Xəbər lenti

 

Bayden administrasiyası gələn həftə Ukraynaya zəiflədilmiş uran mərmiləri verməyi planlaşdırır.

 

Ovqat.com xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi bildirib.

 

Agentlik əməkdaşının şəxsən gördüyü və iki ABŞ rəsmisi tərəfindən də ayrı-ayrılıqda təsdiqlənən sənədə görə, Bayden administrasiyası ilk dəfə olaraq Ukraynaya tərkibində zəiflədilmiş uran olan mübahisəli zirehdeşici sursatlar göndərəcək.

 

“Reuters”in iddiasına görə, Rusiya tanklarının məhvinə kömək edə biləcək mərmilər Ukraynaya gələn həftə açıqlanacaq yeni hərbi yardım paketində rəsmən bəyan olunacaq..

 

Agentliyə açıqlama verən rəsmilərdən biri gələn həftə açıqlanacaq yardım paketinin məbləğ dəyərinin göndərilməsi nəzərdə tutulan mərmilərin miqdarından və növündən asılı olaraq 240 milyon ilə 375 milyon dollar arasında dəyişəcəyini söyləyib.

 

Qeyd edək ki, Ukraynaya zəiflədilmiş uran mərmilərinin verilməsi barədə məlumatlar yeni deyil. Bu ilin əvvəlində Böyük Britaniya Ukraynaya bu tip mərmilər göndərmiş və bu addım Rusiyanın sərt reaksiyasına yol açmışdı. Böyük Britaniyadan fərqli olaraq, gələn həftə açıqlanacağı gözlənilən yardım paketi ABŞ-ın ilk uran tərkibli sursat transferi olacaq.

 

Qeyd edək ki, ABŞ-ın da bu cür mərmiləri Ukraynaya göndərmək planı yeni deyil. Hələ bu ilin iyunun ortalarında “The Wall Street Journal” nəşri ABŞ-ın Ukraynaya zəiflədilmiş uran mərmiləri göndərməyi düşündüyünü yazmışdı.

 

Rusiyanın bu silah göndərməsinə sərt reaksiya verəcəyi gözlənilir. Necə ki, bundan əvvəl Böyük Britaniyanın eyni təşəbbüsü Rusiya tərəfindən süngü ilə qarşılanmış, rəsmi London isə Kremli hadisəni böyütməkdə və dezinformasiya yaymaqda günahlandırmışdı. 

 

Moskvanın fikrincə, bu cür döyüş sursatlarının istifadəsi xərçəng xəstəliyinin yayılmasına və torpağın çirklənməsinə səbəb olur və tədricən müharibəni nüvə başlıqlarından istifadəyə qədər sürükləyə bilər. Vaşinqton və London isə öz hərbçilərinin on illərdir zəiflədilmiş urandan düzəldilmiş zirehdeşici mərmilərində istifadə etdiyini, amma Moskvanın dilə gətirdiyi təhlükələrlər üzləşmədiklərini bildirir. 

 

ABŞ istər 1990 və 2003-cü illərdə Körfəz müharibələrində və istərsə də 1999-cu ildə NATO-nun keçmiş Yuqoslaviyanı bombalaması zamanı zəiflədilmiş uran sursatlarından böyük miqdarda istifadə edib. BMT-nin Nüvə Nəzarəti Təşkilatı, Beynəlxalq Atom Enerjisi Agentliyi keçmiş Yuqoslaviya, Küveyt, İraq və Livanda apardığı tədqiqatlarda “ətrafa dağılmış zəiflədilmiş uran qalıqlarının mövcudluğunu” təsbit etmiş və “təsirlənmiş bölgələrin əhalisi üçün radioloji təhlükə yaratmadığını” göstərmişdir.

 

Bəs, zəiflədilmiş uran tərkibli mərmilər necə istehsal olunur və nə qədər təhlükəlidir?

 

Zəiflədilmiş uran maddəsi zirehdeşici mərmilərin hazırlanmasında istifadə olunur, xüsusilə soyuq müharibə dövründə sovet tanklarına qarşı inkişaf etdirilib. Bu mərmilərin Ukraynanın hazırda ölkənin şərqində Rusiyaya qarşı müharibə apardığı keçmiş sovet istehsalı olan T-72 tanklarına qarşı istifadə ediləcəyi gözlənilir.

 

Zəiflədilmiş uranın necə əldə edildiyinə gəlincə, Uran zəif radioaktiv xüsusiyyətlərə malik ağır metaldır. Onun üç məlum 3 izotopu var: 234U, 235U, 238U. Bu izotoplardan 234U və 235U parçalanır, 238U isə parçalanan deyil. Təbiətdən çıxarılan uran kütləsinin 99,27%-ni 238U təşkil edir.

 

Uran təbiətdə olduğu halıyla zəncirvari nüvə reaksiyasına girə bilməz. Bu səbəbdən atom silahlarında və atom elektrik stansiyalarında yanacaq kimi istifadə olunan uranın tərkibindəki radioaktiv izotopların nisbətini artırmaq lazımdır. Uranın zənginləşdirilməsi adlanan bu proses nəticəsində radioaktiv izotoplar toplanır. Nəticədə həm də radioaktiv izotoplarını itirmiş zəifləmiş uran əmələ gəlir. 1 qram zənginləşdirilmiş uran istehsal edildikdə, təxminən 7 qram zəiflədilmiş uran əmələ gəlir. Zəiflədilmiş uran 99,8% 238U izotopu ehtiva edir.

 

Zəiflədilmiş uran qurğuşundan daha ağırdır, bu da ona möhkəmlik gətirir. Nəticədə mərmi kimi atıldığı halda ən güclü zirehləri belə deşə bilir.

 

“RAND” siyasi planlaşdırma və nüvə silahları tədqiqat təşkilatında çalışan Edvard Geist hələ bu ilin əvvəlində Associated Press-ə bildirmişdi ki, zirehdeşici mərmilərdə istifadə olunan zəiflədilmiş uran nüvə silahı yaratmaq üçün lazım olan zənginləşdirmə prosesinin yan məhsuludur və bu cür mərmilər bəzi radioaktiv xüsusiyyətlərini qorusa da, nüvə reaksiyasına yol açmırlar.

 

ABŞ-ın zəiflədilmiş uran mərmilərini Ukraynaya verməsinə Rusiya necə reaksiya verəcək?

 

Qeyd edək ki, bu ilin əvvəlində Böyük Britaniyanın eyni addımına Rusiya liderləri sərt reaksiya göstərmişdilər. Hətta Londonu nüvə zərbəsi ilə təhdid belə etmişdilər.

 

Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Böyük Britaniya Ukraynaya zəiflədilmiş uran tərkibli silah-sursat versə, "lazımi cavabını alacaq".

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə İngiltərənin Ukraynaya zəiflədilmiş uran ilə sursat tədarük etməsinə təəccüblənmədiyini söyləmiş, “ancaq bunun onlar üçün pis olacağına şübhə etmirəm”, - deyə Londonu qeyri-müəyyən sözlərlə hədələmişdi.

 

İngilislərin artıq hərəkətlərində oriyentasiyasını itirdiyini vurğulayan Lavrov bu hərəkətlərin bütün dünyada strateji sabitliyi pozduğunu da sözlərinə əlavə etmişdi.

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu da cavab vermək yarışında geri qalmamışdı. O bildirmişdi ki, bu tip uran sursatı Serbiyanın Kosovo şəhərində istifadə olunub və bir sıra şəhərlər bombalanıb.

 

Ukraynaya zəifləmiş uran tərkibli mərmi tədarükünə Rusiyanı necə reaksiya verə biləcəyi barədə düşünməyə vadar edəcəyini vurğulayan Şoyqu demişdi: “Bu, hadisələrin gedişatına necə reaksiya verəcəyimiz barədə ciddi düşünməyə məcbur edir”.

 

Böyük Britaniya isə Rusiyanın bu hədə-qorxularını soyuqqanlılıqla qarşılamış, onu “dezinformasiya yaymaqda” günahlandırmış və Ukraynaya zəiflədilmiş uran tərkibli sursat göndərəcəyi fikrindən daşınmamışdı.

 

İngiltərə Müdafiə Nazirliyinin bir sözçüsü ingilis hərbçilərinin on illərdir zirehdeşici mərmilərdə zəiflədilmiş urandan istifadə etdiklərini söyləmişdi.

 

Sözçü demişdi: “Bu standart bir komponentdir və nüvə silahları və ya imkanları ilə heç bir əlaqəsi yoxdur. Rusiya bunu bilir, amma ictimaiyyətə qəsdən yanlış məlumat verməyə çalışır”.

 

Mübahisələrə ABŞ rəsmiləri də qatılmışdı. Ağ Evin Milli Təhlükəsizlik rəsmisi Con Kirbi verdiyi mətbuat açıqlamasında Rusiyanı "dezinformasiya yaymaqda" günahlandırmışdı.

 

Müzakirələrdə iştirak edən digər Pentaqon rəsmiləri Rusiyanın da zəiflədilmiş uran tərkibli sursatlardan istifadə etdiyini, ancaq Ukraynanın bu sursata sahib olmaması üçün əks-təbliğat hücumuna başladığını bildirmişdilər.

 

Zəiflədilmiş uran sursatı nüvə silahı sayılmasa da, aşağı səviyyədə radiasiya yaydıqları üçün Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bu cür mərmilərdən istifadəni məsləhət görmür. Belə döyüş sursatlarından istifadənin "minimuma endirməyi və istifadə zamanı qoruyucu əlcək geyinməyi” məsləhət bilən MAQATE bəyanat verərək bildirmişdi: “Bu səbəbdən insanların zəiflədilmiş uran tərkibli sursat istifadəsindən çəkinmələri üçün bir ictimai məlumatlandırma kampaniyası keçirilməlidir”.

 

Bununla belə, zəiflədilmiş uranın radiasiya təhlükəsi daşımadığını vurğulayan MAQATE onun əsasən zəhərli bir kimyəvi maddə olduğunu, aerozollardakı hissəciklərin tənəffüs edilmə ehtimalından danışmışdı. Təşkilatın xəbərdarlıq mahiyyətli açıqlamasına görə, müxtəlif yollarla bədənə daxil olan bu maddənin əksəriyyəti sonradan müxtəlif vasitələrlə kənara atılsa da, az bir hissəsi qan dövranına girib böyrək zədələnməsinə yol açır.

 

MAQATE bildirirdi ki, zəiflədilmiş uran böyrəklərdə yüksək konsentrasiyalar zədələnməyə və həddindən artıq zəhərlənmə hallarında hətta böyrək çatışmazlığına səbəb ola bilər.

 

“RAND” analitiki Edvard Geist isə zəiflədilmiş uran mərminin aşağı səviyyədə radioaktivlik ehtiva etməsinin bu sursatın "dezavantajı deyil, bir xüsusiyyəti" olduğuna inanır. Onun fikrincə, ABŞ hərbçiləri eyni sıxlığa malik, lakin radioaktivliyi olmayan başqa bir material tapa bilsələr, ehtimal ki, zəiflədilmiş uranın istifadəsindən imtina edə bilərlər.

 

2022-ci ilin fevralında Rusiyanın tammiqyaslı işğalından sonra Ukraynaya təhlükəsizlik yardımı 43 milyard dollardan çox olub.

 




Ana səhifəyə qayıt        Baxış: 5 635          Tarix: 2-09-2023, 09:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma