"Fəaliyyəti dayandırılan "Təfəkkür” Universitetinin tələbələri ölkənin istər dövlət və istərsə də özəl ali təhsil müəssisələrinə köçürülə bilərlər. Həmçinin, tələbələr eyni ixtisas qrupu çərçivəsində də yerdəyişmə edə bilərlər”.
Ovqat.com xəbər verir ki, bu barədə XəzərXəbər-ə Təhsil Nazirliyindən bildirilib. Qeyd edilib ki, digər ali təhsil müəssisələr kimi, "Təfəkkür” Universitetində təhsil alan tələbələrin də başqa universitetlərə köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə fərdi qaydada həyata keçirilir.
"Təfəkkür” Universitetinin tələbələri qeydiyyat zamanı yaranan suallarla bağlı Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə və Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt” xidməti, telefon: 146) müraciət edə bilərlər.
Universitetin tələbələrinə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz köçürülməsi üçün lazımi şərait yaradılıb.
Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçir. Bunun üçün təhsil alanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir”.
Qeyd edək ki, tələbələrin köçürülməsi prosesi avqustun 15-dək davam edəcək.
Paylaş: