
Yağış gəl
Yandığımız, bişdiyimiz bəsdi, bəs,
Buxarlanıb uçduğumuz bəsdi, bəs.
Haldan-hala düşdüyümüz bəsdi,bəs,
Dözəmmirik,yağış,gəl, ay yağış,gəl,
Yaxınlardan,uzaqlardan yığış gəl.
...Dəli-dolu gəlməyəsən gələndə,
Leysan olub gəlməyəsən,gələndə.
Araz yolu gəlməyəsən gələndə.
Bu cızdağa, bu cız-bıza naxış gəl,
Hardasansa, yığış gəl e...yığış gəl.
Bir az sərin,bir az soyuq səpələn,
Bu dəm verən şəhər boyu səpələn.
Sən Allahın,soyut göyü,səpələn,
Sel olma ha...Damla-damla axış gəl,
Axır ki gəl, yığış gəl e,yığış gəl.
Canımıza əldə bıçaq çatıbdı,
Qovruğa tək töküb saca, çatıbdı.
Çünəş baba bizdən ocaq çatıbdı,
Toparlan da, dərə,təpə, yoxuş,gəl,
Bu yollardan yığış gəl eee,yığış gəl...
…
Üzün dərin-dərin
Fikrə dalmış
Qırışlarına gülümsəmək
Şair işidir.
Gözlərinin altı
Şiş gətirən ömrün
Qərib məzara yürüşünə
Şam tutmaq
Şair işidir.
İşığın çırağına
Yağ olub dammaq
Şair işidir.
Həsrətinin
Əli qoynunda
"Öz cənazəsinə gir"məyə
Ərki çatmaq
Şair işidir.
Ana dili gününə gecikmiş mesaj:
/ixtisarla/
...Dilimin canında - söz şirinliyi,
Məni aöz düzündə yaşatdı dilim.
Dilimin varlığı - öz diriliyim,
Düşmənə söz ilə daş atdı dilim.
Dilim güvəncimdi, əlim yalınsa,
Dilini yaşadan xalq ölə bilməz.
Qadağa qoyulsa, dönər qılınca,
Dil ağa tanımaz, dil kölə bilməz...
...
Körpəlik -
ömrün əlində qoğal,
ovcuna sıxılan
nar şirəsi,
yanağına, dodağına çəkilən
çəhrayı,
alma sevinci,
şəftəli ətri.
Körpəlik -
lampa işığı.
Bu işıqda
hər şey aydındır,
hər şey qaranlıq.
Körpəlik -
bütün səhvlərin
sıfıra vurulması,
kölgəsi olmayan
kədər,
kədəri olmayan
itki...
Paylaş: