Xəbər lenti

 
Kəramət Böyükçöl cavan yazıçıdır və iti yazıçı müşahidələrinin, təəssüf ki, əsasən acı təəssüratını tez-tez öz şəxsi facebook  səhifəsində, müxtəlif saytlarda, həmçinin bəzi internet televiziyalarında bölüşür, paylaşır. Şübhəsiz ki, cəmiyyətin görkəmli ziyalı, hörmətli el ağsaqqalı, xalqın təəssübünü çəkən iqtidar, ya müxalifət yetkilisi kimi, ünlü sənətçi kimi tanıdığı böyük bir zümrənin də bostanına daş atmaq məcburiyyətində qalıb onları rəncidə etməli olur və qarşılığında özü də təhqirlərə, təhdidlərlə məruz qalır.
     
Amma Kəramət Böyükçöl sınmır, əyilmir, meydandan qaçmır. Hələ mənəvi təbəllüdadları bir yana , hətta yırtıcı maddi sıxıntıları qarşısında belə kiməsə boyun əymir, kiminsə qılıncının altından keçmir. Çünki çox yaxşı bilir ki, kiminsə qılıncının altından keçərsə, öz qılıncı tam kəsərdən düşəcək.
     
Axı Kəramət Böyükçöl neyləyir ki?! Sözün düzünü deyir də... Gördüklərlərini, müşahidə etdiklərini, qavradıqlarını qələmə alır də... M.F.Axundovun, M.Ə.Sabirin, C.Məmmədquluzadənin ənənələrini davam etdirməyə çalışır də... Amma yazıqlar olsun ki, bu dahilərimizin yaşadığı zamanlar yerli idarəetmə missiyasını boynuna götürənlər cəhənnəm, heç yollarında ömürlərini şam kimi əritdiklərini xalqın özü belə, onların qədrini, qiymətini bilmədi. 
        
Zaman keçdi və həmin xalq bu böyük kişilərə heykəllər ucaltdı.
        
Əslində, Kəramət Böyükçölü sevənlər də az deyil. Bu sevgi yalnız Kəramətin qara qaşına, qara gözünə, yaxud qızqaytaran qara tellerinə görə yox, onun düz, riyasız, səmimi, bir az da yumor qarışmış sözünə görədir. Öz düşündüklərini, duyduqlarını ( hədəfindən asılı olmayaraq) tam azad, sərbəst şəkildə ifadə etmək hüququnu inadkarcasına  qorumaq əzminə görədir. Bütləri sındırmaq iddiasına və özünə qarşı belə ironiya ilə yanaşmaq tərzinə görədir.
       
Kəramət Böyükçöl prinsip etibarı ilə daha çox cəmiyyətin yaralarına toxunur və keçən əsrin əvvəllərindən mahiyyətində elə də ciddi bir sağalma olmayan bu yaraların (elmi texniki tərəqqinin surətinə, bəşəriyyətin inkişafının maştabına rəğmən) artıq metastaz verməyə başlamasından əndişələnir. Cəmiyyətin haqqa, ədalətə, demokratiyaya, insan hüquq və azadlıqlarına yenə də yüz il (min il) əvvəlki kimi məhdud ənənəvi məhəlli münasibətlər bucağından yanaşması gənc yazıçını hiddətləndirir, təfəkkürdə, dünyagörüşdə, mühakimədə, mənəviyyatda, əxlaqda kiflənmiş standartlardan çıxa bilməmək onun dərin pessimizə qapılmasına səbəb olur
        
Kəramət Böyükçöl azad söz təmsilçisi kimi hələ çox cavandır və onu bədxahlardan mütləq qorumaq lazımdır. Ən çox da Kəramət Böyükçölü özündən qorumaq gərəkir: özünün sarsıntılarından,  çıxılmazlıq burulğanlarındakı cabalarından, dəhşətli depressiyalarından. Çünki belə vaxtlarda insan özünə qarşı çox qəddar , amansız olur və çıxış yolunu yalnız intiharda görür.


      
... Allahın işinə bax: Kəramət Böyükçöl müxtəsərcə söhbət açmaq istədiyimiz yeni "Əlqəmə" romanında da əsərin qəhrəmanının dili ilə dostunun özünü 17-ci mərtəbədən ataraq intihar etməsindən elə iştahla  danışır ki,adam lap tamahsılanır. 
     
"Oradan (17-ci mərtəbədən -İ.O.) başını yerə doğru əyib yellənirdi. Aşağıdakı boşluq onu boru kimi sümürürdü. Onda bütün ağrıları kəsirdi. Canı rahat olurdu. Gözlərini, əl və ayaq barmaqlarının ucunu ilıq bir istilik yuxu kimi bürüyürdü. Hündürlüyün həzzində dincini alırdı. Dostunun ölümünü yamsıladıqca sanki həm ona etibarını sübut etmək istəyir, həm də Əlqəməyə elə gəlirdi ki, dostu aşağıdan ona gülümsəyir. Sən gəlmə - deyir, -burada həyat yoxdur.  Hər yer ağrısız, problemsizdir."
 
Deməli, həyatın başlıca şərti ağrıdır, problemdir. Ağrısızlıq, problemsizlik ölümlə ekvivalentdir. Heçlikdir, puçluqdur, bitməz-tükənməz sonsuz uçurumdur. Cəmiyyətin bütün zümrələri real həyatda qeyri-müəyyənlik içərisindədir. Varlı təbəqə  daim qorxunun, kasıb  təbəqə   ümidsizliyin ağuşundadır. Çox kiçik faiz təşkil edən orta təbəqə isə müdam səksəkə, təlaş içərisindədir. Həyat ağrılarla, problemlərlə müşayiət olunur. 
     
Kəramət Böyükçölün (romanın) qəhrəmanı çıxılmazlıq məngənəsindədir:
 
“Əlqəmə ömrünü sanki həyatla ölüm arasındakı təmas xəttində yaşayırdı. Yaşadığı yer neytral zona idi: nə həyatın idi, nə də ölümün. Heç birinin deyil deyə, orada nə yaşamaq üçün şərait var, nə də ölmək üçün. Ona görə də nə yaşaya bilirdi, nə də ölə. Hər yer təhlükə, ətrafı   başdan-ayağa mina idi. Bütün qapı-pəncərələri isə həyatın üzünə açıq  qalmışdı. Amma onun qanunları, tələbləri ilə  barışa bilmirdi."
        
"Əlqəmə" romanının annotasiyasında da qeyd edildiyi kimi əsərdə reallıqları qəbul edə bilməyən bir insanın (yazıçının) başına gələn hadisələrdən danışılır. Cəmiyyətdə öz yerini tapa bilməyən, ailə, qadın, sevgi, iş münasibətlərində daim uğursuzluğa düçar olan Əlqəmənin birdən-birə qazandığı şöhrətin arxasında dayanmağa da gücü çatmır. Daim depressiya, ünvansız bir darıxmaq, özünü axtarmaq... (Eynilə Kafka yada düşür-İ.O.). O, ( Əlqəmə) Qaraçöpdə babasıgilin damından təsadüfən tapdığı əlyazmanın iki səhifəsini öz yazıçı təxəyyülünün süzgəcindən keçirib yeni bir roman yazmağa girişir..
       
Və sanki bir az da oxucunun boş damarına hesablanmış, auditoriyanı əyləndirmək məqsədi daşıyan bu roman gözlənilmədən Əlqəməni xeyli məşhurlaşdırır, xeyli sevdirir.
        
Elə əsl həngamə də bundan sonra başlayır...            
        
Əsərin  mabədini oxucunun ixtiyarına buraxıb qeyd etməyi vacib hesab edirik ki, ümumiyyətlə, Kəramət Böyükçöl yazıçılığın ən vacib şərti olan səmimiyyətini daim qoruyub saxlayır, müşahidələrini, düşüncələrini həmişə sərbəst, azad şəkildə ifadə edir. O, ehkam kimi qəbul edilən bütün nəsnələrə ironiya ilə yanaşa bilir. Əsərlərindəki incə yumor, dərin sarkazm, həqiqət axtarışı, təhkiyəsindəki sadəlik, nağılvari lirizm Kəramət Böyükçöl nəsrinin ən mühüm keyfiyyətlərindəndir.
       
Ən əsası isə Kəramət Böyükçöl öz şəxsiyyətini, ləyaqətini, mənəviyyatını da daim qoruyur və söz yox ki, bu mücadilə nəticəsində çəkdiyi ağrıları, iztirabları həssas oxucu onun  yaradıcılığında asanlıqla hiss eləyə bilir. 
     
Son olaraq, onu da qeyd etməyi vacib hesab edirik ki, əgər ədəbiyyatımızın, mədəniyyətimizin, mənəviyyatımızın inkişaf etməsini istəyiriksə, Kəramət Böyükçölün və onun kimi digər barmaqla sayılacaq qədərində gənc istedadın qədri, qiyməti mütləq dövlət və cəmiyyət səviyyəsində bilinməli, onlar qətiyyən taleyin ixtiyarına buraxılmamalıdırlar.
               
İnqilab ORXAN


Ana səhifəyə qayıt        Baxış: 5 777          Tarix: 7-06-2022, 21:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma