
ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" şəbəkəsində İkinci Dünya müharibəsində qələbənin 80-ci ildönümü şərəfinə keçirilən paradı şərh edib, Çin sədri Si Cinpindən tədbirdə iştirak edən Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Ina salamlarını çatdırmağı xahiş edib.
Bu barədə Oxu.Az Rg.ru-ya istinadən xəbər verir.
Ağ Evin sahibi, həmçinin ABŞ-nin İkinci Dünya müharibəsi dövründəki hərəkətlərini də xatırladıb.
"Qoy Sədr Si və gözəl Çin xalqı möhtəşəm və unudulmaz bayram keçirsin. Xahiş edirəm, Vladimir Putinə və Kim Çen Ina ən səmimi salamlarımı çatdırın", - deyə o bildirib.
Xatırladaq ki, İkinci Dünya müharibəsinin başa çatmasına həsr olunmuş parad iki saata yaxın davam edib.
Bayram tədbirləri Çin paytaxtının mərkəzindəki əsas Tyananmen meydanında baş tutub. Tədbirdə 10 mindən çox insan iştirak edib.
Tribunalarda 26 ölkənin rəhbərləri, beynəlxalq təşkilatların rəhbərləri, veteranlar və qələbənin qazanılmasında əməyi olan qəhrəmanların yaxınları olublar.
Pekində keçirilən paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.
Paylaş: