Regionda hərbi gərginliyin artdığı və Omanda gizli danışıqların davam etdiyi bir vaxtda İranın nüvə rəhbərliyindən dünya gündəmini sarsıdan bəyanat gəlib
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami Tehranın uranın zənginləşdirilməsi səviyyəsini aşağı salmağa hazır olduğunu, lakin bunun üçün Qərbin "maksimum güzəşt" verməli olduğunu bildirib.
Eslami vurğulayıb ki, əgər beynəlxalq ictimaiyyət, xüsusən də ABŞ İrana qarşı tətbiq edilən bütün iqtisadi, maliyyə, neft və bank sanksiyalarını tamamilə və qeyd-şərtsiz ləğv edərsə, Tehran uranın zənginləşdirilməsi dərəcəsini (hazırda bəzi obyektlərdə 60%-ə çatdığı bildirilir) azaltmaq məsələsinə baxa bilər. "Əks halda, heç bir güzəştdən söhbət gedə bilməz" deyən nüvə rəhbəri, Tehranın bu məsələdə "al-ver" etməyəcəyini və sanksiyalar qaldığı müddətcə nüvə fəaliyyətinin sürətlə davam edəcəyini xəbərdar edib.
MAQATE-yə sərt ittiham: "Sükutunuz cinayətdir!"
Məhəmməd Eslami öz çıxışında Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) də hədəf alıb. O, Agentliyin 2025-ci ilin iyununda İranın nüvə obyektlərinə (Nətənz, Fordo və İsfahan) endirilən hava zərbələri qarşısında susmasını kəskin tənqid edib. Eslami bildirib ki, MAQATE-nin təminatı altında olan və rəsmi qeydiyyatdan keçmiş dinc nüvə obyektlərinə edilən hərbi hücumlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Onun sözlərinə görə, Agentlik bu hücumları rəsmən pisləməli və onlara hüquqi qiymət verməlidir; bu öhdəlik yerinə yetirilməyənə qədər MAQATE müfəttişlərinin zərər görmüş obyektlərə girişinə icazə verilməyəcək.
Xatırladaq ki, yanvarın sonlarında İranın Türkiyə vasitəsilə ABŞ-a 400 kq zənginləşdirilmiş uranı təhvil vermək təklifi barədə məlumatlar yayılmışdı. Eslaminin indiki bəyanatı bu təklifin pərdəarxasında daha geniş "sanksiya paketi"nin dayandığını təsdiqləyir. Ekspertlər hesab edirlər ki, bu "nüvə kartı" Omanda davam edən ABŞ-İran gizli danışıqlarında Tehranın əsas rıçaqıdır.
Paylaş:




























