Xəbər lenti

 "Siyasi Partiyalar haqqında" qanun qəbul olunduqdan sonra ölkədə 30-dan çox partiya özünü buraxma barəsində qərar qəbul edib. Anews.az bu qanuna səs vermiş Böyük Qurtuluş Partiyasının sədri,millət vəkili Fazil Mustafa ilə partiyaların qanundan sonra icra mexanizmini  eləcə də ölkədə baş verən son prosesləri birgə müzakirə edib.
 
-"Siyasi Partiyalar haqqında" qanun təsdiqləndi və icrasına başlandı.Nəticədə 30-dan çox partiya bağlandı.Partiyalar arasında təsdiq almayanlardan biri də Sizin partiyadır. Qanunu qəbul edəndə icrasının bu şəkildə olmasını gözləyirdinizmi?

-Açığı bunun taktiki tərəfləri bizim üçün gözlənilməz idi. Yanvardan başlıyaraq qeydiyyat prosesini yenidən həyata keçirmə prosesinə başladıq. Bildirildi ki, bu məsələ yay aylarına kimi uzanacaq.  Mənim şəxsi durumumla bağlı martdan başlayaraq bilavasitə partiya işinə rəhbərlik etmək imkanım olmadı. O müddət ərzində sadəcə telefon vasitəsilə partiyanın üzvlərinin və rəhbərliyinin çalışmalarını nəzarətdə saxladım ki, daha dəqiq cilalanmış şəkildə sənədlərin tərtibini həyata keçirək. Gözlədiyimdən daha effektli şəkildə işlədik. Tələb olunan 5 min imza idi, bizim isə 10 mindən artıq üzvümüz var. Amma rəsmi sənədləşməni 8400 hazırlayıb çatdıra bildik. Bu da tələb olunandan xeyli artıq idi. Müvafiq qurum daha çox əlaqə nömrələri üzərindən kimin partiya üzvü olub olmadığını müəyyənləşdirmə yolunu seçdi. Bu isə xeyli sayda insanların müəyyən dərəcədə bu suala cavab verməsini nəzərdə tuturdu. Burda müəyyən çətinliklər ortaya çıxdı. Elə adam var ki,  telefonunu işlətmir və ya bağlayıb, yaxud zəng vurulan ərəfədə iş başında olub cavab verə bilməyib. Bunlar hamısı bütövlükdə mənfi qrafikə yazılan məsələlərə çevrilib. Biz bunu normal qarşıladıq,çünki tələb hamıya eynidir. Azərbaycanda əsas aparıcı partiya Yeni Azərbaycan Partiyasıdır. Onun imkanları,resursları hamıdan genişdir. Ona görə də onun birbaşa qeydiyyatdan keçməsi üçün elə bir əngəl yox idi. Bu partiyanın 700 mindən artıq üzvü var. 100 min də azalsa 5 minlik hüduddan yuxarıdır. Amma digər partiyalar bu problemlə qarşılaşa bilərdi. Bunu da öncədən proqnozlaşdırmaq olardı. Biz də qarşılaşdıq. Geri qaytarıldı. İndi ciddi iş gedir. Məsələni yekunlaşdırmaq üzrəyik. Bu dəfə artıq nəzərdə tutulan tələblərə düzgün cavab verə biləcək şəkildə təqdim edəcəyik. Burda naratçılıq üçün əsas görmürəm. Azərbaycanda artıq 31 partiya fəaliyyətini dayandırıb. Əslində geniş fəaliyyət göstərən partiyalar da deyildi. İndi digər partiyaların da hansı ki, sənədləri doğru və qaydasında olacaq onların qeydiyyatında inanmıram ki, hansısa bir narazıçılıq yaransın. Bunlar da həll olunandan sonra normal fəaliyyətimizi davam etdirəcəyik.

- Bəzi partiya sədrləri dedilər ki, onların üzvlərinin çoxuna zəng olunmayıb. Sizin partiyadan hamıya zəng olunubmu?

- Bizdə də zəng olunmayan insanlar var.  Məsələn bir ailə üzvündən 3-4 nəfər partiya üzvüdür. Onun birinin nömrəsi yazılıb, digərlərinin nömrəsi yazılamyıb. Digər tərəfdən partiyanın qadın üzvləri var. Onlar öz nömrələrini qeyd etmək istəmirlər. Burda da hər hansı məcburiyyət tətbiq etmək olmaz. 10 mindən çox üzvümüz var, biz bir sıra qadınların telefon nömrəsini qeyd etməməsinə görə siyahıya salmadıq.  Gələcəkdə bu müddəalara da baxmaq olar. Çünki bu çətinləşdirici müddəalardır. Yenə də nə olursa olsun biz siyasi partiyalar haqqında qanunu dəstəkləmişik. Bu müddəlaların da gələcəkdə təkmilləşməsi mümkündür.
 
-Bu yaxınlarda bir açıqlamanızda oxudum ki,həmkarınız Zahid Oruca inanıb bu qanuna səs vermisiniz və qanunun icrası zamanı gözləmədiyiniz çətinliklər yaranıb. Qanunun yenidən dəyişilməsi üçün təklif edəcəksinizmi?

- Zahid Oruca inanmağınız bu qanunla əlaqədar deyildi. Azərbaycanda ən çalışqan siyasətçilərdən biri olduğuna,məsələlərə obyektiv və vicdanlı yanaşdığına görə həmişə ona inanmımız olub. "Siyasi partiyalar haqqında" qanunu bilavasitə o təqdim etdiyinə görə, onun da yanaşmasında bəzi müddəalar vardı ki, bu qanunda çətinliklər yaratmamalı idi. Sonrakı dövrdə biz ona xatırlatdıq ki, hər halda onun da prosesin içində olması və məsələyə münasibət bildirməsi yaxşı olardı. Çünki bu qanun təqdim olunanda oponentlərin əsas sualalrını o cavablandırıb. Narahatçılıqlarla bağlı məsələyə də aydınlıq gətirmişdi. İndi isə onun bu prosesdə hansısa bir açıqlamasının olmaması bizim üçün də bir az maraqlı idi. 


- Növbəti seçkilərdə iştirakınız ehtimal olunurmu?

- Ehtimal hər zaman var. Çünki siyasətlə məşğul olursansa  seçkilərdə iştirak etməlisən. Seçkidən kənarda qalan partiyalar bir neçə dəfə bunu edirsə onların fəaliyyətinin bir mənası qalmır. Hətta məğlub olsan belə parlament, bələdiyyə, prezident seçkilərində  iştirak etməlisən. Boykot etmək siyasi həyatdan küsməkdir. Azərbaycan reallığında qaçmaq,küsmək heç kimə xeyir gətirməyib. Bizim mövcudluğumuz Azərbaycan cəmiyyətində insanların fərqli bir platformada səfərbər alınması, öz imkanlarını cəmiyyət həyatına sərf etməsi baxımından vacibdir. Eyni zamanda küçələrdə yürüməklə də hansısa bir irəliləyiş əldə etmək mümkün deyil. Ölkəyə demokratiya gətirmək arzusunda olanların böyük əksəriyyəti demokrat deyil. Demokratik düşüncədən uzaq adamlardır. Sadəcə fürsət düşməyib deyə bu prosesi apara bilməyiblər. Dünyaya baxın müxtəlif dövlətlər var. Demokratiya, islam adı ilə ortaya çıxırlar. Hakimiyyətə gələndən sonra törətdikləri vəhşiliklər heç bolşeviklərin 1917-ci ildə törətdikləri vəhşiliklərlə müqayisə edilməz. 

- Nə təklif edirsiz? 

- Tarixlə yaşayan xalqlar faciəli xalqlardır. Bunları tarixdən ayırıb yeni dövrə gətirməlisən. Özünə güvənən öz qəhrəmanına yeni dövrün insanının içindən seçən bir xalqa çevirməlisən. Təəssüf ki, bu olmayanda insan baş kəsib, qan tökməyə meyillidir. Zəka ilə ad qazanmağa meyilli deyil.

- Kim yetişdirməlidir o şəxsləri?

- Bunu aydınlar yetişdirməlidir. 3-4 yazıçı,filosof,müəllim və yaxud alim bu yükün altına girə bilməz.  Cəmiyyətin  ziyalı gildiyasını don vurmuş vəziyyətini mənfi birindən müsbət birinə, ikiyə qaldırmaq lazımdır. Bu olmayanda xalq  bir mollanın, bir cəfəngiyyat danışan popuristin, bloggerin dalınca düşür. Lağ-lağı,bambıllıq edən yazıçının dalınca gedir, onun şüarini əzbərləyir. Sanki orda bir tənqid varsa ona alüdə olaraq gedir. Amma fikir söyləyən təfəəkkürünü cəmiyyətin gələcəyi üçün tənqidi istiqamətdə çatdıran bir düşüncə adamının, yazarın dalınca getmir. Talibançı, Xomenyni zehniyyətinin daşıyıcı on minlərlə insan var. Bunlar sabah istənilən vəhşiliyi ölkədə tətbiq edə bilər. Bunlarla biz yeni cəmiyyət qura bilməyəcəyik. Yeni cəmiyyətin insanını çoxaltmalıyıq. Bu da maarifçilikdir..

- Nə üçün partiya kimi parlamentdə təkcə Siz təmsil olunursunuz? Partiya nümayəndələriniz təmsil olunmaq istəmirmi?

- Proposioanl seçki sistemi olmalıdır ki, partiya vitrinə öz kadrlarını qoysun  və ya özünə yaxın olan şəxslərin adını versin, partiya proqramı ilə çıxış etsin. Onda partiyaların fərqi görünər. İndi partiyaların fəqri necə görünə bilər.  Birinə qoşurlar iqtidar partiyası,birinə qoşurlar müxalif partiyası – bu da niyə qoşurlar? Fərdi təfəkkür inkişaf etmədiyinə görə mütləq adamı kollektiv içində görməlidirlər və qiymətləndirməlidirlər. Halbuki bir otağın içində hamımız ola bilərik,fərqli düşünə daşıyıcıları ola bilərik. Kimsə girər otağa baxar ki, 5 nəfərin-  5nəfər də eyni düşüncənin adamıdır. Elə deyil axı. Fərdiləşdirmək lazımdır. Biz xüsusidən ümumiyə keçid etməliyik. 
 
- Həmkarınız  Erkin Qədirli payızda referendumun keçiriləcəyinin, proporsional seçki üsulunun qaytarılacağının gözlənildiyini deyib. Od olmasa tüstü çıxmaz. Bunlar şayədir, yoxsa Sizə mümkün görünür
?
 
- Olsa yaxşı olar. Mən bunu dəstəkləyirəm. Çünki partiya dirçəlməsi baxımından faydalıdır. Azərbaycanda sanki bir hakimiyyət var, onun elitası var. Amma heç bir partiyanın idarəetmə elitası yoxdur. İqtisadçı,hüquqşünas,mədəniyyət sahəsində islahatlar aparacaq şəxs yoxdur.Partiyalaşma olanda hökumət bir layihə çıxarır,sən bir layihə. Onu müzakirə edirsən. Dünyanın hər yerində belədir. Bizdə hələki bu modelə keçilmədiyinə görə siyasi həyat qurumuş vəziyyətdədir. Elə bil suyu qurumuş gölə bənzəyir. Elə bil bir tərəfdə balıq istədiyi kimi üzür,bir tərəfdə qurbağalar istədiyi kimi quruldayır, amma canlanma yoxdur.
 
- Siyasi fəaliyyətə "Yurd" birliyində  başlamısız. Əli Kərimlinin silahdaşı olmusuz. Bəs indi Sizi hər hansı bağlar bağıayırmı?

- "Yurd" universitet tələbələrinin fərqli bir platformada birliyi idi. Bir az da konkret o model o dövr üçün tarixi abidələrin bərpası, məscidlərin təmizlənməsi, ilkin demokratiyanın, aşkarlanmanın rüşeymlərindən istifadə məqsədilə yaradılmışdı. Sonradan o dostluq, yoldaşlıq modeli kimi siyasi hakimiyyətdə də movcud oldu. O dövrdə də biz fikir, düşüncəcə fərdi mövqelərimiz müzakirə olunan səviyədədə deyildi. Biz daha çox ümumi işə xidmət edən bir platformalar yaradırdıq. Mən Çənlibeldə büro üzvü olmuşam.  Səttarxan zavodunda fəhlə hərəkatının içində olmuşam. Nemət Pənahlı və başqa dostlarımız olub. Xüsusilə xalq cəbhəsi dövründə tamamilə Əbülfəz Elçibəy rəhbərimiz, liderimiz, müəllimimiz olub. Zaman keçdikcə bizim fikirlərimizdə dəyişiklik olub. Mən 2003-cü ildə ikinci hərbi xidmətdən qayıdandan sonra öz düşüncələrimi təftiş elədim, baxışlarım dəyişildi. Cəsarətim çatdı ki, bu dəyişimi cəmiyyətə təqdim edim. Çoxları buna görə düşmən oldular, çoxları  qınadılar ki, bəs əvvəldən bu cür düşünürdün. Mən də buna bilirsiz necə baxıram, yəni bir odun dəyişmir də,tumurcuqlamır. İnsan oxuduqca, öyrəndikcə dəyişməlidir. Mənim 50 il qabaqkı oxuduğumla,30 il oxuduğum arasında böyük fərq var. İqtidarla qatı düşmən olanlardan biri mən idim. Bütün yazılarımı, çıxışlarım  ən sərt, amansız bir formada qoyurdum ortaya. Başqalarından fərqli olalraq gizlənmirdim. Döyüşürdüm. Həbsə düşdüm,hərbi xidməti ikinci dəfə ən çətin bölgədə keçirdim. Küçələrdə insanları aldat ki, 30 ilə,15 ilə hakimiyyətə gəlirəm. Hakimiyyətə də gələ bilmirsən. Həyat gedir, müflisləşdi, yoxsullaşdı. Uşaqları əziyyət çəkdi və qaçdı mühacirətə. Bunu aldadaraqmı getməli idi? Biz aldatmadıq. Biz bu insanların çoxusunu aldatmaqdıq. Biz gəldiyimiz yolda doğruları söylədik ki, burdan o tərəfə dalana dirənmişik. Baxın Xalq Cəbhəsi model olaraq dalana dirəndi. Bütöv Azərbaycan xətii dalana dirəndi. Onların fikir platformasını görürsünüzmü? Ancaq inad platforması. Yəni mən 30 ildir mübarizə aparmışam,indi də aparıram. Nəyin mübarizəsini aparırsan?

- Amma onları təklif vermək üçün kimsə dəvət etdimi?

-  Siysətdə dəvət olmur. Ağlın varsa seçirsən ki, hansı yol məqbuldur. Məlikməmməddə də elədir. Gəlirsən qabağına iki yol çıxır. İt hürən tərəf, işıq gələn tərəf. İndi sən it hürən tərəfə gedəcəksənsə, it səni dişləyəcəksə bunun günahını kimin üstünə yıxacaqsan? İşıq gələn tərəfə get yolu aydınlat. Doğru istiqaməti özün seç. Mənim siyasətim bu xalqın faydasına deyilsə on minlərlə insanı dalımca salıb onun qabilliyətini, imkanlarını ancaq hökuməti söyməyə yönəltməklə bir yerə varmaq olmadı. Biz bu gün öz platformamızda kimə hansı formada yaltaqlanırıq? Hansı məsələdə vicdansız söz söyləyirik? Milli Məclisdə bir çıxışımızda bir qüsur tapa bilirlərmi? Biz sözümüzü deyirik, amma sözü bir var hədə ilə, təhqir ilə deyəsən, bir də var normal, qəbul olunan tərzdə deyəsən.
 
- Demək istəyirsiz ki, müxalif fikirli bu cür olmalıdır?

- Əlbəttə.  Bizə müəyyən dərəcədə güclü bir iqtidar lazımdır ki, müharibə aparıb Qarabağı ələ keçirsin, qaytarsın Azərbaycana. Mən bununla ya ermənilərin istədiyi cəbhədə olmalıyam, ya da burda olmalıyam. İndi baxın Şuşa, Qarabağ azad olub. Mən indi hansı platformadan qiymət verməliyəm? Mənim arzum deyildimi Şuşa azad olsun? Mən onu azad edən adama,onu azad edən gücə qarşı təhqirmi yağdırmalıyam? Ona təhqir yağdıran kimdir? Ermənidir də. Erməni ilə eyni platformadamı durmalıyam? Sənin hədəfin nə idi? Bəzən mən anlamıram. Kəndi ,rayonu azad olunmuş siyasətçi minnətdarlıq bildirə bilmir. Kim fayda verirsə ona minnətdarlıq etmək lazımdır. Bu minnətdarlıq bildirmək duyğusu olmayan yerdə insanlıq olmur. 
 

- Sizi milliyyətçi birisi kimi tanıyırıq partiyanız isə liberal demokratikdir? Milliyətçi olub liberal ideyalara söykənmək çətin deyil?

- Mən özümü millətçi hesab etmirəm. Mənim artıq ideoloji standartım yoxdur. Mən dindaram, amma bu gün ölkəmiz üçün  ən böyük təhlükə savadsız, fanatik dindarları görürəm. Mən buna müsəlman qardaşlığı prinsipi ilə baxmıram. Bir də görürsən deyirlər məsciddə çox adam var. Nə olsun? Çox adamla məsələ həll olunmur. Ağıllı,əxlaqlı adamın sayı nə qədərdir? Buna baxmaq lazımdır. Ona görə də mən o ideoloji qəliblərin heç birində özünü görmürəm. Sosial demokratın ağıllı bir fikri varsa onu da qəbul edirəm. Siyasət ümumiyyətlə fayda vermək sferasıdır. Burda da kimisə kənara qoymaq olmaz. Hər kəsin düşüncəsində fayda var. Kim ki, hansısa bir ideologiyanı qəbul etdirməyə çalışırsa bu təhlükəlidir. Biz müharibə olanda hamımız milliyətçiyik. Dinc dövrdə normal bir iqtisadiyyat qurmalıyıq, hamımız liberal görüşə də sahib ola bilərik. Dövlətin  iqtisadiyyata müdaxiləsinin əlehinəyəm.  Mən onda liberal görüşü paylaşıram. Yaxud da sosial ədalət baxımından sosial demokrat prinsipini müəyyən dərəcədə üstünlük verirəm ki, bu prinsip olsa daha çox sosial ədaləti bərqərar edərik. Bu baxımdan da müəyyən mənada islamın tendensiyalarını  önə çəkməyin tərəfdarıyam. Amma bir dinçinin dini ideologiyanın hakimiyyətə gəlməsinə sərt şəkildə qarşıyam. Buna yol vermək olmaz. İranı, Pakistanı, Səudiyyə Ərəbistanını, Misiri,  dinin yaratdığı vəhşiliyi görəndən sonra bunu necə məqbul saya bilərəm? Yaxud da məktəb məsələsində milliyətçisənsə rus məktəbinə münasibətin fərqli olmalıdır. Nə qədər mütərrəqli məktəb anlayışı varsa onun mövcudluğuna normal baxıram.  Başqa dildə danışmağa normal baxıram. Dil zənginlikdir. Başqa ölkədə üstünlük qazanan azərbaycanlı üçün sevinirəm. Özümüzü milliyətçi standarta əvvəllər salırdıq. ÇÜnki özümüzü tapmamışdıq. Biz harada olsaq yaxşı olar? İndi o cür baxmıram. Əsas fayda verməkdir. Hansı platforma uyğun gəlirsə Azərbaycana o platformanı da qabartmalıyıq.
 
- Azərbaycanda olan liberallar düşünür ki, Qarabağ erməniləri özünüidarəetmə prosesi ilə yaşamalıdır.Siz necə düşünürsüz?

- Ümumiyyətlə bütün azərbaycanlılar özünüidarəetmə formasında özünü idarə etməlidirlər. Amma özünü idarə etmək üçün birinci növbədə özünü Azərbaycan dövlətinin vətəndaşı hesab etməlisən. Ondan sonra sənin özünü idarə etmə formaların konustitusiyada var. Bələdiyyə yaratmaqdır.  Hüquqda yerli özünü idarəetmə prinsipi var. Bələdiyyə də seçki yolu ilə  seçilir. Bunu qurmalıyıq ki, yerlərdə problemləri camaat həll edə bilsin. 
 
- Milli Məclisdə ən çox tənqidi çıxış edən deputatlardansız. Tərtər işi, AZAL, İran məsələsi və s. Bəzi iddialar var ki, Sizə qarşı təşkil olunan sui-qəsd hakimiyyət tərəfindən hazırlanmışdı və məqsəd də ölkədəki iranpərəstləri həbs etmək idi

- Bu birbaşa İran dövlətinin müxtəlif qurumlarının hazırladığı terror hadisəsi idi. Mənim seçilməyim də elə belə səbəbsiz deyildi. Burada məsuliyyətsizliyimiz ucbatından kifayət qədər şəbəkə formalaşdırıblar.  Biz siyasi baxımdan Rusiyanın müstəmləkəsindən qutarmışıq, amma  dini baxımdan İranın müstəmləkəsindən qutarmamışıq.  Azərbaycanda öz ölkəsinə xəyanət etməyə hazır olan minlərlə insan var. Bunlar təkcə mənə güllə atmırlar. Bunlar sabah öz dövlətinə qarşı istənilən addımı atmağa hazırdılar. Hazır vətən xaini ünsürləridir. Hədəfin biri mənəm. Ona görə məni hədəf seçirlər ki, mən bu təhlükəni illərdir söyləyirəm. On illərdir bu haqda deyirəm,kitabları yazıram. Bunu deməmək olarmı? Əlbəttə girələnsən olar. Niyə biz girələnmirik? Övladlarımıza ölkəmizi bu formada buraxsaq Azərbaycan ötən əsrin 80-ci illərinin İranına çevriləcək. Biz təkcə hüquq-mühafizə orqanlarının əli ilə mübarizə aparırıq. Biz intelektual mübarizə aparmırıq. Axundovun,Mirzə Cəlilin, Sabirin dalında kim var idi? Sabiri heç müalicə edən yox idi. Sabir müalicəsizlikdən ölüb. Daha nə olmalı idi? Açıq-aşkar terror aktı törədilir. İrandan bunun pulu verilir.  Kimə indi inandırmalıyıq ki, həqiqətən də bu məqsədlə edildi. Ya indi mən könüllü şəkildə güllənin qabağında durmalı idim ki, öldürsünlər? Qaçmasaydım məni də öldürmüşdülər. Avtomatla çiyindən, ayaqdan vurmaq zarafatdır? Yəni kim bu zarafatın altına girər? Yəni inanmamaq xəstəliyi onsuz da bizdə mövcuddur. Ağlı başında olanların bu sualı yoxdur. Qərəzli bir çox insanlar bunu adiləşdirməyə çalışırlar. Sanki sıradan bir hadisə olub. Sonra müzakirəsi də bunun 3-5 gün çəkdi qutardı. Bu mənimlə bağlı məsələ deyil. Gündə 20 cəsus tutulur. Bilirsiz hansı

 informasiyaları xarici dövlətə ötürüblər. 

- İran hökuməti Azərbaycana qarşı hücumlarını bir az səngidib. Sizcə bu nə ilə bağlıdır?

- İran münasibətlərin normallaşması istiqamətində addımlar atır. Amma bu addımlar səmimi deyil. O mənada səmimi deyil ki, sən səfirliyimizə hücum etmisən vəhşilik törətmisən və arxasında da dövlət qurumları durur. Kimi aldadırsan? Kimsə şəxsi qisası ilə girib səfirlikdə adam öldürür? Siz bunun təzminatını ödəməlisiniz. Üzrxahlıq etməlisiniz. Buna görə fikirlərinizi bildirməlisiniz ki, bu bir dövlətin səfirliyinə hücum nə deməkdir. Siz Bakının ortasında millət vəkilinə sui-qəsd edirsiniz. Buna da pul ötürürsüz ki, bunu törətsinlər. Iranda olan bu işin törədənləri təhvil vermirsiniz. Burdakılar tutuldu. İrandakıları səmimiyyətiniz varsa təhvil verin. Səmimi olmaq üçün gərək müəyyən addım atasan. Hansı ölkədə səfirliyə hücum etmə vəhşiliyi var. Biz maraqlıyıq ki, münasibət düzəlsin. Törətdiyin əməlin üzrxahlığını peşmançılığını yalandan da olsa etməlisən. Bunu etmirsənsə səmimi deyilsən. Biz də marraqıyıq ki, İran gedib ermənilərə dəstək verməsin. Normal qonşuluq münasibətlərinin tərəfdarıyıq.
 
- Qolunuz yaxşıdırmı? Normal tərpədə bilirsinizmi? Sizə edilən sui-qəsdlə bağlı istintaqın gedişindən razısınızmı? Cinayətkarların taleyi necə oldu?

 
-, Istintaq artıq yekunlaşmaq üzrədir. Bütün materiallarla tanışam. Necə təşkil olunduğu.hansı təlimatların alındığı, nə qədər vəsait alındığı ilə bağlı bilgilərim var. Ona görə də deyirəm bu birbaşa İran dövlətinin qurumları tərəfindən təşkil olunan terror hadisəsidir. Nə yazıq ki, bunu İranın xüsusi xidmət orqanlarının əlində olan azərbaycanlılar həyata keçiriblər. Qoldan danışanda həmişə deyirəm şükür əsas ayaqdayam. Nə sıxıntı olursa onları özüm öhdəsindən gəlməyə çalışıram.  Müəyyən irəliləyişlər var. Fəsadlar da hələ qalmaqdadır. 

- Fəsadlar nədir?


- Qolda hərəkətlər məhduddur. Tam rahat hərəkət edə biləcək imkanlar yoxdur. Qismən irəliləyiş olur.  İçəridə qırıntılar çox qalıb. Şükür yazıram pozuram. Yəqin bir ildən sonra idmana da başlaya biləcəm. 

 Qubad İbadoğlunun həbsinə münasibətinizi soruşmaya bilmərəm. Ailəsi onun saxlanma vəziyyətindən narazıdır. Siz deputat kimi onun vəziyyəti ilə maraqlanmağı düşünürsünüzmü? Sizcə onun həbsi nə ilə bağlıdır? Axı söhbət Londonda dərs deyən bir alimdən gedir.

- Burada Londonda dərs deyən alimdən çox birinci növbədə siyasi partiya yaratmış şəxsdən söhbət gedir. Bir var pedaqoji siyasətlə məşğul olan müəllim, bir də var siyasətlə məşğul olan insan. Siyasətlə məşğul olan insanın artıq fəaliyyət sferası bir az fərqli olur. İstintaq məsələlərində geniş bilgi sahibi deyiləm. Çünki burda əsaslandırılan fikir odur ki, Türkiyədən həbs olunan şəxslərdən biri onunla bağlı ifadə verib. Nə ifadə verib bunu bilmirəm. Türkiyə ilə bağlı məsələlərdə bizim həsaaslığımız bilinir. Onun saxlanma şəraiti ilə bağlı hansl bir problem varsa biz də müraciət edə bilərik. Qardaşı ilə də əlaqə saxlayıram. Vüqar bəy  də bu istiqamətdə xeyli işlər görür. Tibbi ləvazimatların təminində və başqa məsələlərdə müəyyən addımlar atır. O da əlaqə saxlayır.  Ən yaxını qardaşıdır. Mən onunla maraqlanıram. Istintaq prosesinə qarışmaqdan xaric edə bilcəyim bir şey varsa dəstək göstərə bilərəm. Subyektiv mülahizə ola bilər ki, kimsə günahkardır,kimsə günahsızdır. Amma işin mahiyyətində nə yatdığını bilmirəm. Bir sıra həbs olunan insanlar var ki, onları müdafiə edənlərin çoxu sonradan peşman olur. Müdafiədən əl çəkirlər.  Bilmədən kimisə müdafiə edib haqsız duruma düşməyin yanlış olduğunu düşünürəm. Səhhəti ilə bağlı insandır, tanınmış iqtisadçıdır, əvvəllər də bir yerdə futbol oynamışıq. Normal da münasibətlərimiz var. Aramızda da heç bir problem yoxdur.

- Söyüdlü kəndində  nə baş vermişdi?

- Orada baş verənlər bizə dərindən aydın olmadı. Açığı bir az sosial şəbəkələrin yaratdığı ajiotaj fonunda diqqətimizdə qaldı. Mən Milli Mcəlisdə də çıxış etdim. Bu məsələdə tərəf tutmağın yanlış olduğu düşüncəsindəyəm. Nə polisin tərəfində, nə də ora yığışan insanların tərəfindəyəm. Məsələ obyektiv araşdırmalıdır. Doğurdanda orada insan həyatı üçün təhlükəli amillər var. Bu amillər ortadan qaldırılmalıdır.  Bunu yolu polisə daş atmaqdırmı? Polis ora funksiya yerinə yetirməyə gəlib. Ayrıca polisin də içindən savadsız, işini bilməyən bir adam hansısa bir köntöy formada vətəndaşın üzərinə bibər qazı atırsa bunun da cəzalandırma yolu var. Bu hay-küylə edilmir. Sanki xalqa qarşı polisin düşmənçiliyi kimi göstərilmir. Pandemiya dövründə başqa dövrlərdə də elə bil total hücumu narazılığı bir polisin üzərinə yönəltmə ənənəsini gördük. Zaman göstərdi ki, sənin söydüyün bu polis həm də Qarabağı azad edən polisdir. Heç nəyi ümumiləşdirmək olmaz. Nə orada narazı insanları təxribatçı adlandırmaq doğru olmaz, nə də bir-iki nəfər polisin davranışını bütün polis camiyyəsinə yönəltmək doğru deyil. Yanaşmam budur.

-  Ölkədə baş verənlərə yarımmüdafiə fonunda qorxmursuz ki, indi deputatsız amma sabah sabiq deputat Nazim Baydəmirlinin taleyini yaşaya bilərsiz?
 
- Ümumiyyətlə qorxmaq məsələsi bizim gündəmimizdə yoxdur. Siyasətin bütün çətinliklərindən gəlib keçən insan kimi hər bir sürprizə hazır olmalısan. Biz istədiyimiz siyasət nədir? Əvvəllər dediyim kimi amansız və heç bir yer qoymadan sonuna qədər mübarizə aparmaq yoluna üstünlük verirdik. İndi isə insanı, cəmiyyəti anlayaraq mübarizə aparmalısan. Türkiyədə nə qədər "Fənərbaxça", "Qalatasaray"  xəstəsi var. Bir maksimalist futbol azarkeşiə maksimalist siyasət azarkeşi kimi bir şeydir. Biz davranışımızla, hərəkətlərimizlə cəmiyyəti maksimalistlikdən azad etməliyik. Normal dindar peyğəmbər deyib  adam öldürür? Mənə güllə atan da dindardır. İkincisi, cəmiyyətin rəğbətini qazanmaq üçün doğru olmayanı təbliğ edirsənsə onun gözündə qəhrəmana çevrilirsə və heç nə baş verirsə o yolu izləmə. Faydalı olanı de, bir az söyüş eşidəcəksən, bir az güllə yarası alacaqsan. Bir  ziyalı borcudur. Müdafiə başqasını linç etmək bahasına olmamaldıır. Bizə qarşı ədalətsizlik də ola bilər. Necə ki, buna kimi olub. Amma biz özümüzə aid olanı etməliyik.
 
- Azərbaycanın quru sərhədlərini hələ də bağlı saxlamağı nə ilə bağlıdır? Axı dünyada pandemiya daha aktuallığını itirib?


- Azərbaycan quru sərhədləri açmır. Bunu mən yalnış hesab edirəm. Niyə? Bunun ola bilər ki, təhlükəsizlik və başqa motivləri var. Bunu da cəmiyyətə müəyyən dolayı yolla çatdırmaq olar. Amma bu sərhədlər mütləq tələbələr və xəstələr üçün açılmalıdır. Onlar quru sərhədi keçməlidir. Bir xəstə sən sərhədi 2-3 bağla. Bir xəstə bunu gözləyə bilməz ki. Müalicə olunmasa öləcək. Kefiyyətli müalicən yoxdursa bunu açmalısan. Tələbə hər dəfə təyyarə ilə gəlib gedə bilmir. Bunun haqqını tanımalısan. Mütləq mənada sərhədi bağlamaq yanlışdır. Təhlükəsizlik və başqa səbəblər varsa təbii ki, bunu cəmiyyət də anlayır. Müəyyən kateqoriyaları nəzərə almaq lazımdır, çünki həyatlarının faciəsinə çevrilə bilər.

Gülnar Nazimqızı
Rafiq Şahbazov 



Ana səhifəyə qayıt        Baxış: 5 208          Tarix: 22-08-2023, 06:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma