Xəbər lenti


 Orxan Bağırov
BMTM-in aparıcı məsləhətçisi 
 

Ermənistanın hazırda qarşılaşdığı ən böyük problemlərdən biri də ölkənin enerji tələbatının ödənilməsi imkanlarının azalmasıdır. Belə ki, cari ildə Ermənistanda enerji tələbatının ödənilməsində ən böyük paya sahib olan Metsamor Atom Elektrik Stansiyasının təmirə bağlanması gözlənilir. Stansiya köhnə olduğundan enerji sektorunda problemlərin yaranmasına baxmayaraq, Ermənistan hökuməti stansiyada modernizasiya işlərini həyata keçirməyə məcburdur. 
 
Bundan başqa, Ermənistanın enerji tələbatının ödənilməsində azad edilmiş torpaqlardakı enerji resursları da rol oynayırdı. Bu resursların böyük hissəsinin əldən çıxması isə enerji tələbatının ödənilməsi ilə bağlı əlavə problemləri artırır. Enerji sektorunda yaranan problemlər isə enerji daşıyıcılarının idxalının artmasına və enerji qiymətlərinin ölkə daxilində yüksəlməsinə gətirib çıxarır. Bunun nəticəsidir ki, artıq fevralın 1-dən etibarən ev təsərrüfatları üçün elektrik enerjisinin qiymətləri artırılmışdır. Qiymət artımı isə Ermənistanda iqtisadi və sosial vəziyyəti gərginləşdirir. 
 
Bundan başqa, Ermənistanın müstəqil enerji siyasəti apara bilməməsi enerji sektorunu xarici təsirlərə qarşı həssas edir. Qeyd edilən bu amillərin hər biri Ermənistanın enerji sektorunda vəziyyəti gərginləşdirir. Enerji sektorunda mövcud olan problemləri ayrı-ayrılıqda nəzərdən keçirək. 
 
Metsamor Atom Elektrik Stansiyasının təmirə bağlanması 
 
2021-ci ildə Ermənistanın enerji təminatında ən paya sahib olan (39%) Metsamor Atom Elektrik Stansiyasının (AES) modernizasiya üçün 140 gün müddətinə bağlanması planlaşdırılır. Enerji çatışmazlığının yaşandığı bir vəziyyətdə Ermənistan hökuməti təmirə getmək istəməzdi. Lakin, stansiya köhnə (1970) və hazırkı vəziyyətdə işləməsi təhlükəli olduğundan hökumət təmirə getməyə məcburdur.
 
Ümumiyyətlə, Ermənistan Metsamor stansiyasını əvəzləyəcək yeni stansiyanı tikməyi planlaşdırırdı. Lakin, maliyyə vəsaitləri çatışmadığından 2014-cü ildə mövcud stansiyanın yenilənməsinə və işləmə müddətinin 2026-cı ilə qədər uzadılmasına qərar verildi. Stansiyanın modernizasiyası mərhələli şəkildə həyata keçirilirdi və bu il modernizasiya prosesinin sonuncu mərhələsi başlayacaq. Ona görə də təmir prosesi üçün daha uzun müddətə (140 gün) ehtiyac var. 
 


İlkin olaraq stansiyanın modernizasiyası prosesi 2019-cu ilin sonuna yekunlaşmalı idi və bu proses Rusiyanın Rosatom Agentliyi tərəfindən həyata keçirilirdi. Daha sonra modernizasiya prosesinin gecikməsi, bu proses üçün Rusiyanın ayırdığı kreditin vaxtının bitməsi və Ermənistanın kredit müddətini uzatmaması yenilənmə prosesinin ləngiməsinə səbəb oldu. 2020-ci ildə isə pandemiya ilə əlaqədar qadağalar bu prosesin qarşısını aldı. Ona görə də Ermənistan yenilənmə üçün stansiyanı bağlamağa məcburdur. 
 
Onu da nəzərə almaq lazımdır ki, Ermənistanda tariflərin səviyyəsinə elektrik enerjisi mənbələrinin hansının enerji təminatında payının daha çox olması da təsir edir. Ermənistanda əsas elektrik enerjisi mənbələrinə AES-lər, İstilik Elektrik Stansiyaları (İES) və Su Elektrik Stansiyaları (SES) aiddir. Ermənistanda elektrik enerjisinin ən ucuz əldə edildiyi mənbə Metsamor AES-dir. Əgər enerji istehsalında AES-in payı çoxdursa o zaman tarifləri aşağı saxlamaq imkanı yaranır. Ona görə də Metsamor AES təmirə bağlanacağından hökumət elektrik enerjisinin əldə edilməsində ən ucuz mənbədən məhrum olacaqdır. Belə olan halda hökumət məcburdur ki, elektrik enerjisinin təminatına daha çox vəsait xərcləsin. Bu da ölkədə elektrik enerjisinin qiymətlərinin artması üçün şərait yaradır. 
 
Yaranmış problemlərə baxmayaraq Ermənistan hökuməti cari ilin yanvar ayında “2040-cı ilə qədər enerji sektorunun inkişafı üçün strateji proqram”-ı qəbul etmişdir və proqramda Metsamor AES-in istifadə müddətinin 2026-cı ildən sonra da artırılması və yeni AES-in tikintisi planları da yer almışdır. Proqramda qeyd edilir ki, AES-lərin Ermənistanın elektrik enerjisi istehsalında payının qorunması enerji resurslarının şaxələndirilməsi, ölkənin idxal edilən qazdan asılılığının artmasının qarşısının alınması və ətraf mühitin qorunması baxımından vacibdir. Mütəxəssislərin fikrincə, Metsamor stansiyasının modernizasiyadan sonra fəaliyyəti səmərəli şəkildə davam edərsə, əlavə 150 milyon dollar investisya yatırmaqla onun fəaliyyət dövrünün 2036-cı ilə qədər uzadılması mümükündür. Bundan sonra isə Ermənistan tikmək istədiyi yeni stansiyanın imkanlarından istifadə etməyi planlaşdırır. Nüvə enerjisinin istehsalı daha ucuz başa gəldiyindən Ermənistan nüvə enerjisi isthesalının davam etməsi və artırılması üçün bütün imkanlardan istifadə edir. 
 
Müharibə nəticəsində enerji sektoruna dəymiş zərər 
 
Digər tərəfdən isə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqları azad etməsi də Ermənistanın enerji sektoru ilə bağlı problemlər yaratmışdır. Belə ki, son illərdə işğal edilmiş ərazilərdə istehsal edilən elektrik enerjisi (əsasən SES-lər tərəfindən) Ermənistana ixrac edilirdi. Proqnozlara əsasən, 2020-ci ildə qondarma rejim Ermənistana 330 milyon kilovatt saat enerji ixrac etməli idi. Bu isə Ermənistanın elektrik enerjisi tələbatının təxminən 7%-ni qarşılayırdı


 
Lakin, Azərbaycanın torpaqları işğaldan azad etməsi nəticəsində qondarma rejimə aid olan 36 hidro elektrik stansiyalarının (HES) 30-u Azərbaycanın nəzarətinə keçmişdir. Müharibə nəticəsində qondarma rejim enerji istehsalı potensialının 60%-ni itirmişdir. Əgər müharibəyə qədər işğalda olan ərazilərdə SES-lərin ümumi gücü 187.5 MVt (MeqaVatt) təşkil edirdisə ermənilər üçün bunun 112.5 MVt-ı itirilmiş və 75 MVt-ı qalmışdır (Qrafik 1). Digər mənbələrdə isə göstərilir ki, işğal edilmiş ərazilərdə müharibədən əvvəl qondarma rejim ildə 91-97 MVt enerji istehsal etmək gücündə idi. Bu isə onu deməyə əsas verir ki, orada olan SES-lər tam gücü ilə fəaliyyət göstərmirdi və ya göstərə bilmirdi. 


 

 
Qondarma rejimin nəzarətində qalmış SES-lər arasında ən böyük gücə və paya malik olan stansiya isə Sərsəng SES-dir ki, onun da istehsal gücü 50 MVt (illik 90-140 milyon Kilovatt saat) təşkil edir. Yəni, Sərsəng SES qalmış 75 MVt enerji istehsalı potensialının 67%-ni istehsal etmək gücündədir. Hazırda da ərazilərimizdə qalan qondarma rejim üçün əsas enerji mənbəyi kimi məhz Sərsəng SES çıxış edir və verilən məlumatlara əsasən, stansiya üzərində yük çox olduğu üçün fasilələr ilə işləyir
 
Onu da qeyd etmək yerinə düşər ki, müharibə nəticəsində qondarma rejimin əhalisinin sayı azaldığından ev təsərrüfatlarının elektrik enerjisinə olan tələbinin 30% azalacağı gözlənilir. Digər tərəfdən, elektrik enerjisinin istehlakında daha böyük paya sənaye müəsisələri sahib idi və bu müəsisələrin böyük hissəsi Azərbaycanın nəzarətinə keçmişdir. Bu isə o deməkdir ki, qondarma rejim üçün enerji istehsalı ilə yanaşı, enerji tələbatında da əsaslı azalmalar baş verəcəkdir. Ona görə də qondarma rejim elektrik enerjisi istehsalının artdığı və tələbatının azaldığı yaz aylarında Ermənistana elektrik enerjisi ixracı həyata keçirə biləcəkdir. Ermənistan hökuməti də böhrandan çıxış imkanını bunda görür. Belə ki, yanvarın 12-də Ermənistan hökumətinin elan etdiyi enerji böhranından çıxış planında qeyd edilir ki, payız və qış aylarında Ermənistan qondarma rejimə enerji ixrac edəcəkdir. Yaz aylarında isə qondarma rejim Ermənistana elektrik enerjisi ixrac etməklə soyuq dövrdə idxal etdiyi enerjini kompensasiya edəcəkdir. Beləliklə, azad edilmiş ərazilərdə itirilmiş enerji isthesalı Ermənistan və qondarma rejim üçün əsasən soyuq aylarda problem yaradacaqdır. Digər dövrlərdə isə qondarma rejim özünün enerji tələbatını ödəmək iqtidarında olacaqdır. Lakin, qondarma rejim öz mövcudluğunu qorumaq üçün nəzarətində olduğu ərazilərdə sənaye sahələrini inkişaf etdirmək məcburiyyətindədir. Bu halda qondara rejim üçün enerji tələbatı ilə bağlı çatışmazlıq yarana bilər. 


 
Qondarma rejim özünün enerji tələbatını ödəmək iqtidarında olsa da torpaqların azad edilməsi nəticəsində böyük həcmdə enerji istehsalının əldən çıxması Ermənistanın özü üçün problemlər yaradacaqdır. Əgər əvvəllki illərdə qondarma rejimlə Ermənistan arasında fəsillər üzrə həyata keçirilən enerji mübadiləsi nəticəsində qondarma rejim müsbət kəsrlə çıxırdısa (yəni Ermənistana idxaldan daha çox ixrac edirdi), indi bunun əksi baş verəcək və Ermənistan özünün enerji tələbatının 7%-ni itirəcək. Bu isə Ermənistanı məcbur edəcəkdir ki, yaranan enerji çatışmazlığını daha baha başa gələn və qazla işləyən İES-lər və ya idxal vasitəsilə aradan qaldırsın. 2020-ci ilin iyul ayında isə böyük müəssisələr üçün qazın qiymətləri qaldırıldığından (6%) İES-lərdə elektrik enerjisi isthesalı daha baha başa gəlir. Eyni zamanda onu da nəzərə alsaq ki, Ermənistanda milli valyuta ucuzlaşmaqda davam edir və qaz idxalı xarici valyuta hesabına həyata keçirilir, o zaman qazın qiymətinin artacağını gözləmək olar. Bu da elektrik enerjisi istehsalının da bahalaşmasına səbəb olacaqdır
 
Elektrik enerjisi tariflərinin artırılması 
 
Əvvəlki hissələrdə qeyd etdiyimiz kimi istər Metsamor AES-in bağlanması, istərsə də torpaqların azad edilməsi nəticəsində yaranan enerji problemləri Ermənistanda elektrik enerjisinin istehsalının bahalaşmasına gətirib çıxarır və bu da hökuməti məcbur edir ki elektrik enerjisi qiymətlərini artırsın. Artıq bu istiqamətdə ilk addım atılmışdır. Belə ki, 2021-ci ilin Fevral ayının 1-dən etibarən Ermənistanda ev təsərrüfatları üçün elektrik enerjisinin tarifləri artırılmışdır. Gündüz vaxtları üçün (07:00-23:00) müəyyən edilmiş tarif 6.2%, gecə vaxtı üçün (23:00-07:00) müəyyən edilmiş tarif isə 7.9% artırılmışdır (Qrafik 2). Aztəminatlı təbəqə üçün isə elektrik enerjisinin istehlak tarifləri dəyişməz saxlanılmışdır. Qeyd edilən dəyişikliklər ay ərzində 400 KVt Saat-dan artıq elektrik enerjisi istifadə edən ev təsərrüfatlarına aiddir. Əhalinin bu təbəqəsi Ermənistanda ümumi ev təsərrüfatlarının təxminən 10%-ni təşkil edir. Son 4 ildə ilk dəfədir ki, Ermənistanda elektrik enerjsinin ev təsərrüfatları üçün müəyyən edilən qiymətlərində dəyişiklik edilir. Sonuncu dəfə 2017-ci ildə əvvəlki il ilə müqayisədə elektrik enerjisinin gündüz tarifləri 2.6%, gecə tarifləri isə 4.6% azaldılmışdı (Qrafik 3). Ondan sonra tariflər eyni səviyyədə qalmışdı. Hətta 2018-ci ildə Ermənistanda hökumətin dəyişməsi nəticəsində yaranan siyasi qeyri-stabillik də elektrik enerjisinin qiymətlərinin dəyişməsinə səbəb olmamışdı. 


 
Ermənistanın Dövlət Xidmətlərinin Tənzimləmə Komissiyası (DXTK) qiymət artımını böyük enerji stansiyalarının təftişi nəticəsində müəyyən edilmiş maliyyə kəsrinin aradan qaldırılması məqsədilə həyata keçirildiyini vurğulayıb. Lakin sosial narazılığın əsaslı şəkildə artdığı bir dövrdə qeyd edilən səbəbə görə tariflərin qaldırılması məntiqli görünmür. Onu da nəzərə alsaq ki, elektrik enerjisinin qiymətinin artırılması Ermənistanda son illərdə əhali tərəfindən böyük etirazla qarşılanmışdır, o zaman hökumət hazırkı gərgin vəziyyətdə qiymət artımına getməli deyildi. Buna görə də artımın real səbəbi daha çox enerji sektorunda yaranmış enerji çatışmazlığı ilə bağlıdır. Hazırkı qiymət artımını Ermənistan hökumətinin enerji sektorunda baş verməsi gözlənilən çatışmazlığın yaradacağı iqtisadi problemlərin miqyasını azaltmaq məqsədilə atdığı ilk addım kimi qiymətləndirmək olar. Ermənistanda il ərzində enerji itkiləri ilə bağlı gözlənilən problemlər ilə müqayisədə həyata keçirilən qiymət artımı çox azdır. Ona görə də il ərzində elektrik enerjisinin qiymətlərinin yenə artırılacağını ehtimal etmək olar
 
 

Siyasi məsələlər
 
 
Ermənistan azad şəkildə enerji siyasəti apara bilmədiyindən elektrik enerjisi qiymətlərinin formalaşmasına xarici və siyasi amillər də təsir edir. Ermənistanın enerji sektorunda ən böyük rola malik olan xarici ölkə Rusiyadır. Rusiya Ermənistanın əsas qaz təminatçısı olmaqla yanaşı Rusiyanın Rosatom Agentliyi Metsamor stansiyasının fəaliyyətinə nəzarət edir və stansiyanı zəruri xammal ilə təmin edir. Eyni zamanda digər Rusiya şirkəti Ermənsitanda elektrik enerjisinin paylanmasını həyata keçirir. Bu asılılıq Rusiyanın Ermənistana siyasi təzyiq göstərməsi üçün imkanlar yaradır. 
 
Ümumiyyətlə, Ermənistanda son 12 il ərzində elektrik enerjisi tarifləri davamlı şəkildə artırılmışdır. Xüsusilə də, 2012- 2015-ci illərdə daha çox artım (gündüz tarifləri 62%, gecə tarifləri isə 94%) həyata keçirilmişdir və elektrik enerjisinin qiymətləri 2015-ci ildə 2000-ci ildən sonra özünün ən yüksək həddinə çatmışdır (Qrafik 3). Sonuncu dəyişikliklərdən sonra isə tariflər demək olar ki, 2015-ci ildəki səviyyəyə çatmışdır.
 
Paşinyanın hakimiyyəti dövründə elektrik enerjisi tarifləri üçün xarakterik olan məqam isə ondan ibarətdir ki, bu dövrdə aztəminatlı təbəqə üçün tariflər əsaslı şəkildə azaldılmışdır (gündüz tarifləri 25%, gecə tarifləri isə 33%) və sonuncu dəyişikliklərdə də aztəminatlı təbəqə üçün tariflər dəyişməz saxlanılmışdır. Bu da onu göstərir ki, Paşinyan onun seçilməsində az təminatlı təbəqə və sosial problemlər böyük rol oynadığından onların maraqlarını qorumağa çalışır və ya buna məcburdur. 
 
 
Son iki onillikdə Ermənistanda baş verən qiymət artımlarına nəzər saldıqda aydın olur ki, qiymət artımları siyasi gərginliklərin baş verdiyi dövrlərə təsadüf edir (Qrafik 3). İlk qiymət artımının baş verdiyi 2009-cu ildə Ermənistan Avropa İttifaqının (Aİ) təşəbbüsü əsasında yaranan “Şərq Tərəfdaşlığı” proqramına qoşulmuşdur. Növbəti qiymət artımının baş verdiyi 2013-cü ildə isə Ermənistan “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Aİ ilə Assosasiya Müqaviləsini imzalamağa hazırlaşırdı, lakin sonda müqavilə imzalanmadı və bu əhali arasında böyük narazılıqla qarşılandı. 2013-cü ildə həm də Ermənistanda qaz qiymətləri qaldırılmışdı və bu da böyük etirazlara yol açmışdı. Daha sonra qiymət artımı 2015-ci ildə baş vermişdir. Həmin ildə qiymətlər son illərin ən maksimal səviyyəsinə çatdırmışdı və bu səbəbdən Ermənistanda böyük etiraz aksiyaları keçirildi. “Elektrik Yerevan” adı ilə tarixə düşən bu aksiyalardan sonra Ermənistan hökuməti qiymətlərin artan hissəsini Vorotan SES satışı nəticəsində (180 milyon dollar, Britaniya şirkətinə satılıb) əldə edilmiş gəlirlər hesabına subsidiyalaşdırmaq məcburiyyətində qaldı. 
 
Eyni zamanda həmin ildə Ermənistan rəsmi olaraq Avrasiya İqtisadi Birliyinə (AİB) qoşuldu və bu da əhalinin bir qismi tərəfindən böyük etirazla qarşılandı. Nəticədə bir neçə il ərzində davam edən anti-Rusiya etirazları daha da alovlandı. Həmin dövrdə bəzi mütəxəssislər etirazların Qərb tərəfindən süni şəkildə həyata keçirildiyi fikrini irəli sürürdülər. Onlar qeyd edirdilər ki, Ermənistan Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində assossasiya müqaviləsini imzalamaması və bunun əvəzində AİB-ə qoşulmasını Aİ qəbul etmir və ölkədə vəziyyəti gərginləşdirir. Həmin illərdə əhali arasında anti-Rusiya etirazlarının baş verməsinin də əsas səbəbi məhz bu idi. 


 
Hazırda da Ermənistan siyasi böhranla üz-üzədir. İkinci Qarabağ Müharibəsindəki ağır məğlubiyyətdən sonra Ermənistanda anti-Rusiya meylləri artmışdır və bir çox Ermənilər müharibə dövründə Rusiyanı Ermənistana lazımi dəstək verməməkdə günahlandırırlar. Digər tərəfdən isə Rusiya hazırda Ermənistanda hakimiyyətdə olan Qərbmeylli hökumətdən narazıdır və onun maraqlarına xidmət edən hökumətin formalaşmasının tərəfdarıdır. Belə olan halda enerji qiymətlərinin yeni artımının baş verməsi və Rusiyanın enerji qiymətlərindən Ermənistanda mövcud olan hakimiyyətə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etməsi ehtimalları artır. 
 
Onu da nəzərə alsaq ki hazırda yaşanan böhran əvvəlki illər ilə müqayisədə daha dərindir, o zaman enerji qiymətlərinin artırılması ehtimalları daha da artır. Enerji sektorunda yaranmış mövcud vəziyyət Ermənistanı AES-dən əldə edilən elektrik enerjisinə üstünlük verməyə məcbur edir. Çünki AES tərəfindən elektrik enerjisinin istehsalı daha ucuz başa gəlir və Ermənistan hökuməti AES üzərində daha çox təsir imkanlarına malikdir. 
 
Ermənistanın qəbul etdiyi “2040- cı ilə qədər enerji sektorunun inkişafı üçün strateji proqram”-a nəzər saldıqda da məlum olur ki, Ermənistanın əsas məqsədi AES-i inkişaf etdirmək (həm də yenisini tikmək), bununla enerji mənbələrini şaxələndirmək və qazdan asılılığın artmasının qarşısını almaqdır


 
Bununla yanaşı, Ermənistanın Metsamor AES-in modernizasiyası üçün Rusiyanın təklif etdiyi kreditdən imtina etməsi də onu göstərir ki, Ermənistan hökuməti enerji sahəsində xarici təsirlərdən asılılığı mümkün qədər azaltmağa çalışır. 
 
Qeyd etdiyimiz siyasi faktorlar onu göstərir ki, Ermənistanda enerji sektorunda müxtəlif enerji daşıyıcılarının qiymətlərinin dəyişməsinin iqtisadi əsasları ilə yanaşı siyasi aspektləri də olmuşdur. Artıq iqtisadi səbəblərdən Ermənistan elektrik enerjisinin qiymət artımına getməli olmuşdur və iqtisadi vəziyyət pisləşdikcə yeni qiymət artımlarının da olacağını gözləmək olar. Eyni zamanda Rusiyanın öz maraqlarına xidmət edən hakimiyyəti formalaşdırmaq üçün Ermənistanda enerji qiymətlərinin artırılmasından istifadə etməsi də istisna edilmir. 
 
Nəticə 
 
Apardığımız təhlillər onu göstərir ki, enerji sektorunda gərgin vəziyyətin yaranmasına baxmayaraq, Ermənistan hökuməti Metsamor stansiyasında gecikmiş modernizasiya işlərini həyata keçirməyə məcburdur. Bu isə Ermənistanın həm ən ucuz, həm də enerji tələbatının ödənilməsində ən böyük paya sahib olan enerji mənbəyindən bir neçə ay ərzində məhrum olması deməkdir. 
 
Digər tərəfdən, İkinci Qarabağ Müharibəsi qondarma rejimin elektrik enerjisi istehsalı gücünün 60%-nin itirilməsinə yol açmışdır ki, bu da əvvəl işğalda olan ərazilərdən Ermənistana ixrac edilən və Ermənistanın enerji tələbatının 7%-ni qarşılayan mənbənin də itməsinə səbəb olmuşdur. Qondarma rejim isə özünün elektrik enerjisi tələbatını qarşılamaq iqtidarında olsa da Ermənistan soyuq aylarda qondarma rejimə elektrik enerjisi ixrac etmək məcburiyyətindədir. Qondarma rejimə hətta müharibədən sonra öz tələbatını ödəməyə imkan yaradan isə Sərsəng SES-in onların nəzarətində qalması və enerji tələbatının azalmasıdır
 


Enerji sektorunda yaranmış vəziyyət Ermənistan hökumətini elektrik enerjisi qiymətlərini qaldırmağa məcbur edir. Artıq bu istiqamətdə ilk addım atılmış və cari ildə fevralın 1-dən son dörd ildə ilk dəfə ev təsərrüfatları üçün elektrik enerjisinin qiymətləri qaldırılmışdır. Enerji sektorunda formalaşmış gərgin vəziyyət ilə müqayisədə isə həyata keçirilən qiymət artımları çox azdır. 
 
Ona görə də ehtimal etmək olar ki, Ermənistan hökuməti qiymət artımlarının yaradacağı sosial narazılıqdan çəkinərək bu prosesi mərhələli şəkildə etmək istəyir və hələ ki az təminatlı ailələr üçün tarifləri dəyişməz saxlayır. Lakin, həm ilk qiymət artımlarının kəskin etirazla qarşılanmaması, həm enerji sektorunda vəziyyətin daha da gərginləşəcəyi, həm də Ermənistanın daha baha enerji mənəblərindən istifadəyə üstünlük verməyə və elektrik enerjisini idxal etməyə məcbur olacağı onu deməyə əsas verir ki, il ərzində qiymətlər yenə artırılacaqdır
 
Qeyd edilən problemlər ilə yanaşı, qiymət artımına siyasi amillərin də təsir edəcəyi istisna edilmir. Son iki onillikdə Ermənistanda siyasi qarşıdurmaların yaşandığı dövrlərdə Ermənistanda elektrik enerjisinin qiymətləri artırılmışdır. Paşinyan isə son illərdə bu dəyişikliklərin az təminatlı təbəqəyə təsir imkanlarını azaltmağa çalışmışdır
 
Ona görə də deyə bilərik ki, İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanda dərin siyasi böhranın yaranması da enerji qiymətlərindən siyasi təsir vasitəsi kimi istifadə edilməsi üçün imkan yaradır. Məhz bu səbəbdən də Ermənistan enerji sektorunda digər ölkələrdən asılılığı mümkün qədər azaltmaq istəyir (ən azından cəhd edir). Bunu göstərən əsas əlamətlərdən biri Ermənistanın AES-in enerji sektorunda aparıcı rolunu qorumağa və onun istifadə müddətini uzatmağa çalışmasıdır. AES-in enerji sektorunda rolunun qorunması Ermənistanın qəbul etdiyi “2040-cı ilə qədər enerji sektorunun inkişafı üçün strateji proqram”-da müəyyən edilmiş əsas məqsədlərindən biridir. 
 
Qeyd edilən bütün iqtisadi və siyasi faktorlar onu göstərir ki, Ermənistan enerji böhranı ilə üz-üzədir. Ölkədə yaranmış dərin iqtisadi və siyasi böhran enerji sektoru ilə bağlı problemlərin təsir imkanlarını daha da artırır. Bu isə son nəticədə ölkədə sosial vəziyyətin gərginləşməsi üçün imkan yaradır. Ermənistanın enerji sektorunda xarici ölkələrdən asılılığının yüksək olması, iqtisadi imkanlarının zəif olması və zəruri maliyyə resurslarının çatışmazlığı enerji böhranının qarşsını almağa imkan vermir. Ona görə də Ermənistanda cari ildə enerji böhranı davam edəcəkdir və yeni qiymət artımlarının baş vermə ehtimalları çoxdur.


Ana səhifəyə qayıt        Baxış: 5 375          Tarix: 24-02-2021, 12:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma