
Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla keçiriləcək sammitdən əvvəl qismən atəşkəs təklifi irəli sürüb.
Musavat.com xəbər verir ki, bu barədə “The Economist” nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, Putin sammitdən öncə havada və dənizdə məhdud atəşkəsin tətbiqini təklif edib və daha genişmiqyaslı razılaşmalara hazır olduğunu bildirib.
Lakin nəşrin mənbələri iddia edir ki, Rusiya lideri ABŞ-ın xüsusi elçisi Stiv Uitkoffla görüşdə yalnız Ukrayna qoşunlarının Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərindən könüllü şəkildə çıxması halında hərbi əməliyyatları dayandırmağa razı olacağını bildirib.
Bu isə faktiki olaraq Rusiyanın cəbhədə qələbəsinin tanınması anlamına gəlir.
Ukrayna prezidenti Volodimir Zelenski isə bu şərti qəbuledilməz adlandırıb. Kiyev bildirir ki, Putin hələlik müharibəni dayandırmaq üçün real təminatlar təqdim etməyib, rus qoşunları isə cəbhədə yavaş templə də olsa irəliləməyə davam edir.
Paylaş: