ABŞ Dövlət katibi Marko Rubio 13-16 fevral tarixlərində Almaniya, Slovakiya və Macarıstana səfər etməyi planlaşdırır.
Məlumatı Dövlət Departamenti yayıb.
Bildirilir ki, 13-15 fevral tarixlərində Almaniyaya səfəri zamanı Rubio 62-ci Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.
Dövlət katibi 15-16 fevral tarixlərində Slovakiyada olacaq və burada nüvə enerjisi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, enerji təchizatının şaxələndirilməsi, həmin Avropa ölkəsinin silahlı qüvvələrinin modernləşdirilməsi və NATO öhdəliklərini müzakirə etməyi planlaşdırır.
Məlumata görə, Macarıstanda da ABŞ Dövlət katibi iki ölkə arasında enerji əməkdaşlığını müzakirə etməyi planlaşdırır.
Münhen Təhlükəsizlik Konfransı 13-15 fevral tarixlərində keçiriləcək. Konfransda təxminən 65 ölkənin dövlət və hökumət başçıları, eləcə də 90-dan çox ölkənin xarici işlər və müdafiə nazirləri iştirak edəcək. Konfransı Almaniya kansleri Fridrix Merts açacaq.
Rubionun Slovakiya və Macarıstana səfəri, səfər zamanı müzakirə olunacaq mövzular göstərir ki, ABŞ Rusiya neft-qazından imtina etməyən bu iki Aİ üzvünə təsir göstərməyə çalışır. Hər iki ölkə Avropa Komissiyasının Rusiya qazından tamamilə imtinaya dair qərarını məhkəmədə mübahisələndirməyə hazırlaşır. ABŞ dövlət katibinin səfəri Vaşinqtonun bu addımların qarşısını almaq niyyətindən xəbər verir.
Paylaş:




























