İ
İbrahim Əsgərov Kəngərli rayonunun Xok kəndində yaşayır. Gənclik illərindən ədəbi yaradıcılıqla məşğul olur. Ötən illərdə Xok şəhidlərindən bəhs edən kitabı maraqla qarşılanmışdı. Bu günlərdə ondan məktub almışıq. Yeni şeirini bizə ünvanlayıb. Həmin şeiri oxucularımıza təqdim edirik.
Ovqat.com
Bir vaxt sevib ucalmısan,
Mehebbetden güc almısan,
İndi mən tək qocalmısan,
Yoxdu məhəl qoyan söyüd,
Gəl ol mənə həyan söyüd.
Bir vaxt şənlik idi kölgən,
Sərinleədi gələn keçən,
Daha yada salmır kimsə
Yoxdu bizi sayan, söyüd,
Gəl ol mənə həyan söyüd.
Gülümsəmir daha o qız,
Sən də yalqız, mən də yalqız,
Yaxınlaşır soyuq payız,
Nə odun ol, nə yan, söyüd,
Gəl ol mənə həyan söyüd.
Adamlar bara dadanıb,
Almaya, nara dadanıb,
Barsız ağaclar budanıb,
Dəyişibdi zaman söyüd,
Gəl ol mənə həyan söyüd.
Gövdən quru, cadar-cadar,
Yarpağın da acı dadar,
Hər baltalı kəsər, yıxar,
Baxma o yan, bu yan söyüd,
Gəl ol mənə həyan söyüd.
Gözlər də düşüb ziyadan,
Vəfa umma bu dünyadan,
Yuxudasan, bu röyadan,
Ayıl söyüd, oyan, söyüd,
Gəl ol mənə həyan söyüd.
Qocalmışıq, yox bir əlac,
Uşaq tək qalmışıq möhtac,
Mən İbrahim, sən bir ağac,
Mətin olaq dayan söyüd.
Gəl ol mənə həyan söyüd
Paylaş: