Son 3 gündə Arakan bölgəsində hökumət qüvvələri və buddist rahiblərin rəhbərliyi altında 500-dən çox günahsız müsəlman qətlə yetirilib.
Bu barədə Türkiyədə yaşayan arakanlı ictimai fəal Məhəmməd Əyyub Xan məlumat verib.
"Burada müsəlmanlara qarşı dözülməz bir zülm hökm sürür. Qətliamlar, təcavüzlər, insanların diri-diri yandırılmaları və hər gün yaşanan digər faciəli hadisələr var. Myamma hökuməti isə xarici jurnalistlərin, yardım cəmiyyətlərinin, BMT müşahidəçilərinin və hətta yerli mətbuatın belə əraziyə daxil olmasına icazə vermir. 2016-cı ildə bölgədəki zülmlərə dözməyərək kiçik silahlarla etirazlara başlayan az sayda müsəlmanın addımlarından istifadə edən hökumət bütün giriş və çıxışları bağlayaraq kəndlərə, qəsəbələrə hücum edir. Qadın-uşaq demədən hər kəsi öldürürlər”, - Məhəmməd Əyyub Xan bildirib.
İstimai fəal dünya ictimaiyyəti məsələyə müdaxilə etməzsə, faciənin dəhşətli nəticələrinin daha da artacağını deyib:
"Bütün yaşananlar dünyanın gözü qarşısında baş verir. Dünya bu zülmün qarşısını almaq üçün heç nə etmir. Təcavüzlər, ölümlər, tapılmayan cəsədlər, kimliksiz insanlar, vətənsizləşdirilməyə çalışan bir toplum və dağıdılan kəndlər var. Əgər müdaxilə edilməzsə, bütöv bir toplum məhv olub gedəcək”.
Qeyd edək ki, Myammanın Arakan bölgəsində hökumət qüvvələri və buddist rahiblər tərəfindən müsəlmanlara qarşı törədilən qətliamlara son qoyulması üçün BMT-ə müraciət edilib. /Axar.az/
Paylaş: