Xəbər lenti

 

Yaxşı yadımdadır ki, 1986-cı ildə rəhbərlik etdiyim Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında cavanlıq dostum, xalq şairi Zəlimxan Yaqubun “Ağıq Ələsgər” adlı poeması əsasında onunla birlikdə səhnələşdirdiyimiz eyni adlı tamaşanın məşqlərini aparırdım. Bir rejissor kimi bu tamaşa mənim üçün çox cavabdehli iş idi. Çünki aşıq Ələsgər kimi dahi aşığımız, nadir istedadlı şairimiz, dahi şəxsiyyət ilk dəfə səhnədə obraz kimi görünəcəkdi. Bu rolu Əməkdar artist Nazir Rüstəmov da böyük həvəslə məşq edirdi. Zəlimxan Yaqub da demək olar ki, tez-tez Bakıdan Ağdama gəlir və aktyorlara aşıq sənəti ilə bağlı maraqlı məlumatlar verir, eləcə də aşıq Ələsgərin pyesə sala bilmədiyimiz həyatından maraqlı epizodlar haqqında danışırdı ki, tamaşada oynayanların aşıq yaradıcılığı haqqında geniş məlumatı olsun. Zəlimxan Yaqub teatrda bu tamaşanı məşq etmədiyimiz vaxtlarda teatrdan onun üçün ayırdığım avtobusla Ağdamdan Kəlbəcərdə gedirdi. Çünki lap cavanlıq illərindən bizim Dədə Şəmşirin yaradıcılığına, şəxsiyyətinə böyük sevgimiz vardı. Tamaşanın məşqləri çox ciddi getdiyinə və teatrda başqa işlərim olduğuna görə mən onunla gedə bilmirdim. O, Kəlbəcərdən qayıdanda Dədə Şəmşir ocağının aparıcı insanları və əsasən də, dahi aşığımızın oğlu Qəmbər Qurbanov haqqında maralı söhbətlər edirdi. Onun təkcə böyük ziyalı olması haqqında yox, həm də yaxşı saz çalması, şeirlər, qəzəllər yazması haqqında da gözəl fikirlər deyirdi. Həmin vaxtı Qəmbər müəllim Kəlbəcər rayonunun İcraiyyə Komitəsinin sədri idi.

“Aşıq Ələsgər” tamaşanın Ağdam teatrında məşqlərinin getməsi ilə bağlı tez-tez respublika mətbuatında yazılar və Azərbaycan Dövlət Televiziyasında xəbərlər getdiyinə görə Bakıda yaşayan və Qarabağdan olan ziyalılar da artıq tamaşanın proqon məşqlərinə gəlib baxırdılar. Dünya şöhrətli alim Xudu Məmmədov, Ağdam rayon partiya komitəsinin birinci katibi Sadıq Murtuzayevlə daha tez-tez teatra gəlir, məşqlərə baxır və sonra özlərinin maraqlı təkliflərini verirdilər. Bu tamaşanın ilk premyerası çox yüksək səviyyədə keçdi. Tamaşaya maraq o qədər çox idi ki, qonşu rayonlardan da insanlar böyük maraqla Ağdama gəlib, bu tamaşaya baxırdılar.

1987-ci ilin may ayının əvvəlində biz, Zəlimxan Yaqubun “Aşıq Ələsgər”, Loğman Rəşidzadənin “Toya bir gün qalmış” və Mirzəağa Atəşin “Şərəfin sandığı” tamaşaları ilə Kəlbəcər rayonuna qastrol səfərinə getdik. Mən və teatrın kollektivinin çoxu ilk dəfə idi ki, Kəlbəcərə gedirdik. Ona görə də bizimçün bu qastrol daha maraqlı idi. Çünki haqqında həmişə xoş sözlər eşitdiyimiz və Dədə Şəmşiri, çoxlu alimləri, şairləri, məşhur həkimləri yetişdirən bu cənnətməkan torpaqla, orada olan və dünyada analoqu olmayan İstusu şəfa ocağı ilə də tanış olacaqdıq...

Ağdərədən keçəndə ermənilərin bizə qanlı-qanlı baxdığını demək olar ki, hər yerdə görürdük. Amma ağlımıza gəlmirdi ki, doqquz aydan sonra millətimizin başına böyük faciələr gətirən Qarabağ müharibəsi başlayacaq. Hətta belə bir dəhşətli hadisə də baş verəcək ki, 1993-cü ilin aprel ayının 2-də bizim belə dilgər guşəmiz, torpağının altı və üstü böyük sərvət olan dədə-baba yurdumuz Kəlbəcər də həmin vaxtı respublikaya rəhbərlik edən səriştəsiz, burnunun ucundan uzağı görə bilməyən adamların “stul davasının” qurbanı olmaqla ermənilər tərəfindən işğal olacaq və bu gün də həmin yerlər gavurların ayağı altında inildəyəcək…

... Kəlbəcər rayonunun sahəsinə daxil olduqca buranın əsrarəngiz təbiəti bizi valeh edirdi. Böyük Yaradan bu diyara elə bil ki, bütün gözəllikləri, sərvətləri bəxş etmişdi... Cənnətməkan yerlər də hamımızı valeh etməklə, sehirləmişdi...

Mehmanxanada yerləşəndən sonra mən teatrımızın ədəbi işlər üzrə rəhbəri, dəyərli ziyalı İsa Axundovla Qəmbər müəllimlə görüşə getdik. Sənəti jurnalist olan, rəhmətlik İsa Axundov uzun illər Azərbaycan Radio və Televiziyasının Qarabağ üzrə müxbiri olmuşdu və onu Kəlbəgərdə də yaxşı tanıyırdılar. Onlar çox mehriban görüşdülər və sonra İsa müəllim məni Qəmbər müəllimə təqdim etdi. Böyük ziyalı Sadıq Murtuzayev də mənə tapşırmışdı ki, onun salamını Qəmbər müəllimə çatdırım. Həmin gün bizim çox maraqlı söhbətimiz oldu və qastrolu təşkil etmək üçün beş gün əvvəl Kəlbəcərə göndərdiyimiz, direktor müavini Fəxrəddin Hacıbəyli də demişdi ki, bir həftəlik qastrolumuz rayon rəhbərliyi tərəfindən yüksək səviyyədə təşkil olunub. Mən, teatrın rəhbəri kimi bu xeyirxah işə görə Qəmbər Şəmşiroğluna öz təşəkkürümü də bildirdim.

Beləliklə, bir həftəlik qastrolumuz Kəlbəcərdə çox yüksək səviyyədə keçdi. Rayon camaatı tamaşalarımıza böyük həvəslə baxırdılar. Kəlbəgər isə çox gözəl və yaraşıqlı bir məkan kimi mənim yaddaşıma hopmuşdu. Bu rayonda insanların güzəranı da çox yüksək idi. Ən çox da xoşuma gələn kəlbəcərlilərin zəhməykeşliyi və istiqanlılığı olmuşdu. Bizi çıxış etdiyimiz kəndlərdə çox yüksək səviyyədə qarşılayır və tamaşadan sonra böyük ziyafət məclisləri təşkil edirdilər. Hətta arada Qəmbər müəllim bizi gənclər üçün saldıqları, çayın sahilindəki Qayğı qəsəbəsinə də apardı. Bu qəsəbənin salınmasına demək olar ki, bir manat da dövlət pulu xərclənməmişdi. Rayon camaatı özləri əlindən gələn köməklikləri etməklə bu qəsəbəni salmışdılar. Yeni ailə quranlara burada iki-üç otaqlı evlər verilirdi ki, onlar daha ev problemi ilə üzləşməsinlər. Mehriban yaşasınlar. Bu, mənim çox xoşuma gəldi. Uzun illər hər yerdə bu haqda danışdım və bu xeyirxah işi təbliğ etdim. Bu gün də rayonlara gedəndə təbliğ edirəm.

Qastroldan sonra mənim fikrim Dədə Şəmşirin həyatı və yaradıcılığı ilə bağlı bir tamaşa hazırlamaq idi. Onun qoşmalarından, mahnılarından seçmələr də edirdim. Amma həmin vaxtı, yəni 1988-ci ilin fevral ayının 22-də Qarabağ müharibəsi başladı. Daha tamaşa hazırlamağa imkan olmadı. 1989-ci ilin yanvar ayından da mən Hüseyn Ərəblinski adına Sumqayıt Dövlər Musiqili-Dram Teatrına rəhbərlik etməyə başladım. Ən çətin xaos dövrlərində bu teatra rəhbərlik etdiyim vaxtı da çox yığcam həcmli əsərlər və əsasən də məktəblilər üçün tamaşalar hazırlayırdıq. Aşıq Şəmşirlə bağlı həmin nisgil də ürəyimdə qaldı... Doğrudur, Dədə Şəmşirlə bağlı qəzetlərdə bir neçə yazılar yazdım. Kəlbəcərlə bağlı “7 gün Kəlbəcərdə” adlı yazı işlədim. Bu yazını hətta “Sərhədsiz dünyamız” adlı kitabıma da daxil etdim…

Bu yaxınlarda çox istedadlı şair dostum, maraqlı publisist, dəyərli ziyalı, yüksək peşəkar həkim Nəriman Ocaqlı söhbət əsnasında mənə Qəmbər Şəmşiroğlunun bir neçə kitabını verdi və dedi: “Bu kitablar Qəmbər Şəmşiroğlunun kitablarının yalnız bir neçəsidir. Onun artıq şair, nasir və publisit kimi 25-dən çox kitabı çap olunub”. “Nə danışırsız"-deyə mən Nəriman Ocaqlıya maraqla baxdım. Qəmbər müəllimin şeirlər, qoşmalar yazdığını 1987-ci ildən bilirəm, amma onun heç bir kitabını oxumamışam. Bunlar mənim üçün böyük hədiyyədir”.

Bu kitablar mənim üçün doğrudan da çox gözlənilməz olduğuna görə evə gələn kimi “Caninin etirafı” romanını oxumağa başladım… Bu kitabın məziyyətləri haqqında danışmamışdan öncə, əziz oxucular sizə müəllif haqqında qısa məlumat vermək istəyirəm ki, siz də Qəmbər Şəmşiroğlu haqqında lazım olan qədər məlumata malik olasınız.

Qəmbər Şəmşiroğlu (Qəmbər Şəmşir oğlu Qurbanov) 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində qüdrətli saz-söz sərrafı Dədə Şəmşirin ailəsində dünyaya göz açıb. İki illik Ağdam Müəllimlər İnstitutunu, Azərbaycan Pedaqoji İnstitutunu ( indiki Azərbaycan Dövlət Pedaqoji Universisteti) və Sov. İKP MK yanında Ali Partiya Məktəbini bitirib. Qəmbər Şəmşiroğlu 30 ildən çox Kəlbəcər və Gədəbəy rayonlarında bir sıra yüksək partiya və dövlət vəzifələrində çalışıb. Hal-hazırda Yevlax rayonunda yaşayır. O, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, Respublika Ağsaqqallar Məclisi İdarə heyyətinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Qəmbər Şəmşiroğlu uşaq yaşlarından atası Dədə Şəmşirdən sazın-sözün sirrlərini mükəmməl öyrənib, bir-birindən gözəl şeirlər, poemalar, dastanlar, nəsr və publisist əsərlər yazır. Bu vaxta qədər “Bir də görüşərik”, “Gədəbəy xatirələri”, “Axtarıb Şəmşiri görmək istəsən”, “Oğul gərək oğul olsun”, “Bütövləşmək istədim”, “Elzanın Okanı”, “Ömrün işıqlı anları”, “Okan və Murad pişiyin sərgüzəştləri”, “Tale oxşarlığı”, “Dostlar unudulmaz”, “Əmioğlanları”, “Bir də görüşərik”, “Nigaranam”, “Səslər” və başqa ümumilikdə 25-dən artıq kitabın müəllifidir. Qəmbər müəllim yaşının bu müdrik çağında da gənclik həvəsi ilə yaradıcılığını davam etdirir. Bir-birindən maraqlı nəsr əsərləri, şeirlər, qoşmalar, qəzəllər, gərayılar, poemalar, publisist əsərlər yazır.

Beləliklə, mən Qəmbər Şəmşiroğlu ilə otuz ildən sonra yenidən görüşdüm. Bu dəfə hələ ki, onun əsərləri vasitəsi ilə. İşlərimin çox olmasına baxmayaraq, dedektiv janrında yazılmış “Caninin etirafı” adlı bu kitabın ilk səhifəsindən başlayaraq necə alüdə oldumsa, atrıq iki günə bu romanı oxudum. Bu əsər həddindən artıq xoşuma gəldi ona görə ki, müəllif oxucunu öz ardınca aparmaqçün çox maraqlı, gözlənilməz məqamlar, epizodlar tapıb, maraqlı dramatik səhnələr yaradıb, çox maraqlı, düşündürücü dialoqlar qurub. Romanda artıq unudulan rəvayətlərimizdən, Azərbaycan təbiətindən, xalq yaradıcılığından, aşıq sənətindən, bu vaxta qədər oxumadığımız qədim tariximizdən və ölkəmizin bugünkü müasir inkişaf səviyyəsindən obrazların dili ilə çox məharətlə istifadə edir Qəmbər Şəmşiroğlu. Həm də müəllifin dili çox sadə və oxunaqlıdır. Bu romandan artıq başa düşdüm ki, Qəmbər Şəmşiroğlu çox yüksək peşəkar nasirdir. Onun elə təkcə bu əsərini dünya oxucularına təqdim etsək, çox maraqla qarşılanar və cənnətməkan məmləkətimizin bəzi gözəl yerləri, onun tarixi ilə yaxından tanış ola bilərlər. Müəllifin doğma diyarımızı böyük məhəbbətlə sevməsi bu əsərdə elə yaxşı, gözəl işlənib ki, bu romanı oxuyan hər bir oxucu da istəsə də, istəməsə də həmin yerlərə vurulur. Bu romandan həm də maraqlı səhnə əsəri hazırlamaq və yüksək səviyyəli kinofilm də çəkmək olar. Inanıram ki, bu xeyirxah işlər görülsə yalnız xalqımızın və dünya xalqlarının marağına səbəb ola bilər.

Müəllifin ikinci oxuduğum kitabı “Səslər” adlanır. Burada müəllifin qoşmalar, gərayılar, divanlar və müxəmməslər, qəzəl, poemalar və ona həsr olunan ithaflar toplanıb. Bu bədii əsrlərin də hər biri, bir-birindən maraqlıdır. Fikrimi bu kitabın redaktoru “Dünya”qəzetinin baş redaktoru, “Qızıl qələm” mükafatı laureatı Füzuli Ramazanoğlunun “Səslər” kitabına yazdığı sözlərlə tamamlamaq istəyirəm:

“Qənbər Şəmşiroğlu əvvəlki kitablarında olduğu kimi burada da sözün bədii gücündən yetərincə istifadə edərək, poetik yüksəkliyə qalxa bilib, bir-birindən gözəl şeir nümunələri ilə yaddaşlarda naxış salmaq imkanına yiyələnişb. İstər lirik şeirlərində, istərsə də iri tutumlu poemalarında sözü urvatlı tutaraq insanı düşündürən, yaddaşlara hakim kəsilən bir sıra fikir və kəlamlardan məharətlə istifadə edərək istəyinə tam nail olub. Əksər poetik nümunələrində olduğu kimi bu dəfə də Qənbər müəllim yaddaşına söykənərək ana sevgisinə, ata məhəbbətinə, el-oba təəssübkeşliyinə, insan ləyaqətinə, dost-qardaş sədaqətinə, yurd-yuva göynərtisinə, əhatəsində yaşadığı cəmiyyətin ağrı-acılarına, sevincinə, şirinliyinə həssaslıqla yanaşıb və onları kamil bir sənətkar kimi onunla həmsöhbətə çevrilən hər kəsin diqqətinə çatdırmağa çalışıb. Vaxtı ilə anası Güllü nənənin əzizləyə-əzizləyə “A Qənbərim!”- deyə çağırdığı Qənbər müəllim bu gün tanınmış şair, nasir, publisist, hər şeydən də əvvəl gözəl el ağsaqqalı kimi hər bir azərbaycanlı ailəsində nümunə, örnək yerinə çevrilib, istər kamil bir qələm əhli, istərsə də, təntiyənin hoyuna yetən, əl tutan xeyirxah bir insan kimi xalqına gərəkli oğul olub. Süfrəsi halal duz-çörəkli bu Azəri övladının ürəyi həmişə Vətən eşqi, yurd-yuva, el-oba təəssübkeşliyi ilə döyünür, mərdlər dünyasında mərd oğlu mərd mücəssiməsi kimi ad-san qazanıb Qəmbər müəllim. Anaya aid yüzlərlə şeir oxusam da, mübaliğəsiz deyərdim ki, müəllifin “Anam niyə qocaldı” qoşmasındakı kimi heç bir şairin qələmindən çıxan belə təbii və yanıqlı, ürəkgöynədən ifadəyə rast gəlməmişəm. Belə dəqiq və orijinal fikirləri yalnız Qənbər Şəmşiroğlu kimi ana qədri bilən, onun sevgisini gözlərinin nuruna, ürəyinin döyüntüsünə çevirən həssas qəlbli bir şair oğul deyə bilərdi. O oğul ki, bu sətirlərin müəllifinin gözləri qarşısında Dədə Şəmşir yadigarı olan sevimli anası Güllü nənənin arzularına rəğmən Bakıda hər cür rahatlığı olan evini-eşiyini buraxıb Tərtərə köçdü, orada təzədən yurd-yuva salıb, hər əziyyətə qatlaşdı və bunu özünə şərəf, ləyaqət, övladlıq, insanlıq borcu bildi. Çünki Güllü nənə belə istəmişdi, “Məni doğma Kəlbəcərin havası gələn, Şəmşirimin torpağına yaxın bir yerə aparın, orada yaşayım!”- demişdi. Belə ləyaqət timsalı olan bir nər, qeyrətli, əsl azərbaycanlı övlad böyütdüyünüzə görə bütün Azərbaycan xalqı, bütövlükdə bəşər insanı Sizlərə minnətdardır, müqəddəs Dədə Şəmşir, müqəddəs Güllü nənə! Müqəddəs ruhunuz şad olsun!”.

Əziz oxucular indi isə sizə Qəmbər Şəmşiroğlunun “Səslər” kitabındakı qoşmalarından nümunələri təqdim edirik. İnanırıq ki, yüksək peşəkarlıqla yazılmış bu bədii əsərlər sizin də xoşunuza gələcək, həm də sizin stolüstü nümunələr olmaqla, bunları başqalarına da yüksək səviyyədə təbliğ edəcəksiniz. İnanırıq ki, bu şeirləri oxuyandan sonra siz də artıq kitabxanalardan Qəmbər Şəmşiroğlunun kitablarını axtaracaq və onları böyük həvəslə oxuyacaqsız. Mən isə çox arzu edirəm ki, belə maraqlı nasirin, şairin əsərləri məktəb kitablarına da salınsın. İnanıram ki, məktəbli uşaqlar da bu əsərləri oxumaqla, Azərbaycanımız, qədim adət-ənənlərimiz, rəvayətlərimiz, torpağımızın böyük sərvətləri haqqında oradan özlərinə çoxlu bilgilər toplayacaqlar.

Ağalar İDRİSOĞLU

Əməkdar İncəsənət Xadimi

ANAM NİYƏ QOCALDI?

Anamın saçları dümappağ oldu,

Qoy deyim, bəs niyə anam qocaldı?!

Cavan oğul, cavan da qız itirdi,

Sinəsinə döyə-döyə qocaldı.

41-45 bəd xəbərlər çatırdı,

Poçtalyonlar qara xəbər gətirdi,

Neçə qohum, iki qardaş itirdi,

Səbəbkara söyə-söyə qocaldı.

Pis xəbərlər ürəyinə ox oldu,

Həyatında qayğıları çox oldu,

Dünyasından pir ocağı yox oldu,

Qəm-qüssəni yeyə-yeyə qocaldı.

Hörükləri gah ağ, gah qara hörüb,

Öz ömründən hamımıza pay verib.

Mənim xət yerimdə ağ tüklər görüb:

“Anan ölsün!” – deyə-deyə qocaldı.

Kəndimizə qəfil tələ qurdular,

Uşaqları, qocaları qırdılar.

Yaşadığı evə od da vurdular,

Lənət edib erməniyə, qocaldı.

1999

GƏZDİRƏ

Çətindi, insana illərdən bəri

Bu naləni, bu fəryadı gəzdirə.

Adına deyələr: olubdu qaçqın,

Kürəyində yanan odu gəzdirə.

Yeri gəlsə tufan kimi əsirsə,

Qisas ala, əgər ona nəsibsə.

Dostdan deyib, birgə çörək kəsibsə,

Ağzında o tamı, dadı gəzdirə.

Oğul odu, ola xalqın gərəyi,

Süfrəsində halal duzu, çörəyi.

Sinəsində mərd Azəri ürəyi,

Dünyada müqəddəs adı gəzdirə.

DƏRDİ

Talenin hökmüdür, bəxtin gərdişi,

Canıma doldurub gecədə dərdi.

Elə bil ki, göndərdiyi bəs deyil,

Tovlayıb gətirir gücə də, dərdi.

Deməyə, açmağa qorxu çəkirəm,

Göz yaşımı ürəyimə tökürəm.

Ağrı gəlir, dizlərimi bükürəm,

Bəs açıb söyləyim necə də dərdi?!

Yəqin qismətimdi, payımdı bu da,

Mənə töhvə etdin bu gün yuxuda.

Sənin əlindədi, ey böyük Xuda,

Yox edib salarsan heçə də dərdi.

KİMİ

Zəng edib halımı soruşan dosta

Əhvalımı soruşursan, çox sağ ol,

Yavaş-yavaş əriyirəm şam kimi.

Sözün düzlüyünə biyyətin olsun,

Elə bilmə danışıram xam kimi.

Qırılıbdı, quş qanadım yox olub,

Nadan sözü ürəyimə ox olub,

Bədənimdə hərarətim çoxalıb,

Zəhər yoxdu ağzımdakı tam kimi.

Canım, niyə xəyallara gedirsən,

Söyləməkdə nə məqsəddi güdürsən?

Denən: Qənbər, niyə təlaş edirsən?

Torpaq səni örtəcəkdi dam kimi.

GƏZİRƏM SƏNİ

Ömrümün yorulmuş bu yorğun çağı,

Səni itirmişəm, gəzirəm səni!

Mənə qəsd elədin, yoxa çıxmısan,

Səni itirmişəm, gəzirəm səni!

Qəlbimdə, könlümdə bircəsən yalnız,

Təkcə axtarıram, gəzirəm yalqız.

Sınmaz qayalara dəydi arzumuz,

Səni itirmişəm, gəzirəm səni!

Gecə də, gündüz də anıram, inan,

Əl də çəkə bilməyirəm xəyaldan.

Bəlli deyildir ki, taparam haçan,

Səni itirmişəm, gəzirəm səni!

Tapılarsan bir gün, harada olsan,

Başa düşürəm ki, hərdəmxəyalsan.

Bəlkə də büsbütün unudacaqsan,

Hər necə olsan da, tapılacaqsan

Haraya gizlənsən, haraya getsən,

İzin qalacaqdır, tapılacaqsan.

Səni itirmişəm, gəzirəm səni,

Amma inamım var, qayıdacaqsan!

EDƏK, GEDƏK

8 iyun 2015-ci ildə həyətdə gəzmək istədim. Bağçaya düşdüm, bir az gəzib, geriyə qayıdanda ot-ələf ayağıma dolaşdı, az qaldım yıxılam. Həyat yoldaşım Diəfruz Məcid qızına dedim:

- Qələmi götür!

Mən dedim, o, yazdı:

Caç ağarıb, ikimiz də qocayıq,

Səfər yaxınlaşır, dur gedək, gedək.

Bağçaya düşmüşdüm, əsdi qıçlarım,

Qalmasın ürəkdə sirr, gedək, gedək.

Dünyada əzəldən qayda belədi:

Dərrakə başadı, hikmət dilədi.

Ömrün kuzəsində həyat silədi,

Düşsün yolumuza nur, gedək, gedək.

Dədəmiz, anamız çoxdan ordadır,

Cism-cəsədimiz hələ burdadır.

Baxışları, nəzərləri yoldadır,

Bizləri gözləyir pir, gedək, gedək.

Tikan olub dost yolunda bitmədik,

Xoşagəlməz əməlləri etmədik.

Namərdliyə, əyriliyə getmədik,

Qoy İlahi versin sur, gedək, gedək.

Allah özü balaları saxlasın,

Taleləri pis nəzərlə baxmasın,

Elə edək kimsə başa qaxmasın,

Nə də ki, özünü yor, gedək, gedək.

Heç kəsdən nə utan, nə də ar eylə,

Elinlə, obanla iftixar eylə.

Qohum-qardaşları xəbərdar eylə:

Özün bir mərəkə qur, gedək, gedək.

Nanəcibin özü nədi, sözü nə,

Həmişə yolunu getdin düzünə.

Qeybətçinin, gileyçinin ağzına

Qənbərin əliylə vur, gedək, gedək.

ADI HUMAYDI

Bu günlərdə nəticəm Humay babasını görməyə gəlmişdi. Ancaq Firuzə, Mədinə və Əfsanə nənələrindən hansısa xətrinə dəydiyindən gözləri yaşla dolub susmuşdu. Onu belə görüb yazdım:

Ay nənələr xatirinə dəyməyin,

Bu xırda gözəlin adı Humaydı.

Görmürsüzmü şölələnir, bərq vurur,

Xilqətində ya Günəşdi, ya Aydı.

Nuş eləyib, səhər-səhər bal yeyib,

Şəhdi-şəkər dillərilə nə deyib?!

Bilmirəm ki, hansınızdan inciyib,

Qoparmısız nə haraydı, nə haydı?!

Bizləri görməyə gəlib uzaqdan,

Keçib Kürdəmirdən, keçib Yevlaxdan.

Qənbər baba fikir verir bayaqdan,

Gözləri dolubdu – bulaqdı, çaydı.

04.07.2015

BELƏDİ

Dəyişmək çətindir, elə qayda var:

Çoxu da belədi, az da belədi.

Günəş də parlayır, yağmur da düşür,

Payız da belədi, yaz da belədi.

Bəzilər böyüyə Qiblə tək baxır,

Özünü odlara yandırır, yaxır.

Bəzi etdiyini başına qaxır,

Oğul da belədi, qız da belədi.

Yaxşı əməllərin arxanda durur,

Ətrafına baxıb duyursan qürur.

Əhvalın olmasa, səni tez yorur,

Yoxuş da belədi, düz də belədi.

Doğru danış, düz danışmaq faydadır,

Dünya xəlq olandan belə qaydadır.

Halal qazanc dəhanında bal dadır,

Çörək də belədi, duz da belədi.

Qənbərin sizlərə haqqı-sayı var,

Arxalılar kimsə adam sayılar.

Batıb gedər əl atmasa dayılar,

Əlli də belədi, yüz də belədi.

HAQQI VAR

Halal, kamil bir müqəddəs kişinin

Əməlini soruşmağa haqqı var.

Hiss etsə ki, əyrisi var işinin

İşlərinə qarışmağa haqqı var.

Düşmənçilik edib dağla, aranla,

Yaxşılar yoluna tələ quranla,

Artıq-əskik hər qələti qıranla

Əldə qılınc vuruşmağa haqqı var.

Bəzisinin xilqətində təlaşdı,

Bəzi sakit, mülayimdi, yavaşdı.

İgid görsə - mübahisə, savaşdı,

Savaşda da barışmağa haqqı var.

Qiymətlidir öz torpağın, öz yerin,

Yurddan əziz mənə nəsə göstərin.

Öz yurdunu mədh edəndə, Qənbərin

Hər kəs ilə yarışmağa haqqı var.

OLMUŞAM

Canınız sağ olsun, ay oğlum Fikrət,

Sayənizdə qayım-qədim olmuşam.

Sözlərimdə əyri olmaz heç zaman,

Nə dedimsə, doğru dedim, olmuşam.

Xeyli güclü idim, hünərli vardım.

Gücsüzləri diri-diri udardım.

Dəryalarda ov dalınca cumardım,

Körək balıq idim, kütüm olmuşam.

Şükr Allaha, boy-buxunum yerində,

Diqqət edib gözəlləri görüm də.

Canım tutsa buraxmazdım birin də,

Ürək yoxdu, didim-didim olmuşam.

İnciməyin siz Qənbərin sözündən,

Doğru əməl yayınmayıb gözündən.

Həkimlərin “səxavəti” üzündən

Qacara dönmüşəm, x....m olmuşam.

DƏDƏ TAPMISAN

Təbrik eləyirəm, mübarək olsun,

Eşitdim özünə dədə tapmısan.

Allaha şükürlər, özün dədəsən,

Faydası var, yaxşı vədə tapmısan.

Tez-tez səfər eyləmisən oraya,

Mərdiməzar qoy girməsin araya.

Yolun düşdü Sumqayıta, Saraya,

Aydındı ki, gedə-gedə tapmısan.

Birdən sənə nəsə qınaq edəllər,

Qəti qorxutmasın qorxu-hədələr.

Yeri gəlsə, kara gəlir dədələr,

Çox yaxşı ki, bu bölgədə tapmısan.

Sizlərə uğurlar, sağlıq dilərəm,

Nə vaxt desən, çağrışına gələrəm,

İnan sözlərimə, deyə bilmərəm:

Nədə itirmisən, nədə tapmısan.

2014

EYLƏSİN

Edilən eyliyi bilən kimsəyə

İlahi rəhm edib halal eyləsin.

Hər kəs ki, bilmir ki, yaxşılıq nədir

Ona qadir Xuda zaval eyləsin.

Şər-böhtana döğru addım atanın,

Qoy lal olsun dili zəhər dadanın,

Tutduğu iş düz gəlməsin nadanın,

Oturub dərd çəksin, xəyal eyləsin.

Hamı dərk eləsin elin qədrini,

Dada çatan vuran əlin qədrini.

Yamacın qədrini, çölün qədrini,

Nəsihəti bir dürkamal eyləsin.

Qənbərin meyli var yaza, bahara,

İnsanlar yetişsin xoş arzulara.

Yolunu düz seçən xeyirxahlara,

Tale fürsət verib, macal eyləsin.

GÖRMƏYƏYDİM

Bu gün bir sənəddə şəklini gördüm,

Səni bu sifətdə kaş görməyəydim.

Allahın hökmülə durduğun yerdə

Olaydın bir qara daş, görməyəydim.

Hanı bülbül kimi ötüb dinməyin,

Mələk kimi səmalardan enməyin.

Yox olubdu şirin-şirin gülməyin,

Çiyninin üstündə baş görməyəydim.

Yanaqların solub, gözlərin batıb,

Məlakə görkəmin büsbütün itib.

Eşitdim əhvalın nə hala çatıb,

Olarsan pis günə tuş, görməyəydin.

Qənbər öz-özünə düşünür müdam,

Arzu-xəyal ilə yaşayır insan.

Bu sürətlə, bu tezliklə heç zaman,

Alacaq qapını qış, görməyəydin.

DÖNMÜSƏN

İgidin kürəyi palan qaşına

Gözəlin yanağı çökəlsə pisdi.

Aşıq Şəmşir.

Mənim belim çoxdan palan qaşıdı,

Sən əyilib doğanağa dönmüsən.

Ətrin yoxa çıxıb, tamın dəyişib,

Çöldə bitən soğanağa dönmüsən.

Demərəm ki, belə idin əzəldən,

Allah bilir, sürüşmüsən yüz əldən.

Keçmiş zaman qaraçılar düzəldən

Xəlbir üçün sağanağa dönmüsən.

Yarışa bilmirdi göydə ulduz da,

Tamaşa eylərdi gəlin də, qız da.

Baş qaldıra bilən payızda, yazda

Göbələk yox, tozanağa dönmüsən.

Daha düzəl yola, haqqını tanı,

Düzgün qiymətləndir duyan insanı.

Demə Qənbər, sovurursan hər yanı,

Niyə belə buğanağa dönmüsən?

QALIBDI

Nə boydan, buxundan, nə qamətindən,

Nə də gül üzündən əsər qalıbdı.

Tamam soluxubdu al yanaqların,

Ala gözlərində kədər qalıbdı.

Zənəxdan yerinə ləkələr düşüb,

Buxağın sallanıb, dodaq büzüşüb,

Doğrusunu söylə, hardan ilişib,

Çənəndəki xal bəxtəvər qalıbdı?

Vaxt olub, çoxuna divan tutmusan,

İstəyini, həm əhdini atmısan.

Hamını yadından silib atmısan,

Deyən elə təkcə Qənbər qalıbdı.

CANIMDADI

Kim nə bilir başqaları nə çəkir,

Mənim ağrım, acım öz canımdadı.

Elə mətləb var ki, aça bilmirəm,

Ürəyim doludu, söz canımdadı.

Hamı İlahidən mətləbin istər,

Bir cana borcludu yaranmış bəşər.

Hər kəsin payına bir qismət düşər,

Əlli canımdadı, yüz canımdadı!

Rəbbim, olub elə çətindən çətin,

Görməyiblər yandığıının tüstüsün.

Nadan tənələri dondurub bütün

Soyuq canımdadı, buz canımdadı.

Uzaqdı, uzaqdı zirvəli dağlar,

Orda istəklərim, arzularım var.

Nəfəs çəksəm bütün aləm od olar,

Alov canımdadı, köz canımdadı.

Artıq arxadadı gör neçə illər,

“Elim!” - deyə-deyə qocaldı Qənbər!

Yad əldədi canım, qanım Kəlbəcər,

Çoxu oradadı, az canımdadı.

BABA DAHA HALDAN DÜŞÜB

Baba əvvəllərdən çox dəcəl idi,

Körpə dovşanlara vuruldu qaldı.

Tez-tez bulandırdı axar suları,

Gün keçdi, sular da duruldu qaldı.

Belədi a dostlar, sözümün düzü,

Bəyənmədi bənövşəni, nərgizi.

Nə qədər ki, hələ tuturdu dizi,

Piltan yarpağına sarıldı qaldı.

Ayağı altını gözü görmədi,

Bəziləri heç yaxınlıq vermədi.

Bir dosta, yoldaşa möhüb görmədi,

Axır əldən düşüb yoruldu, qaldı

Çalışdı-çalışdı yuxu yatmadı,

İşi elə tutdu, heç oyatmadı.

Biryolluq atmağa gücü çatmadı,

Bu yolda ürəyi qırıldı qaldı.

KİŞİLƏR

Fikir vermə, belə şumal dolanır,

Çoxdu belə şumal gəzən kişilər.

Dabankeşi ciblərində gəzdirir,

Yaxasına muncuq düzən kişilər.

Yüz üzü var, yüz sifəti, yüz dili,

Yüz əməli, yüz kələyi, yüz feli.

Danışanda mat eyləyir bülbülü,

Girirlər yüz cildə bəzən kişilər.

Süfrələrdə sini dibi yalayan,

Şirvanan, sarmaşan, quyruq bulayan,

Mırıldayan, çaqqal kimi ulayan,

Söyüşə, təhqirə dözən kişilər.

Vəzifənin qulu, şöhrətin qulu,

Qulaq kəsir taki bol olsun pulu.

Tapdalayıb füqəranı, yoxsulu,

Ayağı altında əzən kişilər.

Kişi də var namus, qeyrət, ar gəzir,

Köməksizə imdad, ixtiyar gəzir.

Millət üçün dövlət gəzir, var gəzir,

Zəhmətdə özünü üzən kişilər.

Sözlərini belə bitir, Bozçuxa,

Artıq-əskik deyib batma günaha.

Yenə pənah gətir qadir Allaha,

Var yaxşı-yamanı sezən kişilər.

ÖZÜNƏ QALDI

Çox nəsihət etdim, söz eşitmədin,

Quyruq bulamağın özünə qaldı.

Dedim, şor torpaqlar bar verməz olur,

Əkib-sulamağın özünə qaldı.

Köpüb-köpüb tuluq kimi deşildin,

Teşi olub eşim-eşim eşildin.

Kolluqlarda çaqqallara qoşuldun,

Bircə ulamağın özünə qaldı.

Şər-böhtanla haray saldın ölkəyə,

Çox inanıb ümid etdin bəlkəyə,

Samandan ocaqda köz düşsün deyə

Çatıb-qalamağın özünə qaldı.

Kamil olub pay almadın öyüddən,

Yaşasan da fərqin nədi meyiddən,

Heç bir bağban bar almayıb söyüddən,

Söyüd calamağın özünə qaldı.

Heç kəsə qalmayıb dünyanın malı,

Ağıldı insanın dövləti, varı,

Bozçuxa, sənin də çox nadanları

Hədər danlamağın özünə qaldı.

BƏSTƏLƏNMİSƏN

Bənövşə silsiləsindən

Göydən yaranmısan, zühr edilmisən,

Sevilib, seçilib üstələnmisən.

Bir balaca halsız dəydin gözümə,

Bəlkə soyuq olub, xəstələnmisən?!

Can almağa orğun-orğun baxırsan,

Səhər-səhər üfiqlərdən çıxırsan,

Musiqisən, ürəklərə axırsan,

Sevən könüllərdə bəstələnmisən.

Meydan oxuyursan Aya, Günəşə,

Qənbərə qəhəri eyləmə peşə.

Qayalar dibində bitən bənövşə,

Təzəcə dərilib dəstələnmisən.

TƏSƏLLİ

Təsəlli olmasa, yaşamaq çətin,

Yaxşı ki, səmadan endi təsəlli.

Adamların harayına yetişdi,

Köhlən səməndini mindi təsəlli.

Girdi könüllərə söz deyə-deyə.

Öyrənmək istədi - qəmlidir niyə?!

Qorxuya, təlaşa düşən kimsəyə

Səbr eylə, söyləyib dindi təsəlli.

Bu dünyada cox zamanın içində,

Sipər oldu bircə anın içində,

Cana can gətirdi canın içində,

İmdada, köməyə döndü təsəlli.

İnsan özü bir nəfəsdi, bir bədən,

Bir də geri dönmür, dünyadan gedən.

Ürəkləri tab etməyə sövq edən,

Həqiqi inamdı, dindi təsəlli.

Qənbər sizə desin, budur bildiyi,

Bacı-qardaş itirəndə gördüyü.

El-obanın bir-birinə verdiyi

On deyil, yüz deyil, mindi təsəlli.

SƏRDARIM

İstəkli şagirdim Milli Qəhrəman Sərdar Səfərovun Qusar şəhərindəki büstü önündə deyilmiş şeir.

Nadanlar, xainlər qəsdən Şuşada

Səni qurban verdi, qurda Sərdarım.!

Qusardan adlayıb getdin dağlara,

Dedin sahib çıxaq yurda, Sərdarım!

Elə bil istəyin, arzunmuş çoxdan,

Gəldin Moskvadan, gəldin uzaqdan.

“Döyüşə gəlmisəm!” - dedin o vaxtdan,

Vətəni qoymadın darda, Sərdarım!

Ötdü, Kəlbəçərdə bayqular ötdü,

Məhəmməd dünyadan vədəsiz getdi,

Mədət nalə çəkib, çox fəryad etdi,

Gül açmadı bir bahar da Sərdarım!

İndi yalqız qalan qızın ağlayır,

Səni sevən dan ulduzun ağlayır,

Qan-yaş töküb, qaragözün ağlayır,

De harda qalmısan, harda, Sərdarım?

Səninlə fəxr edir vətənin, elin,

Əzbəri olmusan hər şirin dilin,

Rəhmətlər diləyir Qənbər müəllimin,

Məzarın uyusun nurda, Sərdarım!

Avqust, 2005-ci il

GƏLİR

Doxdur Vaqifə

Anamız təbiət qayda qoyubdur:

Qış səfər eyləyir, novbahar gəlir.

Axı çox görmüsən bu mənzərəni,

İndi sənə niyə birtəhər gəlir?

Ağıllı adamlar tədbirli olur,

Naşının bağçası saralır, solur.

Səxavət göstərsən süfrələr dolur,

Tamaşa edəndən bəxtəvər gəlir.

Cahil daim dolaşdırır kələfi,

Qəmlənir hər kəsdə görəndə nəfi.

Elə ustalıqla seçir hədəfi,

Yaxşılıq əvəzi dərdi-sər gəlir.

Həmişə elini, obanı tanı,

Onlara ürəklə çevir arxanı.

Əgər doğru eləsəydin qayğıını,

Görərsən alqışlar nə qədər gəlir.

Doxdur, sözlərimi yaxşı eşit sən,

Dişçəkənsən, bəlkə xeyir əkənsən...

Sənət yollarında nöqsan eyləsən,

Görərsən yumuruq, ya Qənbər gəlir.

QALMAYIB

2015-ci il yanvar ayının 16-da bir qrup şairə - Cığatel xanım (Tovuz) , Ceyran xanım (Bakı), Nəzmiyyə Hicran (Kəlbəcər) və adını unutduğum başqa bir xanım mənimlə görüşə gəlmişdilər. Söhbətimiz qızğın və səmimi keçdi. Sonra xanımlar bir balaca şıltaqlıq etdilər.

Ay xanımlar, inciməyin siz Allah,

Gücüm tükənibdi, düzü qalmayıb.

Elə bilməyin ki, vardır hünərim,

Əllisi yox olub, yüzü qamayıb.

Şahin könlüm ucalıqdan enibdi,

Qəlbim köhnə viranəyə dönübdü,

Alovu sönübdü, odu sönübdü,

Ocağımın isti közü qalmayıb.

Arayıb-axtarın, gəzin keçmişi,

Bir kəsə pisliyi dəyməyən kişi,

Əzəllərdən gözü tox olan kişi,

Heç kəsin dalınca gözü qalmayıb.

Vaxt olub ki, səmalara ucalıb,

İndi ahıllaşıb yerə alçalıb,

Sədaqət yolunda çox qalib gəlib,

Silinib, yollarda izi qalmayıb.

Unudun əvvəllər olub keçəni,

Səhər eyləmişik uzun gecəni.

Əgər axtarsanız doğrudan məni

Görərsiz Qənbərin özü qalmayıb.

GÜLDÜRMƏ, DOXDUR

Vaqif Doxdur bu gün səhər-səhər telefonla mənə bir şeir oxudu və aşağıdakı çavabı aldı:

Yenə nə olubdu, dilin uzunıb,

Ağlına gələni uydurma, doxdur!

Bilinmir nə qədər günah etmisən,

Nadanı özünə güldürmə, doxdur!

Özgə vaxtı hopa-gopa basırsan,

Kəsib doğrayırsan, dağdan asırsan,

Nədir belə, quyruğunu qısırsan?!

Nadanı, naqisi güldürmə, doxdur!

Niyə birdən-birə kövrəkləşmisən,

Çəsarətə gəlib zirəkləşmisən,

İgidə çevirilib, ürəkləşmisən.

Nadanı, naqisi güldürmə, doxdur!

Bir yandan deyirsən: oğul-uşaq var.

Kişi ev-eşiyi beləmi atar?

Kimin ətəyindən de, onlar tutar?!

Nadanı, naqisi güldürmə, doxdur!

Güya məşğul idin xeyirxah işlə,

Az qalır sözündən qəlbim deşilə,

Gəl istəmə qulaqların eşilə.

Bizi ayaq üstə durdurma, doxdur!

Nadanı, naqisi güldürmə, doxdur!

29.12.2014

saat 11.40

ŞÜKÜRLƏR OLSUN

Böyük Yaradana müraciət

Elin nəzərində, elin içində

Verdiyin hörmətə şükürlər olsun!

Bir kəminə quluq qulluğunda biz,

Bəxtə, səadətə şükürlər olsun!

Bədənə yaraşıq, gözlərə işıq,

Şöhrətə, çörəyə sahib olmuşuq.

Qüdrətinə mail, məmnun qalmışıq,

Belə bir qismətə şükürlər olsun!

Başımıza ağıl, ürəyə duyğu,

Beyinə düşünçə, qəlblərə sayğı,

İnsana məhəbbət, insana qayğı.

Coşqun məhəbbətə şükürlər olsun!

Bəxş etdiyin hünər hələlik durur.

Vadı canımızda cəsarət, qürur.

Hökmünlə sinədə qəlbimiz vurur,

Bu vara-dövlətə şükürlər olsun!

Dünyada tanınan Quranımız var,

Təmiz məsləkimiz, imanımız var,

Dillərin əzbəri kəlamımız var,

Şirin kəramətə şükürlər olsun!

SADIQ ƏMİOĞLU

Bu günlərdə Göygöl rayonunun Çaykənd kəndində məskunlaşmış Kəlbəcər rayonunun Dəmirçidam kənd sakini Sadıq əmioğlunun həyat yoldaşı Səyyarə xanımın dünyasını dəyişməsini eşidib hüzrə getdim. Bir vaxtlar şivərək bir oğlan olan Sadıqla görüşüm ötən günləri mənə xatırlatdı. Orta məktəb illərində Seyidlər kəndində bir yerdə oxuyub, sonralar dəfələrlə görüşsək də, son bir neçə ildə demək olar ki, onu görməmişdim.

O, Dəmirçidamda yaşayan əmioğlulardan olan əsl zəhmət adamıdır. 20 ildən artıqdır ki, məcburi köçkün kimi yurd-yuvasından perik düşən kəl-bəcərlilərin tipik nümayəndəsidir. Sadıq əmioğlu ilə bu dəfəki görüşüm qəlbimi keçmiş günlərin xatirələri ilə göynətdi.

Deyirsən ki, yadındamı uşaqlıq?!

Yadımda çox şey var, Sadıq əmioğlu!

Təpənin dibində tikilən məktəb

Necə unudular, Sadıq əmioğlu!

Həmi sağdan, həmi soldan çay axır,

Dağların zirvəsi göylərə qalxır.

Qara buludlardan ildırım çaxır,

Yerlər qulaq asar, Sadıq əmioğlu!

Seyidlər kəndindən Bəhmənlə Heydər,

Cəmillidən Rüstəm, Levdən də Səftər,

Qamışlı Nurəddin, Qabil və Məhər,

Hanı bu uşaqlar, Sadıq əmioğlu?!

Dəmirçidamdan sonra Qoşabulaqdı,

Seyidlər kəndinə xeyli uzaqdı.

Qışın oğlan çağı, qar-boran vaxtı

Yel yandırıb-yaxar, Sadıq əmioğlu!

Odun-ocaq qayğısına qalanda,

Qonşulardan bir kor balta alanda,

Yaş ağacdan qırıq peçlər dolanda

Tüstü göyə qalxar, Sadıq əmioğlu!

Gün çıxanda qartopu da oynardıq,

Səs-küy salıb qayım-qayım qaynardıq.

Novruz bayramında çəntə sallardıq,

Çatırardı bahar, Sadıq əmioğlu!

Gözümüzü açıb, gördük çatıb yaz,

Sarışın bülbüllər oldu xoşavaz.

Seyidlər Söyün də əlində bir saz

Şirin-şirin çalar, Sadıq əmioğlu!

İnternat müdiri Məhəmmədəli

“Yevrey” ləqəbini almışdı, bəli!

Axırı, deyəsən çıxdı əməli,

Düz söz desək olar, Sadıq əmioğlu!

Kimdi səbəbkarı belə günahın,

Yer üzünü tutan nalənin, ahın.

Yadına düşəndə Qadir Allahın

Diqqət ilə baxar, Sadıq əmioğlu!

Əmim Sadıq qaldı dayı evində,

Silah-sursat gəzdirirdi cibində.

Qarın çox yağdığı bir qış günündə

Nəyə divan tutar, Sadıq əmioğlu!

Keçib getdi ömrümüzün illəri,

Çox görmüşük yaxşı-pis əməlləri.

Acılı, şirinli ötən günləri

Axı kim unudar, Sadıq əmioğlu!

Görürəm ki, saç-saqqalın ağarıb,

Mənim də başımı dümağ qar alıb.

Bilmirik ömrümüz nə qədər qalıb,

Allaha pənahlar, Sadıq əmioğlu!

Qənbəri unutmaz, yadında saxlar,

Gəncliyində seyr etdiyi oylaqlar.

Yəqin indi buz bağlayıb bulaqlar,

Uzaqdadı dağlar, Sadıq əmioğlu!

Noyabr, 2014

BİLMƏZ

Soruşursan, qatır niyə kişnəmir,

Atası eşşəkdir, kişnəyə bilməz.

Yulaf ver, yonca ver, çəmənli ot ver,

Lütvəsi haramdır, gövşəyə bilməz!

Məxmərdən çul vurub min, bilə-bilə,

Dost-tanış yanında təriflər söylə.

Yaxşı küllük göstər, tamaşa eylə,

Demə ki, uzanıb, eşnəyə bilməz!

Sığallasan, tumarlasan min kərə,

Ehtiyacı olmayacaq yəhərə.

Axır gərək ədəbini göstərə,

Qanqala tamahı düşməyə bilməz!

Fevral, 2015

GETDİ

Eşitdim ki, dostum Füzuli Təbrizə, oradan

da keçib Məşhədə gedib

İş dalınca göndərmişdim İrana,

Tehranı adlayıb, Məşhədə getdi.

Yanınca Həbibi yoldaş götürdü,

Getdi, o qulağı şeşə də getdi.

Yəqin beyinlərə verib ibadət,

Gedib bir imamı etsin ziyarət.

Çəkmə-çarıx eyləmədi kifayət,

Çarığı yırtıldı, köşə də getdi!

Təzə öyrənirdi namaz qılmağı,

Arzu eyləmişdi Məşdi olmağı,

Kürəyində sındırdılar çomağı,

Öyrəndiyi sənət, peşə də getdi!

Qar, tufan başladı, oldu sırsıra,

Bilmədilər yolu salsınlar hara.

Keçilməz ağ duman çökdü dağlara,

Dağlar əldən çıxdı, meşə də getdi.

Nəsə, bilmədilər yollar uzaxdı,

Ziyarət çətindi qışın bu vaxtı.

Elə düşündülər kef olacaqdı,

Kefləri pozuldu, nəşə də getdi.

Fevral, 2015

AÇILDI

Üzünün şöləsi düşdü gözümə,

Elə düşündüm ki, səhər açıldı.

Yadıma gətirdim gənc vaxtlarımı,

Könlümdə üst-üstə qəhər açıldı.

Yaşamaq gərəkdir, nə var ölməyə,

İnsana taledən xətər gəlməyə.

Qulağım başladı darı dəlməyə,

Eşidə bir təzə xəbər, açıldı.

Nə qədər vurursa insan ürəyi,

Məhəbbət daima olur gərəyi.

Arzu etdim səmasında gəzməyi,

Bəxt qapısı yaxşı təhər açıldı.

Mart, 2015

FATMA BULAĞI

Süzülüb axırsan göz yaşı kimi,

Daşyurddan aşağı, Fatma bulağı.

Çox çiçək dərmişik ətəklərində,

Biz uşaqlıq çağı, Fatma bulağı.

Yaddaşımda gur-gur axan qalmısan,

Neçə qonaqları yola salmısan.

Heç yəqin ki, bu bahar da almısan,

Güllərdən yaşmağı, Fatma bulağı.

Sağ yanında gözəl bir düz olardı,

Mehri nənə orda dəyə qurardı.

Şaqraq zil səsilə o, çağırardı

Hey oğul-uşağı, Fatma bulağı.

O taydan meh gəlir hey sərin-sərin,

Tam yaşıl güneylər - dərəsi dərin.

Yurdu boş qalıbdı, yurd edənlərin

Yoxdu od-ocağı, Fatma bulağı.

BAŞINA KÜLLƏR

Yenə də bir nəfərə müraciət

Deyirsən ki, filan necə kişidi,

Ay ona kişi deyənin başına küllər .

Papaq qoymur, örpəksa da bağlamır,

Təriflə öyənin başına küllər.

Yaxşı tərif demək həvəsindəyəm,

Nifrətdən, lənətdən nəğmə bəsləyəm.

Elə 10 ildir ki, deyir xəstəyəm,

Belə yarımsəyin başına küllər.

Elə yaranandan zəlil yaranıb,

Gözdən iraq sığallanıb, daranıb.

Dələduzluğundan xeyli varlanıb,

Müftəxor yeyənin başına küllər.

Qabandan doğulub, çoşqadı, çoşqa,

Bucaqları pusan şeşəbığ koşqa.

Heç kəsi bəyənməz özündən başqa,

“Mənəm” söyləyənin başına küllər.

Nadan tərifləyin lap doyunca da,

Bilinməz, gedəndə iz qoyunca da,

Dostu yola salıb arxasınca da

Giley eləyənin başına küllər.

GETMƏDİK

Keçən il Saleh lələ mənə dedi ki, əmi, bu il səni bir yerə - dünyanın maraqlı yelərindən olan La-Manşa gəzməyə aparacağam, gedək gəzək. Mənə 6 aylıq viza da aldılar. Ancaq nə oldusa, səfər baş tutmadı . Mən də üstünü vurmadım.

Saleh lələ, mənə viza aldınız,

Necə oldu bəs La-Manşa getmədik?!

Tərif eləyirdin: görməli yerdi,

Sonra nə gəlmədi xoşa, getmədik?!

Gedib yenə bir gəmiyə minərdik,

Lazım olsa sahilə də enərdik.

İnşaallah, sağ-salamat dönərdik,

Eyləyərdik çox tamaşa, getmədik!

Qanad çalıb, səmalara ucalıb,

Vaxt olub ki, gözəllərdən bac alıb.

Dedilərmi əmin daha qocalıb?

Kimlər saldı səni başa, getmədik!

Hər kəsin qəlbində güclü xəyal var,

Xəyal həqiqətə dönsə, bal dadar.

Yada saldın, baş qaldırdı arzular,

Arzularım çıxdı boşa, getmədik!

Siz də qocalarsız Qənbər əmin tək,

Dünya daimidir, ömürsə gödək.

Niaqara gölündə gəzdiyimiz tək

Gəzişərdik qoşa-qoşa, getmədik!

Yanvar, 2015-ci il.

HARDASAN, MƏMMƏD

Dostum Məmməd Aslan xəstələnib xaricə müalicəyə gedəndə

Yenə uzaqlaşıb hara getmisən,

Yerini bilmirik, hardasan, Məmməd?!

Eşitmişəm o taylara getmisən,

Bəlkə borandasan, qardasan, Məmməd?!

Səni istəmişəm mübariz, mətin,

Yadımdan çıxarmı qardaş hörmətin?!

Ayrılığa dözmək çətindi, çətin,

Yoxsa çətindəsən, dardasan, Məmməd?!

Zənglər çatmır telefonuna, neyləyək,

Qənbər istər bir əl-ələ görüşək.

Doğrusu belədir, düzünü deyək:

Dostların qəlbində, ordasan, Məmməd!

AY SADIQ

Əmim Sadığın vəfatı zamanı ona müraciət

Səni gümrah, sağlam bilirdim, axı,

Bəs nədən qəflətən çökdün, ay Sadıq?!

İstəməzdim belə itirək səni,

Ürəyimə qəmlər əkdin, ay Sadıq!

Bir ox atıb daldaladın yayını,

Tez aldın ellərdən rəhmət payını.

İnam sarayını, mərd sarayını

Güclü əllərinlə sökdün, ay Sadıq!

Səni bir əyilməz qardaş sanırdım,

Hər deyimdə, hər sözümdə anırdım,

Dədəmin ətrini səndən alırdım,

Didəmin yaşını tökdün, ay Sadıq!

Gənc idi, toy-düyün görmədi Əkbər,

Sinəmə dağ çəkdi Ovçu Ələsgər.

Çimnazın dərdini dedin: - Kim çəkər?

Onunmu dərdini çəkdin, ay Sadıq?!

Şəmşir, Bəkir, Əmir, Qara qəribdi,

Məhəmmədlə Talıb qonaq qalıbdı.

Yəqin ki, ruhun da xəbər alıbdı,

Qurbanın belini bükdün, ay Sadıq!

Qənbər bu dərdlərin hansını desin?

Nə bəlaya gəldin, de nədən bilsin?

Allah nadanların bəlasın versin,

Göygöldə qərib ev tikdin, ay Sadıq!

Fevral, 2015

DEYİL

Heç yerdə filanın quluyam demə,

O sənin qapının tulası deyil.

Doğrudur, tulalar sadiq olurlar,

Bu heç tulanın da balası deyil.

Şeytanı məlakə donunda görmə,

Açıb urəyinin sirrini vermə.

Arxa hesab edib, kürək çevirmə,

İnanma, arxanda durası deyil.

Kəsir qulağını, qohumun, yadın,

Gözəl hiss edəndi ağzının dadın.

Ondan qiymətlidi bir axmaq qadın,

Əslində qadının ..... deyil!

Hər dəfə etdiyi əməli dandı,

Nə xəcalət çəkdi, nə də utandı.

Elə bilmə yaxşılığı qanandı,

Yaxşılıq yadında qalası deyil.

Vaxt olub çoxuna “Qardaşam!”- deyib,

Yüz dəfə oturub duz-çörək yeyib.

Lüt-üryan eləyib, dalından dəyib,

Pay verib, yola da salası deyil!

Hələlik başını sığallayacaq,

Dilində adını əzbər tutacaq.

Əlində nə varsa alıb udacaq,

Mədəsi ummandı dolası deyil!

Dünyanı götürüb, cahi-cəlalı,

Dərisi qiymətli gönü bahalı

Verək, qoltuğuna dəsti qavalı

Hissi, duyğusu yox çalası deyil.

Qənbərin qəlbində çoxdu güman da

Sizi bada verməyəcək, tufan da.

Uyuşdurur dənizləri bir anda

Dəhşətdi, adicə çalası deyil!

KƏLBƏCƏR QIZI

Baş-ayaq büsbütün bir yaraşıqsan,

Bəzəkli sonasan, Kəlbəcər qızı.

Söz tapmıram necə təsvir eyləyim,

Xalis əfsanəsən, Kəlbəcər qızı.

Yaranmısan mələklərin göyçəyi,

Dağın bənövşəsi, dağın çiçəyi.

Cəsarət edirəm belə deməyi,

Nə əziz balasan Kəlbəcər qızı.

Gəzir dodaqlarda sözün, söhbətin,

Böyüyə, kiçiyə dərin hörmətin.

Halal olsun, halal olsun qeyrətin,

Alınmaz qalasan, Kəlbəcər qızı.

Bahar gəlib çəmən-çiçək oyanır,

Zirvələr başından günəş boylanır.

Güneyin sinəsi lalədən yanır,

Özün pərvanəsən, Kəlbəcər qızı.

Dumandı, ağacın kölgəsi nəmdi,

Diqqət eylə, kölgələnən sinəmdi.

Ana əzizlədi, körpəsin əmdi,

Baxıb həzz alasan, Kəlbəcər qızı.

Tale səni xəlq edibdi bir dənə,

Gözəllikdə gözündürmü bir məna?!

Saçlarını dara, burax gərdənə,

Məhəbbət qanasan, Kəlbəcər qızı.

Dağlar yenə öz beşiyin olacaq,

Tale verən bir keşiyin olacaq,

İnanıram ev-eşiyin olacaq,

Buna mübtəlasan, Kəlbəcər qızı.

Məhəbbətin safdı, istəyin təmiz,

Var olun sizlərli, fəxr eləyək biz.

Baxıb ürəyimə görəcəksiniz:

Qənbərə anasan, Kəlbəcər qızı.

DEDİ, GETDİ

Tənha tərk elədi məni səhrada,

Baxırsan arxamca, “Gəl! – dedi, getdi.

Niyə sızlayırsan, nə pərişansan,

Qoy eynin alçılsın, “Gül! – dedi, getdi.

Sözünü başqa cür yozma heç zaman,

Özün üçün quyu qazma heç zaman,

Allahın yolunu azma heç zaman,

Həqiqət yolunu “Bil! – dedi, getdi.

Sevirəm deyənə bel də bağlama,

Ürəyində qəm-kədər də saxlama.

Heç kəsin dalınca baxıb ağlama,

Gözünün yaşını “Sil!” – dedi, getdi.

“MEHDİNİN QUŞU”

“İlqarın quşu”

Bu il mayın 5-də sahibkarı olduğum müəssisədə “pomidor uçotu” aparmaq məqsədilə mühasib İlqar Bakıdan göndərilən Miralı adlı mühasibi yanıma gətirdi. Elə həmin günün səhəri eşitdim ki, o, mənə bildirmədən çıxıb gedib. Ona “Mehdinin quşu” adlı bir şeir yazmağa məcbur oldum.

Bu, nə deməkdir? İcazənizlə bunun açıqlamasını sizə bildirim.

Kəlbəcər rayonunda “Kəlbəcər Mehdi” adlı bir kişi olub. Günlərin bir günü dağdan arana köç edən durnalar onların həyətinin yanına tökülür. Mehdi onlardan birini tutub evə gətirir. Səhər kənd camaatı durub görür ki, o, uzun bir iplə bir durnanı hörükləyib. Biləndər kişilər niyə belə etdiyini soruşanda deyir:

- Mən bu durnanı artırıb qapı quşu edəcəyəm.

Deyirlər ki, durna uçub gedəcək.

Deyir:

- Xeyr! Onu elə mıxla vurmuşam ki, heç cür uçub gedə bilməz!

Günlər keçir, bir gün kənd camaatı görür ki, durna ayağında bağlanmış ip sallana-sallana Qarabağa tərəf uçur.

O vaxtdan bu əhvalat “Mehdinin quşu” kimi kənd arasında lətifəyə çevrilir.

İlqar bala, təqdim etdin, bəyəndim,

Qəribə bir quşdu “Mehdinin quşu”

Özü bizi sevdi, qəlbən sevindik,

Məhəbbətə tuşdu “Mehdinin quşu”.

Özü xoşladığı budağa qondu,

Söylədu: - Bu budaq siftədi, sondu.

Bir gecə keçməmiş fikrindən döndü,

Qanadlanıb uçdu “Mehdinin quşu”.

Mərifətli gördük, ağıllı gördük,

“Xoş gəldin!”- söylədik, “Xoş gəldin!”- dedik.

Bəlkə də səhv etdik, bəlkə bilmədik,

Deyəsən bihuşdu “Mehdinin quşu”.

Bu adam gələndə Mahal sevindi,

Kefi artdı, oldu xoşhal, sevindi,

Olacaqdı çox cah-cəlal, sevindi,

Ancaq yolu çaşdı “Mehdinin quşu”.

Söyləyə bilmərəm nə söz eşidib,

Dedilər Ruslanla çox söhbət edib,

Səhər açılmamış yığışıb gedib,

Deyir belə xoşdu “Mehdinin quşu”.

Adını dediniz: Miralı lələ,

Həmin an canıma düşdü vəlvələ.

Bir də bu yerlərə çətin ki, gələ,

Əməlli naxoşdu “Mehdinin quşu”.

Sevindik, uçotu yaxşı bacarar,

Əl atıb hər şeyi qaydaya salar.

Görmüşük ki, adam içib dəm olar,

İçməmiş sərxoşdu “Mehdinin quşu”.

Duruşu, yerişi xoşuma gəldi,

Səmimi görkəmli, həm şirin dildi..

Qənbər nə hiss etdi, axı nə bildi,

Tez yolunu çaşdı “Mehdinin quşu”.

RUSLAN DA GETDİ

“Mehdinin quşu”nu tez yola saldı,

Elə arxasınca Ruslan da getdi.

Qulluq göstərdiyi bağçalar soldu,

Əkib-becərdiyi bostan da getdi.

Ona demişdilər işlə məşğul ol,

Barımız çox olsun, məhsulumuz bol.

Rəvan danışıqlı, bir az da gopcul

Bir “pələng” də getdi, “aslan” da getdi.

Bir kəsə dinməyə vermədi aman,

“Mənəm-mənəm”, - dedi elə hər zaman.

Xülasə, nə deyim, belə qəhrəman

Qohumdan da getdi, dostdan da getdi.

Olub-keçənləri mən necə danım,

Əyri danışmağı sevmir vicdanım.

Ondan nələr dedi filankəs xanım,

Dalınca bir böyük dastan da getdi.

YATIR

Bir dost var, hər bizə qonaq gələndə,

Elə oturan tək divanda yatır.

Nə uzanır, nə də yana söykənir,

Heç nəfəs almamış bir anda yatır.

Qovluğunu qoyur stolun üstə,

İçində kağızı dəstə-bədəstə.

Çatmır qulağına danışıq, səs də,

Sanki tək qalıbdı cahanda, yatır.

Arzum budu: dostlarımı var olsun,

Qadir Xuda işlərinə yar olsun!

Bayır külək olsun, tufan-qar olsun,

İstəsə lap güclü boran da, yatır.

İnsafən, işini layiqli tutur,

Araşdırıb gördüm adəti budur.

Yəqin harda olduğunu unudur,

Dəryaya baş vurur, ummanda yatır.

Fikirləşmir Qənbər onu sınayar,

Təmiz ürəyi var, hardan unayar?

Kimsə ona irad tutar, qınayar,

Yoxdu xəyalında güman da, yatır.

GETDİ

Meydan açdı, “mənəm-mənəm” söylədi,

Şəsti sındırıldı, varlığı getdi.

Şərbət istəyirdi - dadı xoş olsun,

Ağzına dibinin qalığı getdi.

Gözlədi ki, gəlib çata bahara,

Yenə köç eyləyə ulu dağlara.

İstəyirdi qurbağadan qurtara,

Qurbağa yerinə balığı getdi.

Bədbəxt oğlu dinc qoymadı dilini,

İşə saldı əməlini, felini.

Aldılar belində olan çulunu,

Axırda qomalı alığı getdi.




Ana səhifəyə qayıt        Baxış: 3 518          Tarix: 2-09-2017, 20:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma