ABŞ və İsrail Tel-Əvivdə yerləşən ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı danışıqlara yenidən başlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” informasiya yayıb.
Verilən məlumata görə, İsraillə ABŞ diplomatları arasında keçirilən müşavirədə hər iki tərəf danışıqların yenidən başlanmasının tərəfdarı kimi çıxış edib. İsrail mətbuatı görüşün konstruktiv keçməsi və veriləcək qərarın əhəmiyyəti barədə yazıb. Səfirliyin Qüdsə köçürülməsi ötən həftə İsrailin Baş naziri Benyamin Netenyahu və ABŞ Prezidenti Donald Trampın baş müşaviri Cared Kuşner arasında keçirilən görüşün də əsas mövzularından biri olub.
Qeyd edək ki, hələ 1995-ci ildə Konqres tərəfindən qəbul edilən qanun layihəsinə görə, İsraildəki ABŞ səfirliyi Tel-Əvivdən Qüdsə köçürülməli idi. Ərazinin mübahisəli bölgə olması səbəbindən ABŞ prezidentləri vaxtaşırı həmin qərarı təxirə salıblar.
Paylaş: