan və Türkiyə bayrağının vəsfini “Birdən yaranan ikilik, İkilikdən doğan birlik” misraları ilə poetikləşdirir və bu həqiqəti sözügedən şeirin davamında belə əks etdirir.

Şəhid qanıyla güllənən,

Hünər şanıyla dillənən,

Çanaqqalada yellənən

Azərbaycan, Türk bayrağı! 

Azərbaycanın dövlət himnində vətənə xitabən: “Minlərlə can qurban oldu, Sinən hərbə meydan oldu! ...Üçrəngli bayrağınla məsud yaşa!”. Eləcə də, Türkiyənin dövlət himnində: “Çatma, kurban olayım, çehreni ey nazlı hilal! …Sana olmaz dökülen kanlarımız sonra helal” deyilir. 

Yusif  Nəğməkar bu fikri özünəməxsus poetik ifadəyə bürüyür: 

Zülmətlər biçib gəldiniz,

Sidqən and içib gəldiniz,

Odlardan keçib gəldiniz,

Azərbaycan, Türk bayrağı! 

Bəli, oddan-alovdan keçsə də, qan bahasına ucalsa da, bayraq azadlıqdır, müstəqillikdir, heysiyyət simvoludur, milli kimlikdir, yurda hakimlikdir, vətəndir, gücdür. Bəlkə də buna görə neçə-neçə qandan-qadadan keçən bayrağın görüntüsündə hüzün yoxdur.  

İki bayrağın birliyi isə ikiqat gücdür, sərhədi olsa da bir vətəndir, düşmənə gözdağıdır, yağı canına düşən qorxudur.  

Eheeyy, şərə uzanan əl,

Eşit, bədxah, xəbis əməl,

Sarsılmazdır bu tunc təməl –

Azərbaycan, Türk bayrağı!


Bu şeir o vaxt yaranmışdı ki, bədhaxların şərə uzanan əlləri Azərbaycanın bir hissəsini işğal etmiş, torpağının bağrı şəhidli, uşaqları qaçqın, qocaları həsrətli, cavanları azadlıq eşqli, toyları şənliksiz, şeirləri ağrı-acılı, küləyi hüzün səsli, dənizi solğun rəngli, keçmişi də, bugünü də əsirlikdə otuz il boynubükük qalan, eyni zamanda əzab-əziyyətləri ilə böyüyən, güclənən, inkişaf edən ölkə olaraq itirdiklərini geri almaq üçün ayağa qalxmışdı. Gediləcək yer çətin, addımlar qısa idi və ona bir qardaş əli gərəkdi. O əl uzandı, öz qardaşının əlindən tutdu, bir əsr əvvəl yenə Türkiyədən - Qarsdan gələn qardaş əli kimi. Qafqaz İslam Ordusu himnində deyildiyi kimi: “Nuri Paşa at belinde Türkiye’den, Kars’tan gelir, Azerbaycan diye-diye yenilmeyen aslan gelir”.

Nuri paşanın nəvələri yenə gəldilər. Azərbaycan türkləri gələnləri bir daha qucaqladı. Zəfərimizdə güvənc yerimiz oldular. Eynən şairin dediyi kimi: 

Atlaz zəmin üstdə qumaş,

Qoşa namus, qoşa ardaş,

Qoşa sirdaş, qoşa qardaş –

Azərbaycan, Türk bayrağı!

 

Varlığınız güvəncimiz,

Yarlığınız – yar incimiz,

Zəfər donlu sevincimiz –

Azərbaycan, Türk bayrağı!

Azərbaycan xalqı keçmişinin təntənəsi ilə evlərinin eyvanlarına, iş yerlərinə, avtomobillərinə, küçə və prospektlərinə göz yaşları ilə Azərbaycan və Türkiyə bayraqlarını qoşa asdı, çünki “nazlı hilal” “üçrəngli bayraq”la birgə zəfər donlu sevincimizin göstəricisi idi. Sinələrə asılan iki bayrağın qoşa rəmzi nişanlar iki qardaşın qovuşması idi, iki bədənin bir yumruq olması idi ki, zülm qalasını vurub dağıtmışdı. Bu coşqu Yusif Nəğməkar qələmində eynilə də əks olunur:

Biz Türkləriz – mərdlər dəsi,

“Çadırımız – göy qübbəsi”;

Bilgə Kağan təntənəsi –

Azərbaycan, Türk bayrağı! 

37 bənddən ibarət olan bu şeirdə hər iki dövlətin tarixi köklərinin bir olması ilə əlaqəli bilgilər verilir, qədim türk torpaqlarında mövcud olmuş dövlətlərdən, xanlıqlardan, İmperiyalardan bəhs edilir. Tarixi, milliliyi, dili, dini inancı ilə daima yaxın olan iki dövlətin birliyi əks olunur. Və şeirin son iki misrasındakı bənzətmə oxucunun ruhunu titrədir: “Gözümün qarası, ağı, Azərbaycan, Türk bayrağı!”. 

Şairin yaradıcılığına ümumi nəzər yetirsək görərik ki, türkçülük ideyasını müdafiə edən şeirləri çoxdur. Bu şeirlər müəllifin qəlb inancıdır, könül səsidir, qələm sadəcə vasitədir. 

Sonda bu nəticəyə gəlmək olar ki, Yusif Nəğməkarın yaradıcılığında inkişafa aparan mütərəqqi düşüncə, millət və dil birliyi ideyası müasir ədəbi prosesdə özünü göstərir. Onun milli vətənpərvərlik hisslərinin aşılanması, milli oyanışın yenidən formalaşması və möhkəmlənməsi üçün zəmin yaradan şeirləri Azərbaycan ədəbi mühitinin digər nümayəndələrini də bu sahədə yazmağa ruhlandırır. Şairin şeirlərində əsasən türkdilli xalqları bir-birinə bağlayan faktorların əsasını təşkil edən dil birliyi milli birliyin əsası kimi götürülür və milli vəhdət fəlsəfəsinə yeni çalar verir.  Dilindən, dinindən, bütün mənəvi dəyərlərindən xəbərdar olan, ictimai şüuru aktivləşdirən bu addım həm də türk millətinin tarixini yeni qələmlə yazma prosesidir.

 

Adilə Nəzərova

Filologiya üzrə fəlsəfə doktoru




Ana səhifəyə qayıt        Baxış: 1 999          Tarix: 2-04-2024, 23:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma